Xüsusi qorunan su obyektlərinin
kateqoriyalara aid edilməsi Qaydasının təsdiq edilməsi
haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR
KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikasının 1997-ci il 29 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli, 685 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Xüsusi qorunan su obyektlərinin kateqoriyalara aid edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan
Respublikasının Baş naziri
A. Rasİzadə
Bakı
şəhəri, 1 may 2000-ci il
¹ 77
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2000-ci il 1 may tarixli, 77
nömrəli qərarı ilə
təsdİq
edİlmİşdİr
Xüsusi qorunan su obyektlərinin
kateqoriyalara aid edilməsi
QAYDASI
1. Bu Qayda
Azərbaycan Respublikasının Su Məcəlləsinə və
“Azərbaycan Respublikasının 1997-ci il 29 dekabr tarixli Qanunu
ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin
təsdiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 1998-ci il 13 mart tarixli, 685 nömrəli Fərmanına
əsasən hazırlanmışdır.
2.
Xüsusi qorunan su obyektlərinin kateqoriyalara aid edilməsi bu
Qayda ilə tənzimlənir.
3.
Xüsusi qorunan su obyektlərinin kateqoriyalara aid edilməsi
onların xüsusi elmi, tarixi, mədəni, estetik və təbiətqoruyucu
əhəmiyyət daşıyan təbiət komplekslərindən
və obyektlərindən, "Qırmızı Kitab"a
salınmış heyvan və bitki növlərinin
yayıldığı yerlərdən ibarət olan, təsərrüfat
fəaliyyətindən bütövlükdə və ya qismən,
daimi və ya müvəqqəti olaraq çıxarılan su
məkanının (akvatoriyasının) sahələrini
müəyyənləşdirmək, siyahıya almaq və
mühafizə etməkdən ibarətdir.
4. Xüsusi
qorunan su obyektləri ayrıca təbii ərazi kimi və ya Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş xüsusi qorunan təbii ərazinin bir hissəsi kimi
mövcud ola bilər.
5.
Xüsusi qorunan su obyektlərinin aşağıdakı
kateqoriyaları müəyyən edilir:
Azərbaycan
Respublikasının daxili sularının və Xəzər dənizinin
(gölünün) Azərbaycan Respublikasına mənsub olan
bölməsinin sularının sahələri;
su-bataqlıq
yerləri;
nadir təbiət
landşaftına aid edilmiş axar sular və sututarlar;
su obyektlərinin
mənbəyinin və mənsəbinin mühafizə
zonaları;
qiymətli
balıq növlərinin kürütökmə və
qışlama yerləri;
meşələrlə,
bitki və heyvanlar aləmi və digər xüsusi mühafizə
olunan təbii ehtiyatlarla qırılmaz əlaqəsi olan su
obyektləri;
yeraltı su yataqları hövzələri.
6. Azərbaycan Respublikasının Su Məcəlləsinə uyğun olaraq xüsusi qorunan su obyektlərinin respublika, bölgə və ya yerli əhəmiyyətli xüsusi qorunan su obyektlərinə aid edilməsi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (yeraltı su yataqları hövzələri üzrə) ilə birlikdə müəyyənləşdirilir.[1]
7. Xüsusi qorunan su obyektlərinin bu və ya digər kateqoriyaya aid edilməsinə, onların bütövlükdə və ya qismən, daimi və ya müvəqqəti olaraq təsərrüfat fəaliyyətindən çıxarılmasına dair təqdimatlar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (yeraltı su yataqları hövzələri üzrə) tərəfindən hazırlanır.[2]
8. Respublika və bölgə əhəmiyyətli xüsusi qorunan su obyektlərinin kateqoriyalara aid edilməsinə, onların təsərrüfat fəaliyyətindən çıxarılmasına dair təqdimatların hazırlanması məqsədi ilə aşağıdakı tədbirlər həyata keçirilir:
müvafiq elmi tədqiqat və layihə institutlarının, ictimai və dövlət təşkilatlarının su obyektləri haqqında materialları, habelə Azərbaycan Respublikasının ərazisində mövcud olan su obyektlərinin xüsusi əhəmiyyətini təsdiq edən digər rəsmi sənədlər əsasında bu obyektlər yerlərdə dəqiqləşdirilir, ətraflı öyrənilir və onların xüsusi əhəmiyyətə malik olmaları əsaslandırılaraq, həmin obyektlər kateqoriyalar üzrə qruplaşdırılır və siyahıya alınır;
xüsusi qorunan su obyektlərinin əhəmiyyətindən asılı olaraq onların bütövlükdə və ya qismən, daimi və ya müvəqqəti olaraq təsərrüfat fəaliyyətindən çıxarılması barədə əsaslandırılmış təkliflər hazırlanır;
xüsusi qorunan su obyektlərinin istifadəsi üzrə müvafiq təlimatlar tərtib və təsdiq edilir.
9. Yerli əhəmiyyətli xüsusi qorunan su obyektlərinin bu və ya digər kateqoriyaya aid edilməsinin, onların bütövlükdə və ya qismən, daimi və ya müvəqqəti olaraq təsərrüfat fəaliyyətindən çıxarılmasının müəyyənləşdirilməsi məqsədi ilə yerli icra hakimiyyətləri bu barədə müvafiq təkliflər hazırlayır və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə (yeraltı su yataqları hövzələri üzrə) təqdim edirlər.[3]
10. Bu Qaydanın 8-ci və 9-cu bəndlərinə uyğun olaraq görülən tədbirlərin nəticələri əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (yeraltı su yataqları hövzələri üzrə) ilə razılaşdırmaqla respublika, bölgə və yerli əhəmiyyətli xüsusi qorunan su obyektlərinin su və ya digər kateqoriyaya aid edilməsinə, onların bütövlükdə və ya qismən, daimi və ya müvəqqəti olaraq təsərrüfat fəaliyyətindən çıxarılmasına dair müvafiq təqdimatlar hazırlayır və təsdiq edilmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir.
11. Xüsusi qorunan su obyektlərinin bir kateqoriyadan başqa kateqoriyaya aid edilməsi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (yerli su yataqları hövzələri üzrə) razılaşdırılmış təklifləri əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir.[4]
12. Xüsusi qorunan su obyektlərinin sərhədləri yerlərdə müvafiq suqoruyucu nişanlarla müəyyənləşdirilir.
13. Xüsusi qorunan su obyektlərinin sərhədlərinin müəyyən edilməsi və onların hüdudlarında istifadə rejiminin təyin edilməsi barədə əhali müəyyən olunmuş qaydada məlumatlandırılır.
14. Xüsusi qorunan su obyektlərinin təbii vəziyyətini dəyişdirə biləcək işlər yalnız Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi razılığı ilə görülə bilər.[5]
15. Xüsusi qorunan su obyektlərinə və onları qidalandıran sututarlarına tullantı sularının axıdılmasına başqa imkanlar olmadıqda, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi razılığı ilə Azərbaycan Respublikası Su Məcəlləsinin 77—79-cu maddələrinin tələblərinə riayət olunmaqla yol verilir.
16. Xüsusi qorunan su obyektlərinin toxunulmazlığı yalnız ən zəruri hallarda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə geri alınır.
17. Xüsusi qorunan su obyektlərinin ərazisində istifadə rejiminin pozulmasında günahkar şəxslər mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.
Azərbaycan
Respublikasının Qanunvericilik toplusu .- 2000.- 31 may, ¹ 5.- S.2177-2180.