Bələdiyyələrin birgə
fəaliyyəti, birləşməsi, ayrılması və ləğv
edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Maddə 1. Bələdiyyələrin birləşməsinin
və ayrılmasının məqsədi
Bələdiyyələr
onlarda yaranan sosial-iqtisadi vəziyyətlə əlaqədar,
tarixi və digər yerli xüsusiyyətləri, müvafiq
yerli əhalinin rəyini nəzərə almaqla birləşərək,
yaxud ayrılaraq yeni bələdiyyə təşkil edə
bilərlər.
Ölkə üzrə sonuncu bələdiyyə
seçkilərinin keçirildiyi ildən sonrakı 4 ilin son
2 ili ərzində əhalisinin sayı 3000 nəfərdən
və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən
az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət,
tarixi və digər yerli xüsusiyyətlər nəzərə
alınmaqla Azərbaycan Respublikası Milli Məclisinin qərarı
ilə digər bələdiyyələrlə birləşdirilir.[1]
Birləşmə və ya ayrılma nəticəsində
əhalisinin sayı 3000 nəfərdən və (və ya) ev
təsərrüfatlarının sayı 1000 vahiddən az olan
bələdiyyələrin yaradılmasına onlarda yaranan
sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli
xüsusiyyətlər nəzərə alınmaqla yol verilir.
Maddə 2. Bələdiyyələrin birləşmə
qaydası
Bu Qanunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə
tutulan halda bələdiyyələrin birləşməsi
aşağıdakı qaydada həyata keçirilir:[2]
1) Birləşən hər bir bələdiyyədə
onun ərazisində yaşayan və səsvermə hüququna
malik olan vətəndaşların azı 25 faizinin bələdiyyələrin
birləşməsi məsələsinə münasibət
bildirməsini təmin edən yığıncaq
(yığıncaqlar) keçirilir;[3]
2) Yığıncaqda (yığıncaqlarda)
iştirak etmiş vətəndaşların yarısından
çoxu bələdiyyələrin birləşməsinin
“lehinə” səs verdikdə, bələdiyyələr tərəfindən
onların birləşməsi haqqında qərar qəbul
edilir və baxılmaq üçün Azərbaycan
Respublikası Milli Məclisinə təqdim olunur;[4]
3) Azərbaycan Respublikasının Milli Məclisi bələdiyyələrin
birləşməsi ilə bağlı Azərbaycan
Respublikası qanunvericiliyinə müvafiq surətdə qərar
qəbul edir.
Bu Qanunun 1-ci maddəsinin ikinci hissəsində nəzərdə
tutulan halda bələdiyyələrin birləşdirilməsi
aşağıdakı qaydada həyata keçirilir:[5]
1) birləşən hər bir bələdiyyə birləşmə
ilə bağlı rəyini baxılmaq üçün Azərbaycan
Respublikasının Milli Məclisinə təqdim edir;
2) Azərbaycan Respublikasının Milli Məclisi əhalisinin
sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının
sayı 1000 vahiddən az olan bələdiyyədə yaranan
sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli
xüsusiyyətlər nəzərə alınmaqla həmin bələdiyyənin
digər bələdiyyə ilə birləşdirilməsi ilə
bağlı Azərbaycan Respublikası qanunvericiliyinə
müvafiq surətdə qərar qəbul edir.
Bu maddənin ikinci hissəsində müəyyən
olunmuş qaydada yaranan bələdiyyənin adı birləşən
bələdiyyələrin arasında əhalisinin sayı ən
çox olan bələdiyyənin adına uyğun müəyyən
edilir.
Bələdiyyələrin birləşməsi ilə
bağlı mülkiyyət, maliyyə və başqa məsələlərin
həlli üçün bələdiyyə tərəfindən
bələdiyyə üzvlərindən ibarət müvafiq
komissiya yaradılır. Həmin komissiya mülkiyyət, maliyyə
və başqa məsələlərlə bağlı bələdiyyəyə
təkliflər verir.
Maddə 3. Bələdiyyələrin ayrılması
qaydası
Bələdiyyələrin ayrılması bu Qanunun
2-ci maddəsinin birinci hissəsində göstərilmiş
qaydada və ardıcıllıqla həyata keçirilir.[6]
Bələdiyyələrin ayrılması ilə
bağlı mülkiyyət, maliyyə və başqa məsələlərin
həlli üçün bələdiyyə tərəfindən
bələdiyyə üzvlərindən ibarət müvafiq
komissiya yaradılır. Həmin komissiya mülkiyyət, maliyyə
və başqa məsələlərlə bağlı bələdiyyəyə
təkliflər verir.[7]
Maddə 4. Birləşmiş, yaxud ayrılmış
bələdiyyələrə seçkilərin keçirilməsi
Birləşmiş, yaxud ayrılmış hər bir
bələdiyyəyə seçkilərin keçirilməsi
Azərbaycan Respublikasının Seçki Məcəlləsi
ilə tənzimlənir.[8]
Maddə 5. Birləşmiş, yaxud ayrılmış
bələdiyyənin statusu
Birləşmiş, yaxud ayrılmış bələdiyyənin
statusu Azərbaycan Respublikasının Konstitusiyası və
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan
Respublikası Qanunu ilə tənzimlənir.
Maddə 6. Birləşmiş, yaxud ayrılmış
bələdiyyənin mülkiyyəti
Birləşən bələdiyyələrin hər
birinin mülkiyyəti və onunla bağlı hüquqlar (vəzifələr)
hüquq varisliyi qaydasında yeni yaradılmış bələdiyyəyə
keçir.
Bələdiyyələr ayrıldıqda bələdiyyə
mülkiyyətinin bölünməsi məsələsi bu
Qanunun 8-1-ci maddəsində göstərilmiş qaydada həll
edilir.[9]
Maddə 7. Bələdiyyələrin birgə fəaliyyət
göstərməsi
Bələdiyyələrin
səlahiyyətlərinə aid edilən iqtisadi, sosial, mədəni,
ekoloji və digər sahələrdə fəaliyyətin səmərəsini
artırmaq və qarşılıqlı əlaqələri
möhkəmləndirmək məqsədi ilə bələdiyyələr
birgə fəaliyyət göstərə bilərlər.
Bələdiyyələrin birgə fəaliyyət
göstərməsi bələdiyyələrin qərarına
əsasən həyata keçirilir.
Birgə fəaliyyət göstərmək
üçün bələdiyyələr arasında
müqavilə bağlanılır. Müqavilədə birgə
fəaliyyətin sahələri, maliyyələşdirmə
qaydaları, müddətlər və digər şərtlər
göstərilir.
Bələdiyyələr birgə fəaliyyət
göstərdikdə onların əraziləri dəyişilmir.
Maddə 8. Bələdiyyələrin ləğv edilməsi
Bələdiyyələr aşağıdakı
hallarda ləğv edilə bilər:
1) Azərbaycan Respublikasının qanunvericiliyində
nəzərdə tutulmuş qaydada bələdiyyənin yerləşdiyi
müvafiq yaşayış məntəqəsi ərazi vahidi
kimi ərazi vahidlərinin və inzibati ərazi dairələrinin
Dövlət reyestrindən çıxarıldıqda Azərbaycan
Respublikasının Milli Məclisi bələdiyyə ərazilərinə
Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə
dəyişikliklər edir.[10]
2) müvafiq ərazidə əhali yerli
özünüidarənin təşkilindən imtina etdikdə
“Yerli rəy sorğusu haqqında” Azərbaycan Respublikası
Qanununa müvafiq yerli rəy sorğusu keçirilir. Yerli rəy
sorğusu nəticəsində bələdiyyənin ləğv
edilməsi barədə müsbət nəticə əldə
edildikdə, bələdiyyə tərəfindən ləğv
edilməsi haqqında qərar qəbul edilir və baxılmaq
üçün Azərbaycan Respublikası Milli Məclisinə
təqdim olunur. Azərbaycan Respublikasının Milli Məclisi
bələdiyyənin ləğv edilməsi ilə
bağlı Azərbaycan Respublikası qanunvericiliyinə
müvafiq surətdə qərar qəbul edir.
Ərazi vahidi kimi ərazi vahidlərinin və inzibati ərazi
dairələrinin Dövlət reyestrindən
çıxarılan və ərazisi hüdudlarında bələdiyyənin
mövcud olduğu digər ərazi vahidinin (şəhər,
qəsəbə, kənd) ərazisinə birləşdirilən
yaşayış məntəqəsinin hüdudlarında ləğv
edilmiş bələdiyyənin mülkiyyəti və onunla
bağlı hüquqlar (vəzifələr) hüquq varisliyi
qaydasında müvafiq bələdiyyəyə keçir. Digər
hallarda ləğv edilərək mövcudluğuna xitam
verilmiş bələdiyyənin daşınar və
daşınmaz əmlakı müvafiq icra hakimiyyəti
orqanının sərəncamına verilir.[11]
Ləğvetmə prosesində kreditorla
hesablaşmalarda bələdiyyə torpaqlarından istifadəyə
yol verilmir.
Ləğv edilmiş bələdiyyənin səlahiyyət
müddəti bu barədə Azərbaycan Respublikasının
Milli Məclisi tərəfindən bu maddənin birinci hissəsinə
uyğun olaraq qəbul edilmiş qərar qüvvəyə
mindiyi gündən bitmiş hesab edilir.[12]
Maddə 8-1. Bələdiyyələrin birləşməsi,
ayrılması və ləğvi ilə bağlı
komissiyalar
Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən
bələdiyyələrin birləşməsi, ayrılması
və ləğv edilməsi ilə bağlı qəbul
edilmiş qərar qüvvəyə mindikdən sonra bələdiyyələrin
birləşməsi, ayrılması və ləğvi ilə
bağlı mülkiyyət, maliyyə və başqa məsələlərin
həlli üçün müvafiq icra hakimiyyəti
orqanının qərarı əsasında müvafiq icra
hakimiyyəti orqanlarının nümayəndələri və
bələdiyyə üzvlərindən ibarət komissiyalar
yaradılır.[13]
Maddə 9. Bu Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun tələblərinin pozulması Azərbaycan
Respublikası qanunvericiliyinə müvafiq surətdə məsuliyyətə
səbəb olur.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev
Bakı şəhəri, 14 aprel 2000-ci il
¹ 858-IQ
Azərbaycan Respublikasının Qanunvericilik toplusu .-
2000.- 31 oktyabr, ¹ 10.- S.4222-4224.