Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında

 

  “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə 2000-ci il 18 aprel tarixli, 864-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə TƏSDİQ EDİLMİŞDİR

 

ƏSASNAMƏ

 

I. ÜMUMİ MÜDDƏALAR

1. Yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları (bundan sonra – Şuralar) Azərbaycan Respublikasında bələdiyyələrin səlahiyyətlərinə aid olan yerli əhəmiyyətli məsələlərin müzakirə edilməsi, həmin məsələlərlə əlaqədar ortaya çıxan problemlərin birgə həlli yollarının müəyyən edilməsi, səmərəli iş təcrübəsinin öyrənilib ümumiləşdirilməsi və yayılması, dövlət orqanları ilə bələdiyyələrin qarşılıqlı fəaliyyətinin uzlaşdırılması, yerli özünüidarə sisteminin inkişafı üzrə təkliflərin hazırlanması məqsədi ilə yaradılan əlaqələndirmə mərkəzləridir.

2. Yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuralarını təşkil etmək üçün müxtəlif əraziləri təmsil edən azı 3 bələdiyyə təşəbbüs qrupu yaradır. Təşəbbüs qrupu Əlaqələndirmə Şurasını yaratmaq üçün təsis konfransının hazırlanıb keçirilməsini təşkil edir.

Təşəbbüs qrupunun işində iştirak etmək könüllüdür.

3. Bir bələdiyyə eyni vaxtda rayon (şəhər), regional və respublika üzrə Əlaqələndirmə Şurasının üzvü ola bilər.

Bələdiyyələrin Şuralarda iştirakı könüllüdür.

 

II. ŞURALARIN TƏRKİBİ

 

4. Bələdiyyələri üzvləri olduqları Şuralarda bələdiyyələrin nümayəndələri - bələdiyyə üzvləri təmsil edir.

Bələdiyyələrin nümayəndələri Şuraların tərkibinə daxil olan bələdiyyələr tərəfindən müəyyən edilir. Hər bələdiyyə Şuraların tərkibinə bir nümayəndə - bələdiyyə üzvü təqdim edir. Şuralarda təmsil olunmuş bələdiyyələrin nümayəndələri vaxtaşırı dəyişdirilə bilər. Bələdiyyələrin Şuralardakı nümayəndələrinin dəyişdirilməsi qaydaları hər bir bələdiyyə tərəfindən müstəqil müəyyənləşdirir.

Şuraların say tərkibi Şuralarda təmsil olunan bələdiyyələr tərəfindən müəyyən edilir.

5. Şuraların tərkibi Şuranın sədrindən, onun müavinindən və Şuranın üzvlərindən ibarətdir.

6. Şuranın sədri, müavini və katibi Şura üzvü olan bələdiyyələrin nümayəndələri sırasından seçilirlər.

Şura sədrinin dəvəti ilə Şuranın işində Şurada təmsil olunmamış bələdiyyələrin, müvafiq dövlət orqanlarının, elm və təhsil müəssisələrinin, habelə ictimai birliklərin yerli özünüidarəetmə məsələləri ilə məşğul olan nümayəndələri iştirak edə bilərlər.

 

III. ŞURALARIN ƏSAS VƏZİFƏLƏRİ

 

7. Şuraların əsas vəzifələri aşağıdakılardan ibarətdir:

bələdiyyələrin müraciəti ilə bələdiyyələrin müvafiq yerli inkişaf proqramlarını hazırlanması;

bələdiyyələrə onların səlahiyyətlərinə aid edilən müvafiq yerli məsələlərin həllində qarşılıqlı əlaqələrinin və əməkdaşlığının inkişafına köməklik göstərilməsi;

bələdiyyələrin xarici ölkələrdə fəaliyyət göstərən bələdiyyələrlə əlaqələrinin yaradılmasına köməklik göstərilməsi;

öz iclaslarında bələdiyyələrin nümayəndələrinin məlumatlarının dinlənilməsi;

yerli özünüidarəetmənin inkişafı ilə bağlı məsələlərin araşdırılması, bununla bağlı müvafiq dövlət orqanlarına təkliflərin hazırlanması;

yerli özünüidarəetmə məsələlərinə dair qanunvericilik aktlarının və dövlət proqramlarının layihələrini müzakirə edilməsi, onlara dair təkliflərin hazırlanması və müvafiq dövlət orqanlarına təqdim edilməsi;

yerli özünüidarəetmə sahəsində beynəlxalq və xarici təşkilatlar, habelə yerli özünüidarəetmə məsələləri ilə məşğul olan ictimai birliklərlə qarşılıqlı əməkdaşlığı inkişaf etdirilməsi;

yerli özünüidarəetmə sahəsində dövlət siyasətinin məqsədlərinin və vəzifələrinin təbliğ və izah edilməsi;

yerli özünüidarəetmə məsələləri üzrə qabaqcıl təcrübənin ümumiləşdirilməsi və yayılması;

bələdiyyələrin qarşılıqlı əməkdaşlığının inkişafına köməklik edilməsi;

8. Şuraların onların üzərlərinə qoyulan vəzifələrin həyata keçirilməsi üçün Şura üzvü olan bələdiyyələrdən məlumat almaq, onların nümayəndələrini Şuranın iclaslarında dinləmək, tövsiyə xarakterli təkliflər hazırlamaq hüququ vardır.

Şuraların iclaslarında baxılması nəzərdə tutulan məsələlərin əvvəlcədən öyrənilməsi, onlardan hər birinə dair sənədlərin toplanılması və müvafiq təkliflərin hazırlanması üçün Şuralar daimi və müvəqqəti işçi qrupları yarada bilərlər. Zəruri hallarda işçi qruplarının işinə müqavilə əsasında alim və mütəxəssislər cəlb edilə bilər.

 

IV. ŞURALARIN İŞİNİN TƏŞKİLİ

 

9. Şuranın sədri:

Şuranın iclaslarına sədrlik edir;

Şuranın bələdiyyələrlə qarşılıqlı əlaqələrinin təmin edir;

Şuranın maddi-texniki ehtiyaclarının ödənilməsini təşkil edir;

Şuranın iş planlarının hazırlanmasını təşkil edir və Şuranın iclasında təsdiq olunmağa təqdim edir, onların icrasını təmin edir;

Şuranı təmsil edir.

10. Şura sədrinin müavinləri:

Şura sədri olmadıqda onu əvəz edir;

Şuranın sədrinin apardığı vəzifə bölgüsünə əsasən digər səlahiyyətləri həyata keçirirlər.

11. Şuranın katibi:

Şuranın işi planının hazırlanmasını təmin edir, onun iclaslarının gündəliyini tərtib edir, Şuranın iclaslarına tövsiyələrin, müraciətlərin layihələrinin hazırlanmasını təşkil edir;

Şura üzvlərinə Şuranın iclaslarının keçiriləcəyi yer, vaxt və gündəlik haqqında məlumat verir, onları lazımi arayış-informasiya xarakteri sənədlərlə təmin edir;

Şura iclaslarının protokollarını tərtib edir;

Şuranın tövsiyələrinin, müraciətlərinin bələdiyyələrə çatdırılmasını təşkil edir.

12. Şura üzvləri olan bələdiyyələrin nümayəndələri:

Şuranın iş planı təsdiq edilər;

Şuranın iş planı barədə, onun iclaslarının gündəliyi və məsələlərin müzakirə olunması qaydası barədə təklif verirlər;

Şuranın iclaslarına sənədlərin toplanılmasında və müvafiq tövsiyə və müraciətlərin layihələrinin hazırlanmasında iştirak edirlər;

Şuranın qərarı ilə dövlət orqanları və bələdiyyələrlə, yerli özünüidarəetmə sahəsində beynəlxalq və xarici təşkilatlarla, digər qurumlar və əlaqədar orqanlarla qarşılıqlı fəaliyyətdə Şuranı təmsil edirlər.

 

V. ŞURALARIN İŞ QAYDASI

 

13. Şuraların iclasları 3 ayda bir dəfədən az olmayaraq keçirilir. Şura sədrinin, eləcə də Şura üzvləri olan bələdiyyələrin 25 faizinin təklifinə müvafiq olaraq Şuranın növbədənkənar iclasları keçirilə bilər.

Şuraların iclası Şura üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur.

Şuraların tövsiyələri, müraciətləri və Şuranın fəaliyyətinin təşkili ilə bağlı qərarı Şura iclaslarında iştirak edən Şura üzvləri olan bələdiyyələrin nümayəndələrinin sadə səs çoxluğu ilə qəbul olunur.

Şuraların iclaslarında dövlət orqanlarının, müvafiq idarə, müəssisə və təşkilatların nümayəndələri, habelə mütəxəssislər və digər dəvət edilmiş şəxslər təkliflərlə çıxış edə bilərlər.

14. Şuraların iclasları onların sədrlərinin və katiblərinin imzaladıqları protokollarla rəsmiləşdirilir.

15. Şuraların üzvləri olan bələdiyyələrin nümayəndələri onların işində ictimai əsaslarla iştirak edirlər.

16. Şuraların maddi-texniki təchizatı Şuranın üzvü olan bələdiyyələr tərəfindən Şuranın hesabına könüllü surətdə ayrılan vəsait hesabına təmin edilir. Şuraların maddi-texniki təchizatında bələdiyyə müəssisələri, şirkətlər, fiziki şəxslər iştirak edə bilərlər.

17. Şuraların fəaliyyətinin elmi-metodik təminatını Azərbaycan Respublikası Milli Məclisinin Aparatı həyata keçirir.

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu .- 2000.- 31 oktyabr, № 10.- S.4232-4235.