Bələdiyyə
üzvünün statusu haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
I fəsil
Ümumİ müddəalar
Maddə 1. Bələdiyyə üzvünün statusu
haqqında qanunvericilik
Bələdiyyə üzvünün statusu Azərbaycan
Respublikasının Konstitusiyası, bu Qanun və Azərbaycan
Respublikasının digər qanunvericilik aktları, habelə bələdiyyənin
nizamnaməsi ilə müəyyən edilir.
Maddə 2. Bələdiyyə üzvünün səlahiyyəti
müddəti
Bələdiyyə üzvlərinin səlahiyyətləri
yalnız bələdiyyənin səlahiyyət müddətində
qüvvədədir.[1]
Bələdiyyə üzvünün səlahiyyətlərinin
itirilməsinin və onun səlahiyyətlərinə xitam
verilməsinin əsasları “Bələdiyyələrin
statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
tənzimlənir.
Maddə 3. Bələdiyyə üzvünün vəsiqəsi
Ərazi seçki komissiyası tərəfindən bələdiyyə
üzvünə seçkilərin yekunları elan olunduqdan
sonra 5 gün müddətində Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən
müəyyən edilmiş nümunədə vəsiqə
verilir.
II fəsil
Bələdİyyə üzvünün hüquq və
vəzİfələrİ
Maddə 4. Bələdiyyə üzvünün
hüquqları
Bələdiyyə üzvü bələdiyyənin fəaliyyəti
ilə bağlı aşağıdakı hüquqlara malikdir:
bələdiyyənin daimi və digər
komissiyalarına üzvü seçmək və seçilmək;
bələdiyyənin və onun orqanlarının
iclaslarında müzakirə üçün məsələlər
təklif etmək, müzakirə olunan məsələlər
barəsində çıxış etmək, təkliflər
və düzəlişlər vermək, qeydlər etmək,
çıxış edənlərə və ya təyin edilməsinə
razılıq verilən vəzifələrlə göstərilmiş
namizədlərə sual vermək, arayış vermək, səsvermədə
iştirak etmək;
bələdiyyənin iclaslarında müzakirə
üçün qərar layihələrini hazırlamaq;
bələdiyyənin daimi və başqa
komissiyalarının iclaslarına təqdim edilmiş məsələlərin
müzakirəsində iştirak etmək və təkliflər
vermək;
bələdiyyənin fəaliyyəti ilə əlaqədar
zəruri məlumat almaq;
sorğu vermək;
qanunvericiliyə müvafiq surətdə yerli radio və
televiziyadan, mətbu nəşrlərdən istifadə etmək.
Maddə 5. Bələdiyyə üzvünün
sorğusu
Bələdiyyə üzvü yerli məsələlərlə
bağlı bələdiyyənin vəzifəli şəxslərinə,
bələdiyyənin icra orqanlarına, bələdiyyə
müəssisə, idarə və təşkilatlarına
sorğu ilə müraciət etmək hüququna malikdir.
Bələdiyyə üzvünün sorğusuna ən
geci on beş gün müddətində, məsələnin əlavə
öyrənilməsi və (və ya) yoxlanılması tələb
edildiyi hallarda isə bir aydan gec olmayaraq cavab verilməlidir.
Maddə 6. Bələdiyyə üzvünün bələdiyyə
orqanlarının pozulması hallarının aradan
qaldırılmasını tələb etmək hüququ
Bələdiyyə üzvü bələdiyyə tərəfindən
onun səlahiyyətləri daxilində və qanunvericiliyə
müvafiq olaraq qəbul etdiyi qərarlarının
pozulmasını aşkar etdikdə onun ərazisində yerləşən
həmin pozuntulara yol vermiş şəxslərdən
onların aradan qaldırılmasını tələb edə
bilər.
Maddə 7. Bələdiyyə üzvünün bələdiyyənin
və onun orqanlarının fəaliyyətində
iştirakı
Bələdiyyə üzvləri bələdiyyənin
iclaslarında iştirak etməyə borcludurlar.
Bələdiyyə üzvlərinin bələdiyyə
orqanlarının iclaslarında bələdiyyənin səlahiyyətlərinə
aid məsələlərin müzakirəsində iştirak
etmək hüququ vardır.
Bələdiyyə üzvü bir və ya bir neçə
bələdiyyənin daimi və başqa komissiyasının
üzvü ola bilər.
Maddə 8. Bələdiyyə üzvünün
müraciət etməsi
Bələdiyyə üzvü müvafiq icra hakimiyyəti
orqanlarına yerli əhəmiyyətli məsələlərlə
bağlı müraciət edə bilər.
Maddə 9. Bələdiyyə üzvünün
seçicilərlə əlaqə saxlaması
Bələdiyyə üzvü seçicilərlə
mütəmadi olaraq əlaqə saxlamalı, görüşlər
keçirməli, onların təkliflərinə, müraciətlərinə
və şikayətlərinə baxmalıdır.
Bələdiyyə üzvü 6 ayda bir dəfədən
az olmayaraq seçicilərinə hesabat verir.
Bələdiyyə ərazisində yerləşən
bələdiyyə müəssisə, idarə və təşkilatları
bələdiyyə üzvünü seçicilərlə
görüşmək üçün köməklik göstərməlidirlər.
III fəsil
Bələdİyyə üzvünün fəalİyyətİnİn
əsas təmİnatları və məsulİyyətİ
Maddə 10. Bələdiyyə üzvünün fəaliyyətinin
dövlət təminatı
Bələdiyyə
üzvünün səlahiyyətlərinin maneəsiz və səmərəli
həyata keçirilməsinə, onun hüquqlarının,
şərəf və ləyaqətinin qorunmasına dövlət
tərəfindən təminat verilir.
Maddə 10-1. Bələdiyyə üzvünün
peşə hazırlığı və ixtisasının artırılması
Bələdiyyə üzvləri mütəmadi olaraq
müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində
peşə hazırlığına və ixtisasının
artırılmasına cəlb edilirlər.[2]
Maddə 11. Bələdiyyə üzvünün əmək
hüquqlarının təminatı
Səlahiyyət müddətində bələdiyyə
üzvü bələdiyyənin, bələdiyyənin
iclasları arasındakı dövrdə isə bələdiyyə
sədrinin qabaqcadan razılığı olmadan əmək
müqaviləsi ilə işlədiyi yerdə müdiriyyətinin
təşəbbüsü ilə işdən
çıxarıla, yaxud intizam tənbehi qaydasında
azmaaşlı işə keçirilə bilməz.
Müəssisə, idarə və təşkilat yenidən
təşkil olunduqda, struktur dəyişikliyi edildiyi hallarda da
bu təminat tətbiq olunur.
Maddə 12. Bələdiyyə üzvünün fəaliyyətinin
informasiya təminatı
Bələdiyyənin sədri və müavini, bələdiyyənin
icra aparatı bələdiyyə üzvlərini lazımi sənədlərlə
və bələdiyyənin rəsmi nəşrləri ilə
təmin edir, köməyə ehtiyac olan məsələlərlə
bağlı onlara yardım göstərir və onların
yerli özünüidarə orqanlarının qərar və
sərəncamları ilə tanış olmalarına şərait
yaradır.
Maddə 13. Bələdiyyə üzvünün
istehsal və ya xidmət fəaliyyətinə münasibəti[3]
[4]Əmək haqqını bələdiyyədən
alan bələdiyyə üzvünün əsas iş yeri bələdiyyə
hesab olunur. Əmək haqqı bələdiyyə tərəfindən
ödənilməyən bələdiyyə üzvü öz
səlahiyyətlərini həyata keçirərkən
istehsal və ya xidmət, eləcə də elmi, təhsil və
yaradıcılıq fəaliyyətini dayandırmır. Bələdiyyə
üzvü bələdiyyənin və ya onun daimi komissiyalarının
iclasları zamanı öz daimi iş yerindəki vəzifələrinin
yerinə yetirilməsindən azad olunur. Bələdiyyə
üzvü “Azərbaycan Respublikasının Mərkəzi
Bankı haqqında” Azərbaycan Respublikası Qanununun
21.3-cü maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası
Mərkəzi Bankının İdarə Heyətinin
üzvü ola bilməz. Bələdiyyə üzvü bələdiyyə
qulluqçusu kimi fəaliyyət göstərə bilməz.
Bələdiyyə qulluqçusu bələdiyyə
üzvü seçildikdə, 3 gün müddətində
öz ərizəsinə əsasən bələdiyyə
qulluğundan azad edilir.[5]
Maddə 14. Bələdiyyə üzvünün bələdiyyədə
fəaliyyəti ilə əlaqədar məsuliyyəti
Bələdiyyə üzvü barəsində bələdiyyədə
fəaliyyəti ilə əlaqədar aşağıdakı
hallarda intizam tədbirləri tətbiq edilir:
bələdiyyənin iclaslarının
aparılmasına mane olduqda;
bələdiyyənin və onun komissiyalarının
iclaslarında insanın şərəf və ləyaqətinə
xələl gətirən kobud, təhqiramiz sözlərə
və hərəkətlərə yol verdikdə,
başqalarını bu cür hərəkətlər etməyə
çağırdıqda;
bələdiyyənin nizamnaməsində göstərilən
müddətlərdə bələdiyyənin və onun daimi
və başqa komissiyalarının iclaslarında
üzrsüz səbəbə görə iştirak etmədikdə;
“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan
Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən
edilmiş tələblərə əməl etmədikdə və
ya həmin Qanunun 9-cu maddəsində göstərilən
hüquqpozmaları törətdikdə (onlar inzibati və ya
cinayət məsuliyyəti yaratmadıqda).[6]
Maddə 15. Bələdiyyə üzvü barəsində
tətbiq edilən intizam tədbirləri
Bələdiyyə üzvü barəsində
aşağıda göstərilən intizam tədbirlərinin
tətbiq edilməsi qaydası bələdiyyənin nizamnaməsi
ilə tənzimlənir: xəbərdarlıq, söz kəsmə,
iclas zalından çıxarma, töhmət, bələdiyyə
üzvünün səlahiyyətlərinə xitam verilməsi.
IV fəsil
Yekun müddəalar
Maddə 16. Qanunun qüvvəyə minməsi
Bu Qanun dərc edildiyi gündən qüvvəyə
minir.
Azərbaycan Respublikasının Prezidenti Heydər
Əlİyev
Bakı şəhəri, 18 aprel 2000-ci il
¹ 863-IQ
Azərbaycan Respublikasının Qanunvericilik toplusu .-
2000.- 31 oktyabr, ¹ 10.- S.4228 - 4231.