Beynəlxalq xüsusi hüquq
haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
I fəsil
Ümumİ müddəalar
Maddə 1. Qanunun tətbiqi dairəsi və tətbiq
edilməli hüququn müəyyən edilməsi
1.1. Bu Qanun xarici elementli mülki hüquqi münasibətlərə
tətbiq olunmalı hüquq normalarını müəyyən
edir.
1.2. Xarici elementli mülki hüquqi münasibətlərə
tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də
digər müvafiq qanunvericilik aktları, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələr və ümumi qəbul
olunmuş beynəlxalq adətlər, habelə tərəflərin
razılığı əsasında müəyyən edilir.
1.3. Tətbiq ediləcək hüququ müəyyən
etmək barədə tərəflərin
razılığı aydın ifadə olunmalı və ya
bütövlükdə götürülməklə
müqavilənin şərtlərindən və işin
hallarından bilavasitə irəli gəlməlidir.
1.4. Xarici ölkələrin hüquq
normalarının tətbiqi onların yalnız
ümum-hüquq xarakteri əsas götürülməklə
məhdudlaşdırıla bilməz.
1.5. Bu Qanunun məhkəmə tərəfindən tətbiq
olunmalı hüququn müəyyən edilməsi barədə
müddəalarını belə səlahiyyətləri
daşıyan digər orqanlar da tətbiq etməlidirlər.
1.6. Ələt azad iqtisadi zonasında xarici elementli mülki
hüquq münasibətlərinə tətbiq olunmalı
hüquq normalarının müəyyən edilməsi sahəsində
münasibətlər “Ələt azad iqtisadi zonası
haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə
uyğun olaraq tənzimlənir.[1]
Maddə 2. Xarici hüququn məzmununun müəyyən
olunması
2.1. Xarici hüququn tətbiqi zamanı məhkəmə
bu hüquq normalarının məzmununu müvafiq ölkədə
onların rəsmi təfsirinə və tətbiqi
praktikasına uyğun olaraq müəyyən etmək
üçün bütün zəruri tədbirləri
görməyə borcludur.
2.2. Bu Qanunun 2.1-ci maddəsində nəzərdə
tutulmuş hərəkətlər nəticə vermədikdə
və ya həddən çox xərc tələb etdikdə və
proses iştirakçısı olan tərəflərdən
heç biri öz tələb və etirazlarını əsaslandırmaq
üçün istinad etdikləri hüquqi normaları təsdiqləyən
sənədlər təqdim edə bilmədikdə məhkəmə
Azərbaycan Respublikası qanunvericiliyini tətbiq edir.
Maddə 3. Geriyə istinad və ya
üçüncü dövlətin hüququna istinad
3.1. Bu Qanunun müddəalarına uyğun olaraq xarici
hüquqa hər hansı istinad bu maddədə nəzərdə
tutulan hallar istisna edilməklə, müvafiq xarici ölkənin
maddi hüququnun tətbiqini nəzərdə tutur.
3.2. Bu Qanunun 9-cu və 10-cu maddələrində nəzərdə
tutulan münasibətlər, habelə ailə-vərəsəlik
hüquq münasibətləri tənzimlənərkən
xarici hüququn tətbiqi zamanı Azərbaycan Respublikası
hüququna geriyə istinad və ya üçüncü
ölkənin hüququna istinad qəbul olunur.
Maddə 4. Xarici hüququn tətbiqinə məhdudiyyət
Azərbaycan Respublikasının Konstitusiyasına və
referendumla qəbul edilmiş aktlarına zidd olan xarici hüquq
normaları Azərbaycan Respublikasında tətbiq edilmir.
Maddə 5. İmperativ normaların tətbiqi
5.1. Bu Qanuna görə tətbiq olunmalı hüquqdan
asılı olmayaraq müvafiq münasibətləri tənzimləyən
Azərbaycan Respublikası hüququnun imperativ normaları tətbiq
edilir.
5.2. Bir ölkənin hüququ tətbiq edilərkən
bu ölkənin hüququna görə işin halları
(mahiyyəti) ilə sıx bağlılığı olan digər
ölkənin imperativ normalarına, müqavilədə əsas
götürülən hüquqa istinad etmədən
onların tətbiqinin mümkün olduğu dərəcədə
üstünlük verilə bilər. Belə normalara
üstünlük verilməsi barədə qərar qəbul
edilərkən onların təyinatı və xarakteri, habelə
tətbiqinin nəticələri nəzərə
alınmalıdır.
Maddə 6. Bir neçə hüquq sistemi olan dövlətin
hüququnun tətbiqi
Bir neçə hüquq sisteminin qüvvədə
olduğu dövlətin hüququnun tətbiq ediləcəyi
hallarda, bu dövlətin hüququ həmin hüquq sistemlərindən
hansının tətbiq olunacağını müəyyən
edir. Belə tətbiq qaydası müəyyən
olunmadıqda, işin halları ilə daha sıx bağlı
olan hüquq sistemi tətbiq edilməlidir.
Maddə 7. Retorsiyalar (xüsusi məhdudiyyətlər)
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanı Azərbaycan Respublikası vətəndaşlarına
və hüquqi şəxslərinə münasibətdə
retorsiyalar tətbiq edən dövlətlərin vətəndaşlarına
və hüquqi şəxslərinə cavab tədbiri kimi
analoji məhdudiyyətlər müəyyən edə bilər.
Maddə 8. Qanunu üstələmənin qeyri-qanuniliyi
Tərəflərin bu Qanunun tətbiq olunmalı
hüquq haqqında müəyyən etdiyi qaydaları üstələyərək
müvafiq münasibəti digər hüquqa tabe etməyə
yönələn razılaşma və digər hərəkətləri
qeyri-qanuni hesab olunur. Belə hallarda tətbiqi bu Qanunla müəyyən
olunan müvafiq ölkənin hüququ tətbiq edilir.
II fəsil
Şəxslər
Maddə 9. Fiziki şəxsin
istinad etdiyi qanun
9.1. Vətəndaşı olduğu ölkənin
hüququ fiziki şəxsin istinad etdiyi qanun hesab edilir. İki
və daha çox vətəndaşlığı olan şəxs
üçün isə həmin vətəndaşın daha
sıx əlaqəli olduğu ölkənin hüququ onun
istinad etdiyi qanun sayılır.
9.2. Vətəndaşlığı olmayan şəxsin
daimi yaşadığı ölkənin hüququ onun istinad
etdiyi qanun hesab edilir.
9.3. Qaçqının sığınacaq
aldığı ölkənin hüququ onun istinad etdiyi qanun
hesab edilir.
Maddə 10. Fiziki şəxsin hüquq və fəaliyyət
qabiliyyəti
10.1. Fiziki şəxsin hüquq və fəaliyyət
qabiliyyətli onun istinad etdiyi qanunla müəyyən olunur.
10.2. Əqdlər və vurulmuş ziyan nəticəsində
əmələ gələn öhdəliklər barəsində
fiziki şəxsin fəaliyyət qabiliyyəti əqdin
bağlandığı və ya vurulmuş ziyanla bağlı
öhdəliyin yarandığı ölkənin hüququ ilə
müəyyən edilir.
10.3. Fiziki şəxsin fəaliyyət qabiliyyəti
olmayan şəxs hesab edilməsi və ya fəaliyyət
qabiliyyətinin məhdudlaşdırılması məhkəmənin
mənsub olduğu ölkənin hüququna əsasən həyata
keçirilir.
Maddə 11. Fiziki şəxsin xəbərsiz itkin
düşmüş hesab olunması və ya onun
ölmüş elan edilməsi
Fiziki şəxsin xəbərsiz itkin
düşmüş hesab olunması və ya onun
ölmüş elan edilməsi həmin işə baxan məhkəmənin
mənsub olduğu ölkənin hüququna tabedir.
Maddə 12. Hüquqi şəxsin istinad etdiyi qanun
Hüquqi şəxsin təsis edildiyi ölkənin
hüququ onun istinad etdiyi qanun hesab olunur.
Maddə 13. Hüquqi şəxsin hüquq qabiliyyəti
13.1. Hüquqi şəxsin hüquq qabiliyyəti onun
istinad etdiyi qanunla müəyyən olunur. Bu qayda hüquqi
şəxsin nümayəndəliyinə və filialına da
şamil edilir.
13.2. Xarici hüquqi şəxs onun orqanının
(filialının) və ya nümayəndəsinin əqd
bağladığı ölkənin hüququna uyğun olaraq
qadağan edilən həmin əqdi bağladığına
görə səlahiyyətinin məhdudlaşdırılmasına
etiraz edə bilməz.
Maddə 14. Şəxsin adı
14.1. Fiziki şəxsin adı, ondan istifadə və
onun müdafiəsi fiziki şəxsin istinad etdiyi qanunla müəyyən
olunur.
14.2. Hüquqi şəxsin, onun filial və nümayəndəliyinin
adı, ondan istifadə və onun müdafiəsi hüquqi
şəxsin istinad etdiyi qanunla müəyyən olunur.
Maddə 15. Milli rejim
Xarici hüquqi şəxslər, əcnəbilər vətəndaşlığı
olmayan şəxslər Azərbaycan Respublikasının
hüquqi şəxsləri və vətəndaşları ilə
bərabər müvafiq olaraq mülki hüquq və fəaliyyət
qabiliyyətinə malikdir. Qarşılıqlı olaraq cavab tədbiri
kimi bu qaydadan istisnalar müəyyən edilə bilər.
Maddə 16. Dövlətin xarici elementli mülki
hüquqi münasibətlərdə iştirakı
16.1. Qanunla başqa hallar nəzərdə
tutulmadıqda dövlətin iştirak etdiyi xarici elementli
mülki-hüquqi münasibətlərə bu Qanunun müddəaları
tətbiq edilir.
16.2. Dövlətin bağladığı mülki
hüquqi əqdlərə, əgər bu onun öz suveren
funksiyalarını yerinə yetirməklə əlaqədar
deyilsə, bu Qanunun müddəaları tətbiq edilir.
16.3. Dövlət tərəfindən bağlanan
hüquqi əqdlərin xarakteri onun hüquqi təbiəti və
səbəblərinə əsasən müəyyən edilir.
III fəsilƏqdlər
Maddə 17. Əqdlərin forması
17.1. Əqdlərin forması onların
bağlandığı yerin hüququna tabedir. Lakin Azərbaycan
Respublikası hüququnun tələblərinə riayət
olunduğu halda xaricdə bağlanan əqd xarici hüququn tələb
etdiyi formanın pozulmasına görə etibarsız hesab edilə
bilməz.
17.2. Ayrı-ayrı ölkələrdə olan tərəflər
arasında bağlanan əqdin forması həmin ölkələrdən
birinin hüququna uyğundursa, etibarlı sayılır.
17.3. Predmeti torpağa mülkiyyət hüququ və
ya torpaqdan istifadə hüququ olan əqdin forması həmin
torpağın yerləşdiyi ölkənin imperativ hüquq
normaları ilə müəyyən edilir, bu şərtlə
ki, həmin ölkənin hüququna görə, əqdin
bağlandığı yerdən və bu əqdin tabe
olduğu hüquqdan asılı olmayaraq bu normalar tətbiq
olunmalıdır.
Maddə 18. Etibarnamə
Etibarnamənin forması və qüvvədə
olması müddəti onun verildiyi ölkənin hüququ ilə
müəyyən olunur. Lakin etibarnamənin formasına riayət
edilməməsi nəticəsində o, etibarsız sayıla
bilməz, bu şərtlə ki, onun forması Azərbaycan
Respublikası hüququnun tələblərinə uyğun
olsun.
Maddə 19. İddia müddəti
19.1. Müvafiq münasibətin tənzimlənməsi
üçün hansı ölkənin hüququ tətbiq
olunursa, iddia müddəti də həmin ölkənin
hüququ ilə müəyyən edilir.
19.2. Müvafiq münasibətin
iştirakçılarından heç olmasa biri Azərbaycan
Respublikasının vətəndaşı və ya hüquqi
şəxsidirsə, onda iddia müddətinin aid edilmədiyi
tələblər Azərbaycan Respublikasının hüququ
ilə müəyyən olunur.
IV fəsil
Əşya hüququ
Maddə 20. Əşya hüququna tətbiq olunan xarici
hüquq haqqında ümumi müddəalar
20.1. Daşınar və daşınmaz əmlaka
mülkiyyət və digər əşya hüquqları,
qanunla başqa hallar nəzərdə tutulmayıbsa, əmlakın
yerləşdiyi ölkənin hüququ ilə müəyyən
olunur.
20.2. Əmlakın daşınar və ya
daşınmaz olması, habelə əmlakın digər
hüquqi kvalifikasiyası əmlakın yerləşdiyi
ölkənin hüququ ilə müəyyən olunur.
Maddə 21. Əşya hüquqlarının əmələ
gəlməsi və xitamı
Əmlak üzərində əşya
hüquqlarının əmələ gəlməsi və
xitamı, Azərbaycan Respublikası qanunvericiliyi ilə
başqa hallar nəzərdə tutulmayıbsa, əşya
hüquqlarının əmələ gəlməsi və
xitamı üçün əsas olan hərəkət və
ya digər hallar baş verdiyi zaman həmin əmlakın yerləşdiyi
ölkənin hüququ ilə müəyyən edilir.
Maddə 22. Nəqliyyat vasitələrinə və
yolda olan daşınar əmlaka əşya hüquqları
22.1. Nəqliyyat vasitələrinə əşya
hüquqları onların qeydiyyatdan keçdikləri ölkənin
hüququ ilə müəyyən olunur.
22.2. Yolda olan daşınar əmlaka mülkiyyət və
digər əşya hüquqları, tərəflərin
razılığı ilə başqa hal müəyyən
edilməyibsə, əmlakın göndərildiyi ölkənin
hüququ ilə müəyyən olunur.
Maddə 23. Şəxsi qeyri-əmlak hüquqları
Şəxsi qeyri-əmlak hüquqlarına, onların
müdafiəsinə bu hüquqların həyata
keçirildiyi ölkənin hüququ tətbiq edilir.
V fəsil
Müqavİlə öhdəlİklərİ
Maddə 24. Müqavilə
iştirakçılarının razılığı ilə
hüququn seçilməsi
24.1. Müqavilə ilə bağlı tərəflərin
hüquq və vəzifələrinin müəyyən edilməsi,
müqavilənin təfsiri, icrası, icra edilməməsi,
xitamı, lazımi qaydada icra edilməməsinin və
etibarsızlığının nəticələri, habelə
müqavilə ilə əlaqədar tələbin güzəşti
və borcun köçürülməsi tərəflərin
razılığı ilə seçilən ölkənin
hüququ ilə tənzimlənir.
24.2. Müqavilə tərəfləri həm
bütövlükdə müqavilə üçün, həm
da onun ayrı-ayrı hissələri üçün tətbiq
olunmalı hüququ seçə bilərlər.
24.3. Tərəflər tətbiq olunmalı hüququ
istənilən vaxtda, o cümlədən müqavilənin
imzalandığı vaxt və ya ondan sonra seçə bilərlər.
Tərəflər həm də istənilən vaxt müqavilə
ilə əlaqədar tətbiq olunan hüququn dəyişilməsi
barədə razılığa gələ bilərlər.
24.4. Müqavilə ilə bağlı ölkənin
imperativ normalarının tətbiq edilməməsinə səbəb
olan hüququn seçilməsi etibarsızdır.
Maddə 25. Tərəflərin
razılığının olmadığı halda müqaviləyə
tətbiq olunan hüququn seçilməsi
25.1. Müqavilə tərəfləri arasında həmin
müqaviləyə tətbiq edilməli hüquq barədə
razılıq olmadığı halda, müqaviləyə
aşağıda göstərilən tərəflərin təsis
olunduğu, yaşadığı və ya əsasən fəaliyyət
göstərdiyi ölkənin hüququ tətbiq edilir:
25.1.1. alqı-satqı müqaviləsində -
satıcının;
25.1.2. bağışlama müqaviləsində - hədiyyə
edənin;
25.1.3. əmlak kirayəsi müqaviləsində - kirayə
verənin və ya kirayəçinin;
25.1.4. əvəzsiz istifadə müqaviləsində
- əvəzsiz istifadəyə verən şəxsin;
25.1.5. borc müqaviləsində - borc verənin;
25.1.6. podrat müqaviləsində -
podratçının;
25.1.7. tapşırıq müqaviləsində - vəkaləti
alanın;
25.1.8. komissiya müqaviləsində -
komisyonçunun;
25.1.9. saxlama müqaviləsində -
saxlayıcının;
25.1.10. daşıma müqaviləsində -
daşıyıcının;
25.1.11. sığorta müqaviləsində -
sığortaçının;
25.1.12. girov müqaviləsində - girov qoyanın;
25.1.13. zaminlik müqaviləsində - zaminin;
25.1.14. qarantiya müqaviləsində - qarantın.
25.2. Müqavilə tərəfləri arasında,
müqavilə ilə bağlı tətbiq olunmalı
hüquq barədə razılaşma olmadıqda, bu Qanunun
25.1-ci maddəsinin müddəalarından asılı
olmayaraq:
25.2.1. daşınmaz əmlak barədə müqaviləyə
- əmlakın olduğu ölkənin hüququ;
25.2.2. birgə fəaliyyət barədə və
tikinti podrat müqavilələrinə - belə fəaliyyətin
həyata keçirildiyi və ya müqavilə ilə nəzərdə
tutulan nəticələrin yarandığı ölkənin
hüququ;
25.2.3. auksionda, müsabiqədə və ya birjada
bağlanan müqavilələrə - auksionun, müsabiqənin
keçirildiyi və ya birjanın yerləşdiyi ölkənin
hüququ tətbiq edilir.
25.3. Bu Qanunun 25.1-ci və 25.2-ci maddələrində
nəzərdə tutulmayan müqavilələrə, tərəflər
arasında tətbiq edilməli hüquq barədə
razılaşma olmadığı halda, belə müqavilənin
daha sıx bağlı olduğu ölkənin hüququ tətbiq
edilir.
25.4. Müqavilənin icra üsullarına və
proseduralarına, habelə onun lazımi qaydada icra edilməməsi
ilə əlaqədar görülən tədbirlərə
münasibətdə tətbiq olunan hüquqdan əlavə,
icranın keçirildiyi ölkənin hüququ da nəzərə
alınmalıdır.
VI fəsil
Müqavİlədən kənar öhdəlİklər
Maddə 26. Ziyan vurma nəticəsində əmələ
gələn öhdəliklərə tətbiq edilən
hüquq
26.1. Ziyan vurma nəticəsində əmələ gələn
öhdəliklər üzrə tərəflərin hüquq və
vəzifələri ziyanı ödəmək haqqında tələbin
irəli sürülməsi üçün əsas olan hərəkətin
və ya digər vəziyyətin baş verdiyi ölkənin
hüququ ilə müəyyən edilir.
26.2. Xaricdə vurulan ziyan nəticəsində əmələ
gələn öhdəliklər üzrə tərəflərin
hüquq və vəzifələri, tərəflər eyni
dövlətin vətəndaşları və ya hüquqi
şəxsləridirsə, həmin dövlətin hüququ ilə
müəyyən edilir.
Maddə 27. İstehlakçıya dəyən ziyana
görə məsuliyyət
27.0. Malın alınması və ya xidmətin
göstərilməsi ilə əlaqədar
istehlakçıya dəyən ziyanın ödənilməsi
haqqında tələbə istehlakçının
seçimi əsasında:
27.0.1. istehlakçının yaşadığı və
ya adətən olduğu ölkənin hüququ;
27.0.2. istehsalçının və ya xidmət
göstərən şəxsin yerləşdiyi və ya
yaşadığı ölkənin hüququ;
27.0.3. istehlakçının malı
aldığı və ya ona xidmət göstərildiyi
ölkənin hüququ tətbiq olunur.
Maddə 28. Əsassız varlanma
28.1. Əsassız varlanma nəticəsində
yaranmış öhdəliklərə belə varlanmanın
baş verdiyi dövlətin hüququ tətbiq olunur.
28.2. Özgənin əmlakına edilən qəsd nəticəsində
yaranan əsassız varlanmaya qarşı iddiaya qəsdin
baş verdiyi ölkənin hüququ tətbiq edilir. Əsassız
varlanma anlayışı Azərbaycan Respublikasının
hüququ ilə müəyyən edilir.
VII fəsil
Vərəsəlİk hüququ
Maddə 29. Vərəsəlik münasibətləri
29.1. Vərəsəlik üzrə münasibətlər
miras qoyanın öz vəsiyyətnaməsində vətəndaşı
olduğu ölkənin hüququnu seçdiyi hallar istisna
olmaqla, onun son daimi yaşadığı ölkənin
hüququ ilə müəyyən edilir.
29.2. Vətəndaşlığı olmayan şəxslərlə
əlaqədar vərəsəlik münasibətlərində
onların axırıncı daimi yaşadığı
ölkənin hüququ tətbiq edilir. Bunu müəyyən
etmək mümkün olmadığı hallarda Azərbaycan
Respublikasının hüququ tətbiq edilir.
Maddə 30. Vəsiyyətnamənin forması
30.1. Bu Qanunun 17-ci maddəsinin fəaliyyət dairəsindən
kənara çıxaraq, forma nöqteyi-nəzərindən vəsiyyətnamə:
30.1.1. vəsiyyətnamənin tərtib olunduğu;
30.1.2. miras qoyanın vəsiyyət elədiyi anda və
ya vəfat etdiyi anda yaşadığı və ya olduğu;
30.1.3. haqqında vəsiyyətnamə olan
daşınmaz əmlakın olduğu ölkələrdən
birinin hüququnun tələblərinə cavab verdikdə
etibarlı sayılır.
30.2. Miras qoyanın vəsiyyət etmək qabiliyyəti,
vətəndaşlığı, digər şəxsi keyfiyyətləri
və ya şəxsi keyfiyyətləri haqqında tələb
ediləcəyi mümkün olan göstərişlər forma
üçün zəruri hesab edilir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev
Bakı şəhəri, 6 iyun 2000-ci il
¹ 889-IQ
Azərbaycan Respublikasının Qanunvericilik toplusu .-
2000.- 31 oktyabr, ¹ 10.- S.4235 -4242.