Qeyri-hökumət təşkilatları
(ictimai birliklər və fondlar) haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
I fəsil
Ümumİ müddəalar
Maddə 1. Bu Qanunun məqsədi
1.1. bu Qanun ictimai birliklərin
və fondların, habelə xarici dövlətlərin
qeyri-hökumət təşkilatlarının filial və
nümayəndəliklərinin yaradılması və fəaliyyət
göstərilməsi ilə bağlı münasibətləri
tənzimləyir.[1]
1.2. Bu Qanunda “qeyri-hökumət təşkilatı” anlayışına
ictimai birliklər və fondlar daxildir.
1.3. Bu Qanun hüquqi şəxslər kimi
qeyri-hökumət təşkilatlarının
yaradılmasını, fəaliyyətini, yenidən təşkil
edilməsi və ləğv edilməsi qaydalarını,
qeyri-hökumət təşkilatlarının fəaliyyətini,
idarə olunmasını, dövlət hakimiyyəti
orqanları ilə münasibətlərini müəyyən
edir.
1.4. Bu Qanun siyasi partiyalara, həmkarlar ittifaqlarına,
dini birliklərə, yerli özünüidarə
orqanlarına, habelə bu təsisatlara məxsus olan
funksiyaların həyata keçirilməsi məqsədi ilə
yaradılan qurumlara və başqa qanunlarla tənzimlənən
digər qeyri-kommersiya təşkilatlarına şamil
edilmir.[2]
Maddə 2. Qeyri-hökumət təşkilatı
2.1. İctimai birlik – təsis sənədlərində
müəyyən olunmuş məqsədlərlə ümumi
maraqlar əsasında birləşmiş bir neçə fiziki
və (və ya) hüquqi şəxsin təşəbbüsü
ilə yaradılmış könüllü,
özünüidarəedən, öz fəaliyyətinin əsas
məqsədi kimi gəlir əldə etməyi nəzərdə
tutmayan və əldə edilən gəliri öz üzvləri
arasında bölməyən qeyri-hökumət təşkilatdır.
2.2. Fond – üzvləri olmayan, bir və ya bir neçə
fiziki və (və ya) hüquqi şəxslər tərəfindən
əmlak haqqı əsasında təsis edilən və sosial,
xeyriyyə, mədəni, təhsil və ya digər
ictimai-faydalı məqsədlər daşıyan
qeyri-hökumət təşkilatdır.[3]
2.2-1. Xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının
filial və nümayəndəlikləri - Azərbaycan
Respublikasının hüdudlarından kənarda
yaradılmış qeyri-kommersiya hüquqi şəxsin Azərbaycan
Respublikasının Mülki Məcəlləsi ilə bu
cür müəyyən edilmiş qurumlarıdır.[4]
2.3. Qeyri-hökumət təşkilatı Azərbaycan
Respublikasının Konstitusiyası və qanunları ilə
qadağan olunmamış məqsədlər üçün
yaradıla və fəaliyyət göstərə bilər. Məqsədi
və ya fəaliyyəti Azərbaycan Respublikasının
konstitusiya quruluşunu və dünyəvi xarakterini
zorakılıqla dəyişdirməyə, ərazi
bütövlüyünü pozmağa, müharibəni,
zorakılığı və qəddarlığı təbliğ
etməyə, irqi, milli və dini ədavəti
qızışdırmağa yönəlmiş qeyri-hökumət
təşkilatlarının, habelə xarici dövlətlərin
qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasında
filial və ya nümayəndəliklərinin
yaradılmasına və fəaliyyətinə yol verilmir. Azərbaycan
Respublikasının Silahlı Qüvvələrində
qeyri-hökumət təşkilatlarının
yaradılması və fəaliyyəti qadağandır.[5]
2.4. Qeyri-hökumət təşkilatı Azərbaycan
Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin
və bələdiyyələrin seçkilərində
iştirak edə bilməz, siyasi partiyalara maliyyə və
başqa maddi yardım göstərə bilməz. Azərbaycan
Respublikasının seçki qanunvericiliyinə uyğun olaraq
qeyri-hökumət təşkilatları Azərbaycan
Respublikasında keçirilən prezident seçkiləri,
Milli Məclisə seçkiləri və bələdiyyələrə
seçkiləri müşahidə edə və exit-poll həyata
keçirə bilərlər. Xarici hüquqi şəxslər
Azərbaycan Respublikası Prezidentinin seçkiləri, Azərbaycan
Respublikasının Milli Məclisinə seçkilər və
bələdiyyə seçkiləri zamanı exit-polla əlaqədar
tədbirlərdə yalnız Azərbaycan
Respublikasının qeyri-hökumət təşkilatları
ilə birlikdə iştirak edə bilərlər.
Qeyri-hökumət təşkilatı Azərbaycan
Respublikasının qanunlarında və öz nizamnaməsində
nəzərdə tutulmuş qaydada hüquqi normativ aktların
təkmilləşdirilməsi təklifləri ilə
çıxış edə bilər.[6]
Maddə 3. Qeyri-hökumət təşkilatının
adı və olduğu yer
3.1. Qeyri-hökumət təşkilatının onun təşkilati-hüquqi
formasını və fəaliyyətinin xarakterini göstərən
adı olmalıdır. Qeyri-hökumət təşkilatlarının
adında Azərbaycan Respublikasının dövlət
orqanlarının adlarından, habelə Azərbaycanın
görkəmli şəxsiyyətlərinin adlarından
(onların yaxın qohumlarının və ya vərəsələrinin
icazəsi olmadan) istifadə edilə bilməz.[7]
3.2. Qeyri-hökumət təşkilatının
olduğu yer onun nizamnaməsində göstərilmiş
hüquqi ünvanı ilə müəyyən edilir.
3.3. Qeyri-hökumət təşkilatının
hüquqi ünvanı dəyişdikdə müvafiq icra
hakimiyyəti orqanına bu barədə 7 gün müddətindən
az olmamaq şərti ilə yazılı məlumat verilməlidir.
Maddə 3-1. Qeyri-hökumət təşkilatının
rəmzləri[8]
Qeyri-hökumət təşkilatı bayraq, emblem və
sair rəmzlərə malik ola bilər. Təşkilatın rəmzləri
Azərbaycan Respublikasının və xarici dövlətlərin
dövlət rəmzləri, habelə dövlət
orqanlarının, beynəlxalq təşkilatların və
digər qurumların rəmzləri ilə eyni olmamalı,
qanunla qorunan əmtəə nişanlarını təqlid etməməlidir.
II fəsil
Qeyrİ-hökumət təşkİlatlarının
təşkİlatİ-hüquqİ formaları, növlərİ
və İştİrakçıları
Maddə 4. Qeyri-hökumət təşkilatlarının
təşkilati-hüquqi formaları
Qeyri-hökumət təşkilatları bu Qanunla
müəyyən edilmiş təşkilati-hüquqi formalarda
təsis oluna bilərlər.[9]
Maddə 5. Qeyri-hökumət təşkilatlarının
növləri
Qeyri-hökumət təşkilatları daimi əsaslarla
və ya konkret məqsədlərə nail olmaq
üçün təsis oluna bilərlər.
Maddə 6. Qeyri-hökumət təşkilatlarının
fəaliyyət ərazisi
6.1. Qeyri-hökumət təşkilatları Azərbaycan
Respublikasında ümumazərbaycan, regional və yerli statusla
təsis oluna və fəaliyyət göstərə bilərlər.
Qeyri-hökumət təşkilatının fəaliyyət ərazisi
təşkilat tərəfindən müstəqil müəyyən
olunur.
6.2. Ümumazərbaycan qeyri-hökumət təşkilatlarının
fəaliyyəti Azərbaycan Respublikasının bütün ərazisinə
şamil edilir. Regional qeyri-hökumət təşkilatlarının
fəaliyyəti Azərbaycan Respublikasının iki və ya
artıq inzibati ərazi vahidini əhatə etməlidir. Yerli
qeyri-hökumət təşkilatları bir inzibati ərazi
vahidinin çərçivəsində fəaliyyət
göstərirlər
6.3. Beynəlxalq qeyri-hökumət təşkilatları
- öz fəaliyyət dairəsi ilə Azərbaycan
Respublikasının və ən azı başqa bir xarici
dövlətinin ərazilərini əhatə edən ictimai
birliklərdir.
Maddə 7. Qeyri-hökumət təşkilatının
filial və nümayəndəlikləri
7.1. Dövlət
qeydiyyatına alınmış qeyri-hökumət təşkilatı
Azərbaycan Respublikasının ərazisində və xaricdə
filiallarını yarada, nümayəndəliklərini
aça bilər. Qeyri-hökumət təşkilatının
filial və nümayəndəliklərinin dövlət
qeydiyyatına alınması tələb edilmir. Təşkilat
on gün müddətində müvafiq icra hakimiyyəti
orqanına filial və (və ya) nümayəndəliyinin
yaradılması haqqında məlumat verməlidir.[10]
7.1-1. Xarici dövlətlərin qeyri-hökumət təşkilatları
tərəfindən Azərbaycan Respublikasının ərazisində
bir nümayəndəlik və ya filial yaradıla bilər.[11]
7.2. Qeyri-hökumət təşkilatının
filialı həmin təşkilatın olduğu yerdən kənarda
təşkil edilə və onun fəaliyyətini və ya fəaliyyətinin
bir hissəsini həyata keçirə bilər.
7.3. Qeyri-hökumət təşkilatının
nümayəndəliyi həmin təşkilatın olduğu
yerdən kənarda təşkil edilir, onun maraqlarını təmsil
edir və həmin maraqların müdafiəsini həyata
keçirir.
7.4. Qeyri-hökumət təşkilatının
filialı və nümayəndəliyi hüquqi şəxs
deyil, onları yaratmış təşkilatın əmlakından
pay alır və onun adından, təsdiq etdiyi Əsasnamədə
müəyyən edilmiş fəaliyyət predmetinə və
vəzifələrinə uyğun, fəaliyyət göstərir.
Filial və nümayəndəliklərin fəaliyyətinə
görə onları yaradan qeyri-hökumət təşkilatı
məsuliyyət daşıyır.[12]
7.4-1. Qeyri-hökumət təşkilatının
filial və ya nümayəndəliyinin əsasnaməsində
onu yaratmış təşkilatın adı, dövlət
qeydiyyatı haqqında məlumatlar (qeydiyyat tarixi, nömrəsi,
hüquqi ünvanı, onun qeydiyyatını aparmış
qurumun adı), filial və ya nümayəndəliyin hüquqi
ünvanı, idarə edilməsi qaydası, rəhbərinin səlahiyyətləri,
ləğv olunması qaydası göstərilməlidir.[13]
7.5. Filial və nümayəndəliyin rəhbərləri
qeyri-hökumət təşkilatı tərəfindən təyin
edilir və qeyri-hökumət təşkilatı tərəfindən
verilən səlahiyyət dairəsində fəaliyyət
göstərir. Əcnəbi və ya vətəndaşlığı
olmayan şəxslər, habelə xarici hüquqi şəxslər
tərəfindən təsis edilmiş qeyri-hökumət təşkilatlarının,
eləcə də xarici dövlətlərin qeyri-hökumət
təşkilatlarının filial və nümayəndəliklərinin
rəhbərlərinin müavinləri Azərbaycan
Respublikasının vətəndaşları
olmalıdırlar. Xarici dövlətin qeyri-hökumət təşkilatının
filialının və nümayəndəliyinin rəhbərinin
təyin edilməsi barədə sənəddə onun səlahiyyət
müddəti göstərilməlidir.[14]
Maddə 8. Qeyri-hökumət təşkilatlarının
iştirakçıları
8.1. İctimai birliklərin
iştirakçılarına təsisçilər, üzvlər
və köməkçilər aiddir. Fondların
iştirakçılarına təsisçilər və
köməkçilər aiddir.
8.2. İctimai birliyin yetkinlik yaşına
çatmamış üzvləri Azərbaycan
Respublikasının mülki qanunvericiliyə əsasən
hüquqlar əldə edir və vəzifələr
daşıyır.
8.3. Əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər Azərbaycan Respublikasında fəaliyyət
göstərən qeyri-hökumət təşkilatlarının
iştirakçıları ola bilər.
8.4. Qeyri-hökumət təşkilatlarına daxil
olmaq kişi və qadınlar üçün eyni şərtlərlə
açıq olmalıdır və onlar üçün bərabər
imkanlar yaradılmalıdır.
8.5. Bu Qanunun 8.4-cü maddəsində göstərilən
tələb hər hansı cinsin xüsusi maraqlarının
müdafiəsi ilə yaradılan qeyri-hökumət təşkilatlarına
şamil edilmir.[15]
Maddə 9. Qeyri-hökumət təşkilatlarının
təsisçiləri
9.1. Qeyri-hökumət təşkilatlarının təsisçiləri
hüquqi şəxslər (dövlət hakimiyyəti və yerli
özünüidarə orqanları istisna olmaqla) və ya 18
yaşına (gənclərin ictimai birliklərinin təsisçiləri
- 16 yaşına) çatmış fiziki şəxslər
ola bilərlər.
9.1-1. Azərbaycan Respublikasında daimi yaşamaq
hüququ olan əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində
qeyri-hökumət təşkilatının təsisçisi
və qanuni təmsilçisi ola bilərlər.[16]
9.2. Qeyri-hökumət təşkilatlarının təsisçiləri
bərabər hüquqlara malikdir. Onların
qarşılıqlı hüquq və vəzifələrinin
həcmi qeyri-hökumət təşkilatının təsis
edilməsinə münasibətdə təsis müqaviləsi
ilə (müqavilə bağlandıqda), qeyri-hökumət təşkilatının
fəaliyyətində iştiraka münasibətində isə
qeyri-hökumət təşkilatının nizamnaməsi ilə
müəyyən edilir.
Maddə 10. İctimai birliklərin üzvləri
10.1. Azərbaycan Respublikasında hər bir fiziki və
hüquqi şəxs (dövlət hakimiyyəti və yerli
özünüidarə orqanları istisna olmaqla) ictimai birliyin
üzvü ola bilər.
10.2. İctimai birliyin üzvləri bərabərhüquqludurlar.
Onlar ictimai birliklərin rəhbər orqanlarına seçə
və seçilə, fəaliyyətində iştirak edə,
rəhbər orqanların fəaliyyətinə nəzarət
edə, nizamnamə ilə nəzərdə tutulmuş digər
hüquqlar daşıya bilərlər, eləcə də
nizamnamə tələblərinə riayət etməlidirlər.
10.3. İctimai birliyin üzvlüyünün əldə
edilməsi və üzvlüyə xitam verilməsi məsələləri
nizamnamə ilə müəyyən edilir. Nizamnamə ictimai
birliyin üzvlüyünə xitam verilməsindən birliyin
daxilində və məhkəməyə şikayət etmə
hüququna təminat verməlidir.
10.4. İctimai birlik dövlət qeydiyyatına
alındıqdan sonra otuz gün müddətində üzvlərinin
reyestrinin aparılmasını təmin etməlidir.[17]
10.5. Qeyri-hökumət təşkilatlarının
icra orqanları tərəfindən təşkilatın
üzvlərinin hüquqlarının pozulmasına yol verilməməlidir.
Qeyri-hökumət təşkilatlarının üzvləri
ilə təşkilat arasında yaranan mübahisələr məhkəmə
qaydasında həll olunur. Məhkəmə tərəfindən
işə baxılarkən təşkilatın üzvlərinin
hüquqlarının pozulduğu müəyyən edildikdə
qeyri-hökumət təşkilatının fəaliyyəti məhkəmə
qərarı ilə bu Qanunun 31.3-cü maddəsində nəzərdə
tutulmuş müddətə dayandırıla bilər.[18]
Maddə 11. Qeyri-hökumət təşkilatlarının
köməkçiləri
Qeyri-hökumət təşkilatlarının köməkçilərinə
nizamnamələrinə müvafiq olaraq qeyri-hökumət təşkilatının
fəaliyyətində iştirak etməklə, öz
münasibətlərini qeyri-hökumət təşkilatı
ilə təşkilatı cəhətdən rəsmiləşdirmədən
ona müxtəlif kömək və ya xidmətlər göstərməklə
qeyri-hökumət təşkilatını dəstəkləyən
fiziki və hüquqi (dövlət hakimiyyəti və yerli
özünüidarə orqanları istisna olmaqla) şəxslər
aiddir. Köməkçilərin mövcudluğu və
onların hüquqi statusu qeyri-hökumət təşkilatının
təsis sənədləri və “Könüllü fəaliyyət
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilir.[19]
III fəsil
Qeyrİ-hökumət təşkİlatlarının
yaradılması, yenİdən təşkİlİ və ləğv
edİlməsİ
Maddə 12. Qeyri-hökumət təşkilatının
yaradılması
12.1. Qeyri-hökumət təşkilatı onun təsis
edilməsi nəticəsində, habelə mövcud olan
qeyri-hökumət təşkilatının yenidən təşkili
nəticəsində yaradıla bilər.
12.1-1. Fond yaradılarkən onun nizamnamə kapitalı
on min manatdan az olmamalıdır.[20]
12.2. Qeyri-hökumət təşkilatının təsis
edilməsi nəticəsində yaradılması təsisçilərin
(təsisçinin) qərarı ilə həyata
keçirilir. Bu halda təsis yığıncağı
çağırılır və təşkilatın nizamnaməsi
qəbul olunur.
12.3. Azərbaycan Respublikasında xarici dövlətlərin
qeyri-hökumət təşkilatlarının filial və
nümayəndəliklərinin dövlət qeydiyyatı həmin
təşkilatlarla bağlanmış saziş əsasında
həyata keçirilir. Sazişdə onun qüvvədə
olma müddəti göstərilməlidir.[21]
Maddə 13. Qeyri-hökumət təşkilatının
nizamnaməsi
13.1. Qeyri-hökumət təşkilatının
nizamnaməsində qeyri-hökumət təşkilatının
adı və yerləşdiyi yer, fəaliyyətinin məqsədləri,
daimi və ya konkret məqsədlə təsis edildiyi, idarə
olunma qaydası, üzvlərin hüquq və vəzifələri,
ictimai birliyin üzvlüyünə qəbulun və ondan
çıxmanın şərtləri və qaydası, o
cümlədən gənclər təşkilatlarında
üzvlərin yaşına dair tələblər,
qeyri-hökumət təşkilatının əmlakının
formalaşma mənbələri, nizamnamənin qəbulu, ona əlavə
və dəyişikliklərin edilməsi qaydası,
qeyri-hökumət təşkilatının ləğv edilməsi
və ləğv edildiyi halda əmlakından istifadə
qaydası müəyyən edilməlidir.[22]
13.2. Fondun nizamnaməsində həm də fondun
"fond" sözü daxil edilmiş adı, onun olduğu
yer, fondun məqsədi, onun orqanları, o cümlədən
Himayəçilik Şurası və onların formalaşma
qaydası, fondun vəzifəli şəxslərinin təyin
edilməsi və onların azad edilməsi və fondun ləğv
edildiyi halda onun əmlakının müqəddəratı
haqqında məlumatlar olmalıdır.
13.3. Qeyri-hökumət təşkilatlarının
nizamnamələrində dövlət və yerli
özünüidarə orqanlarının səlahiyyətlərinin
mənimsənilməsinə, habelə dövlət nəzarəti
və yoxlama funksiyalarının nəzərdə
tutulmasına yol verilmir.[23]
Maddə 14. Qeyri-hökumət təşkilatının
nizamnaməsinə dəyişikliklərin edilməsi
14.1. İctimai birliyin nizamnaməsinə dəyişikliklər
onun ali idarəetmə orqanının qərarı ilə edilə
bilər. Fondun nizamnaməsinə dəyişikliklərin edilməsi
fondun Himayəçilik Şurası tərəfindən və
yalnız fondun məqsədləri istiqamətində edilə
bilər.
14.2. Fondun nizamnaməsi fondun Himayəçilik
Şurası tərəfindən bir şərtlə dəyişdirilə
bilər ki, nizamnamədə onun bu qaydada dəyişdirilməsi
imkanı nəzərdə tutulmuş olsun. Əgər fondun
nizamnaməsinin dəyişilməz şəkildə
saxlanılması fondun təsis edilməsi zamanı qabaqcadan nəzərə
alınması mümkün olmayan nəticələrə gətirərsə,
nizamnamədə dəyişikliklərin
mümkünlüyü isə nəzərdə
tutulmayıbsa, yaxud nizamnamə səlahiyyətli şəxslər
tərəfindən dəyişilməyibsə, bu nizamnaməyə
dəyişikliklərin edilməsi hüququ fondun Himayəçilik
Şurasının ərizəsinə əsasən məhkəməyə
mənsubdur.
14.3. Qeyri-hökumət təşkilatının
nizamnaməsindəki dəyişikliklərin dövlət
qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən
həyata keçirilir. Qeyri-hökumət təşkilatının
nizamnaməsindəki dəyişikliklər onların dövlət
qeydiyyatına alındığı andan qüvvəyə
minir.
Maddə 15. İctimai birliyin təsis edilməsi
haqqında bildiriş
15.1. İctimai birliyin təsis edilməsi haqqında
bildiriş onun təsis edilməsi haqqında qərarın qəbul
olunduğu andan 30 gündən gec olmayaraq müvafiq icra
hakimiyyəti orqanına yazılı müraciət vasitəsi
ilə həyata keçirilir. İctimai birliyin rəhbəri
tərəfindən imzalanmış müraciətə təsis
protokolu da əlavə olunmalıdır.
15.2. Müvafiq icra hakimiyyəti orqanı ictimai birliyin
təsis edilməsi haqqında bildirişi alan gün
bildirişin daxil olmasını təsdiq edən sənədi
ictimai birliyin nümayəndəsinə verir və ya poçt
vasitəsilə göndərir.
Maddə 16. Qeyri-hökumət təşkilatlarının
dövlət qeydiyyatı
16.1. Qeyri-hökumət təşkilatlarının
dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı
tərəfindən hüquqi şəxslərin qeydiyyatı
haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğun olaraq həyata keçirilir.
16.2. Qeyri-hökumət təşkilatı yalnız
dövlət qeydiyyatına alındıqdan sonra hüquqi
şəxs statusunu əldə edir.
16.2-1. Qeyri-hökumət təşkilatlarının təsis
sənədlərində edilən dəyişikliklərin, eləcə
də qeydə alınmış faktların hər bir
sonrakı dəyişikliklərinin elektron müraciət əsasında
müvafiq icra hakimiyyəti orqanının elektron məlumat
sistemi vasitəsilə dövlət qeydiyyatı “Hüquqi
şəxslərin dövlət qeydiyyatı və dövlət
reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq həyata keçirilir.
16.2-2. Qeyri-hökumət təşkilatlarının
bank hesabları üzrə maliyyə əməliyyatlarının
aparılması zamanı müvafiq icra hakimiyyəti
orqanının elektron məlumat sistemi vasitəsilə əldə
edilmiş sənədlərdən kağız
daşıyıcılarda, yaxud “Elektron imza və elektron sənəd
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq elektron qaydada istifadə edilir.[24]
16.3. Qeyri-hökumət təşkilatlarının və
xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının
filial və ya nümayəndəliklərinin təsis sənədlərində
qanunvericiliyə uyğunsuzluq aşkar edildikdə müvafiq
icra hakimiyyəti orqanı həmin qurumlardan 30 gün müddətində
təsis sənədlərinin qanunvericiliyə
uyğunlaşdırılmasını tələb edir.
16.4. Qeyri-hökumət təşkilatları və
xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının
filial və ya nümayəndəlikləri fəaliyyətini
müvəqqəti olaraq dayandırması ilə bağlı
müvafiq icra hakimiyyəti orqanına müraciət edə
bilər.[25]
Maddə 17. Dövlət qeydiyyatına
alınmasından imtina
17.1. Qeyri-hökumət təşkilatlarının
dövlət qeydiyyatına alınmasından yalnız
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və
dövlət reyestri haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə nəzərdə tutulmuş
hallarda imtina edilə bilər.[26]
17.2. Qeyri-hökumət təşkilatının
dövlət qeydiyyatına alınmasından, imtinanın əsasları
və təsis sənədlərin hazırlanmasında
qanunvericiliyin pozulmuş müddəaları və maddələrini
göstərilməklə, yazılı surətdə məlumat
qeyri-hökumət təşkilatının nümayəndəsinə
təqdim olunur.[27]
17.3. Qeyri-hökumət təşkilatının
dövlət qeydiyyatına alınmasından imtina, pozuntular
aradan qaldırıldıqdan sonra sənədlərin dövlət
qeydiyyatı üçün yenidən təqdim edilməsinə
mane ola bilməz.
17.4. Qeyri-hökumət təşkilatın dövlət
qeydiyyatına alınmasından imtinadan inzibati qaydada və (və
ya) məhkəmə qaydasında şikayət verilə bilər.[28]
Maddə 18. Qeyri-hökumət təşkilatının
fəaliyyətinə xitam verilməsi
Qeyri-hökumət təşkilatının fəaliyyətinə
qeyri-hökumət təşkilatın yenidən təşkil
edilməsi (birləşmə, qoşulma, bölünmə,
ayrılma, çevrilmə) və ya qeyri-hökumət təşkilatının
ləğv edilməsi yolları ilə xitam verilir.
Maddə 19. Qeyri-hökumət təşkilatının
yenidən təşkil edilməsi
19.1. Qeyri-hökumət
təşkilatı bu Qanunda nəzərdə tutulan qaydada
yenidən təşkil edilə bilər. Qeyri-hökumət təşkilatının
yenidən təşkili onun təsisçilərinin və ya
təşkilatın nizamnamə ilə vəkil edilmiş
orqanın qərarı ilə həyata keçirilə bilər.
19.2. Qeyri-hökumət təşkilatının yenidən
təşkili birləşmə, qoşulma, bölünmə,
ayrılma və çevrilmə formalarında həyata
keçirilə bilər.
19.3. Qeyri-hökumət təşkilatının
başqa təşkilatın ona qoşulma formasında yenidən
təklif edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən
onlardan birinin fəaliyyətinə xitam verilməsi haqqında
qeydin hüquqi şəxslərin dövlət reyestrinə
daxil edildiyi andan sayılır.[29]
19.4. Qeyri-hökumət təşkilatının
ayrılma və bölünmə formalarında təşkil
edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən
onlardan birinin ayrılması haqqında və ya bölünən
təşkilatın fəaliyyətinə xitam verilməsi
haqqında və yeni qeyri-hökumət təşkilatlarının
təsis edilməsi haqqında qeydlərin hüquqi şəxslərin
dövlət reyestrinə daxil edildiyi andan sayılır.
19.5. Qeyri-hökumət təşkilatının
çevrilmə formasında təşkil edilməsi
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
mövcud olan təşkilatın ləğvi və onun əsasında
yeni təşkilatın təsis edilməsi haqqında qeydlərin
hüquqi şəxslərin dövlət reyestrinə daxil
edildiyi andan sayılır.
19.6. Qeyri-hökumət təşkilatının yenidən
təşkilindən sonra hüquq varisliyi ilə bağlı
olan bütün məsələlər Azərbaycan
Respublikasının Mülki Məcəlləsində nəzərdə
tutulmuş qaydada həll olunur.
19.7. Xarici dövlətin qeyri-hökumət təşkilatı
digər təşkilatla birləşdikdə, qoşulduqda və
ya özü bölündükdə, təşkilati-hüquqi
formasını dəyişdikdə onun Azərbaycan
Respublikasının ərazisindəki filialı və ya
nümayəndəliyi ləğv edilir.[30]
Maddə 20. Qeyri-hökumət təşkilatının
ləğvi
Qeyri-hökumət təşkilatı Azərbaycan
Respublikasının Mülki Məcəlləsində və
hüquqi şəxslərin dövlət qeydiyyatı
haqqında Azərbaycan Respublikasının qanunvericiliyində
nəzərdə tutulmuş qaydada ləğv edilə bilər.
Qeyri-hökumət təşkilatı ləğv edildikdə
həmin qurum tərəfindən əmlak məsələlərinin
Azərbaycan Respublikasının Mülki Məcəlləsində
nəzərdə tutulmuş qaydada həll olunması barədə
məlumatlar və bu məlumatları təsdiq edən sənədlər
hüquqi şəxslərin dövlət reyestrinə daxil
olunması üçün müvafiq icra hakimiyyəti
orqanına təqdim edilir.[31]
Maddə 21. Ləğv edilən qeyri-hökumət təşkilatının
əmlakı
Qeyri-hökumət təşkilatının ləğv
edilməsi ilə bağlı bütün əmlak məsələləri
Azərbaycan Respublikasının Mülki Məcəlləsində
nəzərdə tutulmuş qaydada həll olunur.
IV fəsil
Qeyrİ-hökumət təşkİlatın fəalİyyətİ
Maddə 22. Qeyri-hökumət təşkilatının
fəaliyyət növləri
22.1. Qeyri-hökumət təşkilatı Azərbaycan
Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan və
qeyri-hökumət təşkilatının nizamnaməsində
nəzərdə tutulan məqsədlərə zidd olmayan,
ölkə daxilində və xaricdə hər hansı fəaliyyət
növünü həyata keçirə bilər.
22.2. Qeyri-hökumət təşkilatı əldə
edilmiş gəliri təsisçiləri (üzvləri)
arasında bölüşdürməyərək, yalnız təşkilatın
yaradılması məqsədlərinə nail olmasına
yönəldilmiş sahibkarlıq fəaliyyətini həyata
keçirilə bilər. Belə fəaliyyət kimi
qeyri-hökumət təşkilatının yaranma məqsədlərinə
cavab verən, mənfəət gətirən mal və xidmət
istehsalı və satışı, habelə qiymətli
kağızların, əmlak və qeyri-əmlak
hüquqlarının əldə edilməsi, əmanətçi
kimi təsərrüfat cəmiyyətlərində,
ortaqlıqlarda iştirakı qəbul edilir.
22.3. Qeyri-hökumət təşkilatı
sahibkarlıq fəaliyyəti üzrə gəlir və xərclərin
uçotunu aparır. Qeyri-hökumət təşkilatının
məşğul ola bilən fəaliyyət növləri
üçün hər bir məhdudiyyət yalnız qanunla
müəyyən olunur.
22.4. Qeyri-hökumət təşkilatı peşəkar
dini fəaliyyətlə məşğul ola bilməz.[32]
Maddə 23. Qeyri-hökumət təşkilatının
əmlakı
23.1. Qeyri-hökumət təşkilatının
mülkiyyətində qanunvericiliklə qadağan olunmamış
növlərdə əmlak ola bilər.[33]
23.2. Qeyri-hökumət təşkilatı öz
öhdəliklərinə görə əmlakı ilə
cavabdehdir. Bu əmlak yalnız Azərbaycan
Respublikasının qanunlarına uyğun olaraq özgəninkiləşdirilə
bilər.
23.3. Fondun əmlakını onun təsisçiləri
(təsisçisi) tərəfindən verilən əmlak təşkil
edir. Fond təsis olunduqdan sonra ona əmlak vermiş şəxs
təsisçi hüququ qazanmır. Təsisçilər
onların yaratdığı fondun öhdəlikləri
üçün, fondlar isə öz təsisçilərinin
öhdəlikləri üçün məsuliyyət
daşımır.
Maddə 24. Qeyri-hökumət təşkilatının
əmlakının formalaşdırılma mənbələri
24.0. Qeyri-hökumət təşkilatının əmlakının
pul və digər şəkildə formalaşdırılma mənbələri
aşağıdakılardır:
24.0.1. təsisçilərin və ya ictimai birliklərin
üzvlərinin müntəzəm və ya birdəfəlik
üzvlük haqları;
24.0.2. əmlak haqları və könüllü ianələri;[34]
24.0.3. malların satışından, xidmətlər
göstərilməsindən, işlər görülməsindən
daxilolmalar;
24.0.4. səhmlər, istiqrazlar, başqa qiymətli
kağız və əmanətlərdən alınan dividendlər,
gəlirlər;
24.0.5. öz əmlakından istifadə və onun
satılması nəticəsində əldə edilən gəlirlər;
24.0.6. qrantlar;
24.0.7. qanunvericiliklə qadağan olunmayan başqa gəlirlər.
Maddə 24-1. İanələr və qrantlar[35]
24-1.1. İanə - qeyri-hökumət təşkilatının,
habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının
filial və ya nümayəndəliklərinin
qarşısında hər hansı məqsədə nail olmaq
vəzifəsi qoymadan ona Azərbaycan Respublikasının vətəndaşı,
yaxud Azərbaycan Respublikasında dövlət qeydiyyatına
alınmış hüquqi şəxs, xarici hüquqi şəxsin
filial və ya nümayəndəliyi (bu Qanunun 12.3-cü maddəsində
nəzərdə tutulmuş sazişi bağlamış xarici
dövlətin qeyri-hökumət təşkilatının
filial və ya nümayəndəliyi) tərəfindən bu
Qanunla nəzərdə tutulmuş qaydada maliyyə vəsaiti şəklində
və (və ya) başqa maddi formada verilən
yardımdır.[36]
24-1.2. Qeyri-hökumət təşkilatı, habelə
xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının
filial və ya nümayəndəlikləri qəbul etdiyi və
ya vəd edilən ianə müqabilində, ianə verən
şəxsə və ya hər hansı digər şəxsə
birbaşa, yaxud dolayı yolla maddi və sair nemət, hər
hansı imtiyaz və ya güzəşt verə, belə təkliflə
çıxış edə və ya belə vəd verə
bilməz.
24-1.3. Qeyri-hökumət təşkilatına, habelə
xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının
filial və ya nümayəndəliklərinə ianə verən
şəxs verdiyi və ya verəcəyi ianə müqabilində
özü və ya üçüncü şəxslər
üçün birbaşa, yaxud dolayı yola maddi və sair
nemət, hər hansı imtiyaz və ya güzəşt tələb
edə və ya qəbul edə bilməz, belə təklifə
və ya vədə razılıq verə bilməz.
24-1.4. İanə edilən pul vəsaitləri
qeyri-hökumət təşkilatının, habelə xarici
dövlətlərin qeyri-hökumət təşkilatlarının
filial və ya nümayəndəliklərinin bank hesabına
köçürmə yolu ilə qəbul edilir. Nizamnaməsinə
əsasən başlıca məqsədi xeyriyyəçilik
olan qeyri-hökumət təşkilatı, habelə xarici
dövlətlərin qeyri-hökumət təşkilatlarının
filial və ya nümayəndəlikləri iki yüz manatadək
ianəni nağd şəkildə qəbul edə bilər.
24-1.5. Qeyri-hökumət təşkilatı, habelə
xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının
filial və ya nümayəndəlikləri qəbul etdiyi ianələrin
məbləği və ianəni vermiş şəxslər
barədə məlumatları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilmiş
qaydada müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Barəsində
məlumat təqdim edilməmiş ianələr üzrə
bank əməliyyatları və hər hansı digər əməliyyatlar
aparıla bilməz.[37]
24-1.6. Qrantların verilməsi, alınması və
istifadəsi ilə bağlı iqtisadi və hüquqi
münasibətlər “Qrant haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə tənzimlənir.
Maddə 24-2. Qeyri-hökumət təşkilatı tərəfindən
xidmətlərin göstərilməsi və işlərin
görülməsi[38]
24-2.1. Qeyri-hökumət təşkilatı tərəfindən
bu Qanunun 24.0.3-cü maddəsində nəzərdə
tutulmuş xidmətlərin göstərilməsi və
işlərin görülməsi müqavilə əsasında
həyata keçirilir. Xarici maliyyə mənbələri
hesabına xidmətlərin göstərilməsi və ya
işlərin görülməsi haqqında müqavilə
qeydə alınması üçün qeyri-hökumət təşkilatı
tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim
olunur. Qeydiyyata alınmamış xarici maliyyə mənbələri
hesabına xidmətlərin göstərilməsi və ya
işlərin görülməsi haqqında müqavilə
üzrə bank əməliyyatları və hər hansı
digər əməliyyatlar aparıla bilməz.[39]
24-2.2. Müqavilə olmadan və ya qeydiyyata
alınmamış xarici maliyyə mənbələri
hesabına xidmətlərin göstərilməsi və ya
işlərin görülməsi haqqında müqavilə
üzrə xidmətlər göstərən və ya işlər
görən, yaxud bununla əlaqədar maliyyə vəsaiti və
(və ya) başqa maddi formada vəsait qəbul edən
qeyri-hökumət təşkilatı Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinə
əsasən məsuliyyət daşıyır.[40]
Maddə 24-3. Qrant müqavilələrinin (qərarlarının),
xarici maliyyə mənbələri hesabına xidmətlərin
göstərilməsi və ya işlərin görülməsi
haqqında müqavilələrin qeydə
alınmasının və ianələr üzrə məlumatların
təqdim edilməsinin elektron müraciət əsasında
aparılması[41]
Qeyri-hökumət təşkilatları qrant
müqavilələrinin (qərarlarının), xarici maliyyə
mənbələri hesabına xidmətlərin göstərilməsi
və ya işlərin görülməsi haqqında
müqavilələrin qeydə alınmasının və qəbul
etdikləri ianələr üzrə məlumatların təqdim
edilməsinin müvafiq icra hakimiyyəti orqanının
elektron məlumat sistemi vasitəsilə elektron qaydada həyata
keçirilməsi üçün müraciət edə bilərlər.
V fəsil
Qeyrİ-hökumət təşkİlatlarının
İdarə olunması
Maddə 25. İctimai birliyin idarə olunmasının
əsasları
25.1. İctimai birliyin strukturu, tərkibi, idarəetmə
orqanlarının səlahiyyəti, formalaşdırılma
qaydası və onların səlahiyyət müddəti, qərar
qəbul etmə və ictimai birliyin adından
çıxış etmə qaydaları bu Qanun və digər
qanunlara müvafiq olaraq ictimai birliyin nizamnaməsi ilə
müəyyən edilir.
25.2. İctimai birliyin ali idarəetmə orqanı ildə
bir dəfədən az olmayaraq çağırılan
Ümumi yığıncaqdır.
25.3. Ümumi yığıncaq ictimai birliyin icra
orqanının, təsisçilərdən birinin və ya
üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü
ilə çağırılır.
25.4. Ümumi yığıncağın əsas
funksiyası onun marağı naminə yarandığı məqsədlərə
riayət etməkdir.
25.5. Ümumi yığıncağın səlahiyyətinə
aşağıdakı məsələlərin həlli
aiddir:
25.5.1. ictimai birliyin nizamnaməsinin qəbulu və ona
dəyişikliklərin edilməsi;
25.5.2. ictimai birliyin əmlakının formalaşma və
istifadə prinsiplərinin müəyyən edilməsi;
25.5.3. ictimai birliyin icra orqanlarının
yaradılması və onların səlahiyyətlərinin
vaxtından əvvəl dayandırılması;
25.5.4. illik hesabatın təsdiq edilməsi;
25.5.5. başqa təşkilatlarda iştirak;
25.5.6. ictimai birliyin yenidən təşkili və ləğv
edilməsi.
25.6. İctimai birliyin təsisçilərinə və
üzvlərinə ümumi yığıncağın yeri və
vaxtı haqqında ən azı 2 həftə əvvəl məlumat
verilməlidir. Ümumi yığıncaq yalnız birlik
üzvlərinin yarısından çoxu iştirak etdikdə
nizamnaməyə dəyişikliklər edə bilər.
Ümumi yığıncağın qərarı
yığıncaqda iştirak edən üzvlərin səs
çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə
malikdir.
25.7. Ümumi yığıncaqda yazılı protokol
aparılmalıdır. Protokol yığıncağın sədri
və katibi tərəfindən imzalanır.
Yığıncağın protokolu lazım gəldikdə
bütün üzvlərə paylanmalıdır.
Maddə 26. İctimai birliyin icra orqanı
26.1. İctimai birliyin
icra orqanı kollegial və (və ya) təkbaşına ola
bilər. O, ictimai birliyin fəaliyyətinə cari rəhbərliyi
həyata keçirir və ictimai birliyin ali idarəetmə
orqanına hesabat verir.
26.2. İctimai birliyin icra orqanı ictimai birliyin
filiallarını yaradır və nümayəndəliklərini
açır.
26.3. İctimai birliyin icra orqanının səlahiyyətinə
ictimai birliyin başqa idarəetmə orqanlarının bu
Qanun, digər qanunlar və ictimai birliyin nizamnaməsi ilə
müəyyən edilən müstəsna səlahiyyətini təşkil
etməyən bütün məsələlərin həlli
aiddir.
26.4. İctimai birliyin səlahiyyət müddəti
bitmiş icra orqanları tərəfindən təşkilatın
fəaliyyəti ilə əlaqədar hər hansı qərarların
qəbul edilməsinə və ya sənədlərin
imzalanmasına yol verilmir.[42]
Maddə 27. Fondun idarə olunması
27.1. Fondun idarəsini fondun Prezidenti və ya idarə
heyəti həyata keçirirlər.
27.2. Fondun himayəçilik Şurası fondun nəzarət
orqanıdır və fondun fəaliyyətinə, fondun
başqa orqanları tərəfindən qərarların qəbul
edilməsinə və onların yerinə yetirilməsinin təmin
edilməsinə, fond vəsaitinin istifadə edilməsinə,
fəaliyyətinə nəzarəti və nizamnaməyə dəyişikliklər
edilməsini, ləğvetmə və ya yenidən təşkiletmə
haqqında qərarın qəbulunu həyata keçirir.
Fondun Himayəçilik şurası öz fəaliyyətini
ictimai əsaslarla həyata keçirir.
27.3. Fondun Himayəçilik Şurasının
formalaşma və fəaliyyət qaydası fondun təsisçiləri
tərəfindən təsdiq edilmiş fondun nizamnaməsində
müəyyən edilir.
VI fəsil
Qeyrİ-hökumət təşkİlatları və
dövlət hakİmİyyətİ orqanları
Maddə 28. Dövlət hakimiyyəti orqanları və
qeyri-hökumət təşkilatları arasında əlaqə
Qeyri-hökumət təşkilatının
hüquqları bütün dövlət orqanları tərəfindən
qorunur. Qeyri-hökumət təşkilatları qanunvericilik
çərçivəsində öz fəaliyyətini
müstəqil olaraq həyata keçirmək hüququna
malikdir. Dövlət hakimiyyət orqanları qeyri-hökumət
təşkilatlarına maliyyə və başqa formalarda
yardım edə bilərlər. Dövlət orqanlarında
ictimai birliklərin strukturları yaradılmır.[43]
Maddə 29. Qeyri-hökumət təşkilatının
fəaliyyətinə nəzarət
29.1. Qeyri-hökumət təşkilatı qanunvericiliyə
müvafiq olaraq mühasibat uçotu aparır.
29.2. Qeyri-hökumət təşkilatının gəlirinin
məbləği və strukturu, habelə onun əmlakı, xərcləri,
işçilərin say tərkibi, əməyin ödənilməsi
haqqında məlumatlar dövlət və ya kommersiya sirri ola
bilməz.
29.3. Fond öz əmlakından istifadə haqqında hesabatları
hər il dərc etməyə borcludur.
29.4. Qeyri-hökumət təşkilatı illik maliyyə
hesabatını hər il aprel ayının 1-dən gec
olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanına təqdim edir. Bu hesabatların forması, məzmunu
və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.[44]
29.5. Qeyri-hökumət təşkilatları, habelə
xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının
filial və nümayəndəlikləri öz fəaliyyətinin
şəffaflığını təmin etməlidirlər.
Qeyri-hökumət təşkilatları, habelə xarici
dövlətlərin qeyri-hökumət təşkilatlarının
filial və nümayəndəlikləri korrupsiya
hüquqpozmalarının, habelə cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasının və terrorçuluğun
maliyyələşdirilməsinin qarşısının
alınması, o cümlədən hədəfli maliyyə
sanksiyalarının tətbiqi məqsədi ilə onun
üçün müvafiq qanunvericiliklə müəyyən
edilmiş tədbirləri yerinə yetirməlidirlər.[45]
Maddə 30. Qeyri-hökumət təşkilatların
istifadə etdiyi vergi güzəştləri[46]
Dövlət qeydiyyatına alınmış
qeyri-hökumət təşkilatları Azərbaycan
Respublikası Vergi Məcəlləsində nəzərdə
tutulmuş vergi güzəştlərindən istifadə edirlər.
Maddə 30-1. Qeyri-hökumət təşkilatlarının,
habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının
filial və ya nümayəndəliklərinin fəaliyyətinin
onların nizamnamələrinə (əsasnamələrinə)
və Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğunluğunun öyrənilməsi[47]
30-1.1. Qeyri-hökumət təşkilatlarının,
habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının
filial və ya nümayəndəliklərinin fəaliyyətinin
onların nizamnamələrinə (əsasnamələrinə)
və Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğunluğunun öyrənilməsi qaydaları müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
30-1.2. Müvafiq icra hakimiyyəti orqanı
qeyri-hökumət təşkilatlarının, habelə xarici
dövlətlərin qeyri-hökumət təşkilatlarının
filial və ya nümayəndəliklərinin fəaliyyətinin
onların nizamnamələrinə (əsasnamələrinə)
və Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğunluğunun öyrənilməsi işinə aidiyyəti
dövlət orqanlarının və digər qeyri-hökumət
təşkilatlarının nümayəndələrini cəlb
etmək səlahiyyətinə malikdir.
30-1.3. Qeyri-hökumət təşkilatlarının,
habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının
filial və ya nümayəndəliklərinin fəaliyyətinin
onların nizamnamələrinə (əsasnamələrinə)
və Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğunluğunun öyrənilməsi üçün maneələr
yaradan fiziki və hüquqi şəxslər Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinə
əsasən məsuliyyət daşıyırlar.
VII fəsil
Yekun müddəaları
Maddə 31. Qeyri-hökumət təşkilatının
məsuliyyəti[48]
31.1. Qeyri-hökumət təşkilatı, habelə
xarici dövlətin qeyri-hökumət təşkilatının
filial və ya nümayəndəliyi bu Qanunun müddəalarından
irəli gələn tələbləri pozduqda qanunla müəyyən
edilmiş qaydada məsuliyyət daşıyır.
31.2. Azərbaycan Respublikası qanunvericiliyinin, eləcə
də nizamnamənin müddəalarından irəli gələn
tələblərin pozulmasına görə qanunla məsuliyyət
müəyyən olunmadığı hallarda müvafiq icra
hakimiyyəti orqanı tərəfindən qeyri-hökumət
təşkilatına və ya xarici dövlətin
qeyri-hökumət təşkilatının filial və ya
nümayəndəliyinə yazılı surətdə xəbərdarlıq
edilir və pozuntuların 30 günədək müddətdə
aradan qaldırılması haqqında göstəriş
verilir.
31.3. Aşağıda göstərilən hallarda
qeyri-hökumət təşkilatının, habelə xarici
qeyri-hökumət təşkilatının filial və ya
nümayəndəliyinin fəaliyyəti məhkəmə qərarı
ilə bir ilədək müddətə dayandırıla bilər:
Qeyri-hökumət təşkilatının, habelə xarici
dövlətin qeyri-hökumət təşkilatının
filial və ya nümayəndəliyinin fəaliyyətinin
dayandırılması əsasları
aşağıdakılardır:[49]
31.3.1. qeyri-hökumət təşkilatı, habelə
xarici dövlətin qeyri-hökumət təşkilatının
filial və ya nümayəndəliyi fövqəladə vəziyyətin
tətbiq edilməsinə səbəb olmuş şəraitin
aradan qaldırılmasına maneçilik törətdikdə;
31.3.2. qeyri-hökumət təşkilatı, xarici
dövlətin qeyri-hökumət təşkilatının
filial və ya nümayəndəliyi müvafiq icra hakimiyyəti
orqanının xəbərdarlığında və ya
göstərişində bildirilmiş pozuntuların müəyyən
edilmiş müddətdə aradan qaldırılmamasına
görə inzibati məsuliyyətə cəlb edildikdən
sonra qurum tərəfindən həmin pozuntular aradan
qaldırılmadıqda;
31.3.3. qeyri-hökumət təşkilatının icra
orqanı tərəfindən təşkilatın üzvlərinin
hüquqlarının pozulması müəyyən edildikdə.
31.3-1. Hərbi vəziyyətin elan edilməsinə səbəb
olmuş halların aradan qaldırılmasına və müəyyən
edilmiş tədbirlərin həyata keçirilməsinə mane
olan qeyri-hökumət təşkilatının, habelə
xarici dövlətin qeyri-hökumət təşkilatının
filial və ya nümayəndəliyinin fəaliyyəti hərbi
vəziyyət başa çatanadək dayandırıla bilər.[50]
31.4. Qeyri-hökumət təşkilatına, habelə
xarici qeyri-hökumət təşkilatının filial və
ya nümayəndəliyinə bir il ərzində ikidən
çox yazılı surətdə xəbərdarlıq və
ya pozuntuların aradan qaldırılması haqqında göstəriş
verildiyi halda qeyri-hökumət təşkilatı, habelə
xarici qeyri-hökumət təşkilatının filial və
ya nümayəndəliyi müvafiq icra hakimiyyəti
orqanının müraciəti əsasında məhkəmənin
qərarı ilə ləğv edilə bilər.
31.5. Qeyri-hökumət təşkilatı, habelə
xarici dövlətin qeyri-hökumət təşkilatının
filial və ya nümayəndəliyi qanunla müəyyən
edilmiş məsuliyyət tədbirlərinin tətbiqi ilə
əlaqədar inzibati qaydada və ya məhkəməyə
şikayət etmək hüququna malikdir.
31.6. Bu Qanunun 31.3.1-ci və 31.3.2-ci maddələrində
nəzərdə tutulmuş hallarda qeyri-hökumət təşkilatının,
habelə xarici dövlətin qeyri-hökumət təşkilatının
filial və ya nümayəndəliyinin fəaliyyətinin
dayandırılması barədə məhkəməyə
müraciət müvafiq icra hakimiyyəti orqanı tərəfindən,
bu Qanunun 31.3.3-cü maddəsində nəzərdə
tutulmuş halda isə qeyri-hökumət təşkilatının
üzvləri tərəfindən edilir.
31.7. Qeyri-hökumət təşkilatının, habelə
xarici dövlətin qeyri-hökumət təşkilatının
filial və ya nümayəndəliyinin fəaliyyətinin
dayandırılmasına səbəb olmuş pozuntular aradan
qaldırıldıqda bu Qanunun 31.3.1-ci və 31.3.2-ci maddələrində
nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti
orqanının, 31.3.3-cü maddəsində müəyyən
olunmuş halda isə təşkilatın üzvlərinin
müraciəti əsasında qurumun fəaliyyəti məhkəmənin
qərarı ilə vaxtından əvvəl bərpa oluna bilər.
31.8. Qeyri-hökumət təşkilatı illik maliyyə
hesabatını bu Qanunun 29.4-cü maddəsində müəyyən
edilmiş müddətdə təqdim etmədikdə
müvafiq icra hakimiyyəti orqanı həmin təşkilata
yazılı surətdə xəbərdarlıq etməklə
müvafiq hesabatın 30 gün müddətində təqdim
edilməsinə dair göstəriş verir. Bu müddətdə
hesabat təqdim etməyən qeyri-hökumət təşkilatı
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə
əsasən məsuliyyət daşıyır.
Maddə 32. Əvvəllər qeydiyyata
alınmış qeyri-hökumət təşkilatlarının
yenidən qeydiyyata alınması
Bu Qanun qüvvəyə minməmişdən əvvəl
dövlət qeydiyyatına alınmış qeyri-hökumət
təşkilatları müvafiq icra hakimiyyəti orqanı tərəfindən
Azərbaycan Respublikası hüquqi şəxslərinin
Dövlət reyestrinə daxil edilməlidirlər.
Maddə 33. Bu Qanunun qüvvəyə minməsi
Bu Qanun dərc edildiyi gündən qüvvəyə
minir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev
Bakı şəhəri, 13 iyun 2000-ci il
¹ 894-IQ
Azərbaycan Respublikasının Qanunvericilik toplusu .-
2000.- 31 oktyabr, ¹ 10.- S.4252 - 4261.