Qiymətli kağızlar
bazarında investorların hüquqlarının müdafiəsi
haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikasında qiymətli
kağız sahibləri olan hüquqi və fiziki şəxslərin
(bundan sonra - investorlar) qiyməti kağızlar bazarında
hüquqlarının dövlət və ictimai müdafiəsi
sahəsində münasibətləri tənzimləyir.
Maddə 1. Qanunun tətbiq sahələri
1.1. Bu Qanun bütün növ qiymətli
kağızlar üzrə münasibətlərə şamil
edilir.
1.2. Qanunla aşağıdakılar müəyyən
edilir:
1.2.1. qiymətli kağızlar bazarının peşəkar
iştirakçıları (bundan sonra - peşəkar
iştirakçılar) tərəfindən investorlara xidmətlərin
göstərilməsinin əlavə şərtləri,
emitentlərə və peşəkar iştirakçılara
olan əlavə tələblər;
1.2.2. qiymətli kağızlar bazarında
investorların hüquqlarının və qanuni
maraqlarının müdafiəsi üzrə tədbirlər,
habelə həmin hüquq və maraqların pozulmasına
görə məsuliyyət.
Maddə 2. Qiymətli kağızların
buraxılışı və tədavülü ilə
bağlı tələblər
2.1. Qiymətli kağızlar
buraxılışının açıq yerləşdirilməsi
üçün qanunvericiliklə müəyyən olunmuş
həcm və qaydada elan edilməli olan məlumatları elan
etməyən emitentlərin həmin qiymətli
kağızların, habelə buraxılışı dövlət
qeydiyyatından keçməmiş qiyməti
kağızların qiymətli kağızlar bazarında yerləşdirilməsi,
reklamı və istənilən formada investorlara təklif edilməsi,
onlarla əqdlərin bağlanması qadağandır.
2.2.Qiymətli kağızlar bazarının
iştirakçıları arasında bağlanan müqavilələrdə
investorların hüquqlarını və qanuni
maraqlarını məhdudlaşdıran müddəalar nəzərdə
tutula bilməz.
2.3. Qanunvericiliklə dövlət qeydiyyatından
keçirilməsi nəzərdə tutulan qiymətli
kağızlarla bağlı əqdlər dövlət
qeydiyyatına alınması üçün təqdim edilmədikdə
bu vəzifəni icra etməli olan şəxslər
qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət
daşıyırlar.
Maddə 3. İnvestora qiymətli kağızların
dövriyyəsi ilə əlaqədar məlumatın verilməsi
3.1. Emitent Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən olan məlumatı
investorun yazılı tələbi ilə ona verməyə
borcudur.
3.2. İnvestora xidmətlərini təklif edən
peşəkar iştirakçı investorun yazılı tələbi
ilə ona aşağıdakı sənədləri və məlumatı
təqdim etməyə borcludur:
3.2.1. qiymətli kağızlar bazarında peşəkar
fəaliyyətin həyata keçirilməsi üçün
aldığı xüsusi razılığın surətini;
3.2.2. dövlət qeydiyyatı haqqında sənədinin
surətini;
3.2.3. peşəkar iştirakçının fəaliyyətinin
qaydalarını;
3.2.4. müvafiq əqdlərin bağlanması
üçün təqdim edilən qiymətli
kağızların buraxılışının dövlət
qeydiyyatı haqqında məlumatı və bu
buraxılışın dövlət qeydiyyat nömrəsini;
3.2.5. həmin qiymətli kağızların
buraxılışı haqqında qərarda və onların
emissiya prospektində olan məlumatları;
3.2.6. əgər həmin qiymətli kağızlar
qiymətli kağızlar bazarında ticarətin təşkilatçılarının
tədavülə buraxılma siyahısına (listinqə)
daxil edilmişsə, investorun məlumatı təqdim edilməsi
haqqında tələb irəli sürdüyü tarixə qədər
1 ay ərzində qiymətli kağızlar bazarında bu qiymətli
kağızların qiymətləri (kotirovkaları)
haqqında məlumatları, yaxud qiymətli kağızlar
bazarında ticarətin təşkilatçılarının
tədavülə buraxılma siyahısında (listinqində)
həmin qiymətli kağızların olmaması barədə
məlumatları;
3.2.7. investorun məlumatın təqdim edilməsi
haqqında tələb irəli sürdüyü tarixə qədər
1 ay ərzində, bu peşəkar iştirakçı tərəfindən
həmin qiymətli kağızların alınma və
satılma qiymətləri haqqında, yaxud bu cür əməliyyatların
aparılmadığı barədə məlumatları.
3.3. Peşəkar iştirakçı bu maddənin
3.2-ci bəndində göstərilən məlumatları
investora yazılı formada verdiyinə görə ondan haqq tələb
edə bilər. Bu haqqın məbləği tərəflərin
razılığı ilə müəyyən edilir.
3.4. Bu maddədə göstərilən tələblər
pozulduqda, o cümlədən dürüst olmayan və (və
ya) təhrif olunmuş məlumatlar verildikdə, investorla
emitent və ya peşəkar iştirakçı arasında
bağlanmış müqavilə investorun tələbi ilə
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən
edilən qaydada dəyişdirilə, yaxud ləğv edilə
bilər.
3.5. İnvestor qiymətli kağızlarla əqdlər
bağlaması zamanı peşəkar
iştirakçıdan, yaxud emitentdən bu Qanuna, habelə Azərbaycan
Respublikasının müvafiq qanunvericiliyinə uyğun məlumatların
ona verilməsini yazılı şəkildə tələb
etməzsə, həmin məlumatların verilməməsi əsası
ilə peşəkar iştirakçıya, yaxud emitentə
qarşı zərərin ödənilməsi tələbi ilə
çıxış edə bilməz.
Maddə 4. İnvestorların şikayətlərinə
və ərizələrinə baxılması
Müvafiq icra hakimiyyəti orqanı investorların
şikayətlərinə və ərizələrinə vətəndaşların
müraciətlərinə baxılması qaydası
haqqında qanunvericiliyə uyğun olaraq baxır.[2]
Maddə 5. İnvestorlara məlumatların verilməsi
5.1. İnvestorlara məlumat verilməsi və qiymətli
kağızlar bazarında qanun pozuntuları haqqında
onları xəbərdar etmək məqsədi ilə
müvafiq icra hakimiyyəti orqanı özünün rəsmi
nəşrində aşağıdakılar barədə məlumatlar
dərc edir:
5.1.1. qiymətli kağızlar bazarında peşəkar
fəaliyyətin həyata keçirilməsi üçün
verilən xüsusi razılıqların ləğv edilməsi,
yaxud fəaliyyətinin dayandırılması;
5.1.2. peşəkar iştirakçıların
öz-özünə tənzimləyən təşkilatları
(bundan sonra - öz-özünü tənzimləyən təşkilatlar);
5.1.3. müvafiq icra hakimiyyəti orqanının tətbiq
etdiyi inzibati məsuliyyət tədbirləri;
5.1.4. müvafiq icra hakimiyyəti orqanının
iddiaları üzrə çıxarılmış məhkəmə
qərarları;
5.1.5. müvafiq icra hakimiyyəti orqanının qəbul
etdiyi normativ hüquqi aktlar.
5.2. Müvafiq icra hakimiyyəti orqanı qiymətli
kağızlar bazarında qanun pozuntularına yol vermiş
şəxslərə tətbiq etdiyi sanksiyalar, həmin qanun
pozuntularını etmiş şəxslər, qiymətli
kağızların qeydiyyatdan keçmiş
buraxılışları, qiymətli kağızların
haqsız emissiyaları və qiymətli kağızların
yerləşdirilməsi dayandırılmış
buraxılışları, verdiyi, fəaliyyətini
dayandırdığı və ləğv etdiyi bütün
xüsusi razılıqlar haqqında hər bir maraqlı şəxs
üçün açıq olan məlumatlardan (dövlət
və xidməti sirlər, emitentlərin və yaxud peşəkar
iştirakçıların kommersiya sirləri olan məlumatlar
istisna olmaqla) ibarət məlumatlar bazasını
yaratmalıdır.
5.3. Məlumatlar bazasının yaradılması və
istifadəsi qaydalarını müvafiq icra hakimiyyəti
orqanı müəyyən edir.
Maddə 6. İnvestorların hüquqlarının və
qanuni maraqlarının pozulmasının
qarşısının alınması
6.1. Müvafiq icra hakimiyyəti orqanı qiymətli
kağızlar bazarında qanun pozuntularının
dayandırılması və qarşısının
alınması, investorların pozulmuş
hüquqlarının bərpa olunması məqsədi ilə
bu Qanunla və Azərbaycan Respublikasının qanunvericiliyi ilə
onun səlahiyyətlərinə aid edilən məsələlər
üzrə nəzarəti həyata keçirir, emitentlərə,
peşəkar iştirakçılara və onların vəzifəli
şəxslərinə Azərbaycan Respublikasının ərazisində
icrası məcburi olan göstərişlər verir.
6.2. Bu Qanunun 6.1-ci maddəsində nəzərdə
tutulmuş nəzarət “Sahibkarlıq sahəsində
aparılan yoxlamaların tənzimlənməsi və
sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan
Respublikası Qanununun tələbləri nəzərə
alınmaqla həyata keçirilir.[3]
6.3. İnvestorların hüquqlarının və
qanuni maraqlarının emitent və ya peşəkar
iştirakçı tərəfindən pozulduğu, yaxud həmin
hüquqlara təhlükə yarandığı hallarda
müvafiq icra hakimiyyəti orqanı öz göstərişi
ilə emitent və ya peşəkar iştirakçıya
qanun pozuntusu aradan qaldırılana qədər qiymətli
kağızlar bazarında müvafiq əməliyyatların
aparılmasını məhdudlaşdıra və ya
qadağan edə bilər.
Maddə 7. İnvestorların hüquqlarının
pozulmasına görə məsuliyyət
7.1. Müvafiq icra hakimiyyəti orqanı
investorların qanunvericiliklə müəyyən edilən
hüquqlarını və qanuni maraqlarını pozan emitentlərə
və (və ya) peşəkar iştirakçılara,
onların vəzifəli şəxslərinə qanunvericiliklə
müəyyən edilmiş qaydada, öz səlahiyyətləri
daxilində müvafiq tənbeh tədbirlərini tətbiq
edir. Bu zaman tətbiq edilən cərimələr Azərbaycan
Respublikasının dövlət büdcəsinə
köçürülür.[4]
7.2. Müvafiq icra hakimiyyəti orqanı və onun vəzifəli
şəxsləri onların qanunsuz hərəkətləri,
yaxud hərəkətsizlikləri nəticəsində
investorlara dəymiş zərərə görə Azərbaycan
Respublikasının qanunvericiliyində nəzərdə
tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Maddə 8. İnvestorların hüquqlarının və
qanuni maraqlarının məhkəmə qaydasında
müdafiəsi
8.1. İnvestorların hüquqlarının və
qanuni maraqlarının müdafiəsi haqqında iddialar, yaxud
ərizələr üzrə mübahisələrə məhkəmədə
baxılarkən müvafiq icra hakimiyyəti orqanı ona həvalə
edilmiş vəzifələrin həyata keçirilməsi məqsədilə
iş üzrə rəy vermək üçün, habelə
investorların hüquqlarının və qanuni
maraqlarının müdafiəsi üçün öz təşəbbüsü
ilə və qanunvericiliklə nəzərdə tutulmuş
qaydada məhkəmədə iştirak edir.
8.2. Müvafiq icra hakimiyyəti orqanı investorların
hüquqlarının və qanuni maraqlarının müdafiəsi
məqsədi ilə aşağıdakılara dair iddialar və
ərizələrlə məhkəməyə müraciət
edə bilər:
8.2.1. dövlət və ictimai maraqların,
investorların hüquq və qanunla qorunan maraqlarının
müdafiəsinə;
8.2.2. qiymətli kağızlar bazarında peşəkar
fəaliyyəti xüsusi razılıq olmadan həyata
keçirən hüquqi və fiziki şəxslərin fəaliyyətinə
xitam verilməsinə, qiymətli kağızların
buraxılışınınetibarsız hesab edilməsinə
və onlarla əqdlərin mübahisələndirilməsinə.[5]
8.3. Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş digər hallarda da məhkəməyə müraciət
edə bilər.
Maddə 9. Öz-özünü tənzimləyən
təşkilat tərəfindən investorların
hüquqlarının və qanuni maraqlarının müdafiəsi
9.1. Öz-özünü tənzimləyən təşkilat
bu Qanuna, Azərbaycan Respublikasının qanunvericiliyinə,
habelə özünün fəaliyyətinin qaydalarına
uyğun olaraq öz üzvləri tərəfindən qiymətli
kağızlar bazarında investorların
hüquqlarının və qanuni maraqlarının müdafiəsi
haqqında Azərbaycan Respublikası qanunvericiliyinin icra edilməsi
üzərində nəzarəti həyata keçirir.
9.2. Öz-özünü tənzimləyən təşkilat
9.1-ci maddədə göstərilən nəzarəti öz təşəbbüsü
ilə, müvafiq icra hakimiyyəti orqanlarının müraciətləri,
habelə investorların şikayətləri və ərizələri
əsasında həyata keçirir.
9.3. Göstərilən nəzarətin formaları,
müddətləri və həyata keçirilməsi
üsulları öz-özünü tənzimləyən təşkilatın
təsis sənədləri və fəaliyyətinin
qaydaları ilə müəyyən edilir.
Maddə 10. Öz-özünü tənzimləyən
təşkilatın kompensasiya və digər fondları
Öz-özünü tənzimləyən təşkilatın
üzvləri olan peşəkar iştirakçıların fəaliyyətləri
nəticəsində investorlara vurulmuş zərərin ödənilməsi
məqsədi ilə öz-özünü tənzimləyən
təşkilat kompensasiya və digər fondları yarada bilər.
Maddə 11. Öz-özünü tənzimləyən
təşkilat tərəfindən investorların şikayətlərinə
və ərizələrinə baxılma qaydası
11.1. Öz-özünü tənzimləyən təşkilat
öz üzvünün, onun vəzifəli şəxslərinin
və mütəxəssislərinin fəaliyyətinə dair
investorların şikayətləri və ərizələrinə
öz təsis sənədlərində və fəaliyyətinin
qaydalarında nəzərdə tutulmuş qaydada baxır.
11.2. Öz-özünü tənzimləyən təşkilat
şikayət və ya ərizəyə baxdıqdan sonra qanun
pozuntusu aşkar olarsa, aşağıdakı qərarları
qəbul edə bilər:
11.2.1. özünün fəaliyyətinin qaydaları
ilə müəyyən edilmiş sanksiyaları pozuntuya yol
vermiş üzvünə tətbiq etmək;
11.2.2. investora vurulmuş zərəri məhkəmədən
kənar qaydada ödəməyi öz üzvünə
tövsiyə etmək;
11.2.3. investorlara vurulmuş zərəri
öz-özünü tənzimləyən təşkilatın
kompensasiya fondundan ödəmək;
11.2.4. peşəkar iştirakçını öz
üzvləri sırasından çıxarmaq və onun qiymətli
kağızlar bazarında peşəkar fəaliyyəti həyata
keçirmək üçün aldığı xüsusi
razılığın ləğv edilməsi və ya fəaliyyətinin
dayandırılması üzrə tədbirlərin
görülməsi haqqında ərizə ilə müvafiq
icra hakimiyyəti orqanına müraciət etmək;
11.2.5. şikayət və ərizə üzrə
materialları müvafiq icra hakimiyyəti orqanlarına
onların səlahiyyətlərinə uyğun olaraq
baxılmaq üçün göndərmək.
11.3. Öz-özünü tənzimləyən təşkilat
investorların şikayətləri və ərizələrinə
baxılmasının nəticələri və qəbul etdiyi
qərarlar barədə müvafiq icra hakimiyyəti orqanına
məlumat verməlidir.
11.4. Öz-özünü tənzimləyən təşkilat
tərəfindən investorların qanuna uyğun, əsaslı
şikayətləri və ərizələri üzrə tədbirlər
görülmədiyi, qiymətli kağızlar bazarında
investorların hüquqlarının müdafiəsi
haqqında qanunvericilik icra edilmədiyi hallarda müvafiq icra
hakimiyyəti orqanı öz-özünü tənzimləyən
təşkilata qanunvericiliklə müəyyən edilmiş
qaydada, öz səlahiyyətləri daxilində sanksiyaları
tətbiq edə bilər.
Azərbaycan Respublikasının Prezidenti Heydər
Əlİyev
Bakı şəhəri, 16 iyun 2000-ci il
¹ 899-IQ
Azərbaycan Respublikasının Qanunvericilik toplusu .-
2000.- 31 oktyabr, ¹ 10.- S.4261-4265.