"Beynəlxalq xüsusi hüquq
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
FƏRMANI
"Beynəlxalq xüsusi hüquq haqqında" Azərbaycan
Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar
həmin Qanunun tətbiq olunmasını təmin etmək məqsədi
ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, bir ay müddətində:
qüvvədə olan qanunvericilik aktlarının
"Beynəlxalq xüsusi hüquq haqqında" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılması
barədə təkliflərini Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra
hakimiyyəti orqanlarının normativ-hüquqi
aktlarının həmin Qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
öz səlahiyyətləri daxilində "Beynəlxalq
xüsusi hüquq haqqında" Azərbaycan
Respublikasının Qanunundan irəli gələn digər məsələləri
həll etsin.
2. Müəyyən edilsin ki:
"Beynəlxalq xüsusi hüquq haqqında" Azərbaycan
Respublikası Qanununun 7-ci maddəsində nəzərdə
tutulmuş "müvafiq icra hakimiyyəti
orqanı"nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti həyata keçirir.
3. Müəyyən edilsin ki, Azərbaycan
Respublikası vətəndaşlarına və hüquqi şəxslərinə
münasibətdə retorsiyalar (xüsusi məhdudiyyətlər)
xarici dövlətlər tərəfindən tətbiq olunduqda
həmin dövlətlərin vətəndaşlarına və
hüquqi şəxslərinə cavab tədbiri kimi analoji məhdudiyyətlərin
müəyyən edilməsi barədə təklifləri Azərbaycan
Respublikası Prezidentinə Azərbaycan Respublikasının
Nazirlər Kabineti ilə Azərbaycan Respublikasının
Xarici İşlər Nazirliyi təqdim edirlər.
Azərbaycan Respublikasının Prezidenti Heydər
Əlİyev
Bakı şəhəri, 21 oktyabr 2000-ci il
№ 408
Azərbaycan Respublikasının Qanunvericilik toplusu .-
2000.- 31 oktyabr, № 10.- S.4276.