2000-ci il mayın 16-da Bakı şəhərində Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında imzalanmış sənədlər haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

 

1. 2000-ci il mayın 16-da Bakı şəhərində Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin:

 

1) Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təmənnasız hərbi yardım haqqında Müqavilə;

2) Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Baş Qərargahı arasında maliyyə yardımı haqqında Protokol.

2. Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən sənədlərin həyata keçirilməsi üçün lazımi tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndinin 1-ci yarımbəndində göstərilən sənədin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi haqqında Türkiyə Respublikasının Hökumətini xəbərdar etsin.

 

 

Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təmənnasız hərbi yardım haqqında

 

M Ü Q A V İ L Ə

 

Türkiyə Respublikası Hökuməti Azərbaycan Respublikası Hökuməti nə 3 100 000 (üç milyon yüz min) ABŞ dolları məbləğində təmənnasız yardım edəcəkdir. Təmənnasız yardım 2000-ci ildən etibarən istifadə olunacaqdır.

 

Maddə 2

 

Tәmәnnasız yardımın 2 860 000 (iki milyon səkkiz yüz altmış min) ABŞ dolları məbləğində olan hissəsi vəsait və xidmət yardımı kimi, 240 000 (iki yüz qırx min) ABŞ dolları məbləğində olan hissəsi isə nağd yardım şəklində Türkiyə Respublikasının bu mövzudakı açıqlamalarına görə göstəriləcəkdir.

 

Maddə 3

 

3 100 000 (üç milyon yüz min) ABŞ dolları məbləğində təmənnasız yardım, hər iki ölkənin səlahiyyətli şəxsləri arasında bu Müqaviləyə əlavə olaraq ayrıca hazırlanıb imzalanacaq İcra Protokolunun müddəalarına görə həyata keçiriləcəkdir.

 

Maddə 4

 

Azərbaycan Respublikası Türkiyə Respublikasının əvvəlcədən razılığı olmadan mal və xidmətləri və yaxud onlardan istifadə haqqını başqa bir ölkəyə və ya üçüncü tərəfə verməyəcəyi barədə öhdəliyə sadiq qalacaqdır.

 

Maddə 5

 

Bu Müqavilə Türkiyə Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcək və İcra Protokolunda müəyyən ediləcək mal və xidmətlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təslim alınana qədər qüvvədə qalacaqdır.

 

Təmənnasız hərbi yardım haqqında Müqaviləni Azərbaycan Respublikası tərəfindən Müdafiə Nazirliyi, Türkiyə Respublikası tərəfindən isə Baş Qərargah həyata keçirəcəkdir.

Bu müqavilənin həyata keçirilməsində meydana gələ bilən bütün anlaşılmazlıqlar qarşılıqlı danışıqlar yolu ilə həll ediləcəkdir.

Bu Müqavilə Azərbaycan, türk və ingilis dillərində iki əsl nüsxədə hazırlanmışdır, hər hansı anlaşılmazlıq olarsa ingilis dilində olan mətn əsas götürüləcəkdir.

Bu müqavilə 16 may 2000-ci il tarixində Bakı şəhərində imzalanmışdır.

 

 

 

Azərbaycan Respublikası                                                                          Türkiyə Respublikası

      Hökuməti adından                                                                                     Hökuməti adından

 

 

   Azərbaycan Respublikası müdafiә                                                      Türkiyə Respublikası Silahlı

nazirinin maddi-texniki təminat üzrə                                                      Qüvvələri Baş Qərargahının

      müavini-Silahlı Qüvvələrin                                                                   Müdafiə Planlaşdırılması və

    Maddi-texniki Təminat Rəisi                                                              Mənbələrin İstiqamətləndirilməsi

 

            vəzifəsinin icraçısı                                                                                          İdarəsinin rəisi

                    polkovnik                                                                                                  general- mayor

 

            QORXMAZ QARAYEV                                                                ŞERAFETTİN TELYAZAN

 

 

 

 

 

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Baş Qərargahı arasında maliyyə yardımı haqqında

 

P R O T O K O L

 

 

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Türkiyə Respublikası Baş Qərargahı (bundan sonra «Tərəflər» adlandırılacaq) imzalanmış Təmənnasız Hərbi Yardım haqqında müqavilə çərçivəsində təsis ediləcək maliyyə yardımının istifadəsi məqsədi ilə,

aşağıdakı xüsuslarda razılığa gəldilər:

 

Maddə 1

Məqsəd

Bu protokolun məqsədi Türkiyə Respublikası tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə 240 000 (iki yüz qırx min) ABŞ dollarına qədər göstəriləcək maliyyə yardımının tətbiq edilməsi əsaslarını müəyyən etməkdir.

 

Maddə 2

Əhatə

 

Maliyyə yardımı aşağıdakı fəaliyyətlərlə əlaqədar istifadə ediləcəkdir:

1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının Türkiyə Respublikası Silahlı Qüvvələrinin Sülh naminə Tərəfdaşlıq Mərkəzinin təşkil etdiyi kurslarda iştirakı ilə əlaqədar xərclər;

2. Xarici hərbi yardımının planlaşdırılması məqsədi ilə Azərbaycan Respublikasını ziyarət edəcək türk hərbi nümayəndələrinin yol xərcləri;

3. İkitərəfli əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayәndәlәrinin Türkiyə Respublikasına edəcəyi ziyarətlər və NATO-nun «Sülh naminə Tərəfdaşlıq» Proqramı çərçivəsindəki tədbirlərdə iştirak etmək üçün xərclər;

 

4. KFOR əməliyyatında iştirak edən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülhməramlı tağımının gündəlik xərcləri;

5. Belçika Krallığının Mons şəhərində yerləşən NATO-nun Tərəfdaşlığın Koordinasiyası Qrupunda fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əlaqələndirici zabitinin xərcləri.

 

Maddə 3

Tətbiq etmə əsasları

 

Maliyyə yardımının tətbiq edilmәsi əsasları aşağıdakı kimi müəyyən edilmişdir:

1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin Türkiyə Respublikasında keçəcəyi kurslarla əlaqədar xərclərin ödənilməsi məqsədi ilə 45 000 (qırx beş min) ABŞ dolları təsis edilir və istifadəsinin əsasları aşağıda göstərilmişdir:

a) təsis ediləcək mənbə Türkiyə Respublikasındakı Sülh naminə Tərəfdaşlıq Təlim Mərkəzində kurs keçəcək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin təyyarə biletləri, yaşayış, yemək, kurs və digər məsrəflərlə əlaqədar xərclərinin ödənilməsi üçün istifadə ediləcəkdir;

b) kurslara şəxsi heyətin ayrılması ilə əlaqədar planlama illik olaraq mövcud üsullara görə icra ediləcək, təsis edilən mənbə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tələblərinə cavab vermədiyi halda Türkiyə Respublikası Baş Qərargahı tərəfindən lazımi tədbirlər görüləcəkdir.

2. Xarici hərbi yardımın planlaşdırılması məqsədi ilə Azərbaycan Respublikasını ziyarət edəcək türk hərbi nümayəndələrinin xərclərinin ödənilməsi məqsədi ilə 15 min (on beş min) ABŞ dolları təsis edilir və bu mənbə:

a) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyaclarını müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikasını ziyarət edəcək türk hərbi nümayəndələrinin təyyarə biletlərinin alınması;

b) Təmənnasız Hərbi Yardım haqqında Müqavilə ilə əlaqədar görüşlərdə iştirak edəcək və bu Müqaviləni imzalayaraq türk hərbi nümayəndələrinin təyyarə biletlərinin alınması məqsədi ilə istifadə ediləcəkdir.

3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Baş Qərargahı arasında ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin Türkiyə Respublikasını ziyarəti, NATO-nun «Sülh naminə Tərəfdaşlıq» Proqramı çərçivəsində keçirilən tədbirlərdə iştirak etməsi üçün 15000 (on beş min) ABŞ dolları təsis olunur və mənbədən istifadə edilməsi əsasları Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən müəyyən ediləcəkdir.

4.135 000 (yüz otuz beş min) ABŞ dolları həcmində məbləğ KFOR əməliyyatında iştirak edən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülhməramlı tağımının gündəlik xərclərinin ödənilməsi məqsədi ilə təsis edilmişdir. Gündəlik xərclər aşağıda göstərilən şəkildə müəyyən edilərək hər ayın sonunda ödəniləcəkdir:

 

a. Zabitlər üçün:

24 ABŞ dolları

b. Gizirlər üçün:

22 ABŞ dolları

c. Çavuş/əsgərlər üçün:

10 ABŞ dolları

 

5. 30000 (otuz min) ABŞ dolları məbləği NATO-nun Tərəfdaşlığın Koordinasiya Qrupunda fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əlaqələndirici zabitinin xərcləri üçün təsis edilir.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əlaqələndirici zabitinin aşağıda göstərilən xərcləri təsis edilən mənbədən ödəniləcəkdir:

 

a. İş otağı və ev kirayəsi;

b. Xidmət və təmir xərcləri;

c. Telefon və təmir xərcləri;

ç. Dəftərxana ləvazimatı.

 

6. Türkiyə Respublikası tərəfindən, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı hərbi attaşeliyinin müəyyən edəcəyi bank hesab nömrəsinə keçiriləcək maliyyə yardımı mənbəyindən verilən direktivlər çərçivəsində Bakı Hərbi Attaşenin nəzarəti altında istifadə ediləcəkdir.

7. Ehtiyac duyularsa, mənbələr arasında köçürmələr Türkiyə Respublikası Baş Qərargahı tərəfindən həyata keçiriləcəkdir.

 

Maddə 4

 

Dəyişdirmə və nəzərdən keçirmə

 

Tərəflərdən hər biri lazım olarsa, Protokolun dəyişdirilməsini və ya nəzərdən keçirilməsini yazılı olaraq təklif edə bilər. Bu halda məlumat verildiyi tarixdən etibarən ən azı 30 gün ərzində görüşlər keçiriləcəkdir. Sonrakı 45 gün ərzində keçirilən görüşlərdən heç bir nəticə əldə edilməzsə, Tərəflərdən hər biri 30 gün ərzində Protokolun tətbiqini dayandıracaqdır.

 

Maddə 5

 

Qüvvədə qalma müddəti

 

Bu Protokol mənbə ilə əlaqədar köçürmə işləri qurtardıqdan və Türkiyə Respublikası Baş Qərargahı tərəfindən Azərbaycan Respublikası Müdafiə nazirliyinə bildirildikdən sonra bir il ərzində qüvvədə qalacaqdır.

 

Maddə 6         

Təsdiq etmə və qüvvəyə minmə

Bu protokol Türkiyə Respublikası baş Qərargahının mənbə ilə əlaqədar köçürmələrin tamamlanması barədə məlumatı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə çatdırılmasından sonra qüvvəyə minəcəkdir.

 

Maddə 7

Mətn və imza

 

Bu Protokol Azərbaycan, türk və ingilis dillərində iki əsl nüsxədə hazırlanmışdır. Hər hansı anlaşılmazlıq olarsa ingilis dilində olan mətn əsas götürüləcəkdir.

Bu Protokol 2000-ci il mayın 16-da Bakı şəhərində imzalanmışdır.

 

 

 

Azərbaycan Respublikası                                                                          Türkiyə Respublikası

      Hökuməti adından                                                                                     Hökuməti adından

 

 

   Azərbaycan Respublikası müdafiә                                                      Türkiyə Respublikası Silahlı

nazirinin maddi-texniki təminat üzrə                                                      Qüvvələri Baş Qərargahının

      müavini-Silahlı Qüvvələrin                                                                   Müdafiə Planlaşdırılması və

    Maddi-texniki Təminat Rəisi                                                              Mənbələrin İstiqamətləndirilməsi

            vəzifəsinin icraçısı                                                                                          İdarəsinin rəisi

                    polkovnik                                                                                                  general- mayor

 

            QORXMAZ QARAYEV                                                                ŞERAFETTİN TELYAZAN

 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev

 

Bakı şəhəri, 21 oktyabr 2000-ci il

 

  ¹ 554

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu .- 2000.- 31 oktyabr, ¹ 10.- S.4299-4303.