"Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər və əlavələr edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

 

Azərbaycan Respublikası Prezidentinin "Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2000-ci il 17 iyun tarixli, 353 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

I. "Məhsulların (işlərin, xidmətlərin) sertifikatlaşdırılmasının mərhələlər üzrə tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 1 iyul tarixli, 343 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhlükəsizliyi təmin ediləcək məhsulların siyahısı"na "Tibbi immunobioloji preparatlar" sözləri əlavə edilsin.

II. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli, 189 nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığorta ödəmələrinin hesablanması və ödənilməsi haqqında Əsasnamə"nin II bölməsinə aşağıdakı əlavələr edilsin:

1. 6-cı bəndə aşağıdakı redaksiyada səkkizinci abzas əlavə edilsin:

"Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüququ verən postvaksinal fəsadların siyahısına daxil olan postvaksinal fəsadla əlaqədar əmək qabiliyyəti müvəqqəti itirildikdə".

2. 62-ci bəndə "qazancın 80 faizi miqdarında:" abzasından əvvəl aşağıdakı redaksiyada yeni abzas əlavə edilsin:

"fasiləsiz iş stajından asılı olmayaraq, əmək qabiliyyətini postvaksinal fəsadla əlaqədar itirən vətəndaşlara;".

3. 62-ci bəndə aşağıdakı redaksiyada sonuncu abzasdan əvvəl yeni abzas əlavə edilsin:

"yetkinlik yaşına çatmayan şəxs postvaksinal fəsadla əlaqədar xəstəliyə tutulduqda ona qanunvericilikdə müəyyən edilən qaydada əlillik qrupu verilənədək onun valideynlərindən birinə və ya qanuni nümayəndəsinə fasiləsiz iş stajından asılı olmayaraq orta əmək haqqının 100 faizi miqdarında müavinət verilir".

III. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikasının Baş naziri A.Rasİzadə

 

Bakı şəhəri, 9 oktyabr 2000-ci il

 

№ 184

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu .- 2000.- 31 oktyabr, № 10.- S.4425.