"Dövlət rüsumunun dərəcələri və ödənilməsi qaydası haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 29 iyun tarixli, 156 nömrəli qərarına dəyişikliklər və əlavələr edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

 

"Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli, 265 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Dövlət rüsumunun dərəcələri və ödənilməsi qaydası haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 29 iyun tarixli, 156 nömrəli qərarının I bölməsinə aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1-ci bəndin 1-ci abzası, "a", "b", "d", "e", "ə" və "j" yarımbəndləri aşağıdakı yeni redaksiyada verilsin:

"Məhkəməyə verilən iddia ərizələrindən, iddianın predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxslərin işə qoşulmaq barədə ərizələrindən, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrdən, apellyasiya və kassasiya şikayətlərindən, eləcə də iş üzrə icraata xitam verilməsindən, iddianın baxılmamış saxlanmasından, məhkəmə cərimələrinin qoyulmasından verilən şikayətlərdən dövlət rüsumu aşağıdakı dərəcələrlə alınır:

a) məhkəməyə verilən iddia ərizələrindən - iddia qiyməti aylıq gəlirin vergi tutulmayan məbləğinin 2,0 mislindən çox olmadıqda aylıq gəlirin vergi tutulmayan məbləğinin 0,1 misli, çox olduqda isə aylıq gəlirin vergi tutulmayan məbləğinin 1,0 misli miqdarında;

b) iddianın predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxslərin işə qoşulması barədə ərizələrindən iddia qiyməti aylıq gəlirin vergi tutulmayan məbləğinin 2,0 mislindən çox olmadıqda aylıq gəlirin vergi tutulmayan məbləğinin 0,1 misli, çox olduqda isə aylıq gəlirin vergi tutulmayan məbləğinin 1,0 misli miqdarında;

d) məhkəmə əmri haqqında ərizələrdən - mübahisə edilən məbləğin 15 faizi miqdarında;

e) hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrdən - aylıq gəlirin vergi tutulmayan məbləğinin 0,1 misli miqdarında;

ə) apellyasiya və kassasiya şikayətlərindən - birinci instansiya məhkəməsinə müraciət edilərkən ödənilməsi müəyyən edilmiş dövlət rüsumunun müvafiq olaraq 120 və 150 faizi miqdarında;

j) iş üzrə icraata xitam verilməsindən, iddianın baxılmamış saxlanılmasından, məhkəmə cərimələrinin qoyulması barədə şikayətlərdən - aylıq gəlirin vergi tutulmayan məbləğinin 0,5 misli miqdarında";

1-ci bəndin 1-ci abzasına aşağıdakı redaksiyada "z", "i", "ı", "y", "k", "g", "l", "m" və "n" yarımbəndləri əlavə edilsin:

"z) qanunda nəzərdə tutulan müqavilələr üzrə ixtilaflara dair və yaxud tərəflərin razılığı ilə ixtilafın iqtisad məhkəməsinin həllinə verilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən - aylıq gəlirin vergi tutulmayan məbləğinin 0,5 misli miqdarında;

i) müqavilələrin dəyişdirilməsi və ya ləğv edilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən - aylıq gəlirin vergi tutulmayan məbləğinin 0,3 misli miqdarında;

ı) mübahisəsiz qaydada (akseptsiz) ödənilən cərimələr üzrə icra və digər sənədin icra olunmasının təsdiqi barədə mübahisələr üzrə iddia ərizələrindən aylıq gəlirin vergi tutulmayan məbləğinin 0,3 misli miqdarında;

y) qanunla mübahisəsiz qaydada (akseptsiz) cərimələrin tutulması nəzərdə tutulmayıbsa, dövlət orqanları yerli özünüidarə orqanları və nəzarət funksiyalarını həyata keçirən digər orqanlar tərəfindən cərimələrin ödənilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən - aylıq gəlirin vergi tutulmayan məbləğinin 1,0 misli miqdarında;

k) nəzarət funksiyasını həyata keçirən orqanlar tərəfindən qanunun və ya digər normativ hüquqi aktın tələblərini pozmaqla mübahisəsiz qaydada (akseptsiz) pul vəsaitinin büdcədən qaytarılması barədə mübahisələr üzrə iddia ərizələrindən - aylıq gəlirin vergi tutulmayan məbləğinin 0,2 misli miqdarında;

g) müəssisənin təsis sənədlərinin etibarsız hesab edilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən aylıq gəlirin vergi tutulmayan məbləğinin 0,3 misli miqdarında;

l) hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən - aylıq gəlirin vergi tutulmayan məbləğinin 0,3 misli miqdarında;

m) vergi ödəmələri barədə mübahisələr üzrə iddia ərizələrindən - aylıq gəlirin vergi tutulmayan məbləğinin 0,2 misli miqdarında;

n) məhkəmə aktlarının təkrarən verilməsinə görə - aylıq gəlirin vergi tutulmayan məbləğinin 0,5 misli miqdarında".

 

2. 2-ci bənd çıxarılsın və 3-6-cı bəndlər müvafiq olaraq 2-5-ci bəndlər hesab edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikasının Baş naziri A.Rasİzadə

 

Bakı şəhəri, 26 oktyabr 2000-ci il

             

 

      ¹ 194

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu. - 2000.- 31 oktyabr, ¹ 10.- S.4493-4495.