Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun Consulting & Business jurnalına müsahibəsi

 

Əli Abbasov: “Regiondakı “rəqəmli fərqliliyin” azaldılması həm milli, həm də beynəlxalq əhəmiyyət kəsb edir”

 

-Cənab Nazir, ötən ilin yekunlarına görə, Uğur Milli Mükafatına layiq görüldünüz. Bu mükafat Sizin üçün hansı əhəmiyyət kəsb edir?

- Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) olaraq fəaliyyətimizə verilən qiymət bizim üçün böyük əhəmiyyət kəsb edir. Bildiyiniz kimi, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə bütün sahələrdə olduğu kimi rabitə və informasiya texnologiyaları sektorunda da dinamik inkişaf vardır. Bu inkişaf ilbəil görülən işlərin sayəsindədir və bu baxımdan 2009-cu il də maraqlı layihələr və fəaliyyət ilə fərqlənmişdir. Fəaliyyətimizdə ölkədə informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsinin inkişaf etdirilməsi, iqtisadiyyatın güclü sahələrindən birinə çevrilməsi və ümumilikdə ölkə iqtisadiyyatının və cəmiyyətin inkişafına aparıcı təsir edə biləcək qüvvə kimi çıxış etməsi əsasdır. Qeyd edim ki, sahə üzrə gəlirlərdə özəl sektorun payı 80%-dən yuxarıdır və bu baxımdan Uğur Milli Mükafatının Təşkilat Komitəsinin RİTN-i İKT sektorunun inkişafına göstərilən dövlət dəstəyinə görə mükafata layiq görməsi məhz bu sahədə görülən işlərin səmərəliliyindən xəbər verir. Fəaliyyətimizə verilən qiymətə görə, Consulting & Business jurnalına təşəkkürümüzü bildiririk.

- Mobil rabitə bazarının digər iştirakçıları - Azercell və Bakcell-ə 3G texnologiyalarının tətbiqi üçün nə vaxt lisenziya veriləcəkdir?

- Qeyd edim ki, mobil rabitənin telekommunikasiya sektorunda payı yüksəkdir. Bu sahədə mütəmadi olaraq yeni texnologiyalar tətbiq edilir və xidmət çeşidləri genişləndirilir. Hazırkı mərhələdə ölkəmizdə 3-cü nəsil (3G) texnologiya tətbiq edilməkdədir. Bu texnologiya yeni xidmətlər, mövcud xidmətlərin keyfiyyətinin və sürətinin artması ilə xarakterizə olunur.

Ölkəmizdə bu texnologiyanın tətbiq edilməsi üçün keçən il müvafiq qanunvericilik bazasının yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 7 avqust 2009-cu il tarixli Fərmanı ilə “3-cü nəsil (3G) mobil rabitə xidmətləri” xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısına daxil edilmişdir. Fərmanın icrası məqsədilə Nazirlər Kabinetinin 10 sentyabr 2009-cu il tarixli Qərarı ilə 3G xidmətlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydaları təsdiq olunmuş və tələblər müəyyənləşdirilmişdir. Tələb olunan əlavə şərtlər hazırlanmış və təsdiq edilmişdir. Bununla da ölkəmizdə yeni texnologiyanın tətbiqi üçün şərait yaradılmışdır. Qeyd edim ki, bu şərait bütün operatorlar üçün eynidir və qanunvericilikdən irəli gələn bütün tələblərə riayət edən operatorlar bu xidmətin göstərilməsi üçün xüsusi razılıq əldə edə bilərlər.

Artıq bir operator belə xüsusi razılıq almışdır və 2009-cu ilin dekabrında xidmətlər göstərməyə başlamışdır. Digər operatorlar da lisenziya almaq imkanına malikdirlər və mövcud qaydalarda, şərtlərdə tələb olunan sənədlər tam təqdim edildikdə, onlar da mövcud qanunvericiliyə uyğun qaydada xüsusi razılıq (lisenziya) əldə edə bilərlər.

- Telekommunikasiya sektorunda baş verən inkişaf Sizi qane edirmi?

- Bildiyiniz kimi 2009-cu il dünyada maliyyə böhranı ili olmuşdur. Son illər ərzində respublikamızda yaradılmış dayanıqlı iqtisadi-maliyyə mühiti İKT və poçt sektorunun dünyada hökm sürən maliyyə böhranından sığortalanmasını təmin etmiş və davamlı inkişaf üçün əlverişli zəmin yaratmışdır.

Son 5 ildə İKT sahəsi üzrə orta hesabla 32-35% artım müşahidə olunur, 2009-cu ildə isə bu göstərici 13.6% təşkil etmişdir. Telekommunikasiya sahəsini ayrıca götürdükdə isə son illərdə orta artım tempi ümumilikdə 15.4%, mobil sektorda isə 11% olmuşdur. İldən-ilə İKT və poçt sektorunun ölkə iqtisadiyyatındakı payı da artmaqdadır və 2009-cu ilin göstəricilərinə əsasən ölkə ÜDM-də sektorun payı 1.6%-dən 2%-ə, qeyri-neft ÜDM-dəki payı isə 4.2%-dən 4.4%-ə yüksəlmişdir.

Təbii ki, əldə olunan yüksək göstəricilər İKT infrastrukturunun inkişaf etdirilməsi sayəsində baş vermişdir. Son 5 il ərzində sabit şəbəkənin tutumu 50% artırılmış, şəbəkənin rəqəmli texnologiyalar əsasında qurulma səviyyəsi 87,1%-ə, habelə 100 nəfərə düşən sabit şəbəkə abunəçilərinin sayı 13-dən 16-ya, 100 ailəyə düşən abunəçilərin sayı isə 56-dan 66,4-ə çatdırılmışdır.

Mobil abunəçilərin sayı 2009-cu ildə 7.7 mln. nəfərə yüksəlmişdir ki, bu da hər 100 nəfərə 86,2 mobil abunəçinin düşməsi deməkdir. Bu rəqəmlər telekommunikasiya sektorunda görülən səmərəli işlərdən xəbər verir.

- İnternet və mobil rabitə sahəsində tariflərin mütəmadi azaldılmasının şahidi oluruq. Ancaq bir çox xarici dövlətlərlə müqayisədə ölkəmizdə mövcud olan tariflər yenə də yüksəkdir. Bu sahədə “inqilabi dəyişikliklər” gözləyə bilərik?

- Tarif məsələsi nazirlik tərəfindən həyata keçirilən tənzimləmə siyasətinin tərkib hissələrindəndir və bu baxımdan daim diqqətdə saxlanılır. Onların dəyişdirilməsinə, xüsusən də azaldılmasına müvafiq şərait yarandıqda mütəmadi olaraq bu məsələyə baxılır. 2009-cu ildə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası ilin əvvəlindən respublika daxilində təşkil olunan rəqəmsal rabitə kanallarının qoşulma və aylıq istifadə haqlarının aşağı endirilməsi barədə qərar qəbul etmişdir. Beləliklə, 2009-cu ildə 2 dəfə (fevral və oktyabr aylarında) internetin tariflərinə yenidən baxılaraq, qiymətlərin əhəmiyyətli dərəcədə aşağı endirilmişdir. Aparılmış qiymət dəyişikliyi nəticəsində 2009-cu ildə genişzolaqlı internet qoşulmalarının qiyməti orta hesabla 6-7 dəfə azalmışdır. Bunun sayəsində indi ölkəmizdə internetin qiyməti region ölkələri səviyyəsindədir. Lakin nəzərə almaq lazımdır ki, bu qiymətlər iqtisadi və obyektiv amillərdən formalaşır, yəni onların süni surətdə azaldılması sahənin inkişafına ciddi əks-təsir edə bilər. İqtisadi amillər dedikdə, əsasən istifadəçi sayı, istifadə həcmi, qlobal internetə çıxış tutumu və onun qiyməti, internet xidmət provayderlərinin sayı, rəqabətlilik şəraiti, xidmətlərin göstərilməsinə ölkədaxili xərclər qeyd edilə bilər. Obyektiv amillərə isə əsasən ölkənin qlobal İnternet məkanına çıxış imkanı və bu məsafənin uzunluğu, informasiya resurslarının mövcudluğu, istifadəçi tələbatı və hazırlığını aid etmək olar.

Respublikamızda tətbiq olunan mobil telefon danışığı tarifləri əsasən mobil operatorlar tərəfindən bazara uyğun olaraq sərbəst şəkildə müəyyənləşdirilir.

Lakin “Telekommunikasiya haqqında” Qanun qüvvəyə mindikdən sonra, qanunun icrası ilə əlaqədar bütün telekommunikasiya operatorları, o cümlədən mobil operatorlar arasında uzun müddət həll edilməmiş qalan məsələ - arabağlantı müqavilələrinin bağlanması təmin edilmiş və telefon trafikinin (zənglərin) şəbəkələrarası mübadiləsi üzrə qarşılıqlı hesablaşma qiymətləri RİTN tərəfindən aşağı salınaraq təsdiq edilmişdir. Bunun nəticəsində də operatorlar tərəfindən tariflərə müəyyən qədər endirimlər edilmişdir. Bundan sonra da qiymətlərin endirilməsi üzrə tarif siyasəti davam etdiriləcək.

- Dövlət dəstəyi ilə bir neçə uğurlu layihə həyata keçirilir. Bunların sırasına “Elektron Azərbaycan”, “Xalq kompyuteri” və başqaları daxildir. Bu qəbildən olan yeni layihələrin başlanması planlaşdırılır?

Məlumdur ki, Avrasiya regionu İKT infrastrukturunun qeyri-bərabər paylanması, beynəlxalq qoşulmalardakı zəif təchizat, genişzolaqlı xidmətlərin yayılmasının aşağı səviyyəsi və yüksək tranzit qiymətlərinin olması mövcud olan qlobal “rəqəmli fərqliliyə” əyani nümunədir. Bu baxımdan, regiondakı “rəqəmli fərqliliyin” azaldılması həm milli, həm də beynəlxalq əhəmiyyət kəsb edir.

Azərbaycanda İKT sahəsində həyata keçirilən fəaliyyət daxili tələbatı ödəmək, milli məqsədləri təmin etmək xarakteri daşısa da, ölkəmizin regionda tutduğu coğrafi məkan, qazandığı nüfuz və iqtisadi-siyasi potensialı imkan verir ki, regional və beynəlxalq mahiyyətli layihələri həyata keçirsin.

Bu layihələrdən biri, özündə beynəlxalq İT Universitetini, Qabaqcıl Texnoloji Təlimlər İnstitutunu, Regional Data Mərkəzinin yaradılmasını ehtiva edən İKT bazarının inkişafına xidmət edə biləcək Regional İnnovasiya Zonasının yaradılması təşəbbüsüdür.

Digəri isə, Avrasiya ölkələri arasında “Trans-Avrasiya Super İnformasiya Magistralı”nın yaradılması təşəbbüsüdür. Bu magistral İKT-nin çox yüksək inkişafına malik olan iki nəhəng regionu - Qərbi Avropanı və Sakit okean hövzəsində olan Şərqi Asiyanı birləşdirərək magistral üzərində yerləşən, qonşu olan və qeyd olunan regionlarla müqayisədə zəif inkişaf etmiş, təxminən 20 ölkəni əhatə edəcəkdir. Sevindirici haldır ki, Azərbaycan hökumətinin təşəbbüsü ilə reallaşması nəzərdə tutulan bu layihə beynəlxalq səviyyədə dəstəklənir. BMT-nin Baş Assambleyasının 64-cü sessiyasının A/RES/64/186 nömrəli qətnaməsi ilə “TASİM” layihəsinin dəstəklənməsi də layihənin gələcək perspektivlərindən xəbər verir.

Üçüncü iri layihə isə Azərbaycanın milli telekommunikasiya peykinin orbitə çıxarılması ilə əlaqədardır. Avrasiya regionunda telekommunikasiya xidmətlərinə olan tələbatın artması regionun telekommunikasiya infrastrukturunun təkmilləşdirilməsi, trafik mübadiləsinin genişləndirilməsi və ölkəmizin bu sahədəki maraqları Azərbaycanın telekommunikasiya peykinin orbitə çıxarılmasını şərtləndirir.

- Azərbaycanda ən müasir texnologiyaların tətbiqi ilə bağlı hansı planlarınız var?

- Son illər əksər dünya ölkələrində olduğu kimi, Azərbaycanda da İKT sektoru çox böyük sürətlə inkişaf edir, istifadəçilərin daim artan tələbatlarına uyğun olaraq ən yeni texnologiyalardan və müasir xidmət növlərindən istifadə edilməsinə şərait yaradılır.

İndiyədək telefon rabitəsi vasitəsilə yalnız səsin ötürülməsi ilə kifayətlənən istifadəçilər, artıq bir telefon cihazı vasitəsilə genişzolaqlı internet xidmətlərindən, videogörüntünün ötürülməsindən, televiziya kanallarının izlənməsindən, elektron poçt və s. xidmətlərdən istifadə etmək istəyirlər. Texnologiyaların konvergensiyası, yəni bir-biri ilə qarışması nəticəsində daha yüksək keyfiyyətli xidmətlərin göstərilməsi üçün yeni-yeni imkanlar meydana çıxır.

Bu istiqamətdə son illərdə həm nazirlik, həm də ölkədə fəaliyyət göstərən telekommunikasiya operatorları, internet provayderlər tərəfindən müəyyən işlər görülmüşdür. Mobil telefon xidmətləri də respublikamızda daim təkmilləşir və bu xidmətlərdən istifadə edənlərin sayı gündən-günə çoxalır. Respublikada artıq mobil rabitə texnologiyasının üçüncü nəslinin (3G) tətbiqinə başlanmışdır. Genişzolaqlı internet xidmətlərin göstərilməsi genişlənməkdədir və bunun üçün həm adi, həm simsiz texnologiyalar tətbiq edilir. Artıq Bakı şəhəri və Abşeron yarımadasında WiMax şəbəkəsi qurularaq əhalinin istifadəsinə verilmişdir. Rəqəmli televiziya yayımının tətbiq edilməsi üçün hazırlıq işləri aparılır və Bakı şəhərinin ərazisində sınaq olaraq 10 televiziya kanalının rəqəmli şəkildə ötürülməsi təmin edilir.

Ümumilikdə qeyd etmək olar ki, ən qabaqcıl texnologiyalar ölkəmizdə tətbiq edilməkdədir və bu gələcək inkişaf üçün əsasdır.

 

 

Rabitə dünyası.- 2010.- 2 iyul.- S.3.