Rövşən Məmmədov: 2008-ci ildə Naxçıvanın İKT sektorunda mühüm nailiyyətlər əldə olunub

 

Son illər Naxçıvan Muxtar Respublikada İKT sektorunun davamlı inkişafı gələcəkdə bu istiqamətdə işlərin uğurlu nəticələrindən xəbər verir. Bu baxımdan 2008-ci il Naxçıvanın İKT sektoru üçün uğurlu il olmuşdur. Müsahibimiz Naxçıvan MR-nın rabitə informasiya texnologiyaları naziri Rövşən Məmmədovdur.

Ötən il tikintisi başa çatdırılan Naxçıvan-Sədərək fiberoptik magistralı üzərində yerləşən 7 avtomat telefon stansiyası optik arabağlantı ilə təmin edilmişdir. Culfa-Ordubad optik magistral xəttinin tikintisi başa çatdırılmış, 6 avtomat telefon stansiyası fiberoptik magistrala qoşulmuşdur. Ötən ilin 11 ayında muxtar respublika üzrə 3 min 578 ədəd telefon çəkilişi olmuşdur. Poçt və rabitə xidmətlərinin həcmi 2007-ci ilin müvafiq dövrünə nisbətən 46% artaraq 21 milyon manat təşkil etmişdir. Bu dövrdə ümumi xidmətlərin 81%-i qeyri-dövlət rabitə müəssisələrinin payına düşmüşdür.

- Rövşən müəllim, son illər Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə sürətli inkişafın şahidi oluruq. Ümumi inkişafla bağlı fikirlərinizi bilmək maraqlı olardı?-Bu gün Azərbaycan Respublikası ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi yolla sürətlə inkişaf edir. Naxçıvan Muxtar Respublikasında da bu irs muxtar respublika Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən qətiyyətlə davam etdirilir. Naxçıvanda həyata keçirilən möhtəşəm quruculuq işlərinə ölkə başçısı möhtərəm İlham Əliyev cənabları aşağıdakı kimi qiymət vermişdir: Naxçıvanın uğurlu inkişafı məni xüsusi ilə sevindirir. Muxtar respublikanın abadlaşması, yeni-yeni binaların tikilməsi, iş yerlərinin açılması Naxçıvanı möhkəmləndirir. Naxçıvanın yaşaması üçün bütün infrastruktur layihələr həyata keçirilir. Mən çox şadam ki, Naxçıvanda və MR-nın bütün rayonlarında uğurlu inkişaf gedir. Əgər beş il bundan əvvəl azərbaycanlı seçici ümummilli lider Heydər Əliyevin yolunun davam etdirilməsi üçün hazırkı ölkə başçısına səs vermişdisə, 2008-ci ilin oktyabrında çox böyük inam və yəqinliklə İlham Əliyev cənablarına səs vermişdir. Ötən beş il ərzində Azərbaycanda, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə, energetika və digər sahələrdə mühüm nailiyyətlər əldə edilmişdir. Uğurlu neft strategiyasından istifadə etməklə qeyri-neft sektorunun inkişaf etdirilməsi, elmə, təhsilə göstərilən dövlət qayğısı ölkəmizin gələcək inkişafının əsasını təşkil edir. Artıq bir neçə ildir ki, Azərbaycan ümumi daxili məhsulun artım tempinə görə dünya ölkələri içərisində ön sırada yer almışdır. Elə Naxçıvan Muxtar Respublikasında ÜDM istehsalı 2007-ci illə müqayisədə 29% artaraq, 696 milyon manata çatmışdır. Naxçıvanda ilk dəfə olaraq adambaşına düşən ÜDM istehsalı iki min ABŞ dollarını keçərək iki min yüz səksən səkkiz ABŞ dolları təşkil etmişdir. 2004-2008-ci illər üçün Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı Naxçıvanda uğurla başa çatdırılmışdır. Bir çox göstəricilərə görə Naxçıvan iqtisadi rayonu lider mövqeyini qoruyub saxlamışdır.

- Muxtar Respublikanın rabitə və informasiya - kommunikasiya texnologiyaları sektorunda ötən il nə ilə yadda qaldı?- Son illər muxtar respublikada rabitə və informasiya texnologiyaları sahəsində əhəmiyyətli inkişafa nail olunub. Ötən il tikintisi başa çatdırılan Naxçıvan-Sədərək fiberoptik magistralı üzərində yerləşən 7 avtomat telefon stansiyası optik arabağlantı ilə təmin edilmişdir. Culfa-Ordubad optik magistral xəttinin tikintisi başa çatdırılmış, 6 avtomat telefon stansiyası fiberoptik magistrala qoşulmuşdur. Ötən ilin 11 ayında muxtar respublika üzrə 3 min 578 ədəd telefon çəkilişi olmuşdur. Poçt və rabitə xidmətlərinin həcmi 2007-ci ilin müvafiq dövrünə nisbətən 46% artaraq 21 milyon manat təşkil etmişdir. Bu dövrdə ümumi xidmətlərin 81%-i qeyri-dövlət rabitə müəssisələrinin payına düşmüşdür. Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi üzrə 4 milyon manatdan artıq rabitə xidməti göstərilmişdir ki, bu da 2007-ci ilin müvafiq dövründə göstərilən xidmətlə müqayisədə 29% çoxdur. Əldə edilən uğurlar muxtar respublika rəhbərliyi tərəfindən sahəmizə göstərilən diqqət və qayğının nəticəsində mümkün olmuşdur. 2008-ci ilin iyul ayının 1-dən etibarən işçilərimizin əmək haqlarının 50%-dək artırılması, informasiya- kommunikasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı münasibəti ilə bir qrup əməkdaşımızın ölkəmizin yüksək fəxri adları ilə təltif edilməsi bizi daha əzmlə işləməyə ruhlandırır. Bütün bunlar ölkə başçısı və muxtar respublika rəhbərliyinin rabitəçilərin əməyinə verdiyi ən yüksək qiymətdir. Fürsətdən istifadə edib sahəmizə göstərdiyi himayəyə görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri hörmətli Vasif Talıbov cənablarına bütün əməkdaşlarımız adından dərin ehtiramımızı və minnətdarlığımızı bildiririk. 2005-2008-ci illər üçün Azərbaycan Respublikasında informasiya - kommunikasiya texnologiyalarının inkişafı üzrə Dövlət Proqramının icra müddəti başa çatmışdır. Müəyyən səbəblərdən bəzi istisnalar nəzərə alınmaqla muxtar respublikaya aid dövlət proqramında müəyyən edilən vəzifələr həllini tapmışdır. Artıq 2009-2013-cü illər üçün informasiya-kommunikasiya texnologiyaları üzrə dövlət proqramının muxtar respublikaya aid hissəsinin layihəsi hazırlanaraq baxılmaq üçün aidiyyatı üzrə təqdim edilmişdir. Ümumilikdə 2008-ci il uğurlu olmuşdur. Belə ki, 2008-ci ildə tarif gəliri əlavə dəyər vergisi ilə birlikdə 5 160 610 manat yerinə yetirilmiş, plan 104.3 % icra olunmuşdur. Bu isə keçən illə müqayisədə 1 118 082 manat çoxdur. İl ərzində 419 min manat xalis mənfəət əldə edilmişdir ki, bu da keçən ilin müvafiq dövründəkindən 92 min manat çoxdur. Hesabat ilində mövcud avtomat telefon stansiyaların nömrə tutumlarının artırılması və CDMA simsiz rabitə şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində ümumilikdə 3912 ədəd yeni telefon nömrəsi istismara verilmişdir. Bundan 2528 ədədi simli, 1407 ədədi isə simsiz şəbəkənin payına düşür. Yeni nömrələrin istifadəyə verilməsi və telefon xətlərinin yenidənqurma işləri üçün 63.2 km yeraltı rabitə xətləri tikilmiş, ümumilikdə 157 km müxtəlif tutumlu kabellər işlədilmişdir. Yeni rabitə obyektlərinin istifadəyə verilməsi nəticəsində 12 yeni iş yeri açılmışdır. Ümumilikdə 2008-ci il ərzində Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən sahəyə 1 918 075 manat dəyərində investisiya qoyuluşu həyata keçirilmişdir.

- Şəhər mərkəzi ilə rayonlar arasında rəqəmsal fərqi aradan qaldırmaq üçün hansı işlər görülmüşdür?- Babək rayonunun Didivar, Şərur rayonunun Düdəngə və Ələkli kənd avtomat telefon stansiyalarına artım üçün hər birinə 224 nömrəlik əlavə avadanlıq alınmış, ümummilli liderimiz Heydər Əliyevin 85 illik yubileyi münasibəti ilə Ordubad rayonunun Şəhriyar qəsəbəsində və Şahbuz rayonunun Qarababa kəndində 400 nömrə tutumlu 2 ədəd avtomat telefon stansiyası istifadəyə verilmişdir. Ötən ilin sentyabr ayında Babək rayonunun Qaraçuq və Zeynəddin kəndlərinin hər birində bir ədəd 400 nömrəlik avtomat telefon stansiyası quraşdırılıb istifadəyə verilmişdir. Bundan əlavə Karel tipli stansiyalar üçün əlavə abunə palataları və ehtiyat hissələri alınmışdır. Ötən il tikintisi başa çatdırılan Naxçıvan-Sədərək optik magistralı üzərində yerləşən Kəngərli rayonunun Xok, Böyükdüz, Qıvraq, Qarabağlar, Şərur rayonunun Şərur, Ələkli, Danyeri, İbadulla, Babək rayonunun Güznüt kənd avtomat telefon stansiyaları optik arabağlantı ilə təmin edilmişdir. Muxtar respublika ərazisində avtomat telefon stansiyaların fasiləsiz işini təmin etmək məqsədilə 234 ədəd akkumulyator alınmış, yeni istifadəyə verilən avtomat telefon stansiyaları generator, stabilizator və gərginlik relesi ilə təmin edilmişlər. Böyükdüz-Kərki kəndləri arası 24 nömrəli PSM avadanlığı quraşdırılmış, 20 nömrəlik yerüstü rabitə xətti ləğv edilmişdir. NTV, Kanal-35 televiziyası, Naxçıvan və Naxçıvanın Səsi radiolarının studiyalardan Duzdağ radio televiziya verici stansiyasına ötürülməsi optik avadanlıqlar vasitəsi ilə təmin edilmişdir. 44 km uzunluğunda Culfa-Ordubad arası yeraltı optik magistral xəttinin tikintisi başa çatdırılmış, Ordubad, Dəstə, Şəhriyar, Düylün, Aza, Culfa rayonunun Yaycı və Dizə avtomat telefon stansiyaları fiberoptik magistrala qoşulmuşdur. 550 prefiksli sorğu xidməti yaradılmış, Naxtel abunə və danışıq haqlarının bankomatlar vasitəsi ilə ödənilməsi üçün işlər başa çatdırılmışdır. Qeyd edim ki, Naxçıvan şəhərində və rayon mərkəzlərində telefon abunə və danışıq pullarının toplanması tamamilə avtomatlaşdırılmışdır. Muxtar Respublikanın rayonlarına poçtun dəmir yolu nəqliyyatı ilə daşınması təmin edilmişdir. Naxçıvan şəhərində 6 nömrəli poçt bölməsi, Babək rayonunun Qaraçuq kənd poçt bölməsi əsaslı təmir olunub istifadəyə verilmişdir. 13 kənd 2 qəsəbə mərkəzinin tikintisi ilə əlaqədar həmin ərazilərində rabitə xətlərinin yenidən qurulması işləri həyata keçirilmiş, ATS-lər yeni binaya köçürülmüş, poçt bölmələri yeni avadanlıqlarla təchiz edilmişdir. Bundan başqa, Naxçıvanın Bakı ilə daha keyfiyyətli əlaqəsini təmin etmək üçün Naxçıvan şəhərindəki mərkəzi danışıq məntəqəsi ilə Bakı şəhəri arasında videotelefon rabitəsi istifadəyə verilmişdir.

- Naxçıvanda İnternetin inkişafı istiqamətində hansı tədbirlər həyata keçirilmişdir?- İlk öncə qeyd edim ki, Muxtar Respublikaya daxil olan internet kanalının sürəti 8 Mbit/s çatdırılmış, Şərur şəhərində genişzolaqlı internet üçün Dslam avadanlığı istifadəyə verilmişdir. Naxtel-in əhatə dairəsində simsiz internet xidməti istifadəyə verilmişdir. İl ərzində 10000 ədəd internet kartı, 31000 ədəd şəhərlərarası danışıq kartı satışa buraxılmışdır.

- Ötən il Muxtar Respublika İKT ilə bağlı keçirilən bir neçə tədbirlərə ev sahibliyi etmişdir.

- Bəli, əvvəlki illərdə olduğu kimi bu il də Naxçıvanda İKT ilə bağlı önəmli tədbirlər keçirilmişdir. 20-21 iyun 2008-ci il tarixdə Naxçıvan Dövlət Universitetində keçirilən Elektron Naxçıvan konfransının canlı video bağlantıları və digər texniki məsələləri təmin edilmişdir. Naxçıvan Dövlət Universiteti ilə birlikdə 15 dekabr 2008-ci il tarixdə İnformasiya texnologiyaları və zaman mövzusunda elmi-praktik konfrans keçirilmiş, mühəndislərimiz universitetin müəllim və tələbələri qarşısında elmi təqdimatlar əsasında məruzələr etmişlər. Həmçinin Nazirliyin əməkdaşları il ərzində xaricdə keçirilən beynəlxalq tədbirlərdə və treninq kurslarında da iştirak etmişdir.

- Son olaraq demək istərdiniz?

- 2008-ci ildə əldə olunmuş nailiyyətlərdə əməyi olan hər kəsə təşəkkürümü bildirirəm. hər kəsi bu ilin mart ayında keçiriləcək referendumda bir nəfər kimi iştirak etməyə, konstitusiyamıza ediləcək əlavə dəyişiklikləri dəstəkləməyə, eləcə ölkəmizin inkişafına yönəlmiş maddələrinin qəbul edilməsinə səs verməyə dəvət edirəm.

 

Məmmədov Rövşən

 

Rabitə dünyası.- 2009 .-13 fevral .- S.18.