İlham Əliyev: Mənim üçün hakimiyyət ilk növbədə Azərbaycan vətəndaşlarından ötrü xeyirxah işlər görmək imkanıdır

 

Fevralın 14-də “Rossiya” telekanalında “Formula vlasti” (“Hakimiyyət formulu”) proqramının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə həsr edilmiş növbəti buraxılışı efirə getmişdir. Azərbaycan dövlətinin başçısı dünyanın bir sıra ölkələrinin tamaşaçılarında böyük maraq doğuran bu proqram çərçivəsində “Formula vlasti” verilişinin müəllifi və aparıcısı, tanınmış jurnalist, Rusiyanın İTAR-TASS Agentliyi baş direktorunun birinci müavini Mixail Qusmanın suallarına cavab vermişdir.

- Cənab Prezident, Sizinlə görüşmək imkanı yaratdığınız üçün çox sağ olun. Cəmi bir neçə ay əvvəl Siz ikinci prezident seçkilərində çox inamlı qələbə qazandınız. Siz ikinci andiçmə mərasimindəki nitqinizdə, mənim fikrimcə, görülmüş işlərə çox dəqiq yekun vurdunuz. Yekunlar isə, şübhəsiz ki, sanballıdır. Eyni zamanda, mənim başa düşdüyümə görə, Siz öz qarşınızda, ölkə qarşısında növbəti beşillik üçün vəzifələr qoymusunuz. Sizin fikrinizcə, yaxın illərdə ən prioritet məsələlər hansılardır?

- Bizim inkişaf konsepsiyamızı yığcam ifadə etsək, bu, modernləşmə xətti, Azərbaycanda həyat meyarlarının dünyada mövcud olan ən yüksək standartlara çatdırılması xəttidir. Bu məqsədlərə nail olmağın təməli isə Azərbaycan tarixinin, Azərbaycan ənənələrinin möhkəm kökləridir. Başqa sözlə desək, biz milli dəyərlər əsasında müasir dövlət qururuq.

- Beş il bundan əvvəl Siz birinci andiçmə mərasimindəki nitqinizdə Heydər Əliyevin xəttinin davam etdirilməsinin, özü də ilk növbədə sosial və iqtisadi islahatların davam etdirilməsi, cəmiyyətdə sabitliyin qorunub saxlanması sahəsində davam etdirilməsinin zəruriliyini demişdiniz. Necə bilirsiniz, bu illər ərzində cəmiyyətdə sabitliyin nəinki qorunub saxlanması, həm də möhkəmlənməsi üçün Prezident İlham Əliyev hansı siyasi vasitələrdən istifadə etməli olmuşdur?

- Son 15 ildə Azərbaycanın sabit dövlət olmasının əsas səbəbi, əlbəttə, iqtidarın xalqa yaxınlığı, bizim gördüyümüz bütün işlərin xalq tərəfindən dəstəklənməsidir. Bir də ki, insanlar yaxşılığa doğru dəyişiklikləri gündəlik həyatda görürlər. Başlıca məsələ budur.

Son beş ildə biz Heydər Əliyevin siyasi xəttini davam etdirərkən, təbii ki, operativ həll edilməli olan məsələlərlə də üzləşmişik. Azərbaycanın uğurlu inkişafı, əlbəttə ki, iqtidarın bu məsələləri nə dərəcədə səmərəli həll etməsindən, zamanın çağırışlarına, bəzən təhriklərə, bəzən sabitliyi pozmaq cəhdlərinə necə müqavimət göstərməsindən asılı idi. Mən tam əminəm ki, əgər biz Heydər Əliyevdən sonra təməli onun tərəfindən qoyulmuş xətti qoruyub saxlaya və möhkəmləndirə bilməsəydik, bu gün Azərbaycanı çox ağır günlər gözləyərdi.

- Azərbaycan bu illər ərzində sübut etmişdir ki, o, neftə arxayın olub oturmur. Hərçənd, əlbəttə, neft milli sərvətdir. Digər tərəfdən, nəzərə alsaq ki, neft ehtiyatları gec-tez tükənir, belədə respublika iqtisadiyyatının əsas istiqamətləri hansılardır?

- Çox böyük həcmdə neft-qaz ehtiyatlarına malik olan ölkə üçün həmin resursların səmərəli idarə edilməsi, ixracın şaxələndirilməsi və enerji təhlükəsizliyinin təmin edilməsi, təbii ki, əsas məsələlərdən biridir. Buna görə də, təbii ki, biz bu məsələyə çox böyük diqqət yetirmişik və nəzərdə tutduqlarımızın hamısına nail olmuşuq. Lakin bununla yanaşı, neft amilindən asılılığın azaldılması da prioritet vəzifələrdən biri idi.

 Mən doğma Bakı şəhərində gəzərkən həmişə Azərbaycanın şəhər sakinlərinin müxtəlif dillərdə danışmasından sevinmişəm. Lakin son vaxtlar məni heyrətləndirən odur ki, Bakı küçələrində Azərbaycan və ənənəvi rus dilləri ilə yanaşı, ingilis, yapon, italyan, Çin dillərini eşidirəm. Mən bunu onunla əlaqələndirirəm ki, Azərbaycan dünyanın investisiya baxımından cəlbedici bir məkanıdır. Siz ölkənizin bu cür investisiya cəlbediciliyinin səbəbini nədə görürsünüz?

Hesab edirəm ki, artıq həyata keçirilmiş investisiya layihələri, xüsusən iqtisadi sahədəki layihələr bugünkü mərhələdə dünya ictimai rəyində Azərbaycan haqqında çox etibarlı tərəfdaş təsəvvürü yaratmışdır. Azərbaycanın Heydər Əliyev tərəfindən başlanmış neft strategiyasının həyata keçirildiyi bütün bu illər ərzində elə bir hal olmayıb ki, biz öz öhdəliklərimizi yerinə yetirməyək.

- Mən Xəzər regionunun inkişafı mövzusuna toxunmaq istərdim. Bu, dinc mövzudur. Lakin digər tərəfdən, hər bir dənizdə olduğu kimi, bunun da müəyyən “sualtı qayaları” var. Sizin fikrinizcə, Xəzər hövzəsinin inkişafının əsas prinsipləri nədən ibarətdir?

- Xəzər hövzəsi ölkələri arasında çox səmərəli ikitərəfli münasibətlər vardır. Biz həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edirik. Əlbəttə, Xəzər sülh zonası, təhlükəsizlik zonası olmalıdır. Xəzərin enerji ehtiyatları elədir ki, Xəzəryanı ölkələrin hər birinin bunlardan səmərəli istifadə etməsinə imkan verir.

- Sizin özünüzün Rusiya ilə, Moskva ilə bağlı olduğunuz illəri xatırlatmaq istərdim. Siz orada oxumusunuz, yaşamısınız. Sırf insani baxımdan bir sual vermək istəyirəm: Moskva ilə Sizi bağlayan nədir? Axı, bunlar yəqin ki, həmişəlik yaddaşınızda qalmışdır?

- Əlbəttə, o illər həmişəlik yaddaşıma həkk olunmuşdur. Yaxşı illər - gənclik illəri, təhsil illəri idi. Mən Moskvaya oxumağa getmişdim. İndi də Moskvaya gedəndə bütün bunlar sanki gözlərim önündə canlanır. Bu, mənim həyatımda və güman edirəm ki, ikitərəfli Rusiya-Azərbaycan münasibətlərində də mühüm elementdir. Ona görə ki, daha yaxşı qarşılıqlı əlaqə saxlamaq üçün, daha yaxşı əməkdaşlıq etmək üçün bir-birini daha yaxşı başa düşmək lazımdır.

- Sizin fikrinizcə, Dağlıq Qarabağ münaqişəsinin həllinin əsas prinsipləri nədən ibarətdir?

- Bu gün bizə belə gəlir ki, münaqişənin həllini tapmaq imkanı vardır. Bu ümid danışıqlar prosesinin özünə, müzakirələrin nəyin ətrafında getməsinə əsaslanır. Bu, həm də nisbətən bu yaxınlarda Ermənistanla Azərbaycan arasında imzalanmış birgə Bəyannaməyə əsaslanır, orada bütün bu prinsiplər öz əksini tapmışdır.

Bu prinsiplərin hamısı münaqişənin Azərbaycanın ərazi bütövlüyü əsasında həllini nəzərdə tutur. İndi Ermənistanın yeni rəhbəri var. Ermənistanın bu məsələyə daha konstruktiv və realist mövqedən yanaşacağına müəyyən ümidlər var. Müəyyən siqnallar var. Buna görə də biz həmin ümidlərin nə dərəcədə əsaslı olduğunu yəqin etməli və irəliləyişin nə dərəcədə real olacağını görməliyik.

Siz, zənnimcə, tamamilə haqlı olaraq başqa ölkələrlə əlaqələri, Azərbaycan xalqı üçün kifayət qədər ənənəvi olan tolerantlığı xatırlatdınız. Prezident kimi şəxsən Siz, respublika hökuməti irsən gələn bu tolerantlığın daha da inkişaf etdirilməsi üçün nə edirsiniz?

- Azərbaycanın çoxəsrlik tarixində burada müxtəlif xalqların nümayəndələri yaşamışdır. Azərbaycan indi də çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Biz bunu çox yüksək qiymətləndiririk. Mən tam əminəm ki, ölkəmizin, dövlətimizin uğurlu inkişafı məhz bu formatda mümkündür. Azərbaycanda milliyyətindən asılı olmayaraq bütün vətəndaşların hüquqları eyni dərəcədə qorunur. Bu məsələdə dövlət siyasəti də çox həssas aparılır. Bu istiqamətdə hər hansı planlar, direktivlər qəbul etmək, göstərişlər vermək, şüarlar söyləmək olmaz.

- Həyat özü diktə edir.

- Tamamilə doğrudur. Həyat özü diktə edir və bir də ki, prosesləri bacarıqla istiqamətləndirmək lazımdır. Bizim ölkəmizdə isə milli ədavətə zəmin yaratmaq üçün göstərilən bütün cəhdlərin qarşısı çox sərt şəkildə alınır.

Müəllif mətni: müstəqillik illərində Azərbaycanda rus məktəblərinin heç biri bağlanmamışdır. Rus dilində çıxan qəzet və jurnalların sayı sovet hakimiyyəti illərindəkindən çoxdur.

- Azərbaycan dünyəvi dövlətdir. Eyni zamanda, sirr deyil ki, qonşularınızda, həm İranda, həm də müəyyən dərəcədə Türkiyədə islam amili getdikcə daha çox rol oynayır. Sizin fikrinizcə, dünyəvi və qeyri-dünyəvi dövlət arasında hüdud nədən ibarətdir? Sizin gözləyə biləcəyiniz tarazlıq haradadır?

- Biz Azərbaycanın dünyəvi dövlət olmasını yüksək qiymətləndiririk, bu nailiyyətimizi çox qayğı ilə qoruyuruq. Mən tam əminəm ki, bizim uğurlarımızın rəhni məhz bundadır. Dini təzahürlər baxımından narahatlıq doğura biləcək amillərə gəldikdə isə, Azərbaycanda bu cür amillər yoxdur. İslam dini bizim mənlik şüurumuzun bir hissəsi, tariximizin bir hissəsi, varlığımızın bir hissəsidir. O, bizim milli dəyərlərimizin əsası, ənənələrimizin, ailə dəyərlərimizin əsasıdır. Biz öz böyük dinimizə dərin hörmət bəsləyirik. Bununla bərabər, Azərbaycanda bütün başqa dinlər də sərbəst fəaliyyət göstərir. Bizdə rus pravoslav kilsəsi də var, sinaqoq da. Bu yaxınlarda katolik kilsəsi də tikilmişdir, hərçənd, Azərbaycanda katoliklərin sayı o qədər də çox deyil. Lakin, bu da tarixi ədalətin bərpası deməkdir.

- Sizə bəlkə də ən mürəkkəb bir sualım var: Sizin fikrinizcə, bu beş ildə nəyə nail ola bilməmisiniz?

- Nail ola bilmədiyimiz yeganə məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Deyərdim ki, ölkəmizin inkişafında, bu ən mühüm məsələ müstəsna olmaqla, bütün başqa sahələrdə nəzərdə tutduqlarımızın hamısına nail olmuşuq. Beş il bundan əvvəl verdiyimiz bütün vədlər yerinə yetirilmişdir. Bu vədlərin çoxu daha böyük həcmdə, xeylisi isə vaxtından da əvvəl yerinə yetirilmişdir.

- Siz “müstəqillik” kimi çox mühüm sözü işlətdiniz. Heydər Əliyev bu sözü daim işlədirdi. Zənnimcə, ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə Heydər Əliyevin verdiyi töhfəni heç nə ilə müqayisə etmək olmaz. Siz bu məsələyə daimi diqqət yetirirsiniz. Ölkənin müdafiə potensialının gələcək inkişafını necə təsəvvür edirsiniz?

- Biz qısa müddətdə silahlı qüvvələrin nəinki çox güclü maddi-texniki bazasını yaratmağa nail olmuşuq, həm də ordunun döyüş qabiliyyətini, peşəkarlığını yüksəltmişik. Keçən il Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 90 illiyinə həsr edilmiş hərbi parad da ümumən xalq qarşısında hesabatımız idi ki, nə işlər görülmüşdür, bu vəsaitlər necə sərf edilmişdir, bu gün nəyimiz var. İndi Azərbaycan ordusu istənilən məsələləri həll etməyə, ilk növbədə, işğal olunmuş ərazilərin azad edilməsi vəzifəsini yerinə yetirməyə qadir olan çox güclü strukturdur. Biz qısa müddətdə Azərbaycanda əvvəllər heç vaxt mövcud olmamış hərbi sənaye kompleksi yaratmışıq. Biz bundan sonra da, artıq dediyim kimi, torpaqlarımız azad edilənə qədər bu məsələlərə böyük diqqət yetirəcəyik.

- İlham Heydər oğlu, bizim bugünkü söhbətimizdə, təbii ki, bir neçə dəfə Heydər Əliyevi xatırladıq. Başqa cür ola da bilməzdi, çünki onun çox böyük siyasi irsi var. Siz təkcə onun işinin davamçısı deyil, həm də oğlusunuz. Bu baxımdan, bir siyasətçi və insan kimi Heydər Əliyevin hansı keyfiyyətlərini Siz özünüzdə möhkəmlətmək istərdiniz?

- Mən Heydər Əliyevin oğlu olmağımı özüm üçün böyük xoşbəxtlik sayıram. Böyük insanın oğlu olmaq, habelə mühüm qərarlar qəbul edilən anlarda onun yanında olmaq böyük xoşbəxtlikdir. Bu gün onun işi yaşayır, siyasəti yaşayır və mən əminəm ki, Azərbaycan onun istədiyi kimi inkişaf edir. Əlbəttə ki, mən həmişə ona oxşamağa çalışmışam. Çünki siyasətçi keyfiyyətləri ilə yanaşı, o, həyatda hamıya nümunə ola biləcək adam idi. Səni maraqlandıran bir suala cavab almadan ondan aralanmaq mümkün deyildi.

- Yeri gəlmişkən, bunu hamı qeyd etmişdir.

- Bəli. Sizə deməliyəm ki, prezidentliyimin ilk illərində elə məqamlar olmuşdur ki, mən fikirləşirdim: bu vəziyyətdə Heydər Əliyev edərdi? Lakin təəssüf ki, bunu bilmək imkanım yox idi. Amma düşünürəm ki, o, son beş ildə görülmüş işlərin hamısını bəyənərdi, özünün əsəri olan Azərbaycanı bugünkü səviyyədə görsəydi, şad olardı.

- Siz dediniz ki, ailə azərbaycanlılar üçün həqiqətən ənənəvi çox yüksək dəyərdir. Bununla əlaqədar mən, belə deyək, geniş beynəlxalq ictimaiyyəti maraqlandıran bir mövzuya toxunmaya bilmərəm. Bir sıra beynəlxalq jurnalların, media vasitələrinin apardığı sorğunun nəticələrinə görə, Sizin həyat yoldaşınız Mehriban xanım bütün dünyadakı birinci ledilər arasında ən gözəli, hər halda, ən gözəllərindən biri hesab edilmişdir. Amma məsələ bundadır ki, o, çox böyük ictimai fəaliyyətlə məşğuldur. O, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiridir. Azərbaycanlı kişinin, ailə başçısının xanımının bu dərəcədə məşğulluğu ənənə ilə dərəcə uyğun gəlir? Yəni demək istəyirəm ki, Mehriban xanım evdə Sizə xörək hazırlamağa da vaxt tapırmı?

Bizim ailə istisna deyil. Azərbaycanda ailələrin tam əksəriyyətində ailə dəyərləri, ailə üzvləri arasında münasibətlər məhz bu cür ənənəvi qarşılıqlı hörmət, məhəbbət əmin-amanlıq formalarına əsaslanır. Mən çox xoşbəxtəm ki, belə ailəm var. Şəxsi həyatımdan çox razıyam. Yəqin ki, bundan artığını arzu etmək çətin olardı. Mehribana gəldikdə isə, sizin dediyiniz kimi, o, həqiqətən sosial proqramların həyata keçirilməsi, bizim mədəni irsimizin qorunması sahəsində çox mühüm vəzifəni yerinə yetirir. İncəsənət, mədəniyyət, xeyriyyəçilik fəaliyyəti. O, bütün bunlarla məşğul olmağa ilk növbədə, ərini sevən qadın, mehriban ana indi artıq gənc nənə kimi qalmağa vaxt tapır. Ona görə mən bu təbriklərə görə sizə təşəkkür etmək, indi bizə baxanların hamısına ailə xoşbəxtliyi arzulamaq istəyirəm. Dünyada bundan yüksək heç ola bilməz.

- Mən bizim proqramda qəhrəmanlarımızın hamısına verdiyimiz sualı sonda Sizə verməyə bilmərəm, çünki bu proqramHakimiyyət formuluadlanır. Sizin üçün bu hakimiyyət deyilən şeyin dadı necədir?

- Bilirsinizmi, mən...

- Siz elə dərindən köks ötürdünüz ki, daha cavab verməyə bilərsiniz. Elə bircə bu köksötürmə kifayətdir ki,..

- Mənə gəldikdə, deyərdim ki, bu gün hakimiyyəti beş il bundan əvvəlkindən fərqli başa düşürəm. O vaxt mənim üçün hakimiyyət, ilk növbədə, böyük məsuliyyət yükü idi.

- Çağırış idi.

- Bəli, həm atamın xatirəsi qarşısında, həm ölkə qarşısında, həm xalq qarşısında məsuliyyət idi. Başa düşürdüm ki, Azərbaycanın gələcəyi mənim görəcəyim işlərdən asılı olacaqdır. Bu gün deyə bilərəm ki, bu məsuliyyət hissi məni heç vaxt tərk etməsə , hər halda, buraya başqa hisslər əlavə olunur. Yəni indi mən hakimiyyəti ölkə üçün daha yaxşı işlər görmək imkanı kimi qəbul edirəm. Bu gün mənim üçün hakimiyyət ilk növbədə Azərbaycan vətəndaşlarından ötrü xeyirxah işlər görmək imkanıdır.

 

 

Əliyev İlham

Rabitə dünyası.- 2009.- 20 fevral .- S.2-3