Biz öz doğma yurdumuza qayıdacağıq

 

Qubadlı rayonu Azərbaycan Respublikasının cənub-qərbində, Dağlıq Qarabağ silsiləsi ilə Zəngəzur dağları arasında yerləşir. Qubadlı rayonu zəngin təbiətə, saf havaya, mülayim və xoş iqlimə malikdir. Rayon 1993-cü il avqustun 31-də erməni təcəvüzkarları tərəfindən işğal olunmuşdur.

İşğal zamanı 1 şəhər, 93 kənd, 79812 hektar torpaq sahəsi, o cümlədən 13958 hektar əkin sahəsi, 850 hektar çoxillik bitki, 631 hektar biçənək, 17630 hektar otlaq-çəmənlik, 13160 hektar meşə, 543 hektar həyətyanı sahə, 582 hektar tut bağları və üzüm plantasiyası, bol suları olan Bərgüşad və Həkəri çayları, Həkəri çayı vadisindəki balıqyetişdirmə vətəgəsi, taxılçılıq üçün əlverişli münbit torpaqları olan şabalıdı rəngli, daşsız, çınqılsız, hamar səthə malik Yazı və Gəyən düzləri də işğalçıların əlinə keçmişdir.

Əldə olunan video-kasetlərdən, əsirlikdən gələnlərin söhbətlərindən və etibarlı mənbələrdən verilən məlumatlardan məlum olmuşdur ki, ermənilər zəbt etdikləri ərazilərdə evləri, inzibati binaları dağıtmış, rayonun var-dövlətini talan edib aparmış, təbiəti viran qoy-muşlar. Onlar təbii sərvətlərimizi acgözlüklə istismar edib xarici şirkətlərə satır, ətraf mühitə ciddi zərər vururlar. Belə ki, ermənilər meşələrimizdə olan qoz, Şərq çinarı, Qırmızı palıd, Şam və Vələs ağaclarını kəsib silah qundağı və mebel materialı kimi xarici şirkətlə-rə satır, qış aylarında meşələrdən oduncaq kimi külli miqdarda istifadə edirlər. Hacılı tikinti karyerini, dağətəyi ərazilərdəki Travertin, Mərmər və Əqiq yataqlarını istismar edərək axırına çıxıblar. Həkəri və Bərgüşad çaylarında-kı qiymətli balıq növlərini, 20 min hektar sahəni əhatə edən Qubadlı yasaqlığındakı ceyran və cüyürləri, çöl donuzları, boz dovşanlar kimi çöl heyvanlarını, kəklik, qırqovul, turac, bildirçin, meşə toyuğu, alabaxta, qurqur və digər vəhşi quşları hərisliklə ovlayıb son həddə çatdırmışlar.

Video-kasetlərdən, internetdən və kosmik fəzadan əldə olunmuş şəkillərdən məlum olur ki, rayon ərazilərində təbiət abidəsi kimi dövlət tərəfindən qorunan, hər birinin 300-1000 ildən çox yaşı olan 9 ədəd şərq çinarlarından da əsər-əlamət yoxdur.

Ermənistənın Sisyan və Gorus rayonlarının çirkab suları Bərgüşad və Həkəri çaylarına axıdılaraq bu çayların sularını çirkləndirirlər. Zəhərli maddə qalıqları və məişət tullantıları torpaqlarımıza atılıb, atmosfer havasını korlayır. Münbit şabalıdı torpaqlarımız daşınıb aparılır və erməni evlərinin həyətlərinə tökülür. Rayonumuzun həyətlərində olan cavan meyvə ağacları çıxarılıb, erməni həyətlərində əkilir. Rayonda olan 600-dən çox büllur bulaqların suyu qablaşdırılıb mineral sular kimi xarici ölkələrə satılır. Qubadlı şəhərindəki 5 hektar yapon gavalı bağının meyvəsi xarici ölkələrə valyutaya mübadilə olunur.

İran yazıçı və tədqiqatçısı İlami Həsənin 2000-ci ildə Tehranda çap olunmuş "Tədqiqat və axtarış" kitabında qeyd edilir ki, ermənilər Qubadlıda 210 hektar sahədə narkotik maddələr əkib "Hayıstan" fondu vasitəsi ilə xaricə ixrac edir. Xarici şirkətlərə ağac materialları satılır. Qubadlı ərazisindən narkotik maddələrin daşınması üçün istifadə olunur, kəndlər boşaldılıb xarabazarlığa çevrilir. Qubadlıdakı üzüm, tut, zoğal və ərik ağaclarının meyvələrin-dən spirtli içkilər istehsal edilərək xarici dövlətlərə satılır, təbii bitkilərdən dərmanlar hazırlanır. Hazırda Ermənistan Qubadlı ərazilərində qızıl, gümüş, mis və başqa faydalı qazıntıların axtarışını aparır.

Erməni işğalçıları təkcə Qubadlıda deyil, işğal etdikləri bütün ərazilərimizdə zəngin təbiətimizi viran qoyur, sərvətlərimizi amansızcasına talan edirlər. Lakin onlar başa düşməlidirlər ki, Azərbaycan öz torpaqlarını mütləq geri qaytaracaq, ermənilərin törətdikləri vəhşilikləri, talanları bütün dünyaya bir daha sübut edəcəkdir. Onda dünya erməni işğalçılarının iç üzünü bir daha görəcəkdir.

Biz əminik ki, ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu uğurla, ardıcıllıqla həyata keçirən Prezident İlham Əliyevin yürütdüyü çevik və məqsədyönlü daxili və xarici siyasət nəticəsində işğal altında qalmış torpaqlarımız geri qaytarılacaq, biz zəngin təbiətimizin və təbii sərvətlərimizin sahibi ola-cağıq.

 

 

Çərkəz MƏMMƏDOV

 

Respublika.- 2010.- 31 avqust.- S. 2.