Tariximizin parlaq səhifələri

 

Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə tarixində 28 May ən unudulmaz gündür. 1918-ci ilin məhz həmin günü xalqımız azadlıq və müstəqillik arzularına qovuşmuş, şərqdə ilk demokratik dövlət-Azərbaycan Xalq Cümhuriyyətini elan etmişdir. Müsəlman şərqində ilk demokratik respublikanın yaranması imperiya əsarətində ağır məşəqqətlərə məruz qalmış xalqımızın milli-azadlıq mübarizəsinin qanunauyğun nəticəsi, dərin tarixi kökləri olan milli dövlətçilik ənənələrimizin davamı idi. Azərbaycan dünya birliyində öz dövlətçiliyi ilə layiqli yer tutmaq əzmini nümayiş etdirdi. Cəmi 23 ay yaşamasına baxmayaraq bu respüblika milli dövlətçilik sahəsində bir sıra zəruri tədbirlər həyata keçirməyə, Azərbaycanı beynəlxalq səviyyədə tanıtdırmağa, Azərbaycan dilinin dövlət dili kimi işlədilməsinə, mədəniyyət və təhsil sahəsində müəyyən irəliləyişə nail oldu. Milli ordu, dövlət təhlükəsizliyi və ədliyyə orqanlarının yaradılması, dövlət rəmzlərinin qəbul edilməsi gənc respublikanın qısa müddətdə qazandığı çox böyük nailiyyətlər idi. Dövlət həyatının yə ictimai həyatın əsas sahələrində o dövrə məxsus Avropa standartlarının tətbiqi Azərbaycan Xalq Cümhu-riyyəti rəhbərlərinin yüksək siyasi səviyyəsindən demokratiya prinsiplərinə sadiqliyindən xəbər verirdi. Ölkədə yaşayan müxtəlif millətlərin və milli azlıqların hüquqlarına hörmətlə yanaşılması, milli maraqların məhz bu zəmində uzlaşdırılması da bu dövlətin demokratik mahiyyətinin çox mühüm göstəricisi idi.

Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bizim vaxtilə itirilmiş dövlətçiliyimizi bərpa etdi, xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin əsasını qoydu. "İstiqlal bəyannaməsi" ilə həyata vəsiqə alan Azərbaycan Xalq Cümhuriyyəti bütün müsəlman dünyasında ilk demokratik respublika idi və o, xalqımızın qədim dövlətçilik ənənələrini bərpa etdi, insan hüquqlarının və azadlıqlarının təmin edilməsinə, irqi, milli və digər bərabərsizliklərin ləğvinə, sivilizasiyalı dövlətlərin inkişaf etmiş demokratiyasından istifadə edilməsinə əsaslı şərait yaratdı.

Milli dövlətçilik tariximizin şərəfli səhifəsini unutmayan və qəlbinin dərinliklərində istiqlal arzularını daim müqəddəs tutan xalqımız XX əsrdə ikinci dəfə azadlığa çıxmaq imkanı qazandı və 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdi. Lakin həmin dövrdə Azərbaycanda hakimiyyətin səbatsız və qətiyyətsiz adamların əlində olması, Heydər Əliyev kimi dünya şöhrətli, Vətənini, xalqını bütün varlığı ilə sevən fe-nomenal təşkilatçılıq və idarəçilik istedadına malik şəxsiyyətin bu prosesdən kənarda qalması milli dövlətçiliyimizin taleyini təhlükədə qoyurdu.

Geçmiş SSRİ-nin süqutu ərəfəsində xalqımıza düşmən olan qüvvələrin Dağlıq Qarabağda başladığı separatçılıq və xəyanətin davamı kimi alovlanan müharibə torpaqlarımızın işğalı, bir milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, daxili çaxnaşmalar və kürsü davası, ağır sosial-iqtisadi böhran və hakimiyyət çevrilişləri, durmadan artan cinayətkarlıq müstəqilliyimizin ilk iki ilinin acı mənzərəsinin əsas cizgiləri idi.

1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyev çox qısa bir vaxtda Azərbaycanı real parçalanmadan qurtardı, xaos və hərc-mərcliyin pəncəsindən xilas edə bildi. Heydər Əliyevin titanik səyi,   uzaqgörən   siyasəti nəticəsində Azərbaycanda vəziyyət tədricən sta-billəşməyə başladı. Bu gün tam cəsarətlə demək olar ki, milli öndərimiz Heydər Əliyevin zəkası, zəngin dövlətçilik təcrübəsi olmasaydı müstəqil Azərbaycan yaşaya, dünya birliyində Öz layiqli yerini tuta bilməzdi. Yalnız Heydər Əliyev dühası, qüdrəti xalqı vahid milli ideya-azərbaycançılıq ideyası ətrafında birləşdirdi, ölkəni parçalamağa çalışan separatçı qüvvələri zərərsizləşdirdi, respublikada sabitlik yarandı. Yeni müstəqil Azərbaycanın nicatı və bir dövlət kimi formalaşması məhz bu böyük qayıdış sayəsində mümkün oldu.

Müstəqil amallar uğrunda mübarizə aparan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ənənələri bu gün qətiyyətlə davam və inkişaf etdirilir. Hüquqi demokratik və dünyəvi dövlət quruculuğu yolu ilə inamla irəliləyən Azərbaycan xalqı müstəqillik yollarında daha böyük uğurlar və nailiyyətlər qazanır, qabaqcıl və demokratik dünya dövlətləri arasında özünə layiqli yer tutur. Əminliklə vurğulamaq olar ki, xalqımız bundan sonra da milli öndərimiz Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyevin ətrafında daha sıx birləşərək fundamental qələbələr qazanacaq, öz müstəqilliyini əbədi qoruyub möhkəmləndirəcəkdir.

 

 

Rəhman YUSİFOV

 

Respublika.- 2010.- 1 iyun.- S. 4.