Böyük qayıdış

 

Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəlişi ilə müasir tariximizdə yeni mərhələnin başlanğıcı qoyuldu

 

Müstəqil Azərbaycan dövlətinin və xalqımızın taleyində ümummilli liderimiz Heydər Əliyevin rolu və xidmətləri əvəzsizdir. Ötən əsrdə ikinci dəfə müstəqilliyini əldə etmiş xalqımız cəmi iki il sonra—1993-cü ilin iyununda yenidən onu itirmək təhlükəsi ilə üzləşmişdi. O vaxt Azərbaycana rəhbərlik edən səriştəsiz iqtidarların naşı və səhv siyasəti xalqa çox baha başa gəldi. Ölkənin sərvətləri talan edilir, siyasi və iqtisadi böhran günbəgün dərinləşir, siyasi proseslər idarəolunmaz vəziyyət alırdı. 1993-cü ilin iyununda isə Azərbaycanda artıq vətəndaş müharibəsi başlanmış, qardaş qanı axıdılmış və müstəqilliyimizin taleyi sual altına düşmüşdü.

Gəncə hadisələrindən sonra ölkədə vəziyyət günbəgün pisləşir, qorxulu məcraya yönəlirdi. Azərbaycanda gedən təhlükəli prosesləri diqqətlə izləyən Heydər Əliyev Vətənin taleyi sarıdan hədsiz narahatlıq keçirirdi. Üstəlik, ona çoxlu müraciətlər edilir, xalq öz böyük oğlunu köməyə çağırırdı. Dövlətimizin başı üzərini qorxunc təhlükə aldığı o uzaq iyun günlərində nəzərlər Naxçıvana dikilmişdi. Artıq hamı anlayırdı ki, ölkənin və xalqın nicatı yalnız Heydər Əliyevlə bağlıdır. Xalq təkidlə öz böyük oğlunu haraylayır, səbirsizliklə onun Bakıya gəlməsini gözləyirdi.

Çarəsi kəsilən iqtidar təmsilçiləri də Naxçıvana xüsusi təyyarə göndərərək Heydər Əliyevdən Bakıya gəlməsini xahiş edirdilər. Belə bir ağır vəziyyətdə, taleyüklü məqamda qərar qəbul etmək heç də asan deyildi. Vətəninin düşdüyü çıxılmaz vəziyyətə, xalqın çağırışına biganə qala bilməyən xilaskar öz qərarını verdi və onu Bakıya gətirən təyyarə 1993-cü il iyunun 9-da Binə hava limanında yerə endi. Bununla da müstəqil Azərbaycanın tarixində yeni mərhələnin başlanğıcı qoyuldu.

Bu da səbirsizliklə gözlənilən tarixi an... Binə hava limanına xilaskarı qarşılamaq üçün toplaşmış izdihamın başı üzərində qaldırdığı plakatlardan biri diqqəti daha çox cəlb edir. Orada səmimi sözlər yazılıb: "Heydər baba, xalqı bu bəladan qurtar!" Bu, böyük qayıdış idi: nicatın və qurtuluşun, anarxiyadan sabitliyə gedən yolun başlanğıcını qoyan bir qayıdış!

Sonralar "Ostankino" dövlətlərarası televiziya şirkətinə müsahibəsində qayıdışının səbəbini izah edən Heydər Əliyev deyirdi: "...Mən hakimiyyətə özüm gəlməmişəm, məni dəvət etmişlər. Məni təkidlə dilə tutmuşlar. Gəncə hadisələrindən sonra bir neçə gün ərzində Azərbaycan əhalisinin müxtəlif qruplarının, ziyalıların nümayəndələri, nüfuzlu ağsaqqallar mənə müraciət etmişlər. Azərbaycan prezidenti Əbülfəz Elçibəy də mənə təkidlə müraciət etmişdir. O, üç dəfə ayın 7-də, 8-də, 9-da Naxçıvana xüsusi təyyarə göndərmişdi və telefon söhbətlərində israrla xahiş edirdi ki, mən Bakıya gəlim. Mən 7-də də, 8-də də imtina etdim. Nəhayət, vəziyyətin getdikcə kəskinləşdiyini duyaraq iyunun 9-da bu dəvəti qəbul etdim və Bakıya gəldim".

Göründüyü kimi bu qərarı qəbul etmək o qədər də asan olmamışdı. Yalnız Heydər Əliyev kimi güclü və dəmir iradəli şəxsiyyət öz çiynini belə ağır, son dərəcə məsuliyyətli yükün altına verə bilərdi. Bu addımı yalnız Vətəni və xalqı naminə hər cür fədakarlığa hazır olan adam ata bilərdi...

Xalqın təkidli tələblərindən sonra AXC-Müsavat iqtidarının Heydər Əliyevi Bakıya dəvət etməsi heç də impulsiv bir addım olmamışdı. Müstəqilliyimizin ilk illərində Azərbaycana rəhbərlikdə bir-birini əvəzləyən səriştəsiz iqtidarların hamısı Heydər Əliyevin xalq arasında nüfuzundan qorxur, onu öz hakimiyyətləri üçün təhlükə mənbəyi hesab edirdilər. Azərbaycan xalqının hafizəsində dərin iz buraxmış bu nəhəng siyasətçinin Bakıya gəlişini əngəlləmək üçün nələrə əl atılmırdı?

Heydər Əliyev hələ  1993-cü ilin mayında "Moskovskiye novosti" qəzetinə müsahibəsində bu haqda suala cavab verərkən demişdi: "Bakıya məni buraxmadılar. Evə qayıtmaq üçün bütün cəhdlərimin qarşısı SSRİ-nin və Azərbaycanın rəhbərliyi, şəxsən Mixail Qorbaçov tərəfindən alınırdı. Nəhayət, qayıtmağa imkan yaranarkən, uçuşa lap az qalmış məni qarşılayacaq adam—böyük bir nəşriyyatın direktoru Əjdər Xanbabayev öldürüldü. Başa düşürdüm ki, bu mənim üçün xəbərdarlıqdır. Ona görə də məcbur qalıb nəzərə çarpmadan Moskvadan Naxçıvana uçdum... Sonra mən bir il müddətində Bakıdakı hadisələrə təsir etmək cəhdindən əl çəkmədim, bunun üçün parlamentdə çıxışlar etdim. Lakin hər şey mənim təcrid edilməyimə yönəldilirdi. Azərbaycandakı siyasi vəziyyətin təhlili ilə əlaqədar parlamentdəki çıxışımdan sonra elə həmin gün xəbər çatdı ki, mənə qarşı terror aktı hazırlanır.

Mən yenə Naxçıvana qayıtdım. Uzun müddət imtina etdiyim təklifə—Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsini tutmaq təklifınə razılıq verdim".

Qayıdaq həmin ərəfəyə. AXC-Müsavat iqtidarı Heydər Əliyevi Bakıya dəvət etmək haqqında hələ Gəncə hadisələrinin ertəsi gün düşünməyə başlamışdı. İyunun 5-dən etibarən keçmiş iqtidarın yüksək vəzifəli şəxsləri Naxçıvana tez-tez zəng vururdular, onunla məsləhətləşmələr aparılır, müxtəlif səpkili xahişlər edilirdi. Məsələn, Surətin dəstələri Gəncədə hakimiyyəti öz əllərinə keçirdikdən sonra canlarını qorxu alan iqtidar nümayəndələri Naxçıvanla təcili əlaqə yaradaraq Heydər Əliyevdən xahiş etmişdilər ki, prezidenti müdafiə etdiyinə dair bəyanat versin. Gəncədə nə baş verdiyindən nəinki xalqın əksəriyyətinin, hətta ölkə rəhbərliyinin də xəbərsiz olduğu bir vaxtda birtərəfli mövqe tutub, kimisə müdafiə etmək barədə bəyanat verilə bilməzdi. Buna görə də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və Nazirlər Kabinetinin birgə iclasını çağırıb Gəncə hadisələrinin orada müzakirə olunmasını məsləhət gördü. Bununla əlaqədar iyunun 7-də qəbul edilən bəyanatda Gəncədə baş verənlər qorxulu hadisə, qardaş qırğını kimi qiymətləndirildi. Hamı milli birliyə, vətəndaş həmrəyliyinə dəvət olundu.

Böhran dərinləşdikcə bütün xalq, o cümlədən başlarını itirmiş iqtidar təmsilçiləri də dərk edirdilər ki, Heydər Əliyev təcili Bakıya gəlib işə qarışmasa, ölkəni və dövləti bu fəlakətdən qurtarmaq mümkün olmayacaq.

Gəncə hadisələrini təhqiq edən xüsusi komissiyanın rəyinə nəzər yetirək: "Şahidlərin məlumatında və komissiya üzvlərinin müşahidələrinə əsasən məlum olmuşdur ki, 4 iyun 1993-cü il tarixdə, səhər saat 6 radələrində 130 nömrəli hərbi hissənin ərazisindən istifadə etməklə 709 nömrəli hərbi hissəyə tank, BMP, BTR və digər hərbi texnikalar vasitəsilə geniş hücum təşkil edilmiş, tank tırtılları altında kazarmada yuxuda olan əsgərlərdən 12 nəfəri əzilmiş və vəhşicəsinə məhv edilmişdir. Eyni zamanda həmin kazarma top, minamyot və başqa silahlardan atəşə tutularaq tamamilə yandırılmış və daş-kəsək altında əsgərlərin cəsədləri qalmışdır". Komissiyanın məlumatına görə, basqın zamanı 69 nəfər hərbi qulluqçu və mülki şəxs öldürülmüş, 150-dən çox əsgər və zabit yaralanmışdı. Qarşı tərəfin cavab atəşi nəticəsində Bakıdan və ətraf rayonlardan gətirilmiş daxili qoşunların xüsusi təyinatlı dəstələri tərksilah olunmuş, 1250 hərbi qulluqçu girov götürülmüşdü.

Müharibə xəbərlərini xatırladan bu məlumatlar Gəncə faciəsinin miqyasını və təhlükəlilik dərəcəsini tam əks etdirmir. AXC-Müsavat iqtidarının öz hakimiyyətini nəyin bahasına olursa-olsun qoruyub saxlamaq naminə qeyri-peşəkarlıqla həyata keçirdiyi "Tufan" əməliyyatı əslində vətəndaş müharibəsinin başlanğıcı idi.

Əlbəttə, Gəncə hadisələri birdən-birə yaranmamışdı. Bu, o vaxtkı iqtidarın səriştəsiz siyasətinin, həmin siyasətin nəticəsi olaraq yaranmış anarxiya və xaosun qanunauyğun finalı idi.

On yeddi il əvvəl bütün bu hadisələrin nə ilə qurtaracağı hələ heç kəsə məlum deyildi. Çünki vəziyyət olduqca təhlükəli xarakter almışdı. Anarxiya və xaos elə bir həddə çatmışdı ki, ölkəni bu böhrandan çıxarmaq asan məsələ deyildi. Yalnız Heydər Əliyevin Bakıya gəlişi bütün təhlükələri sovuşdurdu. Ağır sarsıntılar içərisində üzülən xalq iyunun 9-da yüngülləşərək dərindən nəfəs aldı, çiyinlərdən sanki ağır yük gotürüldü: Heydər Əliyev gəlibsə, demək hər şey yaxşılıqla qurtaracaq!

İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və bununla da ölkədə hakimiyyət sükanı etibarlı ələ keçdi. Ümummilli liderimiz qısa vaxt içərisində ölkədə sabitliyi və əmin-amanlığı bərpa etdi. Həmin gün haqlı olaraq Azərbaycanın çağdaş tarixinə Milli Qurtuluş günü kimi əbədi daxil oldu. Ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi ilə Azərbaycanın tarixində yeni dövrün—demokratiya və inkişaf mərhələsinin başlanğıcı qoyuldu. 1993-cü ilin iyununda baş vermiş bu hadisələr xalqımızın gələcək taleyini müəyyən etdi. Həmin andan başlayaraq müstəqil Azərbaycan dövləti anarxiyadan sabitliyə, inkişafa doğru istiqamət götürdü.

 

 

Xəlil CABBAROV

 

Respublika.- 2010.- 9 iyun.- S. 5.