Ulu öndərimizin ideyaları daim yaşayır

 

Həyatını, taleyini müstəqil şəkildə qurub yaşamaq həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalq və millət üçün ən müqəddəs və şirin nemətdir. Biz azadlığımızın və müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bundan da mürəkkəb və ağır məsələdir. Qüdrətli dövlət olmadan azadlığı qorumaq mümkün deyil. Müstəqillik tariximizə Milli Qurtuluş Günü kimi yazılmış 1993-cü ilin 15 iyun günü xalqımız üçün çox əzizdir. Həmin çətin, keşməkəşli dövrün dəhşətini yaşayan, hadisələri görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynamış, daim xalqına arxalanmış və özü də xalqa arxa olmuş Heydər Əliyevdir.

Həmin dövrdə xalqımız müstəqilliyini yenidən itirmək təhlükəsi ilə üzləşmişdi. 1990-1993-cü illər ölkəmizin taleyinin hərraca qoyulduğu, fəlakətə sürükləndiyi bir vaxtda səsini qaldıran, Azərbayçan həqiqətlərini bütün dünyaya çatdıran Heydər Əliyevlə xalq amilini fəal siyasi müstəviyə çəkdi. Məhz bu dövrdə- Azərbaycanın təkləndiyi bir vaxtda xalqımızın böyük oğlu Azərbaycan adlı parçalanmış, qan içində üzən, 20 Yanvar faciəsinin məhrumiyyətindən özünə gəlməyə macal tapmamış erməni yaraqlılarının hərbi müdaxiləsi, daxildə isə satqın rəhbərlərin xəyanəti ilə üzləşən xalqımıza mənəvi ruh, bütövlük və tamlıq gətirdi. Lakin bu da taleyin işidir ki, onun Azərbaycana qayıdışı kimi məsul tarixi vəzifə, xilaskarlıq missiyası Azərbaycanın paytaxtından yox, Naxçıvandan başlandı.

HeydərƏliyev 1990-cı il iyun ayının 20-də təyyarə ilə Bakıya, iki gün sonra isə Naxçıvana gəldi.

Moskvadan Naxçıvana qayıdış o dövrün bəzi qəzetlərində yazıldığı kimi, əyalət mərkəzinə yox, Vətənə qayıdış idi. Böyük siyasətə yenidən və fəal şəkildə, birmənalı, ardıcıl, qətiyyətli qayıdış idi.

1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası olduqca gərgin bir dövr yaşayırdı. Bu dövrdə Qarabağ problemi ətrafında yayılan dalğanın zərbə qüvvəsinə məruz qalan, sərhədyanı kəndləri ermənilər tərəfindən işğal və qarət olunan, dincliyi əlindən alınan Naxçıvan "taleyin ümidinə buraxılmış tən-ha bir ada"nı xatırladırdı. Azərbaycanla nəqliyyat-kommunikasiya əlaqələri kəsiləndən sonra iqtisadi və siyasi böhran içində boğulan, erməni təcavüzü qarşısında əliyalın və köməksiz vəziyyətdə qoyulan Naxçıvanı düşdüyü vəziyyətdən yalnız Heydər Əliyev xilas edə bildi.

Tale Heydər Əliyevi bu regiona göndərməklə Naxçıvanı, onu gözləyən bəlalardan, işğal olunmaq, əhalisini isə qaçqın ömrü yaşamaq təhlükəsindən hifz etdi.

Azərbaycanın siyasi tarixində özünə parlaq iz qoymuş bu böyük şəxsiyyətin Naxçıvanda yenidən siyasi hakimiyyətə qayıdışı, sıravi deputat, sonralar isə Naxçıvan Muxtar Res-publikasının rəhbəri kimi fəaliyyət göstərməsi Naxçıvandan başlanan müstəqillik yolunun bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı. Azərbaycanın üçrəngli bayrağı ilk dəfə olaraq Heydər Əliyevin sədrliyi ilə keçən Naxçıvan parlamentinin iclas zalında qaldırıldı. Keçmiş Sovetlər Birliyinin mövcud olduğu bir dövrdə cəsarətli addımlar atılaraq Naxçıvan Muxtar Respublikasının adından "Sovet Sosialist" sözləri götürüldü. Milli şüurun dirçəlməsi istiqamətində ən zəruri tədbirlər görüldü.

Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyası (YAP) təşkil edildi. O vaxtkı səriştəsiz iqtidar uzun müddət öz yarıtmaz fəaliyyəti ilə ölkəni parçalamaq həddinə çatdırmışdı. Vətəndaş müharibəsi üçün zəmin yaranmışdı. Odur ki, başlanmış bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən iqtidar son anda kömək üçün Heydər Əliyevə müraciət etməli olmuşdu.

Bu dövrdə Naxçıvan Muxtar Respublikasının həyatında mühüm dəyişikliklər baş vermiş, əmin-amanlıq yaranmış, siyasi tarazlığın pozulmasına yönəldilən cəhdlərin qarşısı alınmışdır. Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü dövlətçilik təcrübəsində xalqla işləməyi bacarmaq nümunəsidir.

Azərbaycanda dövlət quruculuğu ağrılı, əzablı yollar keçib. Bu yolun ən məsul məqamlarında ictimai-siyasi mühitin xüsusi həyəcanla vuran nəbzi xalqın uzun illər həsrətində olduğu müstəqilliyini itirmək nigaranlığı ilə bağlı olmuşdur. 1993-cü ilin iyununda da bu vəziyyət yaranmış, xalq real parçalanma, məhvolma təhlükəsi qarşısında qalmışdı. O günlərin dramatik, faciəli gedişləri ilk baxışdan Azərbaycan xalqı üçün başqa bir alternativ qoymamışdı.

Lakin əsl yolu zaman özü seçdi. Xalqın iradəsi hər şeyə qalib gəldi və müstəqil Azərbaycan öz nicatını görkəmli siyasətçi Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışında tapdı. Təsadüfi deyil ki, taleyinə xilaskarlıq missiyası yazılan əvəzedilməz liderin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıtdığı gün-1993-cü ilin 15 iyunu tarixə Milli Qurtuluş Günü kimi daxil oldu. Keçdiyimiz zaman məsafəsi xalqın düzgün qərar qəbul etdiyini, saysız-hesabsız problemlər məngənəsində sıxılan ölkəmizin bu ağır və məsul dövründə onu qurtuluşa aparmağa qadir olan yeganə şəxsiyyətin məhz Heydər Əliyev olduğunu bir daha sübut etdi. Heydər Əliyevin Naxçıvandan Bakıya, böyük siyasətə qayıdışı şərəfli xilaskar missiyasına-Azərbaycanı Azərbaycana qaytarmaq məramına xidmət edir.

Beləliklə, Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərin qarşısını uğurla aldı. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edildi. Onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz xaosdan xilas oldu, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazandı. Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi: "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir". Həmin missiya bu gün də böyük uzaqgörənliklə və müdrikliklə davam etdirilir.

 

 

Ələkbər ƏLİYEV

 

Respublika.- 2010.- 9 iyun.- S. 5.