Nəşriyyat-poliqrafiya müəssisələrinin uğurları sevindiricidir

 

Sürətli inkişaf tempinə görə lider mövqeyini davam etdirən Azərbaycanda digər sahələrlə yanaşı, mədəniyyət sahəsi də özünün yüksəliş mərhələsini yaşayır. Məhz mədəniyyətimizin hazırkı, inkişaf səviyyəsinin ildən-ilə artmasmı, gələcək perspektivlər baxımından mühüm əhəmiyyət kəsb etdiyini dünyanın aparıcı sosioloqları xüsusi vurğulayırlar. Son illər bu sahədə baş verən proseslər cəmiyyətdə belə bir aydın rəy formalaşdırıb ki, ölkəmiz kitab renesansı dövrünə qədəm qoymuşdur. Bu da şübhəsiz ki, kitaba olan münasibətin tamamilə dəyişməsi, oxucu marağının artması ilə yanaşı, nəşriyyat-poliqrafiya sahəsinin müasir tələblərlə yenidən qurulması, bu sistemdə fəaliyyət göstərən müəssisələrin uğurlu işi ilə səciyyələndirilir.

Ötən il Azərbaycanın mədəni həyatında böyük hadisə kimi yaddaşlarda qalan Bakıda ilk beynəlxalq kitab sərgi-yarmarkasının keçirilməsi bunu aydın təsdiq etmişdir. Onu da qeyd etmək lazımdır ki, kitab nəşri sahəsinin inkişafı, oxucu marağının artması nəzərə alınaraq mütəmadi olaraq kitab bayramları, sərgilər təşkil olunur. Bu tədbirlərdə əldə olunan nailiyyətlər məhz oxucu kriteriyası ilə dəyərləndirilir. Bu günlərdə Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin ildönümü münasibətilə təşkil edilən X kitab bayramı da ilin kulturoloji tədbiri kimi diqqəti cəlb edir. Tədbirin əsas təşkilatçıları Yeni Yazarlar və Sənətçilər Qurumu, Yazıçılar Birliyi İQƏAİM, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası rəngarəng proqramla daha bir mühüm əhəmiyyətli hadisəni gerçəkləşdirdilər. Tədbirdə "İlin milli kulturoloji mükafatı" müsabiqəsinə də yekun vurulmuşdur. "İlin nəşriyyatı" nominasiyasının qalibi "Təhsil" nəşriyyat-poliqrafiya müəssisəsinin baş direktoru, təcrübəli naşir Bəhruz Axundov bizimlə söhbətində qeyd etdi ki, bu bayram artıq ənənəyə çevrilib və budəfəki tədbirin yubiley olmaqla xüsusi önəmi, özəlliyi vardır. Müsabiqə il boyu fəaliyyətin yekun nəticəsini əhatə edir. Onu da əlavə edim ki, bütün parametr göstəricilərinə görə yüksək səviyyədə həyata keçirilən bu müsabiqədə ölkəmizin çoxsaylı nüfuzlu nəşriyyat-poliqrafiya müəssisələri iştirak edirdi. Müəssisəmizin qazandığı bu mükafat onun fəaliyyətinin, nəşr etdiyi kitabların keyfıyyətinin parlaq ifadəsi olmuşdur. Bu da, şübhəsiz ki, qürurverici amildir. "Təhsil" nəşriyyatının bununla altıncı dəfə "İlin nəşriyyatı" seçilməsi onun bu sahədə həmişə öndə olmasına dəlalət edir. Nəşriyyatımızın indiyə qədər bir çox mötəbər beynəlxalq sərgi-müsabiqələrdə uğurlar qazanması, mükafatlar alması, qalib olması ictimaiyyətə yaxşı mə-lumdur. Bildiyiniz kimi, "Təhsil" nəşriyyatının "Qarabağ" kitabı beynəlxalq kitab sənəti müsabiqəsinin qalibi olubdur, digər dəyərli, yüksək keyfiyyətli nəşrlərimiz də mükafatlara layiq görülübdür. Biz builki müsabiqəyə bir neçə nominasiya ilə bərabər, ən baş prizə "Qran-Pri" mükafatına kitab təqdim etməyi nəzərdə tutmuşuq. Onu da xatırladım ki, bu müsabiqə hər il Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilir. Yenə böyük uğur qa-zanacağımıza inanıram. Bu nailiyyətləri ümumilikdə Azərbaycanın beynəlxalq arenada uğuru hesab edirəm. Yeri gəlmişkən, xatırladım ki, "Qarabağ" kitabının qalib gəldiyi müsabiqə-də xalqımızın əzəli düşmənləri ermənilər də təmsil olunurdular. Münsiflər heyətinin nümayəndələrinin əksəriyyəti də onlara dəstək verməyə çalışırdılar. Lakin bütün bu xoşagəlməz cəhdlərə baxmayaraq, bizim kitabımız kitab sənəti beynəlxalq müsabiqəsi tarixində əldə edilən ən yüksək bala layiq görüldü. Qarabağın tarixinə real işıq salan, həqiqətləri ortaya qoyan, nəhayət, Azərbaycanın ayrılmaz guşəsi olduğunu təsdiq edən kitabın bu cür yüksək balla qalib gəlməsi adi bir vətəndaş kimi də bizə sonsuz fərəh hissi bəxş etmişdir. Həmin qələbənin növbəti müsabiqədə təkrarlanması üçün ciddi hazırlaşmışıq.

Respublikamızın nüfuzlu beynəlxalq müsabiqələrə ev sahibliyi etməsi Azərbaycanın nəşriyyat-poliqrafiya sisteminin yüksək səviyyəyə çatdığını, beynəlxalq müstəvidə qəbul olunduğunu təsdiq edir. Bakıda təşkil olunan sərgidə dünyanın iyirmidən artıq ölkəsindən ölkəmizə təşrif buyurmuş qonaqlar da bizdəki nəşriyyat-poliqrafiya sahəsinin inkişaf səviyyəsinə, kitaba marağa, kitablarımızın keyfiyyətinə öz heyrətlərini gizlədə bilməmişdilər, belə bir ölkəyə gəldiklərindən məmnun qaldıqlarını, qarşılıqlı əlaqələrin daha sıx qurulmasının onların da fəaliyyətlərində səmərəli olacağını etiraf etmişdilər.

Qeyd etmək lazımdır ki, nəşriyyatların real gəlir mənbəyi çap etdiyi kitabların realizəsindən, onun satışından daxil olan vəsaitidir. Keçmiş İttifaq dönəmində bu işi həyata keçirən ayrıca qurum vardı. Bu qurumun bütün bölgələrdə kitab mağazaları kitab satışı ilə məşğul olurdu, nəşriyyatlar onun köməyi ilə belə bir əlavə qayğıdan uzaq idilər. Etiraf edim ki, nəşriyyatların durumu da yaxşı idi. Yeni iqti-sadi münasibətlərə keçidlə əlaqədar aparılan islahatlar nəticəsində bu qurum və onun maddi-texniki bazası, balansında nə varsa dağıdıldı. Bu hal nəşriyyatların fəaliyyətinə də təsirsiz ötüşmədi. İndi bizim satış sistemi, onun icra mexanizmiləmir. Düşünürəm ki, belə bir qurumun yaradılması zəruridir. Bu işdə bütün şirkətlər birgə çalışmalı, əl-ələ verib ümumi bir sistemin qurulmasına səy gostərməlidirlər. Məsələnin tezliklə həlli yeni inkişaf mərhələsində uğurla fəaliyyət göstərən nəşriyyatlara daha böyük layihələri reallaşdırmağa güclü stimul verə bilər. Təəssüf ki, ölkəmizdə əhali arasında kitab almaq istəyənlər azdır. İndi dəbdə hədiyyə kitab qəbul etməkdir. Amma kitabı gərək müəyyən qiymətlə alasan. Mən özüm hansı ölkəyə səfərə gedirəmsə, mütləq oranın kitab mağazalarına baş çəkirəm, kitab alıram. Çünki kitab ən böyük mədəniyyət gostəricisidir. İstənilən ölkə haqqında məlumat almaq istəyirsənsə, kitaba müraciət etməlisən. Kitab ölkənin tarixi, iqtisadiyyatı, sosial həyatıdır. Belə bir gözəl kəlam da var. Hər kəsin təfəkkürü, düşüncəsi onun evində olan kitabxanası qədərdir. Kitab bəşəriyyətin bu günə qədər nail olduğu ən böyük tapıntı, qiymətli kəşfdir.

Kitabsız heç bir elm, maarif, təhsil, mədəniyyət yoxdur. Mədəniyyətsiz isə gələcək mümkün deyil. Heç nə, ən müasir texnologiyalar da nə qədər vacib və gözəl olsa da, kitabı əvəz edə bilməz. Həyat var olduqca, kitaba ehtiyac da olacaqdır. Bu mənada, mən həmkarlarımı daha əzmlə çalışmağa çağırıram. İlin nəşriyyatı adını qazanmaq "Təhsil" nəşriyyat-poliqrafiya müəssisəsinin bundan sonrakı fəaliyyətində üzərinə əlavə məsuliyyət qoyur. Kollektivimiz təcrübəli mütəxəssislərdən ibarətdir, onlar qarşıda duran yeni, məqsədyönlü vəzifələri layiqincə yerinə yetirməyə qadirdir. Nəşriyyatımızın gələcək üçün nəzərdə tutulan geniş əhatəli planları var. Çalışırıq ki, bu sahənin inkişafına dəyərli töhfələr verək.

Müsabiqənin qalibi "Aspoliqraf" nəşriyyat-poliqrafiya MMC-nin adı və fəaliyyəti kitabsevərlərə, ictimaiyyətə yaxşı məlumdur. Müəssisə dərslik, dərs vəsaiti, elmi kitabların nəşrində ölkəmizdə fəaliyyət göstərən şirkətlər arasında yüksək keyfıyyətli çap məhsulları ilə həmişə seçilmişdir. Şirkətin özünəməxsus imici, kifayət qədər nüfuzu vardır. Builki yubiley mərasimində müxtəlif nəşrləri iştirak edən "Aspoliqraf' nəşriyyat-poliqrafiya müəssisəsi "Sənətin məcnunu" albom-tədqiqat əsərini, "Bapbalaca əlifba" adlı nağıllı, sehirli, tapmacalı və şəkilli dərs vəsaitini nəfis şəkildə, yüksək poliqrafik keyfiyyətdə çap etdiyinə görə ilin birincisi mükafatına layiq görülüb. Aspoliqrafın rəhbəri gənc olmasına baxmayaraq, təcrübəli naşir kimi təşkilatçılıq bacarığı ilə yüksək karyera əldə etmişdir. Nəşriyyat-poliqrafiya sahəsində həyata keçirilən prosesləri yaxşı duyur, yenilikləri müəssisənin fəaliyətində uğurla tətbiq edir, onun bir sıra perspektivli metodlarından digər şirkətlər də bəhrələnirlər. Şirkət fəaliyyətində keyfiyyət, müasirlik, oxucu tələbatını başlıca şərt hesab edir. Kollektivin əldə etdiyi bütün nailiyyətlərin mənbəyi bu amillərlə yanaşı, güclü maddi-texniki bazadan, peşəkar kadr ehtiyatından qaynaqlanır. Nəşriyyat-poliqrafiya sahəsinin hazırkı inkişaf səviyyəsinin müəssisənin qarşısında yeni üfüqlər açdığını xüsusi qeyd edək "Aspoliqraf" nəşriyyat-poliqrafiya müəssisəsinin direktoru Tural Axundov sərgi, müsabiqələrin hər bir nəşriyyatın potensialının nümayiş etdirilməsində güclü rol oynadığını bildirdi. Bu sahənin respublikamızın sosial-iqtisadi inkişaf sürəti ilə eyni tempdə tərəqqi etməsini təqdirəlayiq hal olduğunu, qazanılan uğurlarda ölkə başçısının bu sahəyə xüsusi diqqət və qayğısı aydın nəzərə çarpır. Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafına çox böyük dəstəyi var. Son bir neçə ildə mədəniyyətimizə, musiqimizə, təhsilimizə, tariximizə, xüsusən də Qarabağa aid dəyərli kitabların, nəşrlərin, dərgilərin işıq üzü görməsində əvəzsiz xidmətləri olmuşdur. İnanırıq ki, bu diqqət və qayğı daha da genişlənəcəkdir.

Kitabı bugünkü gəncliyə sevdirmək lazımdır. Onu da qeyd edim ki, bu, yalnız nəşriyyatların işi deyil, bu, ziyalıların, bütün ictimaiyyətin, hər bir ölkə vətəndaşının işi və vəzifəsidir. Çünki kitab təlim-tərbiyədə, vətənpərvərlik hisslərinin aşılanmasında, intellektual biliklərin əldə olunmasında əvəzsizdir. Kitab bilik mənbəyidir. Yeni nəşrlərə ehtiyac vardır. Artıq iki ilə yaxındır ki, nəşriyyatımız uşaq ədəbiyyatı kitabxanası rubrikası altında xüsusi kitablar nəşr edir. Azərbaycanın şifahi xalq ədəbiyyatının inciləri nağıllardan, Dədə Qorqud dastanından tutmuş klassiklərimizin əsərlərini uşaqların başa düşəcəyi sadə dildə çap etmişik. Digər perspektivli layihələrimiz üzərində iş gedir. İlin layihəsi nominasiyasının qalibi olmağımız da təsadüfi deyil. Kollektivimiz bu geniş layihələri həyata keçirməyə qadirdir. Bir sözlə, qarşıda Azərbaycan oxucusunu sevindirəcək işlərimiz çoxdur.

 

 

Mustafa KAMAL

 

Respublika.- 2010.- 9 iyun.- S. 6.