Cəfakeş alim, yorulmaz tədqiqatçı

 

İmaməddin Zəkiyev yeddinci sinfi bitirənə qədər təhsil və tərbiyəsini Quba rayonunun Cimi kənd uşaq evində, orta təhsilini isə Qonaqkənd qəsəbə məktəbinin nəzdindəki internatda almışdır. Təhsilini başa vurana qədər rayon və respublika mətbuatında 50-dən çox şeir, oçerk, felyeton, məqalə ilə çıxış etmişdir. Yazılarının altında şagird sözünü yazmadığına görə rayon qəzetlərinin xülasəsini verən mərkəzi mətbuat ("Kommunist", "Bakinski raboçi") onları kənd müəlliminin diqqətəlayiq yazıları kimi dəyərləndirmişdi... Halbuki o, bir il rayon qəzeti redaksiyasında işlədikdən sonra BDU-ya qəbul olunmuş (1958) və oranı 1963-cu ildə bitirmişdir. BDU-da və Bakı Mədəni-Maarif texnikumunda dərs deyə-deyə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun mətnşünaslıq şöbəsində professor Ə.Mirəhmədovun rəhbərliyi ilə elmi iş üzərində çalışmış, respublikanın qəzet və jurnallarında maraqlı elmi, ədəbi, publisist yazılarla müntəzəm çıxış etmişdir. "Aprel çiçəkləri"(1960), "Uğur olsun" (1961), "Gənc qələmlər" (1967) ədəbi almanaxlarında şeirləri işıq üzü görmüşdür. Onun yaradıcılığında elmi-nəzəri mövzularla yanaşı, ədəbi-tənqidi məqalələr çoxluq təşkil edir. "Azərbaycan", "Ulduz", "Qobustan" jumallarında, "Azərbaycan" qəzeti, "Xalq qəzeti", "Ədəbiyyat və incəsənət" , "Ədəbiyyat qəzeti", "Azərbaycan gəncləri", "Azərbaycan müəllimi", "Vışka" və digər ədəbi, elmi, siyasi-kütləvi nəşrlərdə, BDU-nun "Dil və Ədəbiyyat" beynəlxalq elmi nəzəri jurnalında, "Bakı Dövlət Universitetinin Xəbərləri"ndə , M.F.Axundzadə adına Azərbaycan Dövlət kitabxanasının "Elmi Əsərləri"ndə , Mədəniyyət və İncəsənət Universitetinin "Mədəniyyət dünyası"da, İstanbul və Egey universitetlərinin dünyaya yayımlanan elmi məcmuələrində, Türkiyədə çıxan "Kültür evreni" (Mədəniyyət dünyası) beynəlxalq dərgisində və s. nüfuzlu mətbuat orqanlarında yer almış xeyli yazıları ədəbi, elmi içtimaiyyətin rəğbətini qazanmışdır. "XIX əsrin kitablarını vərəqlərkən..." (1970), "İllər və tədqiqlər"(1980), "M.F.Axundovun realizmi haqqında yeni kitab" (1980), "Susan qəlbin yadigarı"(1985), XIX əsrin naməlum kitabxana təsisçisi "Mirzə Məhəmmədəli Qasımov kimdir?",(1992), "Nizami-öyrənilməmiş səhifələr"(1992), Xl əsrin naməlum Azərbaycan alimi "Ibrahim Qrızi haqqında nə bilirik?" (1999), "Orta əsrlərin naməlum xınalıqlı alimləri" (2006), "İynənin ucu boyda böyük kəşf (2006), "Beş əsr yarımdan sonra tanınan alim" (rus dilində, 2009) və s. məqalələrində İ.Zəkiyev yeni söz deməyə can atmaq hesabına bir sıra ədəbi, elmi, tarixi həqiqətləri üzə çıxarmaqla fədakarlıq nümunəsi göstərmişdir.

Klassik və müasir irsdən güclü yaradıcılıq təkanı alan müəllifin hər bir yazısı dilinin sadəliyi, oxucunu öz ardınca aparmaq gücü, məziyyətləri ilə seçilir. Müəllimlərinin, tələbələrinin və tədqiqatçıların tez-tez onun elmi axtarışlarına, yeni tapıntılarına istinad etməsini də həmin məntiqlə izah etmək olar.

İ.Zəkiyev dar ixtisas adamı deyil. Onun məqalələrində tarixi həqiqətə sədaqət, tədqiq etdiyi mövzulara elmi-tənqidi baxış və müasir yanaşma ruhu hakimdir. Bir mövzudan başqa mövzuya keçəndə də yazılarının üslub xüsusiyyələri, ideya-məzmun dəyəri saxlanılır, fikir ixtilaflarına yer qalmır. "Klassik irsin tədqiqi", "Zor ağıl kürsüsündə", "Üç əsri görmüş Qubalı müdrik haqqında ilk kitab", "Unudulmaz şairin unudulmuş irsi" və s. məqalələrində o, ədəbiyyatşünas-alim və ədəbiyyat tənqidçisi kimi çıxış edirsə, "Təşəbbüs yaxşıdır, amma...", "Ədəbiyyatşünaslıq", "Ensiklopedik lüğət", "İlk azərbaycanlı ensiklopediyaçı və nəşri dayandı-rılmış ilk Azərbaycan Ensiklopediyası"kimi oçerklərində o, lüğətşünasa, leksikoqrafa daha çox bənzəyir. "IV-VII əsrlərin mənəvi mənzərəsinə bir baxış" (2006), "VII-VIII əsrlərdə Azərbaycan kitabına doğma və yad münasibət" (2006), "Azərbaycan kitabı IX-X əsrlərdə" (2006), "Iki əsrin üç parlaq siması" (2007), "Kitab sandıqlarının açılmamış sirləri" (2007) və s. çoxsaylı yazıları onun tanınmış kitabşünas alim olduğunu təsdiqləyən etibarlı zəmanətdir. "70 il qələm və fırça ustaları arasında" dünya şöhrətli rəssam və kitab incəsənəti korifeyi "Sultan Məhəmmədin ömür kitabından səhifələr", "Kitablar arasında keçən ömür", altı əsrdən sonra Azərbaycan oxucularına çatdırılan kitab və kitabxana tarixinə dair ilk "Naməlum "hesabatın məlum mətni" və s. araşdırmaları kitab incəsənətinin sirlərinə İ.Zəkiyevin dərindən bələdliyinə şübhə yeri qoymur. Azərpoçtun baş direktoru Qəmbər Bəybalayevin Azərbaycan poçtunun tarixindən bəhs edən elmi monoqrafiyasına həsr etdiyi "Analoqu olmayan kitab" (2005) adlı iri həcmli oçerkində kitab müəllifinin dünyada, Şərqdə və Azərbaycanda poçt-rabitə quruculuğunun tarixinə, poçt rabitəsinin təşkili və təhlükəsizliyinin təmini məsələlərinə dair son dərəcə qiymətli açıqlamalarına İ.Zəkiyevin elmi münasibəti həmin sahədə də onun səriştəli alim olmasından soraq verir.

Alimin məqalələrinin bir qismində tarixşünaslıq, mətnşünaslıq, Azərbaycanşünaslıq metodologiyasından doğan klassik və müasir ənənələrə güclü meyli də özünü açıq büruzə verir. Yuxarıda adını çəkdiyimiz və "Bakı Dövlət Universitetinin Xəbərləri"ndə (2005, N4, s. 109-116) çap etdirdiyi "İlk azərbaycanlı ensiklopediyaçı və nəşri dayandırılmış ilk Azərbaycan Ensiklopediyası" oçerki daha bir tarixi erməni xəyanətini üzə çıxarmışdır. Orada deyilir ki, otuzuncu illərdə ilk milli ensiklopediyanın 17 cilddə çıxmasına bir neçə dəfə qərar verilsə də, yüksək dairələrdəki ağalarından dəstək alan "Qaba xasiyyətli azmış ermənilər" (VII əsr Azərbaycan tarixçisi Musa Kalankatlı) bu ideyanın baş tutmasına mane olmuşlar. Halbuki 1935-ci ildə Azərbaycanda ilk AŞE (Azərbaycan Şura Ensklopediyası) nəşriyyatı yaradılmış və ona rəhbərlik görkəmli filosof H.Hüseynova etibar edilmişdi. Professor V.Xuluflunun müqəddimə yazdığı birinci cildin "Sözlük". kitabçasını (AŞE nəşriyyatı, 1935, 47 səhifə, 2000 nüsxə) çətinliklə üzə çıxaran alim təşəkkürə və minnətdarlığa layiq iş görmüşdür. O yazır ki, 1932-1933-cü iilərdə 17 cildliyin nəşrinə ciddi hazırlıq görülsə də, erməni qısqanclığı və şimaldan əsən sərt "küləklər" qarşısında Azərbaycan ensiklopediyaçılarının duruş gətirməsi müşkül məsələyə çevrilmişdir. "Azərbaycan Şura Ensiklopediyasının nəşrinə dair" müqəddimədən aydın olur ki, o zaman bu ideya baş tutsaydı, "1935-ci ildə 1-ci, 1936-cı iidə 2-ci və 3-cü cild, qalan müddətdə isə ildə 3 cild çapa" hazırlanacaqdı. Birinci cilddə "3700 məqalə dərc" ediləcəkdi. Müqəddimədə daha sonra deyilir ki, ilk milli AŞE Moskvada buraxılmış "Malaya Sovetskaya Ensiklopediya"dan böyük olacaqdı. Məsələn, bu ensiklopediya 10 cild və ona daxil edilən söz-məqalənin miqdarı 35 minə qədər olduğu halda bizim ensiklopediya 17 cild və ona daxil edilən söz-məqalə 55 mindən artıq olacaqdır". Ermənilərin və onların maskalanmış havadarlarının dalağını sancan da elə bu idi...

İ.Zəkiyev o dövrün mətbuatını da izləmiş və M.N.Kriptonimf ilə çap olunmuş maraqlı bir məlumatı üzə çıxarmışdır. Orada deyilir ki, AŞE-nin hazırlanmasına 80-dən çox görkəmli alim cəlb edilmişdir. Birinci cild bu günlərdə çapa veriləcək. İkinci-üçüncü cildlər üzərində son tamamlama işləri aparılır ("Bakinskiy raboçiy" 1936, 14 sentyabr, N-214, s.4).

Yaradıcılığının ən məhsuldar dövrünü yaşayan İ.Zəkiyev hər bir məqalə və kitabında bizi yeniliklərlə tanış edir. O, vətəndaşlıq fəallığı ilə seçilən, elm, ədəbiyyat, kitab, mədəniyyət ulduzlarının ideya irsinin işığına özünü borclu və minnətdar sayan ziyalıdır. "Mənim nəslim mənim özümdən başlayır" deyən və indiyə qədər məlum olmayan arxiv materialları əsasında elmi, ədəbi-mədəni tariximizin son dərəcə qiymətli faktlarını üzə çıxan bu zəhmətkeş alimin təmənnasız əməyi ən yüksək təqdirəlayiqdir. Qaranlıq mətləbləri aydınlaşdırmaq naminə İ.Zəkiyevin məşəl alışdırmaq bacarığı ilə tədqiqatçılıq əzminin üst-üstə düşməsi bu işdə ona kömək olan əsas faktordur,

Bu müxtəsər qeydlərdən boylanan həqiqət sanki dil açıb deyir ki, İ.Zəkiyev yazılarında oxucuya mötəbər söz demək bacarığı olan alimdir. Bunun kökündə əsrlərin sınağından qalib çıxmış klassik elm və ədəbiyyat incilərindən, mədəniyyət və incəsənət nümunələrindən onun qaynar yaradıcılıq bulağı kimi istifadə edib öyrənmək və öyrətmək məharəti durur. Deməliyəm ki, mən son vaxtlarda onun yaradıcılığının bəzi özəlliklərini dərk edərkən qiyabi olaraq, imzasından tanıdığım bu məhsuldar alimi yenidən tanıdım, bir az da dəqiq desəm, onu kəşf etdim. Belə bir inama kökləndim ki, oxuduqlarına tənqidi, araşdırdığı mövzulara səmərəli, insanlara səmimi yanaşmaq kimi ibrətli cəhətlər İ.Zəkiyevin həyat devizidir.

Qələminə dinclik verməyən bu genişürəkli alim və pedaqoq-SSRİ maarif əlacısı (1981), Metodist müəllim (1992) və "Qızıl qələm" (2001) mükafatı laureatıdır. Ömrünün müdrik çağında o yenə də ilhamla yazıb-yaradır, milli ədəbi irsin öyrənilməsinə yeni-yeni töhfələr verir. Ona bu yolda uğurlar arzulayırıq.

 

 

İlham PƏNAHOV

 

Respublika.- 2010.- 4 may.- S. 6.