Nümunəvi təlim-tərbiyə ocağı

 

Yeni dərs ilini respublikanın məktəbəqədər tərbiyə müəssisələri də yüksək hazırlıqla qarşılayıb. Bunu yolumu saldığım Bakının Binəqədi rayonundakı 215 saylı körpələr evi-uşaq bağçasında bir daha müşahidə etdim. Tərbiyə ocağının həyətyanı sahəsindəki təmizlik işləri, səliqə-sahman, bellənmiş ağaclar, uşaqların istirahət, əyləncə yerləri, təmir olunmuş kölgəliklər diqqətimi cəlb etdi. Və bu istiqamətdə müşahidələrimi bağçanın daxilində də davam etdirdim. Bağçanın foyesi, qrup otaqları, dəhlizlər, kosmetik təmir edilmiş, müasir tələblərə uyğun tərtibat işləri aparılmışdı. Təhsil Nazirliyi tərəfindən bağçaya uşaqların yaş səviyyələrinə uyğun onların idrak, təfəkkür, əqli, fiziki inkişaflarına yönəlmiş xeyli sayda metodiki, yol hərəkəti qaydalarına aid vəsaitlər, nağıllar, test kitabçaları və s. hədiyyə olunub. Eyni zamanda həmin qurum tərəfindən bağça yumşaq və bərk inventarlarla təchiz edilib. Yeni dərs ilində burada rus və Azərbaycan qruplarında 200-dən artıq uşaq təlim-tərbiyə alacaq, 20 nəfər tərbiyəçi çalışacaq. Onu da qeyd edək ki, uşaq kontingenti sarıdan bağçada sıxlıqdır. Bağçanın yerləşdiyi Dərnəgül qəsəbəsi, Atatürk-37 ünvandan kənar ərazilərdə yaşayan valideynlər də uşaqlarının burada təlim-tər-biyə almasını istəyirlər. Bu da səbəbsiz deyil.  Tərbiyə ocağında nizam-intizamın olması, uşaqlara olan diqqət və qayğı, təlim-tərbiyə prosesinin müasir tələblərə uyğun qurulması, möhkəm maddi-texniki baza və s. buna imkan verir. Bağçada üç qaçqın ailəsinin məskunlaşması da tərbiyə prosesinə ciddi maneə yaratmır. Rəhbərlik və pedaqoji kollektiv bu ailələrə qayğı göstərir.

Körpələr evi-uşaq bağçasına zəngin təcrübəli müəllim Aliyə Haqverdiyeva rəhbərlik edir. Aliyə müəllim 1985-ci ildə Bakı məktəbəqədər Pedaqoji texnikumu, 1991-ci   ildə   Azərbaycan Dövlət Pedaqoji Universitetinin məktəbəqədər tərbiyə, pedaqogika fakültəsini bitirib. Ayrı-ayrı illərdə Bakının Xətai rayonundakı 236, 242 saylı körpələr evi-uşaq bağçalarında tərbiyəçi, metodist, Nizami rayonundakı 129 saylı məktəbəqədər tərbiyə müəssisəsinin müdiri vəzifəsində çalışıb. 2007-ci ildən etibarən isə 215 saylı körpələr evi-uşaq bağçasının müdiridir. O, nəinki çalışdığı tərbiyə müəssisələrinin, hətta rayon pedaqoji kollektivləri arasında da dərin nüfuz qazanıb. İşinə ciddi məsuliyyətlə yanaşması yüksək peşəkarlığı və s. keyfiyyətləri ilə həmişə fərqlənənlər sırasında olub. Rəhbərlik etdiyi tərbiyə ocağının pedaqoji kollektivi şəhər, rayon səviyyəsində keçirilən müxtəlif müsabiqələrdə uğurla iştirak edərək fəxri fərmanlarla mükafatlandırılıb.

Aliyə müəllim bizimlə söhbətində beş yaşlıların bağçaya cəlb olunmasından danışdı. Bildirdi ki, əvvəlki illərdən   fərqli   olaraq   valideynlərin öz uşaqlarının bağça təliminə cəlb olunmasına maraqları artıb. Bu istiqamətdə nəinki işləyən valideynlər, hətta işləməyən valideynlərin də maraqlı olduğunu dedi. Qeyd etdi ki, bu dərs ilində hazırlıq qrupundan 1-ci sinifə 103 nəfər uşaq yola salmışıq. Onlar əlifbanı, riyazi hesablamağı, saymağı, şeir söyləməyi, mahnı oxumağı, rəsm çəkməyi öyrənmişlər. Uşaqların milli-vətənpərvərlik ruhunda tərbiyələri də diqqət mərkəzindədir. Bu mövzuda şeir, mahnı öyrədilir. Hər il olduğu kimi bu dərs ilində də onların iştirakı ilə yaxın, uzaq tarixi günlərimizin ildönümləri, milli bayramlarımız keçiriləcək, Şəhidlər Xiyabanına, ulu öndərimizin məzarına ziyarətləri təşkil olunacaq. Aliyə müəllim istedadlı uşaqların aşkar olunub üzə çıxarılması istiqamətində aparılan tədbirlərdən də söz açdı.

Orta yaş və məktəbə hazırlıq qruplarında tərbiyə olunanlar arasında valideynlərin  iştirakı  ilə  şeir,  mahnı, rəqs müsabiqələrini keçiririk, fərqlənənləri mükafatlandırırıq. Hər il Gül Bayramında iştirak edir, uşaqların və tərbiyəçilərin əl işlərindən ibarət sərgi nümayiş etdiririk, onlarda əməyə məhəbbət hissi aşılayırıq. Ağac əkmək aksiyası keçiririk. Bu dərs ilində də onu davam etdirməyi nəzərdə tutmuşuq. Bağçamızda öz işini bilən, uşaqları öz övladları kimi sevən, sənətinə vurğun tərbiyəçilər çalışır.

Dörd nəfər tərbiyəçi müəllim ixtisasartırma kursunun dinləyicisi olub. İl ərzində tərbi-yəçilərimizdən A.Məhərrəmovanın "Nitq inkişafı, bədii ədəbiyyat", A.Rzayevanın "Fiziki mədəniyyət", A.Hacıyevanın "Nitq inkişafı, ətraf aləmlə tanışlıq", Z.Əliyevanın "Rəsm", İ.Abdullayevanın "Nitq inkişafı, savad təliminə hazırlıq" və s. mövzularda açıq məşğələlərini keçirmişik. Təşkil etdiyimiz açıq məşğələlərdə, seminar-müşavirələrdə yerləşdiyimiz rayonun, habelə, paytaxtın digər rayonlarında fəaliyyət göstərən məktəbəqədər tərbiyə müəssisələrinin bir qrup rəhbər və tərbiyəçiləri, bu istiqamətdə tanınmış alimlər də iştirak etmişlər. Yeni dərs ilində bu istiqamətdə işimizi planlı şəkildə daha da genişləndirməyi nəzərdə tutmuşuq.

 

 

Pəri SOLTANQIZI

 

Respublika.- 2010.- 14 oktyabr.- S. 7.