Sərnişinlərə xidmətin səviyyəsi yüksəlir

 

Bu gün milli maraqlar üzərində qurulan məqsədyönlü siyasət və bu istiqamətdə qazanılan böyük nailiyyətlər Azərbaycanın hərtərəfli və dinamik inkişafını təmin edir. Dövlətimizin başçısı möhtərəm İlham Əliyevin rəhbərliyi ilə uzunmüddətli inkişaf strategiyamızın dönmədən və uğurla icra olunması sayəsində həyatımızın mənzərəsi daim dəyişir, müasirləşir, insanların həyat səviyyəsi durmadan yüksəlir. Siyasi, sosial-iqtisadi, yol-nəqliyyat, təhsil, davamlı enerji siyasəti, beynəlxalq aləmdə etibarlı tərəfdaş olmağımız, qlobal transmilli layihələrdə təşəbbüskar və əvəzolunmaz rolumuz müstəqil Azərbaycan dövlətinin dünyadakı mövqelərini möhkəmləndirib, qüdrətini daha da artırıb. Son illər aparılan genişmiqyaslı siyasi və iqtisadi islahatların, həyatımızın bütün sahələrini əhatə edən qlobal dövlət proqramlarının qəbul edilməsi və həyata keçirilməsi nəticəsində həyatımızın mənzərəsi tamamilə dəyişib.

Son illər Azərbaycanda dinamik inkişaf tempinə malik olan sahələrdən biri dəmir yolu sahəsidir. Bu sektorun inkişafını ölkəmizin siyasi kursunda prioritet istiqamət kimi dəyərləndirən cənab İlham Əliyev deyib: "Neft sektorundan sonra nəqliyyat ölkə üçün ən mühüm sahədir və burada inkişaf perspektivləri çox gözəldir. Biz bütün imkanlarımızdan istifadə edərək nəqliyyat sektorunu sürətlə inkişaf etdirəcəyik. Azərbaycan Şərqlə-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri layihələrinin həyata keçirilməsində fəal rol oynayır. Hesab edirəm ki, tranzit ölkə kimi bizim bölgədəki və dünyadakı mövqelərimiz daha da güclənəcəkdir. Beləliklə, indi Azərbaycanda bütün sferaların, o cümlədən nəqliyyatın inkişafı üçün kifayət qədər münbit şərait var".

Müstəqil Azərbaycan dövləti sürətlə inkişaf edir, beynəlxalq əlaqələri güclənir. Hər gün respublikamıza dünyanın müxtəlif yerlərindən saysız- hesabsız insanlar gəlir və onların əksəriyyəti dəmir yolunun xidmətindən istifadə edir. Biz dəmiryolçular da çalışırıq ki, üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gələk, qatarlarda sərnişinlərə xidmətin səviyyəsini müasir standartlar səviyyəsinə çatdıraq. Onu da xüsusi qeyd edim ki, nəqliyyat naziri Ziya Məmmədovun bu sahəyə rəhbər təyin olunmasından sonra respublikanın nəqliyyat təsərrüfatında böyük infrastruktur layihələri həyata keçirilməyə başladı, böyük irəliləyişlər baş verdi. Qatarlarda sərnişinlərə göstərilən xidmətin səviyyəsi yüksəldi, istər sərnişindaşımada, istərsə də yükdaşımalarda daşımaların həcmi əvvəlki illərə nisbətən xeyli artdı. Bu sahəyə göstərilən dövlət qayğısının durmadan artması dəmiryolçuları daha məsuliyyətlə işləməyə sövq etdi. İndi respublika daxilində, və onun hüdudlarından kənara hərəkət edən qatarlarda sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılıb. Bütün vaqonlarda yataq dəstləri təzələnib, işıqlanma və istilik sistemi yenidən qurulub.

Qeyd etdiyim kimi dəmir yolu nəqliyyatının sosial-iqtisadi həyatımızdakı rolu əvəzedilməzdir. Ölkəmizdə istər yükdaşımaların, istərsə də sərnişindaşımanın ümumi çəkisində dəmir yolunun xüsusi yeri var. Təhlükəsizlik, dəqiqlik və digər keyfiyyətlər müasir həyatımızda dəmir yoluna olan marağı daha da artırmışdır. Son illər respublikamızın bir neçə şəhərinə ekspress qatarlarının hərəkətinin təmin olunması xarici ölkələrə yola salınan qatarlarda xidmətin keyfıyyətinin müasir tələblər səviyyəsinə yüksəldilməsi və qatarların rahatlıq və estetik cəhətdən daha üstün olması bunu söyləməyə əsas verir.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin ən böyük və aparıcı sahələrindən biri də "Lokomotiv"  İstehsalat  Birliyidir.

"Lokomotiv" İB 1998-ci ildə yaradılıb. İstehsalat Birliyi qarşısında duran əsas vəzifələrdən biri respublika daxilində lokomotivlərin və elektrik qatarlarının əsaslı və cari təmiri bazasını yaratmaq olmuşdur. Bunları həyata keçirmək məqsədilə Bakı Lokomotiv Deposunda yeni istehsalat sahələri yaradılmış, müasir avadanlıqlar alınaraq depoda elektrovozların və elektrik qatarlarının əsaslı və cari təmiri təşkil olunmuşdur. Depoda dartı mühərrikləri köməkçi maşınların mühərriklərinin yığılması, təkər cütlərinin bandajlarının dəyişdirilməsi də yüksək keyfiyyətlə həyata keçirilir. Ötən dövr ərzində lokomotiv təsərrüfatının fasiləsiz işləməsi, qatarların vaxtında mənzil başına rahat çatdırılması və hərəkətin təhlükəsizliyi tam təmin olunmuşdur.

Yükdaşıma və sərnişindaşımaların təhlükəsizliyini, komfortluluğunu müasir tələblərə uyğunlaşdırmaq qarşımızda duran ən əsas məsələdir. Kollektivimiz 13 oktyabr dəmiryolu işçilərinin peşə bayramı gününü yüksək göstəricilərlə böyük ruh yüksəkliyi ilə qarşılayırlar.

 

 

Asim QASIMOV

 

Respublika.- 2010.- 16 oktyabr.- S. 6.