Vətənə xidmət

 

Hərbi-vətənpərvərlik

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2010-cu il oktyabrın 1-dən 31-dək vətəndaşların həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq fərmanına uyğun olaraq, ölkəmizin hər yerində olduğu kimi paytaxtın Binəqədi rayon hərbi komissarlığında da gənclərin hərbi xidmətə yola salınması mərasimi mütəşəkkil qaydada davam edir. Bu günlərdə hərbi komissarlığın həyətində bayram əhval-ruhiyyəsi yaşanır. Yolasalma mərasimlərində rayonun icra strukturlarının, gənclər və ictimai təşkilatların nümayəndələri ilə yanaşı valideynlər, ağsaqqallar, dost-tanışlar da iştirak edirlər.

Rayon hərbi komissarı polkovnik-leytenant Feyzi Ağabəyov bizimlə söhbətində bildirdi ki, rəhbərlik etdiyi heyət dövlət başçısının imzaladığı fərman və sərəncamları, Müdafiə Nazirliyinin, respublika hərbi komissarlığının əmr və tapşırıqlarını vaxtında və yüksək səviyyədə yerinə yetirməklə ölkənin ordu quruculuğunun daha da möhkəmləndirilməsində var qüvvəsini əsirgəmir. Çağırış gününədək 18 yaşı tamam olmuş və yaşı 35-dək olan və hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan onlarca gənc bir ay müddətində Milli Ordu və digər hərbi birləşmələrin sıralarında qulluq etməyə yola salınırlar. Onu da qeyd edim ki, bu kampaniyaya komissarlığın çağırış bölməsinin rəisi mayor Mehman Qurbanovun, əməkdaşlardan Amil Mustafayevin, Firdovsi Əliyevin və başqalarının gərgin əməyi, apardıqları maarifləndirmə işlərinin sayəsində vaxtında və hərtərəfli hazırlıq görülmüşdür. Valideynlər son vaxtlar çağırışla bağlı dəyişiklikləri böyük ruh yüksəkliyi ilə qarşılayıblar. İndi bu sahədə heç bir problem yoxdur. Gənclər vaxtlı-vaxtında hərbi həkim komissiyasından keçir, qeydiyyata düşür və buradan təyin olunduqları hərbi hissələrə yola salınırlar. Ən əsası isə əvvəlki illərdən fərqli olaraq çağırışdan yayınma halları tamamilə yoxdur. Ümumiyyətlə, son illər ordu həyatında yeniliklərin tətbiqini və icrasını mühüm hadisə kimi qiymətləndiririk. Sevindirici haldır ki, ötən əsrin 90-cı illərinin əvvəllərində problemlər içərisində boğulan Silahlı Qüvvələrimizi bu gün əldə etdiyi uğurlara görə yaxşı mənada tanımaq olmur.

Ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə gələndən sonra digər sahələrdə olduğu kimi, ordu quruculuğunda da köklü islahatlar aparıldı. Həmin vaxtdan başlayaraq gənclərin orduya səfərbərliyi də mütəşəkkil keçməyə başladı, fərarilik və digər neqativ hallar tədricən aradan qaldırıldı. Dövlətimizin başçısı, silahlı qüvvələrin Ali baş komandanı cənab İlham Əliyevin uğurla həyata keçirdiyi müdrik və uzaqgörən siyasəti nəticəsində ordumuzun qüdrəti ilbəil artır. Ölkə rəhbərinin Qarabağ problemi ilə bağlı apardığı ardıcıl və qətiyyətli siyasəti sayəsində torpaqlarımız tezliklə işğaldan azad olacaq, xalqımız qələbəyə qovuşacaqdır.

Biz hərbi komissarlıqda olarkən valideynlər və çağırışçılarla da görüşdük. Valideynlərdən Əbdürrəhman Əbdürrəhmanov, İsa Zeynalov, Rafət Şahverdiyev və başqaları bildirdilər ki, hərbi çağırışla bağlı tətbiq olunan yeniliklər obyektivliyi və şəffaflığı təmin edir. Bu isə övladlarımızın hərbi-vətənpərvərlik tərbiyəsində əməlli-başlı dönüş yaratmışdır. Övladlarımız yaxşı başa düşürlər ki, hərbi xidməti başa vurmadan, əsgərlikdə olmadan heç bir uğura imza atmaq olmaz. Eyni zamanda cəmiyyət arasında əsgərlikdə olmayan adamlara o qədər də yaxşı münasibət bəsləmirlər. Elə bunu hiss edən gənclər böyük həvəslə hərbi xidmətə yollanırlar. Unutmaq olmaz ki, böyükdən-kiçiyə hamımız ordumuza böyük ümidlər bəsləyir, doğma Vətənimizin sərhədlərinin bütövlüyü məsələsinin həllində ona inanırıq.

Hərbi xidmətə gedən gənclərdən Orxan, Şamil, Nadir, Eldar və Mahirin fıkirləri də eyni idi:

—Təbii ki, hərbi hissədə qulluq etmək 18 yaşına çatmış hər bir gəncin vətəndaşlıq borcudur. Bu borcu yerinə yetirmək üçün əsgəri xidmətə gedir və bunu özümüz üçün şərəf hesab edirik. Vətənə xidmət müqəddəs borcdur. Ona görə də xidmət dövründə hərbin sirlərinə dərindən yiyələnəcək, Vətənin keşiyində ayıq-sayıq dayanacağıq.

Söhbət zamanı o da vurğulandı ki, çağırışaqədər və çağırış yaşlı gənclərin Silahlı Qüvvələrdə hərbi xidmətə hazırlanmasında, onların hərbi-vətənpərvərlik tərbiyəsinin yüksəldilməsində orta məktəblərin və orada çalışan hərbi hazırlıq müəllimlərinin də üzərinə böyük məsuliyyət düşür. Belələrinin sırasında polkovnik-leytenant İsmayıl İsmayılovun (115 saylı məktəb), polkovnik-leytenant A.Zeynalovun (297 saylı məktəb), kapitan Yasin Sultanovun (298 saylı məktəb) adları iftixarla çəkildi.

 

 

Ramiz YUSİFLİ

 

Respublika.- 2010.- 27 oktyabr.- S. 4.