Nizami rayonu : dinamik inkişaf tempi qorunub saxlanılır

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə oktyabrın 20-də Nazirlər Kabinetinin 2010-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında ölkə başçısı vurğulamışdır ki, bütün dünya üçün böhranlı il kimi tarixdə qalan 2009-cu ildə iqtisadiyyatımız 9 faizdən çox artmışdır. 2010-cu ilin doqquz ayında sosial sahə ilə bağlı bütün məsələlər həllini tapıb. Cari ilin 9 ayı ərzində 56 min yeni iş yeri açılmışdır və digər uğurlu nailiyyətlər qazanılmışdır.

Azərbaycan iqtisadiyyatı müstəqil, öz daxili resurslarına arxalanan iqtisadiyyatdır. 2010-cu ilin 9 ayında respublikamızda dinamik inkişafın təmin edilməsində, uğurlu nəticələrə imza atılmasında paytaxtımızın gündən-günə gözəlləşən Nizami rayonunun da öz payı vardır.

Bu günlərdə rayonda 2010-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirildi. Toplantını rayon icra hakimiyyətinin başçısı Tahir Budaqov açaraq cari ilin ötən 9 ayında rayondakı dinamik inkişaf tempindən danışdı. Sonra məruzə ilə çıxış etmək üçün söz rayon icra hakimiyyəti başçısının müavini İldırım Mehdiyevə verildi.

Məruzəçi vurğuladı ki, aparılan uğurlu yenidənqurma işlərinin nəticəsində Nizami rayonunun sənaye müəssisələrinin fəaliyyəti daha da canlanmış, bir sıra yeni müəssisələr fəaliyyətə başlamış, əhalinin qarşılaşdığı sosial problemlərin həlli istiqamətində konkret işlər görülmüş, genişmiqyaslı abadlıq-quruculuq işlərinə başlanmışdır.

2010-cu ilin 9 ayı ərzində rayonda istehsal olunmuş sənaye məhsulunun həcmi 238 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövründə istehsal olunmuş məhsuldan 31,2 faiz çoxdur.

İstehsal olunmuş sənaye məhsulunun 33,7 faizi qeyri-dövlət sektorunun payına düşür. Sənayenin dövlət sektorunda 157,8 milyon manatlıq və ya ümumi istehsalın 63,3 faizi qədər məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir.

Ötən ilin müvafiq dövrünə nisbətən ət və ət məhsulları istehsalı 26,7 faiz, saflaşdırılmış günəbaxan yağı istehsalı 36,0 faiz, hidrogenləşdirilmiş bitki piyləri, yağları istehsalı 27,3 faiz, marqarin istehsalı 20,7 faiz, kağız və karton istehsalı 3,4 dəfə, polietilen kisələr istehsalı 5,5 dəfə, şərabçılıq məhsulları istehsalı 2,0 faiz, plastmas məmulatların istehsalı 2,6 dəfə, ağ portlandsement istehsalı 69,6 faiz, betondan yığma tikinti konstruksiyalar istehsalı 2,1 dəfə artmışdır.

Müəssisələr tərəfindən bazar münasibətlərinin düzgün qurulması nəticəsində 2010-cu ilin yanvar-sentyabr aylarında istehsal olunmuş məhsulun 100,4 faizi istehlakçılara göndərilmişdir. Oktyabr ayının biri vəziyyətinə müəssisələrin anbarlarında hazır məhsul qalığının həcmi 4,9 milyon manatlıq olmuşdur.

2010-cu ilin yanvar-sentyabr aylarında öz gücləri ilə yerinə yetirilən podrat işlərinin həcmi 227,3 milyon manat olaraq, ötən ilin müvafiq dövrünə nisbətən 90,1 faiz artmışdır.

Əvvəlki illərdə olduğu kimi 2010-cu ilin ötən dövründə əmtəə dövriyyəsi və pullu xidmət göstəriciləri xeyli yüksəlmiş, rayon üzrə pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin real həcmi 27,9 faiz artaraq 685,5 milyon manat olmuşdur.

2010-cu ilin 9 ayında pərakəndə ticarət şəbəkələrindən 496,9 milyon manatlıq, iaşə müəssisələrindən 19,3 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünün səviyyəsindən müvafiq olaraq 36,7 faiz çox əmtəə satılmış və 43,7 faiz çox iaşə xidmətləri göstərilmişdir.

Bu ilin doqquz ayında əhaliyə 169,3 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 6,4 faiz çox pullu xidmətlər göstərilmişdir.

2010-cu ilin yanvar-sentyabr ayları ərzində Nizami Telefon Qovşağı tarif gəliri planı 100,7 faiz yerinə yetirmiş, 7416,0 min manat tarif gəliri planına qarşı faktiki gəlir 7432 min manat gəlir əldə olunmuşdur. Bu da plandan əlavə 16,5 min manat artıq gəlir deməkdir.

2003-cü ildən 2010-cu il oktyabrın 1-dək rayonda 16168 yeni iş yeri açılmışdır ki, onun da 16071-i daimi iş yerləridir.

2010-cu ilin 9 ayı ərzində 1550 ailə ünvanlı sosial yardım almışdır. Onlardan 1083 ailəyə təkrar təyinat aparılmışdır. Bu ailələrin tərkibini 153 nəfər işləyən, 231 nəfər əmək pensiyası alan, 45 nəfər 18 yaşınadək olan əlillər təşkil edir. Bundan əlavə 2 nəfər müharibə əlili, 191 nəfər digər səbəbdən əlil və 207 məcburi köçkün ailələri də bu yardımdan bəhrələnirlər.

2010-cu ilin 9 ayı ərzində təhsil, səhiyyə və mədəniyyət sahəsində bir sıra tədbirlər həyata keçirilmiş, uğurlu nailiyyətlər qazanılmışdır. 2009/2010-cu dərs orta  məktəbi  bitirmiş 2002  şagirddən 1862 nəfəri ali məktəblərə sənəd vermiş-onlardan 948 nəfəri (50,91 faiz) tələbə adına layiq görülmüşdür (keçən ilki nəticə 48,22 faiz olmuşdur). Rayonun ərazi "Zəngi" liseyi, kimya-biologiya təmayüllü respublika liseyi və "Dədə Qorqud türk liseyi fəaliyyət göstərir. Həmin liseylər üzrə ali məktəblərə 291 nəfər sənəd vermiş, onlardan 183 nəfəri, yəni 62,8 tələbə adına layiq görülmüşdür.

2009-2010-cu dərs ilində rayon məktəblərinin XI sinfi bitirən məzunlarından 87 nəfəritən il 57 nəfər) xarici ölkələrin ali məktəblərinə qəbul olunmuşdur. Həmin məzunlardan 42 nəfəri Türkiyədə, 4 nəfəri İngiltərədə, 1 nəfəri Çexiyada, 23 nəfəri Rusiyada, 5 nəfəri Ukraynada və s. təhsil alırlar.

Cari ildə Türkiyə Cümhuriyyəti Sınavı (TCS) xətti ilə Təhsil Nazirliyi tərəfindən müsabiqə yolu ilə xaricə oxumağa göndərilən 48 məzundan yalnız 3 nəfəri türk liseylərində təhsil almayan ümumtəhsil məktəblərinin məzunlarıdır ki, onlardan da ikisi Nizami rayonunun məktəblərindəndir (12 və 214 saylı məktəblər).

Tələbə adını qazanmış məzunlardan rayon üzrə 115 nəfəri 600-dən yuxarı bal toplamış, onlardan 40 nəfəri 650 baldan yüksək nəticə göstərmişdirtən il bu rəqəm müvafiq olaraq 69 və 20 nəfər təşkil etmişdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə respublika səviyyəsində artıq üçüncü dəfə keçirilmiş “Ən yaxşı ümummtəhsil məktəbi" müsabiqəsində 62 saylı məktəb-lisey, "Ən yaxşı müəllim" müsabiqəsində isə 7 pedaqoq adını qazanmışdır.

2010-cu ilin 9 ayı ərzində rayonun səhiyyə müəssisələri tərəfindən göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, sanitar-gigiyenik vəziyyətə müntəzəm nəzarət edilməsi, əhali arasında infeksion, parazitar xəstəliklərin, qida zəhərlənmələrinin qarşısının alınması və ləğv edilməsi istiqamətində işlər davam etdirilmişdir.

Yoluxucu xəstəliklərin vaxtında aşkar olunması, xəstələrin hospitalizasiyası, təmasda olanların laborator müayinələrə cəlb edilməsi, profilaktik və əksepidemik tədbirlərin düzgün təşkil edilməsi səbəbindən göstərilən müddətdə bir sıra infeksion xəstəliklər kəskin şəkildə azalmış, bir çox hallarda isə, ümumiyyətlə, qeydə alınmamışdır.

2010-cu ilin 9 ayı ərzində rayonun mədəniyyət müəssisələrində də bir sıra tədbirlər keçirilmişdir. İyul ayında Mərkəzi Kitabxanada S.Ə.Şirvaninin 175, sentyabr ayında isə S.S.Axundovun 135 illik yubileyləri ilə bağlı ədəbi-bədii gecələr təşkil edilmişdir. Həmçinin, xalq şairi Fikrət Qocanın 75 illik yubileyi təntənəli qeyd edilmiş, yazıçı Ə.Hacızadənin 75 illiyinə həsr edilmiş "Elə bir ömür yaşadım ki" adlı xatirə tədbiri keçirilmişdir.

18 sentyabr Musiqi Günü və dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun anadan olmasının 125 illik yubileyi münasibətilə Nizami Mədəniyyət Mərkəzində rayon musiqi məktəblərinin iştirakı ilə tədbir təşkil edilmişdir.

Rayon Qaz İstismar sahəsi 170,4 kilometr qaz kəmərinə, 174 ədəd qaz tənzimləyicisinə, 47572 abonentə xidmət göstərir ki, bunlardan da 47478 abonentin mənzilinə qaz sayğacı quraşdırılmışdır (99,6 faiz). Ödənişdə abonentlərin iştirakı 69 faiz, yığım isə 97,4 faiz olmuşdur.

Rayon Enerji Təchizatı və Satışı idarəsinin istismar şöbəsi tərəfindən 117 transformator məntəqəsinə və 140 ədəd kompleks transformator məntəqəsinə xidmət göstərilir.

51937 abonentdən 51253 (98,7 faiz) abonentin mənzilinə işıq sayğacı quraşdırılmışdır.

Rayon əhalisinə verilən enerji təchizatını yaxşılaşdırmaq, təyinatından asılı olmayaraq ərazidə fəaliyyət göstərən idarə, müəssisə, təşkilatlara, sahibkarlıq subyektlərinə fasiləsiz, davamlı enerji veril-məsini təmin etmək məqsədilə enerji təchizatı şöbəsi tərəfindən cari ilin ötən 9 ayı ərzində bir sıra işlər görülmüşdür.

Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən ötən 9 ayda 6900 kvadratmetr dam örtüyü təmir edilmiş, binaların zirzəmisində müxtəlif diametrli 1800 p/m su xətti, 1020 p/m kanalizasiya xətti dəyişdirilmiş, B.Nuriyev küçəsi 71 N-li binanın drenaj sistemi təmir olunaraq tam işlək vəziyyətə gətirilmiş, binaların ümumi istifadə yerlərindəki pəncərələrdə 1680 kvadratmetr şüşələnmə işləri aparılmış və digər nailiyyətlər qazanılmışdır.

Ümumilikdə 2010-cu ilin 9 ayı ərzində rayonun ərazisində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsində müxtəlif səviyyəli yol qovşağının ikinci kompleksi istifadəyə verilmiş, Dövlət Neft Fondunun inzibati binasının təməli qoyulmuşdur. Rayon Yol polisi şöbəsinin inzibati binası, 4 ünvanda ticarət mərkəzləri tikilib istifadəyə verilmiş, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Nizami rayon idarəsinin inzibati binasının, 4 nömrəli Vərəm disponserinin həyətində referens laboratoriyası və M.Abbasov küçəsində analoqu olmayan özəl klinikanın tikintisi davam etdirilmişdir.

Ümummilli liderimiz Heydər Əliyevin 09 avqust 1994-cü il tarixli "Cinayətkarlıqla mübarizənin gücləndirilməsi və hüquq qaydalarının möhkəmləndirilməsi barədə" Fərmanını, həmçinin Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2007-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş, "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı planı (2007-2011-ci illər)"nı rəhbər tutaraq, 2010-cu ilin 9 ayı ərzində cinayətkarlığa qarşı mübarizədə ictimai təhlükəsizliyin qorunması sahəsində müəyyən işlər görülmüş və uğurlu nəticələr əldə edilmişdir.

Ötən dövrdə rayon polis idarəsinin bütün xidmət xətti əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində 8 cinayətkar dəstə zərərsizləşdirilmiş və bu dəstənin 20 üzvü saxlanılmışdır.

2010-cu ilin 9 ayında rayon icra hakimiyyətinə 1342 ərizə, o cümlədən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından və digər mərkəzi icra orqanlarından 603 ərizə daxil olmuşdur.

Daxil olmuş ərizələrdən 17-si sahibkarlığın inkişafı, 223-ü mənzillə təmin olunma, 214-ü birdəfəlik yardımın verilməsi, 115-i torpaq sahəsinin ayrılması, 245-i tikinti və söküntü, 46-sı qaçqın və məcburi köçkünlərlə bağlı, 64-ü işlə təminolunma barədə və digər məsələlərlə əlaqədar olmuşdur.

Vətəndaşların yazılı müraciətləri ilə yanaşı, şifahi sorğularının, təkliflərinin dinlənilməsi və öyrənilməsi məqsədilə rayon icra hakimiyyətində qəbulların vaxtında keçirilməsinə və səyyari görüşlərin təşkilinə də xüsusi fikir verilmiş, 9 ay ərzində 237 nəfər icra hakimiyyəti başçısı tərəfindən qəbul edilmişdir.

Yerlərdə sakinlərlə görüşlərə xüsusi əhəmiyyət verilmiş, 9 ayda 18 səyyari görüş keçirilmişdir. Görüşlərdə sakinlər tərəfindən 83 müraciət olunmuşdur. Görüşlər zamanı sakinlər əsasən binaların istiliklə təmin olunması, həyətlərin abadlaşdırılması, dam örtüyünün təmiri, həyətlərdə qeyri-qanuni aparılmış yöndəmsiz yarımçıq tikililərin, hasarların ləğv edilməsi, ərazilərə asfalt örtüyünün vurulması, zirzəmilərin təmizlənməsi və s. sosialyönümlü təkliflərlə çıxış etmiş, qaldırılan məsələlərin həlli istiqamətində müəyyən işlər görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 2010-cu il tarixli 1083 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər 2010-cu ilin noyabrın 7-nə təyin edilmişdir.

Qeyd etmək lazımdır ki, rayonda 24 saylı Nizami birinci, 25 saylı Nizami ikinci və 18 saylı Nərimanov-Nizami seçki dairələri fəaliyyət göstərir.                                          

Seçki dairələrinin inzibati binalarında dairə seçki komissiyalarının səmərəli işləməsi üçün hər cür şərait yaradılmışdır. Hər bir DSK-ya əlavə olaraq 2 telefon nömrəsi verilmiş və onlar ehtiyac duyulan bütün materiallarla təmin edilmişdir. Ümumiyyətlə, rayonda seçkilərə geniş hazırlıq işləri aparılır.

Yığıncağı rayon icra hakimiyyətinin başçısı Tahir Budaqov yekunlaşdıraraq qeyd etdi ki, cari ilin ötən 9 ayında rayonda çox sürətli inkişaf müşahidə olunur, insanların maddi rifahı durmadan yüksəlir. Dinamik inkişaf uğurla davam etdirilməli, iqtisadiyyatın şaxələndirilməsinə nail olunmalıdır.

Toplantıda Respublika Ağsaqqallar Şurasının sədri akademik Budaq Budaqov, 4 nömrəli İstilik istismar Sahəsi İdarəsinin rəisi Raqif Xanməmmədov, rayon polis idarəsinin rəisi İsmayıl Əsədov, rayon ağsaqqallar şurasının sədri Gündüz Əfəndiyev çıxış edərək 2010-cu ilin ötən 9 ayında rayonda qazanılan nailiyyətlərdən və qarşıda duran vəzifələrdən danışdılar.

 

 

Qədir ASLAN

 

Respublika.- 2010.- 28 oktyabr.- S. 5.