Sağlam həyatın keşiyində

 

2010-cu il respublikamızın səhiyyə işçiləri üçün də uğurlu olmuşdur. Müasir dövrdə insanların cansağlığının etibarlı mühafizəsi ümumdövlət əhəmiyyəti kəsb edən aktual məsələdir. Bu sahədə Biləsuvar rayonunun mərkəzi xəstəxanasında da mühüm tədbirlər həyata keçirilir. Bölgə müxbirimiz tibbi xidmətin səviyyəsinin yüksəldilməsi sahəsində görülən tədbirlər haqqında məlumat verməyi xəstəxananın baş həkimi Şamil Cəfərovdan xahiş etmişdir. O demişdir:

-Bu gün ölkəmizdə ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulmuş demokratik, hüquqi, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesi hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyevin siyasi varisi olan ölkə başçımızın gərgin səyləri nəticəsində ulu öndərin ideyaları yaşayır və qalib gəlir.

Bizim kollektiv də son illər əhaliyə tibbi xidmətin yaxşılaşdırılması, səhiyyə ocaqlarının maddi-texniki bazasının yüksəldilməsi sahəsində xeyli iş görmüşdür. Tibb ocaqlarının kadrlarla komplektləşdirilməsi, yeni tibb müəssisələrinin yaradılması, dərman təchizatının yaxşılaşdırılması əsas işimiz olmuşdur.

Rayonumuzda hökm sürən ümumi ab-hava, rəhbərliyin həyata keçirdiyi tədbirlər sayəsində sahənin problemləri sürətlə aradan qaldırılır. Rayonun səhiyyə şəbəkəsinə 175 çarpayılıq mərkəzi xəstəxana, 25 çarpayılıq uşaq xəstəxanası, 25 çarpayılıq Xırmandalı kənd xəstəxanası, 14 həkim ambulatoriyası və 7 feldşermama məntəqəsi daxildir. Mərkəzi xəstəxanada bir neçə stasionar şöbə fəaliyyətdədir. Bundan başqa, vətəndaşlara müalicə-diaqnostika, laboratoriya, rentgen, fizioterapiya, təcili yardım xidmətləri göstərilir. Bu müəssisələrdə 500-dən artıq işçi çalışır ki, bunlardan 115 nəfərini həkimlər, 328 nəfərini orta, qalanlarını kiçik tibb işçiləri təşkil edir. Bu böyük kollektivin qüvvəsi ilə ötən il ana və uşaq mühafizəsinə xüsusi diqqət yetirilmişdir. Xidməti ərazimizdə 1690 uşaq dünyaya gəlmiş, onların hamısında vərəmə, poliomelitə və hepatitə qarşı peyvənd aparılmışdır.

Əvvəlki illərdə olduğu kimi, cari ildə də yoluxucu xəstəliklərə qarşı aparılan mübarizə tədbirləri uğurlu olmuşdur. Uşaq kontingentində aparılan vaksinasiya və immunizasiya tədbirlərinin nəticəsində rayonda difteriya, göy öskürək, poliomelit tetanus, qızılca, hepatit, ilkin vərəm kimi xəstəliklər aşkar olunmamışdır. Xüsusilə vərəmi erkən aşkar etmək məqsədilə flüoqrafik və bəlğəm müayinələrinin aparılmasına diqqət artırılmış, aşkar olunmuş xəstələr ciddi nəzarət altında müalicəyə cəlb olunmuşlar.

İmtiyazlı xəstələrə göstərilən tibbi xidmət, onların lazımi dərman preparatları ilə təminatı diqqət mərkəzində olmuşdur. İl ərzində bu məqsəd üçün hər ay 10 min manatdan çox vəsait xərclənmişdir.

Kollektivin səyləri nəticəsində zəhmətkeşlərə səyyar tibbi xidmətin təşkilindən də razılıq edənlər çoxdur. Ən ucqar kəndlərdə belə, əhali arasında profilaktik tədbirlər müntəzəm olaraq davam etdirilir, sakinlər xüsusi olaraq yaradılmış həkim briqadaları tərəfindən vaxtaşırı tibbi müayinədən keçirilir, təyin edilmiş müddətlərdə peyvəndlər aparılır. Rayon ərazisində məskunlaşmış qaçqın və məcburi köçkünlərə, ahıllara, imkansız şəxslərə birinci növbədə xidmət göstərilir, onlara bir qayda olaraq tibbi yardımlar pulsuz həyata keçirilir.

Tibb ocaqlarının maddi- texniki təchizatı sahəsində xeyli iş görmüşük. Belə ki, yeni nəqliyyat vasitələri üçün kifayət qədər yanacaq və sürtkü materialları əldə etmişik. İl ərzində 81 adda bərk və yumşaq inventar alınmışdır. Bununla da həm müalicə olunanların, həm də müayinəyə cəlb olunanlara tibbi xidmətin daha səmərəli təşkilinə nail olmuşuq. Əsas şöbələr, sanitar qovşaqlar təmirdən çıxmışdır. Hazırda mərkəzi xəstəxananın cərrahiyyə şöbəsində təmir işləri sürətlə davam etdirilir. Bu şöbədə ilin ötən ayları ərzində 699 xəstənin qəbul edildiyini, 607 əməliyyatın aparıldığını, ətraf rayonlardan buraya daha çox müraciət olunduğunu nəzərə alaraq həmin sahəyə xüsusi diqqət yetirilir.

Xəstəxananın ərazisində abadlıq və təmizlik işləri görülür, son vaxtlar burada xeyli ağac və gül kolları əkilmişdir. Onu da qeyd etmək yerinə düşər ki, kollektivimiz rayonda həyata keçirilən bütün ictimai əhəmiyyətli tədbirlərdə fəallıq nümayiş etdirir.

 

 

Sabir MUSTAFAYEV

 

Respublika.- 2010.- 28 oktyabr.- S. 6.