Vətənin başını uca edənlər

 

Bu xalqın zaman-zaman başına çox müsibətlər gətirilib. Hər zaman başının üstünü qara buludlar alanda hamı bir nəfər kimi mübarizəyə qalxıb, oğullar Vətənin müdafiəsi üçün canından keçib, şəhid olub. İyirmi ildən artıqdır ki, Qarabağ müharibəsi bu torpağın övladlarını sınağa çəkir. Düşmən artıq yaxşı bilir ki, göz dikdiyi torpaqlarımızın hər qarışı üçün həyatını qurban verməyə qadir olan Azərbaycan övladı qisası yerdə qoymayacaq. Məkrli düşmən döyüş meydanında üz-üzə gəlməkdən qorxduğu üçün həmişə hiyləyə əl atır. Ermənilər terrorun gücünə arxalanıb xalqımızı azadlıq mücadiləsindən çəkindirməyə cəhd göstərib. Lakin bu cəhdlər boşa çıxıb. Nə qədər ki ölümün gözünə dik baxmağı bacaran, yaşatmaq üçün ölən oğullarımız var, düşmənin arzusu gözündə qalacaq...

1988-ci ildən bu ölkə üzərinə xəzan yeli əsdirdi, Qanlı yanvarın qurbanları qərənfilləri ağlatdı, vertolyot qəzasında sayseçmə oğullar getdi, Xocalı yerlə-yeksan oldu... Yetmədi. 1995-ci ilin payızı da yaman gəldi. Həmin il oktyabrın 28-də Bakı metropoliteninin "Ulduz" stansiyası ilə "Nərimanov" stansiyası arasında hərəkət edən qatarda baş verən qəza insanları çaşbaş salmışdı. Bu, adi bir qəza, yoxsa qəsdən törədilmiş, planlı düşünülmüş şəkildə həyata keçirilən terror idi? Torpağın üst qatında olanlar bu suallara cavab axtarmaqda ikən, yerin dərinliyində ölümlə həyat arasında qalanların ah-naləsini, tükürpədici fəryadlarını, körpələrin qışqırığını eşitmirdilər. Eşitsələr belə, haraylarına çatmaq iqtidarında deyildilər, çünki vaxt qısa idi, hər şeyi saniyələr həll edirdi...

C.Naxçıvanski adına Hərbi Məktəbin zabiti baş leytenant Çingiz Babayev də bir qrup müdavimlə həmin qatarda yol gəlirdi. Baş verənlər onu qətiyyən çaşdırmadı, bir göz qırpımında özünü irəli atıb yoldaşlarına: "Uşaqlar, əlsiz-ayaqsızlara, uşaq, qadın və qocalara kömək edin, ilk növbədə, onları xilas etmək lazımdır!"—deyə tapşırığını verdi. Hər kəs canının hayında olduğu vaxtda Çingiz və onun müdavimləri heç nə barədə düşünmədən özlərini ölümün pəncəsinə atır, mümkün qədər daha çox insanı xilas etməyə çalışırdılar. Həmin gün onlarca insanın həyatı xilas olundu. Həmin gün həm də daha dörd Vətən oğlu qəhrəmanlıq zirvəsinə ucaldı, vicdanının hökmü ilə başqalarını yaşatmaq üçün həyata vida dedi. Zabit Adil Babayevlə birgə Ruslan İsayev, Samir Məmmədov və 15 yaşı təzəcə tamam olmuş Nicat Səfərov da həlak oldu.

Həmin terror hadisəsindən bir il sonra, daha dəqiq desək, 1996-cı il noyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə Bakı metrosunda baş vermiş faciə zamanı öz həyat və sağlamlığı üçün mövcud olan təhlükəyə məhəl qoymadan zərərçəkmişlərin xilas olunmasında xüsusi şücaət və qəhrəmanlıq göstərdiyinə görə baş leytenant Çingiz Babayevə (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verildi. Müdavimlər Ruslan İsayev, Samir Məmmədov və Nicat Səfərov isə "İgidliyə görə" medalı ilə təltif edildilər.

Çingiz ata-anasının yeganə oğul övladı idi. O, 1964-cü ildə Bakıda doğulmuş, 20 saylı məktəbi bitirmiş, Politexnik İnstitutunda mühəndis-mexanik ixtisasına yiyələnmişdi. 1992-ci ildə könüllü olaraq Azərbaycan ordusu sıralarına yazılmış, 1994-cü ildən C.Naxçıvanski adına Hərbi Məktəbdə xidmət edirdi. Bölük komandirinin müavini idi. Xidmət etdiyi müddətdə komandanlıq tərəfındən dəfələrlə mükafata layiq görülmüşdü.

Müdavim Ruslan İsayev 1978-ci ildə Tovuz rayonunun Qovlar kəndində doğulmuşdu. Bakıdakı 176 saylı məktəbi bitirdikdən sonra C.Naxçıvanski adına Hərbi Məktəbə daxil olmuşdu. Samir Məmmədov Ruslanla yaşıd idi. Komandiri baş leytenant C.Babayevin təhsil aldığı məktəbdə oxumuşdu, III kurs müdavimi idi. Nicat Səfərov hərbçi sənətini öz istəyi ilə seçmişdi, general olmaq arzusu ilə yaşayırdı, təkcə arzu ilə yox...

Yarımçıq qalan çox arzular oldu, valideynlərinin toy  edib gəlin gətirmək arzuları qaldı ürəklərində. Düşməndən qisas alıb, torpaqlarımızı azad etmək arzusunu da özləri ilə apardılar. Onların ölümündən 15 il keçir. Xalq öz qəhrəmanlarını həmişə yad  edir, xatırlayır. Bizim də yazımız kiçik bir xatirə yazısıdır.

Hər birimizin qürur mənbəyi olan belə oğullarla təkcə fəxr etmir, onlardan həm də öyrənirik qəhrəmanlığı, təmənnasız fədakarlığı.

Bir gün torpaqlarımız azad olacaq. Bir gün üçrəngli bayrağımız o torpaqlarda dalğalanmağa başlayacaq. Bax onda ruhları şad olacaq Çingizlərin, Ruslanların, Samirlərin, Nicatların və daha neçə-neçə şəhid övladlarımızın. Ruhları şad olsun!..

 

 

Zümrüd QURBANQIZI

 

Respublika.- 2010.- 29 oktyabr.- S. 16.