Folklor fədaisi, görkəmli pedaqoq

 

Elm təhsil nəşriyyatı tərəfindən görkəmli Azərbaycan folklorşünası, filologiya elmləri doktoru, professor Mürsəl Həkimovun həyat yaradıcılığına həsr  olunmuş kitab işıq üzü görmüşdür.

Bir vaxtlar tələbəsi olmuş Ramil Əliyevin yazdığı "Sabaha məktublar" kitabı müəlliminə olan mənəvi borc kimi qələmə alınmışdır.

Ramil Əliyev professor Mürsəl Həkimovun ömür yoluna-gənclik dövrlərinə, təhsil illərinə, müəllimlik fəaliyyətinə yaradıcılığına işıq salmış bu barədə dolğun məlumatlar toplamış, folklorumuzun "Məcnunu" olan M.Həkimovun nəcib keyfiyyətlərindən söhbət açmışdır.

Mürsəl Həkimov 1929-cu ildə may ayının 20-də Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1937-1947-ci illərdə doğulduğu kənddə orta təhsil almışdır. Böyük Vətən müharibəsinin dəhşətli illərini, acısını yaşamış Mürsəlin yaşı az olsa da, ataları cəbhədə olan bu uşaqlar ata yurdunda, ata çırağını yandırmaq üçün özlərini atalarına oxşatmağa çalışırdılar.

1947-ci ildə M.Həkimov Qazax İkiillik Müəllimlər İnstitutunun dil-ədəbiyyat fakültəsinə qəbul olmuşdur. İnstitutda oxuduğu illərdə idmanla məşğul olmuş pəhləvan kimi ad çıxarmışdır. Neçə-neçə adlı-sanlı idmançıların kürəyini yerə vurmaqla I dərəcəli idmançı adına layiq görülmüşdür.

1949-cu ildə Mürsəl Həkimov institutu bitirərək əvvəl Basarkeçər rayonunun Babacan kənd yeddiillik məktəbində müəllim, tez bir zamanda dərs hissə müdiri, 1950-ci ilin yanvar ayından isə Gürcüstan Respublikasının Marneuli rayonunun Aşağı Saral kənd orta məktəbində müəllimlik peşəsini davam etdirmişdir.

İşlədiyi dövrdə ayrı-ayrı bölgələrin folklorunu, nağıl, dastan rəvayətlərini toplayaraq dil-ədəbiyyat müəllimi kimi  şagirdlərinə həvəslə öyrətməkdən şərəf duyardı. Onda elmə həvəs sonsuz idi. Odur ki, 1955-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinə daxil olmuş ikinci ali təhsil ocağını fərqlənmə diplomu ilə bitirmişdir.

Son dərəcə hazırcavab, savadlı olduğunu nəzərə alıb rektorluq ona institutda müəllim işləməyi təkidlə təklif etmişdir.

Kənddə işlədiyi illərdə folklor toplayıcısı kimi yetişmiş M.Həkimov, eyni zamanda aşıq ədəbiyyatının gözəl bilicisi idi.

Professor Paşa Əfəndiyev onun ilk ali məktəb müəllimlərindən biri olmuşdur. Paşa müəllim o illəri belə xatırlayırdı:" 1955-ci ildə birinci kursun ilk dərs günlərindən Azərbaycan şifahi xalq ədəbiyyatı fənnindən seminar məşğələsi aparırdım. Məşğələlərin mövzusu klassik aşıq poeziyası idi, klassik Azərbaycan aşıq şeirlərinin imtahan üçün əzbərlənməsi zərurətini xatırladır həmin şeirlərin yerini göstərirdim. Həmişə mühazirələrə diqqətlə qulaq asan, seminar məşğələlərində fəal iştirak edən nisbətən yaşlı görünən, qaynarsözlü birtələbə əlini qaldırdı:

Müəllim, olarmı imtahanda mən öz bildiyim şeirlərdən əzbər deyim?

Həmin sualı verən indi folklorşünas kimi respublikamızda tanınmış Mürsəl Həkimov idi.

M.Həkimov laborant işlədiyi illərdə elmi götürmüşdü. Onun namizədlik işinin mövzusu belə adlanırdı: "Aşıq Hüseyn Cavanın həyat yaradıcılığı". O üzü Göyçədən başlamış Qazağa, Gədəbəyə, Şirvana uzanan yolların yolçusu olmuşdu. Harda qədim el havası, saz havası var idisə, Mürsəl müəllim ora tələsirdi.

Feyzulla Qasımzadə kimi şöhrətli alimin Mürsəl Həkimova elmi rəhbər olması ikiqat xoşbəxtlik idi.

Namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edən elm fədaisi yazmaqdan yorulmur, qazandığı uğurlarla kifayətlənmir, yeni tədqiqatlara baş vururdu.

Tələbə müəllimlərin sevimlisinə çevrilən Mürsəl Həkimov 1966-cı ildən 1980-ci ilə kimi filologiya fakültəsinin dekan müavini, dekan vəzifələrində şərəflə işləmişdir.

O, 1973-cü ildə "Orta əsrlər aşıq ədəbiyyatı" mövzusunda doktorluq işini müdafiə etmiş professor adına layiq görülmüşdür.

Mürsəl Həkimov eyni zamanda vətənpərvər ziyalı idi. Vaxtilə görkəmli yazıçımız İsmayıl Şıxlıya ünvanladığı acıq məktub onun cəsarətindən, məsuliyyətindən, ən nəhayət, vətəndaşlığından, torpağına, elinə, dilinə, dininə bağlı bir insan olduğundan xəbər verirdi: "Bizə elə gəlir ki, respublikaya rəhbərlik edən yadelli cənablar (erməni məmurları nəzərdə tuturdu-R.İ.) bilməlidirlər ki, milli mədəniyyətinə, ədəbiyyatına, incəsənətinə, dilinə xor baxan gələcəyinə xor baxar".

Biganəliyə dözə bilməyən M.Həkimov Sumqayıt hadisələri fonunda "genosid" uydurmasına qiymət verir: "Sumqayıt qırğınını rusların köməyi ilə ermənilərin özləri yaratdıqları halda, rus havadarlarının fitvası ilə onu "genosid" adlandırırlar. Təkcə Qriqoryan familiyalı bir cani özü 7 erməni öldürmüşdü".

Professor Mürsəl Həkimovun elmi yaradıcılığının ana xəttini aşıq yaradıcılığı təşkil edirdi.

Bu cəhətdən onun 1982-ci ildə çap olunmuş "Azərbaycan klassik aşıq yaradıcılığı" kitabını vərəqləmək, oxumaq bunu deməyə əsas verir ki, professor qədər gərgin axtarışlar, yorulmadan tədqiqatlar aparmışdır.

Professor Mürsəl Həkimovun biologiya üzrə fəlsəfə doktoru Nübar Həkimova ilə birgə yazdığı "Yuxuyozmalar, türkəçarələr, inam etiqadlar" kitabı mənəvi dəyərlərimizi, adət ənələrimizi yaşadan dəyərli tədqiqat əsərlərindəndir.

Mürsəl Həkimovun qızı Nübar xanım elmi işçidir. O, atasının əlyazmalarını toplayaraq çap etdirmək ərəfəsindədir.

77 il ömür sürmüş görkəmli alim Mürsəl Həkimovun zəngin irsi qalmışdır. O, Azərbaycanın tarixi etnoqrafiyasını, əfsanələrini, atalar sözlərini digər folklor nümunələrini toplamış, gələcək nəsillərə miras qoymuşdur. M.Həkimov öz canlı tarix idi.

 

 

R.ALLAHVERDİYEV

 

Respublika.- 2011.- 14 aprel.- S. 5.