Vətən səsi–xalqın səsidir

 

Mən ona: “Uşaqlığınızdan, kövrək hisslərlə dolu yeniyetməlik çağlarımızdan söz açın, gənclik arzularınızdan danışın!”—deyə bilmədim. “İndiyədək qət etdiyiniz ömür yolunun acılı–şirinli xatirələrini birgə çözələyək bəlkə” deməkdən də çəkindim. Bilirdim ki, bu suallar onu kövrəldəcək, ürəyindən daş kimi asılıb qalmış ağrılarını bir az da artıracaq. Bilirdim ki, bu soruşacaqlarımın ağrı, dərd yükü bir göyçəlidən: “göyçəsiz halın necədir?” sualının ağrılarına bərabərdir. Bu baxımdan heç özü də istəməzdi: “Mən özümü “Vətən səsi”ndə tapmışam, ötən illərdə qələmə alıb yazdıqlarım özgəninki deyil, elə öz ağrılarımdır. Səsimi xalqımın haqq səsinə qatmağa, onu dünyanın ədalət çarçılarına çatdırmağa çalışmışam. Bilmirəm, səsimi eşidən olubmu?!.

“Vətən səsi”—xalqımın səsidir…”

“Vətən səsi” qəzetinin redaktoru Rafiq Fərəcovla ömrünün altıncı onilliyinin astanasında onu bir qələm sahibi, ziyalı, vətəndaş kimi düşündürən, narahat edən məsələlərdən, mövcud problemlərin həlli istiqamətində görülən işlərdən, istək və arzularından söz açacağıq. Qısaca tanışlıq, yaxud xatırlatmaq üçün deyək ki, Rafiq Fərəcov 1952–ci il dekabrın 18–də Qərbi Azərbaycanın Göyçə mahalının Ağbulaq kəndində müəllim ailəsində doğulub, valideynlərinin yolunu davam etdirmək istəyi ilə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib. Lakin əmək fəaliyyətinə mətbuatdan başlayıb, 1975–ci ilin oktyabrından 1979–cu ilin fevralınadək Krasnoselo rayonunda nəşr olunanDostluqrayon qəzetində müxbir, məsul katib, 1979–cu ilin fevralından 1988–ci ilin dekabrınadək həmin qəzetin redaktor müavini, şöbə redaktoru vəzifələrində işləyib.

Sonra qaçqınlıq həyatı başlayıb. 1988–ci ilin dekabrında doğma yurdyuvaya, elobaya vida deyib Vətənini tərk edən soydaşları kimi, Rafiq müəllim də taleyin bu acı, ağır alın yazısından qaça bilmir. Bakıya pənah gətirdiyi ilk dövrlərdə Azərbaycan Qaçqınlar Cəmiyyətində çalışır, 1992–ci ilin martında isə sevdiyi peşəsi üzrə işləməyə başlayır. Həmin ildən 1996–cı ilin aprelinədək “Vətən səsi” qəzetində şöbə müdiri, məsul katib, baş redaktorun müavini işləyən Rafiq Fərəcov hazırda bu qəzetin baş redaktorudur.

Mətbuatın cəmiyyətdəki rolunu aydın dərk edən Rafiq müəllim rəhbərlik etdiyi qəzetin yaranma səbəblərindən danışmazdan əvvəl bütövlükdə mətbuatın Azərbaycanın taleyüklü problemlərinə münasibətdə tutduqları mövqeyə öz baxış bucağından dəyər verməyə çalışdı: “Bizim taleyüklü elə problemlərimiz var ki, siyasi istiqamətindən asılı olmayaraq həmişə medianın diqqət mərkəzində dayanır: Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bundan yaranan qaçqınlıq və məcburi köçkünlük problemi kimi! Bu iki problem, əslində faciə səviyyəsindədir və onların biri digərini doğurmuşdur. Təəssüf ki, qəzetlərin, özəl telekanalların əksəriyyəti bəzən bu mövzuları “unudabilir, özlərinə daha çox oxucu və tamaşaçı toplamaq üçün digər mövzulara üstünlük verirlər. “Vətən səsi” isə ilk gündən qaçqın və məcburi köçkün problemini müntəzəm işıqlandırmaq vəzifəsini öz üzərinə götürüb. 1990–cı ilin aprelindən çıxan qəzet yağıların yağmaladığı Vətənin tarixini, ağrı–acısını dünyanın gözləri tor tutmuş sözü keçənlərinə çatdırmaq, karlaşmış qulaqlarını açmaq üçün yaradıldı. “Vətən səsi”nin yaradıcısı, ilk redaktoru Teymur Əhmədov olmuşdur.

22 il zaman baxımından hansısa mətbuat orqanı üçün o qədər də böyük vaxt deyil, lakin “Vətən səsi” öz fəaliyyət dairəsi və keçdiyi şərəfli yola görə yeni tariximizin iştirakçısı, yaradıcısı və qoruyucusu kimi dəyər qazana bildi. Təbii ki, bütün bu uğurlarda Rafiq müəllimin də öz payı var.

Bu qəzet o dövr üçün qeyriadi olan yazıları ilə təkcə bir neçə yüzillik siyasətin tarixini deyil, həm də çağdaş siyasətin çalarlarını obyektiv işıqlandıraraq onun tarixə çevrilməsində bənzərsiz rol oynayıb. Siyasi və hərbi senzuranın, həmçinin hakimiyyəti əldə saxlamaq üçün mümkün olan bütün vasitələrdən istifadə edən imperiyapərəst rəhbərliyin və öz köləliyini çapıb–taladığı sərvət içində ağalıq hesab edən məmurların təzyiqlərinə idrakın və qələmin əvəzedilməz gücü ilə sinə gərən Vətənçilər tanınmış alimjurnalist Teymur Əhmədovun rəhbərliyi ilə, sözün həqiqi mənasında, hünər yolu keçiblər. Ən başlıcası isə “Vətən səsi” məmur özbaşınalığından, ermənilərin verdiyi əzab–əziyyətdən, coğrafisiyasi parçalanmaya məruz qalmış Vətənin ağrı–acılarından, qaçqın və məcburi köçkün kimi məşəqqətli həyat yolu keçənlərin ağır həyatından yazmaqla, bunları qabartmaqla bu soydaşlarımızın arasında yenidən o torpaqlara qayıtmaq inamını da öləziməyə qoymayıb.

Rafiq müəllim deyir: “Qaçqın–köçkün taleyini ömürlərindən keçirən soydaşlarımızın doğma yurdlarına qayıtma inamını möhkəmləndirmək üçün sözün gücünə arxalandıq, milli ruhla beynəlxalq standartların sintezini yaratmaqla heç bir təmənna güdmədən Vətən, tarix üçün yazdıq. Qəzetimizi şəxsi ambisiyaların döyüş meydanına çevirmədik və buna haqqımız da yox idi. Axı Vətən dərdini ürəyimizdə bəsləyib onu sözə çevirmiş, ürəklərdən qaynaqlanan sözə isə mütləq dəyər veriləcəyinə inanmışıq. İnam olan yerdə isə bəzən uğur özü gəlib tapır insanı…”.

Dövlət Qaçqınkomun təsisçiliyi ilə nəşr olunan qəzetə, kollektivə baş nazirin müavini, Dövlət Qaçqınkomun sədri Əli Həsənovun diqqət və qayğısı sayəsində dövriliyini qoruyub saxlayan qəzet qaçqın və köçkünlərin həyat salnaməsini yaratmışdır. Ötən bu illərdə Rafiq müəllimin 35 ildən çox jurnalistlik fəaliyyətinin yarısı məhz “Vətən səsi” ilə bağlıdır. Peşəkar jurnalist kimi o, hər bir mövzuya, hər bir hadisəyə obyektiv yanaşmağı, hər şeydən əvvəl, mənəviyyatı uca tutmağı, hər yerdə, hər sahədə səmimiyyətə söykənməyi bacaran sahibidir.

Rafiq müəllim Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür, “Qızıl qələm” və “H.B.Zərdabi” və s. media mükafatları ilə təltif olunub. Mətbuatdakı uzunillik fəaliyyətinə və yaradıcılıq uğurlarına görə isə 2010–cu ildə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

Ömrünün altıncı onilliyini başa vurmağa hazırlaşan həmkarımızın şəxsi həyatda da bəxti gətirib. Qayğıkeş ailə başçısı, iki övlad atasıdır.

Bəli, biz onunlauzaq uşaqlıq illərindən söz açdıq, nə yovşanlı, laləli–nərgizli dağların, dərələrin ətəklərində keçən yeniyetməliyindən danışdıq. Qarğı atını qamçılayıb uzaquzaq xəyalların, arzuların dalınca necə qaçdığını da yada salmadıq. Özünü dərk edən gündən xalqına gərəkli bir övlad kimi etdiyi xidmətlərdən danışmağa üstünlük verdik. Bütöv bir xalqın ən ağır qaçqınlıq–köçkünlük taleyini daha ünvanlı şəkildə sabahkı nəsillərə çatdırmaq missiyasını üzərinə götürən bir qəzetin rəhbəri kimi Rafiq müəllimin öyünməyə haqqı var. Kövrək sevinc hisslərini içindəki Vətən həsrətinə bükərək onun vüsala yetişəcəyi günü həsrətlə gözləyən yüz minlərdən biri kimi, həm də bu sevincin xoş müjdəsinin də “Vətən səsi”ndən eşidiləcəyi ümidilə yaşayır…

 

Zümrüd Abdullayeva,

 

Respublika.- 2012.- 18 dekabr.- S. 6.