Kəlbəcərin işğalından 20 il ötür

 

Təcavüzkar ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərdən növbətisi olan Kəlbəcər rayonunun işğalından iyirmi il ötür. Bu müddət ərzində dövlətimizin apardığı siyasi fəaliyyətə, qəbul edilən qətnamələrə baxmayaraq, işğal olunmuş torpaqlarımız hələ də geri qaytarılmamışdır.

Dağlıq Qarabağın Azərbaycanlı icması və “Aşıq Şəmşir” Mədəniyyət ocağının birgə təşkilatçılığı ilə Kəlbəcər rayonunun işğalının 20–ci ildönümü ilə bağlı anım tədbiri keçirilmişdir.

Kəlbəcər ziyalıları və Dağlıq Qarabağın Azərbaycanlı icması nümayəndələri əvvəlcə Şəhidlər Xiyabanını ziyarət etmişlər. Sonra tədbir Qarabağın Azərbaycanlı icması qərargahının iclas zalında davam etdirilmişdir.

Tədbiri folklorşünas alim, şair–publisist Adil Cəmil açmış və Vətən uğrunda mərdliklə vuruşaraq həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Adil müəllim demişdir: “Azərbaycanın cənubi–qərbində yerləşən, dünyanın, eləcə də Azərbaycanın ən qədim mədəniyyət ocaqlarından biri olan Kəlbəcər rayonunun ümumi sahəsi 1936 kvadratmetrdir. Kəlbəcər rayonu işğal edilməzdən öncə ölkəmizin ən gözəl, səfalı və kurort rayonlarından biri olmuşdur. Zəngin yeraltı və yerüstü sərvətlərə malik rayonumuzda bu gün bəşəriyyətin gözü qarşısında öz müalicə əhəmiyyətinə görə dünyada yeganə olan İstisu mineral qaynaqları və yüzlərlə şəfalı bulaqları, müxtəlif növ təbii ehtiyatları (xüsusilə qızıl yataqları) Ermənistan tərəfindən talan edilir”.

Kəlbəcər dünyanın ən aparıcı turizm bölgələri ilə bir sıraya qoyula biləcək təbii gözəlliklər, çoxsaylı tarixi abidələr diyarı idi.

1993–cü ildə təpədən–dırnağadək silahlanmış erməni–rus qəsbkarlarının qəfl hücumuna məruz qalan Kəlbəcərin müdafiəsində 511 nəfər həlak olmuş, 321 nəfər itgin və girov düşmüşdür. 3 nəfər Milli Qəhrəman adına layiq görülmüşdür. İşğal nəticəsində 1 şəhər, 2 qəsəbə, 128 kənd, 44 orta, 33 natamam orta, 19 ibtidai məktəb, 1 qiyabi orta məktəb, 1 peşə məktəbi, 1 tibb texnikumu, 82 məktəbyani internat, 16 uşaq bağçası, 41 mədəniyyət evi, 1 tarix diyarşünaslıq muzeyi, 44 klub, 1 şəhər mərkəzi xəstəxanası, 9 kənd xəstəxanası, 23 kənd həkim ambulatoriyası, 75 feldşer–mama məntəqəsi, 2 poliklinika tamamilə dağıdılıb məhv edilmişdir. Artıq 20 ildir ki, kəlbəcərlilər Respublikamızın 57 rayonunun 707 yaşayış məntəqəsində məcburi köçkün həyatı yaşayırlar. Dünyada heç bir qayda–qanun tanımayan, hətta beynəlxalq hüququn prinsip və müddəalarına əməl etməyən erməni rəhbərləri BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirmək əvəzinə qapı–qapı gəzərək dünya parlamentlərinə 1915–ci ildə olmayan, uydurma erməni soyqırımı qəbul etməyə çalışırlar.

Dağlıq Qarabağın Azərbaycanlı İcması İdarə Heyətinin rəhbəri, Şuşa rayon icra hakimiyyətinin başçısı Bayram Səfərov köçkün və didərginlərə göstərilən dövlət qayğısından danışaraq demişdir:

Möhtərəm Prezidentimiz İlham Əliyev bütün köçkünlərin, o cümlədən kəlbəcərlilərin həyat şəraitini yaxşılaşdırmaq üçün əlindən gələni əsirgəmir. Kəlbəcərli məcburi köçkünlər üçün Goranboy, Qəbələ, Yevlax və s. bölgələrdə hər cür şəraiti olan yaşayış evləri tikilib istifadəyə verilmiş və hazırda bu işlər davam etdirilir.

Bu gün 70 min nəfərə çatan bütün kəlbəcərlilər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşməklə onun başçılığı ilə doğma Kəlbəcərə qayıdacaqları günü səbirsizliklə gözləyirlər.

Azərbaycan Respublikası Dövlət İdarəçilik Akademiyasının dosenti, Dağlıq Qarabağın Azərbaycanlı icması idarə heyətinin analitik informasiya şöbəsinin sədri Elçin Əhmədov geniş və əhatəli çıxış etmişdir.

Tədbirdə Kəlbəcər sakinlərindən təqaüdçü Vəliyyədin İsmayılov, Kəlbəcər ədəbi mühitinin gözəl tədqiqatçısı, filologiya üzrə fəlsəfə doktoru İlham Məmmədli, şair Mirsəyyaf Zamanlı, yazıçı–jurnalist Məhəmməd Nərimanoğlu, məktəb direktorları Adilə Əhmədova, Arzuman Qarayev Kəlbəcərli günləri yada saldılar və kədər dolu xatirələr yaşandı.

Tədbirin təşkilatçısı “Aşıq Şəmşir” Mədəniyyət Ocağı ictimai birliyinin məsul işçisi Həbib Misirov Dağlıq Qarabağın Azərbaycanlı icması idarə heyətinin rəhbəri Bayram Səfərova, Kəlbəcər ziyalılarına, Mədəniyyət ocağının rəhbəri Qənbər Şəmşiroğluna təşəkkürünü bildirmiş və əminliklə qeyd etmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin yorulmadan apardığı xarici siyasət bunu deməyə əsas verir ki, biz tezliklə işğal olunmuş torpaqlarımızı yağı düşmənlərdən azad edəcəyik və köçkünlərimiz öz doğma yurdlarına–Kəlbəcərimizə qayıdacaqlar.

Sonda Kəlbəcər rayonunun işğalından bəhs edən film nümayiş etdirilmiş və üç dildə hazırlanmış bukletlər tədbir iştirakçılarına təqdim olunmuşdur.

 

 

Rauf İLYASOĞLU

 

Respublika.- 2013.- 3 aprel.- S. 3.