Sosialyönümlü siyasət uğurla həyata keçirilir

 

Azərbaycan dövlətinin uğurla gerçəkləşdirdiyi sosialyönümlü iqtisadi siyasət və çevik islahatlar ölkə vətəndaşlarının yaşayış səviyyəsinin daimi olaraq yüksəldilməsini təmin edən fundamental əsasla formalaşdırılıb. Bu əsaslarla da ölkəmizdə sosial müdafiə sistemi beynəlxalq standartlara uyğun keyfiyyətcə yenidən qurulub. Dövlətimizin sosial məsələlərin həllini daim diqqət mərkəzində saxladığını hazırda hər bir vətəndaş gündəlik həyatında daha qabarıq hiss etməkdədir. Nazirlər Kabinetinin 2012–ci ilin sosial–iqtisadi inkişafının yekunlarına və 2013–cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində sosial məsələlərin həllinin daim diqqət mərkəzində olduğunu vurğulayan dövlətimizin başçısı bildirib ki, bu ilin büdcəsində də sosial sferaya ayrılan vəsait kifayət qədər böyükdür: “Məktəb, xəstəxana, mədəniyyət ocaqlarının, idman komplekslərinin tikintisi nəzərdə tutulur. Yetmişdən çox tibb müəssisəsi yenidən tikiləcək, təmir ediləcəkdir. Son on il ərzində 2500–ə yaxın məktəb tikilmişdir və proses hələ də davam edir”.

 

2012–ci ildə Azərbaycanda liberal iqtisadi sistemin daha da dərinləşdirilməsi, şaxələndirmə siyasətinin genişləndirilməsi, zəngin təbii sərvətlərindən və regionların potensialından səmərəli istifadə istiqamətində uğurlu addımlar atılmışdır. O cümlədən qeyri–neft sektorunun inkişafını sürətləndirən məqsədyönlyü tədbirlərin həyata keçirilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişafına geniş şəraitin yaradılması və yerli məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi Azərbaycan iqtisadiyyatının dinamik inkişafını təmin edir. Bu dövr ərzində əldə olunmuş sosial–iqtisadi inkişaf göstəriciləri ölkəmizin dünya iqtisadiyyatında baş verən böhran meyillərindən kənarda qalmasını şərtləndirməklə yanaşı, qarşıdakı illər üzrə üzünmüddətli inkişafının təmin olunmasını özündə ehtiva edir.

Həyata keçirilən iqtisadi strategiya ölkə iqtisadiyyatının davamlı artımını təmin etməklə yanaşı, Azərbaycan xalqının maddi rifahının durmadan yaxşılaşmasında da özünü göstərir.

Maaşların və pensiyaların artırılmasının mütəmadi qaydada həyata keçirilən məsələlərdən olduğunu vurğulayan dövlət başçısı cənab İlham Əliyev bildirib ki, Azərbaycanda orta maaş və orta pensiya artır: “Əgər biz MDB məkanında müqayisə aparsaq, bu, yüksək səviyyədədir. Orta əməkhaqqı 500 dollardan çoxdur. Orta pensiya 200 dollara yaxındır. Əvəzləşmə əmsalı da inkişaf etmiş ölkələrin səviyyəsindədir. Pensiya maaşın 40 faizini təşkil edir. Ancaq, əlbəttə ki, bu bizi qane etmir. Baxmayaraq ki, son illərdə əməkhaqları və pensiyalar bir neçə dəfə artmışdır, biz çalışmalıyıq ki, daha da böyük artıma nail olaq”.

Məlumat üçün bildirək ki, 2003–2012–ci illərdə ümumi daxili məhsulun orta illik artımı 13 faiz, qeyri–neft sektorunda 10,6 faiz təşkil etmişdir. Əsas kapitala yönəldilən investisiyaların həcmi 7,3 dəfə artmışdır. Bu dövrdə ölkənin iqtisadiyyatı 3 dəfədən çox artmış və onun inkişafına 132 milyard dollar məbləğində sərmayə qoyulmuşdur. Dövlət büdcəsi 19 dəfə, strateji valyuta ehtiyatları 29 dəfə, iqtisadiyyatın kreditləşməsi 24,5 dəfə artmışdır. Əhalinin gəlirləri 6,9 dəfə, orta aylıq əməkhaqları 6,3 dəfə, pensiyaların orta məbləği 6,4 dəfə yüksəlmişdir. Bu müddətdə bir milyondan artıq yeni iş yeri açılmış, yoxsulluq səviyyəsi 44,7 faizdən 6 faizə enmişdir.

2012–ci ildə uzun illər Azərbaycan cəmiyyətini narahat edən daha bir problem də öz həllini tapmışdır. Belə ki, sovet dövründən qalmış əmanətlərə görə kompensasiyaların verilməsinə başlanılmışdır. İlin sonuna əmanətçilərə 550 milyon manatdan artıq vəsait ödənilmişdir və bu proses cari ildə başa çatdırılacaqdır. Ənənəvi olaraq iqtisadi sahədə aparılan ardıcıl islahatlar güclü sosial siyasətlə müşayiət olunmuşdur. Keçən il orta aylıq əməkhaqqı 8,7 faiz artmış, əmək pensiyalarının orta aylıq məbləği isə artırılaraq 152 manata çatdırılmışdır.

Əvvəlki illərdə olduğu kimi, hesabat ilində də məcburi köçkünlərin sosial problemlərinin həllinə xüsusi diqqət yetirilmişdir. Onların mənzil–məişət şəratinin yaxşılaşdırılmasına 2011–ci ildəkindən 2,2 dəfə artıq maliyyə vəsaiti xərclənmişdir. Nəticədə 23 minədək məcburi köçkün yeni mənzillə təmin edilmişdir. Ümumilikdə, məcburi köçkünlərin sosial ehtiyaclarının həllinə 600 milyon manatdan artıq vəsait sərf edilmişdir ki, bu da 2003 –cü illə müqayisədə 5,5 dəfə çoxdur.

Regionların sosial–iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində zəruri infrastrukturun qurulması, o cümlədən nəqliyyat, qaz, enerji, su, meliorasiya layihələri və təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial sahələrdə layihələr həyata keçirilmişdir. Ölkədə insan kapitalının inkişafı, əhalinin keyfiyyətli tibbi xidmətlə təmin olunması və digər sosial sahələr üzrə işlər daim diqqət mərkəzində olmuşdur. İl ərzində 268 məktəb, 40 səhiyyə, 62 bağça, 27 idman, 29 mədəniyyət və digər sosial obyektlər tikilmiş və ya əsaslı təmir olunmuşdur. Hazırda 420–dən çox sosial obyektin təmir və tikintisi davam etdirilir.

Bakı şəhərinin və onun qəsəbələrinin sosial–iqtisadi inkişafına dair Dövlət Proqramının uğurlu icrası Bakı qəsəbələrinin inkişafını sürətləndirmiş, əhalinin həyat səviyyəsi daha da yüksəlmişdir. Qaz, su, kanalizasiya, enerji təminatı sahəsində mühüm işlər görülmüşdür. Yaşayış binaları və istifadəyə verilmiş sosial obyektlərin istilik sistemi yenidən qurulmuş, qəsəbələrarası yollar təmir olunmuş, rayon və qəsəbədaxili yollara asfalt örtüyü salınmışdır. Proqram çərçivəsində 134 məktəb və 71 uşaq bağçası, 27 səhiyyə, 9 mədəniyyət və idman obyektində tikinti və əsaslı təmir işləri başa çatdırılmışdır. Hazırda 85 sosial obyektin təmir və tikintisi isə davam etdirilir.

Azərbaycanın ildən–ilə artan iqtisadi imkanları elm, təhsil, səhiyyə, mədəniyyət və digər humanitar sahələrə yönəldilən büdcə vəsaitlərinin və investisiyaların da əhəmiyyətli dərəcədə artırılmasına imkan yaratmışdır. Nəticədə təhsil müəssisələrinin maddi–texniki bazası möhkəmləndirilmiş, informasiya texnologiyalarının tətbiqi sürətləndirilmiş və tədris prosesi təkmilləşdirilmişdir. Səhiyyə müəssisələrinin yenidən qurulması və qabaqcıl texnologiyaların tətbiqi davam etdirilmişdir. Səhiyyə sahəsinə ayrılan büdcə vəsaiti son on ildə 12,5 dəfədən çox artırılmış, 500–ə yaxın səhiyyə müəssisəsi tikilmiş və əsaslı təmir olunmuşdur. Bunun və digər amillərin nəticəsində orta ömür müddəti əhəmiyyətli dərəcədə artmış, körpə və ana ölümü göstəriciləri kəskin azalmışdır.

Xatırladaq ki, ötən ilin may ayında baş vermiş güclü zəlzələ Zaqatala, Balakən və Qax rayonlarında evlərə, sosial və infrastruktur obyektlərinə ciddi ziyan vurdu. Dövlət tərəfindən qısa müddətdə dəymiş ziyanın ödənilməsinə başlanıldı. İlin sonuna 2974 fərdi ev, 19 məktəb və digər obyektlər tikilib istifadəyə verildi. 3 mindən çox ailəyə evlərinin bərpası üçün maliyyə yardımı göstərildi.

Təbii ki, sosialyönümlü siyasətin uğurla həyata keçirilməsində iqtisadiyyatın dinamik inkişafı, əldə edilən yüksək makroiqtisadi göstəricilər aparıcı rol oynayır. Aparılan islahatlar və iqtisadi sahədəki nailiyyətlər ölkəmizin sosialyönümlü inkişafını təmin edir. Davamlı iqtisadi artım xalqın rifahının daha da yaxşılaşması istiqamətində qarşıda duran hədəflərə nail olunmasını sürətləndirir.

 

 

Şükür ƏLİZADƏ

 

Respublika.- 2013.- 4 aprel.- S. 1; 3.