ZƏMANƏMİZİN DAHİSİ

 

90 illik yubileyini böyük qürur hissi ilə qeyd etməyə hazırlaşdığımız ulu öndərimiz Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti çoxəsrlik dövlətçilik tariximizdə mühüm yer tutur. Bütün həyatını Azərbaycan xalqının və dövlətçiliyimizin taleyi ilə bağlayan, yüksək insani keyfiyyətlərə, dövləti idarə etmək bacarığına malik olan Heydər Əliyev bənzərsiz və müqayisəedilməz şəxsiyyət idi. Ulu öndər xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında misilsiz rol oynayıb. Dahi rəhbərin hakimiyyətdə olduğu otuz ildən artıq bir dövr ərzində qazandığımız bütün nailiyyətlərin fövqündə məhz Heydər Əliyev fenomeni, qüdrəti və dühası, uzaqgörənliklə yürütdüyü müdrik siyasi kurs dayanıb. Tariximizin ən çətin və kəşməkəşli dönəmlərində Azərbaycanın və xalqımızın nicatı, qurtuluşu və xoşbəxt gələcəyi naminə böyük siyasət meydanına atılan ulu öndərimiz Heydər Əliyevin adı və ideyaları əbədi yaşayacaqdır.

Azərbaycanın taleyində böyük tarixi missiyanı yerinə yetirmək qüdrətinə malik olan dahi şəxsiyyətlər arasında ümummilli liderimiz Heydər Əliyevin müstəsna yeri var. Öz xalqı və Vətəni qarşısında misilsiz xidmətlərinə, tarixi roluna görə Heydər Əliyevi dünya miqyaslı siyasi nəhənglərlə — Mustafa Kamal Atatürk, Franklin Ruzvelt, Şarl de Qoll ilə müqayisə edirlər. Çünki o, Azərbaycan xalqının həqiqi lideri və xilaskarı kimi şərəfli missiyanı böyük əzm və şərəflə yerinə yetirmişdir. Bütün ömrünü Azərbaycanın tərəqqisinə sərf edən bu müdrik insan demişdir: “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”.

Ulu öndərimizin milli neft strategiyasi ölkəmizin sonrakı möhtəşəm uğurlarının əsasını qoyaraq iqtisadiyyatımızın sürətli tərəqqisinin təməl daşına çevrilib. “Əsrin müqaviləsi” çərçivəsində mərhələ–mərhələ həyata keçirilən “Bakı–Tbilisi–Ceyhan” neft, “Bakı–Tbilisi–Ərzurum” qaz boru kəmərləri Azərbaycana nəinki iqtisadi, həm də siyasi dividendlər gətirib. Təsadüfi deyil ki, Azərbaycan bu gün regionda təhlükəsizliyin qarantı, lider dövlətdir. Milli sərvətlərimiz indi xalqın mənafeyinə xidmət göstərir. Neftdən əldə olunan mənfəət Azərbaycanda bütün sahələrin inkişafına güclü təkan verib.

Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illər ərzində iqtisadiyyatımızın sürətli inkişafı ilə yanaşı böyük elmi, intellektual, kadr, iqtisadi və enerji potensialının yaradılmasına da nail olmuş, ölkəmizin müstəqil yaşaması üçün möhkəm təməl qoymuşdur. Məhz buna görə də Azərbaycan xalqı qazandığı müstəqilliyə və onun qorunub saxlanılması sahəsində əldə etdiyi bütün nailiyyətlərə görə ulu öndərə minnətdardır.

Xarizma, yüksək nüfuz, təşkilatçılıq bacarığı, müdriklik, yüksək intellektuallıq, milli–mənəvi dəyərlərin daim uca tutulması, novatorluq, qətiyyətlilik, prinsipiallıq və bu qəbildən olan digər keyfiyyətlər həm də ümummilli liderimizin ölkəmizin inkişafında oynadığı rolu müəyyən edən əsas cəhətlər kimi çıxış edib. Fəaliyyəti ilə tarix yaradan bu dahi şəxsiyyət beynəlxalq siyasətdə də heyranlıqla qarşılanıb, daim böyük hörmət və ehtiramla anılıb. Bu mənada Azərbaycan xalqı özünü xoşbəxt saya bilər ki, kifayət qədər mürəkkəb və ziddiyyətlərlə dolu dövr kimi xarakterizə edilən XX əsrdə 30 ilə yaxın bir müddətdə Heydər Əliyev kimi xarizmatik lider ölkəmizə rəhbərlik etmiş, məhz bu dahi insanın yorulmaz fəaliyyəti, gərgin zəhməti sayəsində Azərbaycan sürətli, dönməz inkişaf yoluna qədəm qoymuşdur. Müstəqil Azərbaycanın qurucusu və banisi, dövlətçiliyimizin qarantı olmuş bu dahi şəxsiyyətin ölkəmiz və xalqımız üçün etdikləri əsrlər keçsə də tarixi dəyərini itirməyəcəkdir. Heydər Əliyev siyasi–mənəvi irsi təkcə xalqımızın deyil, eyni zamanda bəşəriyyətin zəngin xəzinəsinə çevrilmişdir.

Prezident İlham Əliyevin 21 yanvar 2013–cü il tarixli “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” verdiyi sərəncamda deyilir: “Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Onun siyasəti nəticəsində əldə olunan misilsiz nailiyyətlər göz qabağındadır. Bu uğurlar paytaxtımızın daim yeniləşən görkəmində, şəhər və rayonlarımızın sürətlə modernləşməsində, iqtisadiyyat və elmdə, təhsil, mədəniyyət və səhiyyədə, eləcə də ictimai–siyasi həyatımızda öz əksini tapmışdır”.

Müasir dövrdə ən inkişaf etmiş dövlətlərin təcrübəsi təsdiqləyir ki, yalnız təhsil sistemi yüksək səviyyədə olan ölkələr hərtərəfli tərəqqiyə nail olurlar. Azərbaycanda bütün sahələrdə olduğu kimi, elmin və təhsilin inkişafı da ulu öndərimizin Vətəni və xalqı qarşısında misilsiz xidmətlərindəndir. İstər ötən əsrin 70–80–ci illərində, istərsə də müstəqillik dövründə Heydər Əliyev xalqımızın təkcə bugününü deyil, həm də gələcəyəni düşünərək bu sahənin inkişafına xüsusi diqqət və qayğı göstərib. Xüsusən də müstəqillik illərində milli təhsilimizi Qərb standartları səviyyəsinə yüksəltmək, milli–mənəvi dəyərlərə həssas münasibət ümummilli liderimizin yürütdüyü siyasətin prioritet istiqamətini təşkil edib. Ölkəmizdə təhsil islahatı Proqramının hazırlanması və uğurla reallaşması təhsil sahəsində Heydər Əliyev siyasətinin parlaq nümunəsidir.

Məhz bunun nəticəsidir ki, bu gün biz təhsilin keyfiyyətinin ən inkişaf etmiş ölkələrin səviyyəsinə yüksəlməsi ilə bağlı uğurlarımızla, təhsil sahəsində beynəlxalq proqram və layihələrdə iştirakımızla haqlı olaraq fəxr edirik. Bütün bunlar, şübhəsiz ki, ulu öndərimizin siyasi kursunun uğurla davam etdirilməsi, möhtərəm Prezidentimiz İlham Əliyevin təhsilə, təhsil işçilərinə diqqət və qayğısı, səmərəli fəaliyyət üçün yaratdığı əlverişli şərait və imkanlar sayəsində mümkün olub. Prezidentin təhsil sahəsinə diqqəti ardıcıl və müntəzəm xarakter daşıyır. “Təhsil haqqında” Qanunun qəbul edilməsi, təhsil sistemində islahatların daha sürətlə davam etdirilməsi, ən mütərəqqi texnologiyaların tətbiqi, müəllimlərin əmək haqlarının müntəzəm olaraq artırılması, onların pedaqoji biliyinin yüksəlməsi bu sahənin dünya səviyyəsinə yüksəlməsinə imkan verib.

Ulu öndərimiz qayğıya ehtiyacı olan insanlara, xüsusən də uşaqlara həmişə diqqət və qayğı göstərib. Bu gün Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu istiqamətdə də böyük işlər görür, Mehriban xanım Əliyeva fəaliyyət göstərdiyi hər bir sahədə böyük uğurlar qazanılmasına, qlobal layihələrin gerçəkləşməsinə, mədəni irsimizin dünyada tanınmasına nail olub, təhsil və səhiyyəmizin inkişafına güclü dəstək verib. Bu qədər gərgin işlə məşğul olmasına baxmayaraq, fəaliyyətinin əsas hissəsini xalqımızın gələcəyi olan uşaqlara yönəldir, onlara xüsusi diqqət və qayğı ilə yanaşır. Yardıma və qayğıya ehtiyacı olan hər bir kəsə, xüsusən də əlil və xəstə uşaqlara həmişə kömək edir.

Ulu öndər bütün mənalı həyatını xalqına həsr etmişdi, Azərbaycan üçün yaşamışdı, öz ideyaları, amalları, idarəçilik və diplomatik təcrübəsi ilə mükəmməl bir elmi–siyasi məktəb yaratmışdı. Bu gün Azərbaycanın milli ideologiyasını, iqtisadi–siyasi gerçəkliyini, mədəni həyatını özündə əks etdirən və möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasi kurs da bu məktəbdən qidalanır, gücünü, qüdrətini Heydər Əliyevin amallarından alır. Odur ki, məhz bu siyasi kurs müstəqil Azərbaycanı xoşbəxt gələcəyə inamla aparmağa qadirdir.

 

 

Nemidar HÜSEYNQULİYEV,

Bakının Nərimanov rayonundakı

gözdən əlil uşaqlar üçün 5 saylı orta

məktəbin direktoru

 

Respublika.- 2013.- 5 aprel.- S. 4.