“MUĞAM ALƏMİ” III BEYNƏLXALQ MUĞAM FESTİVALI

 

Bütün dünyada “Muğam ölkəsi” kimi tanınan Azərbaycanda Beynəlxalq Muğam Festivallarının keçirilməsi artıq ənənəvi hal almışdır. Bu ilin 9–19 mart tarixlərində —11 gün ərzində yaddaşlarda iz salan, möhtəşəmliyi ilə könülləri riqqətə gətirən və dünyada bəlkə də analoqu olmayan, müxtəlif millətlərdən olan muğamsevərləri, muğam ustadlarını və muğamşünas alimləri böyük “muğam ocağı”nın ətrafına toplayan “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı bizim üçün özəllikləri, tapıntıları və uğurları ilə əlamətdar oldu.

Yuzilliklər boyu klassik Şərq muğam musiqisi hər bir xalqın ustad sənətkarlarının ifaçılıq məharəti sayəsində inkişaf etmiş, təkmilləşərək, cilalanaraq bu günümüzə kimi çatmışdır. Bununla belə, XXI əsrin əvvəllərindən muğam sənəti məhz Azərbaycanda İntibah dövrünü yaşamağa başlamışdır.

Azərbaycan dövlətinin mədəniyyətə, muğam sənətinə böyük diqqəti, bilavasitə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO–nun xoşməramlı səfiri, “Muğam aləmi” Beynəlxalq Muğam Festivalının prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında muğamın inkişafına və beynəlxalq miqyasda tanıdılmasına yönəldilmiş möhtəşəm layihələrin həyata keçirilməsi bunu deməyə əsas verir. Bu istiqamətdə aparılan məqsədyönlü fəaliyyətin nəticəsidir ki, Azərbaycan muğamı, Azərbaycan tarı və tar ifaçılıq sənəti, eləcə də Azərbaycan aşıq sənəti YUNESKO–nun “Bəşəriyyətin qeyri–maddi mədəni irsi” siyahısına daxil edilmişdir.

Əlbəttə ki, bunlar çox fərəhləndirici olub, muğam mühitində yaşayan, muğamla nəfəs alan, muğamı qan yaddaşında daşıyan və nəsildən–nəslə ötürən biz azərbaycanlıların üzərinə böyük məsuliyyət qoyur.

“Muğam aləmi” Beynəlxalq Muğam Festivalının rəmzi mənası odur ki, o, Şərqin muğam ənənələrini məhz Azərbaycanda qovuşdurur, sözün əsl mənasında, muğamın əsrarəngiz aləmini, muğamın geniş fəzasının ənginliklərini gözümüzün qarşısında canlandırır. Festivalın məramı bir tərəfdən, Şərqin qədim muğam ənənələrini canlandırmaqdan, yaşatmaqdan və gələcək nəsillərə ötürülməsini təmin etməkdən, digər tərəfdən isə xalqlar arasındakı mədəni əlaqələri genişləndirməkdən, muğamı xalqlararası ünsiyyət vasitəsinə çevirməkdən ibarətdir.

Həqiqətən də biz bu festivalın timsalında Şərqlə Qərbin mədəniyyət ənənələrinin qovuşmasının şahidi oluruq. Festivalın Heydər Əliyev Mərkəzində açılış mərasimindəki ilk konsertindən başlayaraq, sonuncu yekun konsertinə kimi bu tendensiya özünü göstərir. Beynəlxalq Muğam Festivalının bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, YUNESKO–nun “Sülh naminə incəsənət xadimi” adına layiq görülmüş professor Firəngiz Əlizadənin böyük zövq və səriştə ilə quruluş verdiyi festival konsertlərində respublikanın aparıcı musiqi kollektivlərinin, muğam və vokal ifaçılarının eyni səhnədə növbələşən çıxışları, Azərbaycan və dünya klassik musiqi incilərini səsləndirmələri Beynəlxalq Muğam Festivalının əsl qayəsinin canlı nümayişi oldu.

Festivalın ənənəvi proqramı da görkəmli muğam ustadlarının konsertləri, Azərbaycan bəstəkarlarının opera və baletlərinin nümayişi, simfonik muğamların səsləndirilməsi, etno–caz konsertləri, festivalın qonaqları ilə muğamın dostları klubunda görüşlər, yeni layihələrin təqdimatı, dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş nüfuzlu musiqişünas–alimlərin iştirakı ilə beynəlxalq elmi simpozium və gənc muğam ifaçılarının beynəlxalq müsabiqəsindən ibarətdir ki, bu da özlüyündə Şərq və Qərbin qovuşmasını təcəssüm etdirir və muğamın əsl bəşəri mahiyyətini üzə çıxarır. Bu çərçivədə də festivalın proqramı hər dəfə yeni cəhətlərlə zənginləşir.

Builki festivalın əsas yeniliklərindən biri ondan ibarət idi ki, təkcə paytaxt Bakıda deyil, respublikamızın daha səkkiz regionunda, ölkəmizin böyük mədəniyyət mərkəzlərində – Naxçıvan, Gəncə, Şamaxı, Ağcabədi, Qəbələ, Şirvan, Ağstafa və Lənkəran şəhərlərində Beynəlxalq Muğam Festivalının konsertləri keçirildi. Burada festivalın xarici qonaqları ilə yanaşı, azərbaycanlı muğam ifaçılarının, yerli musiqi kollektivlərinin, bölgələrdə muğamın tədrisi ilə məşğul olan ustadların və onların şagirdlərinin geniş proqramlarla çıxış etmələri festivalın yaddaqalan məqamlarıdır.

Festivalın ildən–ilə öz coğrafi məkanını genişləndirməsi çox əlamətdardır və gələcəkdə bütün Azərbaycan ərazisini əhatə edəcəyini də indidən əminliklə demək olar. Bu, bir daha təsdiq edir ki, Azərbaycanda muğam sənətinin layiqli varisləri var, yüksək səviyyədə diqqət və qayğıdan bəhrələnən bir mühitdə muğam öz davamçılarını yetişdirir.

III Beynəlxalq Muğam Festivalındakı yeni cəhətlərdən biri də ustad–şagird ənənələrinin önə çəkilməsi və Azərbaycan muğamlarının ustad sənətkarların və onların yetirmələrinin ifasında səsləndirilməsi oldu.

Onu da deyim ki, ustad–şagird ənənəsi muğamın inkişafını təmin edən əsas amildir. Bəlkə də muğam sənətinin əsrlər boyu yaşamasının sirri də elə bundadır ki, muğamlar yazıya alınmadan, şifahi şəkildə, yaddaş vasitəsilə mənimsənilir, ustaddan–şagirdə və nəsildən–nəslə ötürülür. Hər gənc nəsil isə varisi olduğu ənənələri özünəməxsus bir ruhla yeniləşdirir, muğama yeni nəfəs verir, yaşadır.

Bakıda Beynəlxalq Muğam Mərkəzində festivalın əsas konsertlərində biz yeddi Azərbaycan muğam dəstgahını belə varislik ənənəsində dinlədik: “Rast” Zabit Nəbizadə və Mirələm Mirələmov, “Şur” Mənsum İbrahimov və Təyyar Bayramov, “Zabul Segah” Arif Babayev və Babək Niftəliyev, “Çahargah” Fehruz Səxavət və Arzu Əliyeva, “Bayatı–Şiraz” Alim Qasımov və Fərqanə Qasımova, “Şüştər” Nuriyyə Hüseynova və Rəvanə Ərəbova, “Hümayun” Nəzakət Teymurova və Vəfa Vəzirova. Festivalın ilk muğam konsertində isə bu ənənənin daha bir gözəl örnəyini gördük. Mələkxanım Əyyubova və Aqil Məlikovun və onların yetirmələrinin—Kamilə Nəbiyeva, Ariz Hüseynov, Qızılgül Babayeva, Gülnar Qüdrətli, Məftun Səfərli, Ağaniftulla Məmmədli, Mirpaşa Şükürov, Əli Hacızadə, Günay İmamverdiyevanın ifasında yeddi muğamın səsləndirilməsi Azərbaycan muğam sənətinin yaşarılığının bariz sübutudur.

Əlbəttə ki, ustadın öz şagirdi ilə eyni səhnəni paylaşması çox fərəhləndirici haldır. Digər tərəfdən, yaş hədləri müxtəlif olan bu gənc ifaçılar üçün öz ustadları ilə bir səhnədə çıxış etməsi, dönə–dönə tamaşaçıların alqışlarını qazanması, ustadın şagirdə ən böyük xeyir–duasıdır. Qədimdən gələn bu ənənənin müasir dövrdə bu şəkildə davam etdirilməsi gənc ifaçılar üçün əsl sənətkarlıq məktəbidir.

III Beynəlxalq Muğam Festivalı, doğrudan da “Muğam aləmi”ni bizə tanıdan, dünyanın “muğam qapılarını” üzümüzə açan bir yoldur. Festivalda dünyanın 24 ölkəsindən gəlmiş qonaqların iştirakı bunu bir daha sübut etdi.

Festivalın iştirakçıları arasında dəfələrlə ölkəmizə təşrif buyuran görkəmli sənətkarlarla yanaşı, ifalarını qiyabi olaraq dinlədiyimiz, eləcə də adlarını ilk dəfə eşitdiyimiz ifaçılarla da tanış olduq. İraqdan Hüseyn əl–Ədhəmi, Misirdən Ayişə Reduan kimi böyük sənətkarların çıxışları artıq azərbaycanlı muğamsevərlərə yaxşı tanış olsa da, Tunisdən Lotvi Buşnak, Özbəkistandan Munojat Yolçiyeva kimi səsi dünyanın böyük səhnələrindən gələn şöhrətli ifaçılar Azərbaycana bu ilk səfərlərində dinləyicilərin rəğbətini qazandılar. Ənənəvi makam ifaçıları olan Mərakeşdən Abdessalam Bajedub və “Əndəlus gəncləri” qrupunun, Türkiyədən “Anadolunun səsləri” ansamblının, İrandan Parvaz Homay və ansamblının, Liviyadan “Turasu Libya Makam” qrupunun, Hindistandan raqa ifaçısı Mita Panditin, Çindən “Uyqur mukamları”nın ifaçıları “Gözəl qızlar” ansamblının çıxışları özünəməxsus xüsusiyyətlərilə muğam arealını gözümüz qarşısında canlandırdı.

Muğam Festivalında şahidi olduğumuz əlamətdar hadisələrdən biri də İspaniyadan dünya şöhrətli flamenko ifaçısı Xoakin Kortesin “Disen de mi” adlı konsert proqramı ilə çıxış etməsi idi. Bu konsert proqramının da Muğam Festivalı kontekstinə daxil edilməsi heç də təsadüfi deyildi. İnsanın təxəyyülünü coşduran flamenko ilə muğamı bir–birinə bağlayan cəhətlər hər iki sənətin ənənəvi olaraq, varisliklə nəsildən–nəslə ötürülüb təkmilləşdirilməsi, hər iki musiqi növünün xalqın estetik zövqünün tələblərinə cavab verməsi ilə əlaqədar olub, Şərqlə Qərb mədəniyyətini bir–birinə qovuşduran tellərin nə qədər dərin olduğunu sübut edir.

Festivalın proqramlarının bir istiqaməti də Azərbaycan bəstəkarlarının opera, balet və simfonik əsərlərinin, yəni Qərb və Şərq mədəniyyətlərinin qovuşmasında ərsəyə gələn musiqinin səsləndirilməsi ilə bağlıdır. Əlbəttə ki, dəfələrlə dinlədiyimiz, bəlkə də hər notunu əzbər bildiyimiz milli musiqi klassikamızının şah əsərlərini yeni təfsirlərdə dinləməyimizin bizim üçün çox önəmi var, belə ki, musiqi əsərləri səsləndikcə yaşayır və xalqın ruhunu yaşadır.

“Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı çərçivəsində keçirilən Beynəlxalq Elmi Simpozium da muğamşünaslığın inkişafına təkan verən bir amil kimi qiymətləndirilməlidir. Fransa, Almaniya, Kanada, Yaponiya, Tunis, İran, Türkiyə, Hindistan, Özbəkistan, Türkmənistan, Tacikistan, Qazaxstan və digər ölkələrdən gəlmiş alimlərin azərbaycanlı alimlərlə görüşü, ünsiyyəti olduqca zəruridir və YUNESKO–nun Ənənəvi Musiqi üzrə Beynəlxalq Şurasının (İCTM) ekspertlərinin bu alimlər sırasında olması tədbirin əhəmiyyətini daha qabarıq göstərirdi. Bütün bunlar muğamla bağlı tədqiqatların genişlənməsinə, qarşılıqlı olaraq muğam əlaqələrinin öyrənilməsinə diqqətin artırılmasını, gələcəkdə muğamın tarixi və nəzəri problemlərinə həsr olunmuş müasir elmin tələblərinə uyğun tədqiqatlar aparılmasını aktual bir məsələ kimi irəli sürür.

Əlbəttə ki, Beynəlxalq Muğam Festivalı kimi belə bir möhtəşəm tədbirin keçirilməsi olduqca böyük zəhmət tələb edir. Bu baxımdan Heydər Əliyev Fondunun rəhbərliyi ilə, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının həyata keçirdiyi təşkilati işlərin miqyası göz önündədir.

“Muğam aləmi” III Beynəlxalq Muğam Festivalının sonuncu günü məhz xalqımızın böyük təntənə ilə qeyd etdiyi Novruz bayramı şənlikləri ilə yekunlaşdı. Necə deyərlər, bayram bayrama qarışdı. Bu bayramların qovuşmasında yaşadığımız muğamla dolu 11 gün bitdi, biz isə “Muğam aləmi”nin yeni üfüqlərini kəşf etmək ümidi ilə növbəti festivalları gözləyirik.

 

 

Cəmilə HƏSƏNOVA,

sənətşünaslıq üzrə elmlər doktoru,

professor

 

Respublika.- 2013.- 6 aprel.- S. 6.