Fəlsəfi təfəkkür ustadı Heydər Hüseynov

 

Həyatımda qəribə səhifələr və maraqlı insanlarla görüşlər az olmayıb. Adamların bir qismi ilə aylarla, hətta illərlə bir sahədə işlədiyimizə, tez–tez görüşdüyümüzə baxmayaraq, elə bir gün gəlib ki, yollarımız ayrılıb, həyatın gözlənilməz fırtınaları onları bir tərəfə, məni başqa bir tərəfə atıb. İlk ayrılıq dövründə yazışmışıq. Lakin vaxt keçdikcə, bu yazışmalar da azalmış və nəhayət, tamam kəsilmişdir. Yeni tanışlarla, yeni həmkarlarla işləməli olmuşuq.

Müəyyən müddət sonra əvvəlki tanışların bir qismi xəyalımda dumanlanmağa başlamış və nəhayət, tamam silinib getmişdir. Onlardan bəziləri ilə indi də ara–sıra rastlaşıram. Maraqlı orasıdır ki, bir parasını dərhal xatırlayıram, bir parasını isə yox. Həssas adamlar bunu o saat hiss edir və soruşur: “deyən məni tanımadın, filan idarədə, filan vaxt bir yerdə işləmişik, yadına düşdümü?”

Vallah, yadıma düşmür, “yox” deməyə də dilim gəlmir, susuram. Qərəz, sorğu–sualla vəziyyətdən çıxır və şirin söhbətə başlayırıq. Onu da deyim ki, keçmiş tanışlarım hamısı yaddan çıxmır. Surətləri heç vaxt xəyalımın aynasından solub getmir.

Nə üçün, səbəb nədir? Axı insanları biri–birindən fərqləndirən şəxsi xüsusiyyətləridir. Xasiyyəti, təbiəti parlaq olan adamlar hələm–hələm unudulmur. Onlar ilk görüşdəncə adama güclü təsir bağışlayır, yaddaşa daxil olur. Bu baxımdan Heydər Hüseynov həyat yollarında rast gəlib, tanış olduğum ən parlaq şəxsiyyətlərdən biridir. Mən onun iti zehninə, dərin idrakına, geniş ürəyinə və gözəl təbiətinə, mənəvi ucalığına valeh idim. Otuzuncu illərin əvvəllərində tale bizi rastlaşdırmışdı.

O illər isə ölkənin həyatında maraqlı və ziddiyyətli illərdən idi. Sosializm uğrunda, yeni həyat, yeni iqtisadiyyat və yeni sənaye uğrunda qızğın mübarizə gedirdi. Lakin bu mübarizə çox ziddiyyətli idi. Bir müddət sonra kütləvi repressiyalar, “xalq düşməni” adı ilə milyonlarla insanların həbsi, sürgünləri, məhv edilməsi ilə nəticələnən ictimai, siyasi irtica baş qaldırmaqda idi. O dövrdə biz gəncləri ən çox narahat edən və yadımızda qalan kəndlərdə baş verən qanlı hadisələr idi. “Qolçomaq” adı ilə yüz minlərlə insanların sürgünlərə göndərilməsi idi.

Elə o zamanda ölkədə başlanmış sənaye və mədəni yüksəliş Stalinin adı ilə bağlandığından həbslər, sürgünlər xalqa zidd hadisələr kimi qələmə verildiyindən biz gəncləri çox zaman çaşdırırdı, rəyimizi açıq bildirməkdən çəkindirirdi. Ancaq bir–birinə çox yaxın olan, ürəkdən biri–birinə inanan gənclər öz aralarında düşündüklərini deməkdən çəkinmirdilər və əlbəttə, bəziləri hec vaxt unudulmurdu. Heydər Hüseynov, Səməd Vurğun, Rəsul Rza, Ənvər Məmmədxanlı, Mikayıl Müşfiq belələrindən idi. Mən də onlardan idim.

Ancaq bizi çaşdıran, tərəddüdə salan o idi ki, həmin dövrdə respublikalarımızın mədəni inkişaf cəhətdən iri addımlar atdığı sevindirici hadisə idi. Axı o zaman bizim respublikamızın nə Akademiyası, nə də Ümumittifaq Akademiyasının Azərbaycan filialı vardı. Ən uca ali mərkəz Azərbaycan Dövlət Elmi–Tədqiqat İnstitutu idi. (Rusca ixtisarla “AZQ–ni adlanırdı”).

O, şəhərimizin ən gözəl binasında yerləşirdi. Memarlıq cəhətdən keçmişin nadir yadigarlarından olan bu bina bizə çox doğma idi. Biz orada oxuyurduq. İndi o, Elmlər Akademiyamızın baş binasıdır. Bizim elmi kadrlarımızın yetişməsində bu bina və oradakı indicə adını çəkdiyim Azərbaycan Dövlət Elmi–Tədqiqat İnstitutu çox böyük rol oynamışdır.

İyirminci illərin sonu, otuzuncu illərin əvvəllərindən başlayaraq Azərbaycan gənclərinin elmi tədqiqata cəlb olunmasında onun necə böyük rol oynadığını o dövrün ziyalıları yaxşı xatırlayırlar. Bu, təsadüfi deyil, Azərbaycanda Sovet hakimiyyəti qurulan gündən bizim yeni yetkin dövrümüzə qədər Nəriman Nərimanov başda olmaqla savadsızlığın aradan qaldırılmasına, xalq arasında maarifin, mədəniyyətin yayılmasına və inkişafına çox böyük fikir verilirdi. Söz yox ki, bu uca qayə Azərbaycanın maarifpərvər, inqilabçı–demokrat adamlarının çoxdankı arzusu idi. Bizdə maarifpərvərliyin rişələri əsrlərin ictimai, elmi, mədəni cərəyanlarından su içirdi. Ancaq danışdığım yaxşı, mədəni təşəbbüslər yavaş–yavaş Stalinin adına yazılmaqda idi.

Təsadüfi deyil ki, Azərbaycan Dövlət Elmi–Tədqiqat İnstitutu iyirminci–otuzuncu illərin istedadlı gənclərini maqnit kimi özünə çəkirdi. Bu institutun həm ikiillik hazırlıq kursları, həm də aspiranturası vardı. Ali təhsili olan gənclər aspiranturaya, orta təhsillilər isə hazırlıq kurslarına qəbul olunurdu. Heydər Hüseynov, Məmməd Arif, onun həyat yoldaşı Zümrüd xanım və ali təhsilli bir sıra başqa gənclər aspiranturada oxuyurdular.

Mən Lassal Texnikumunu bitirdikdən sonra bir müddət mədənlərdə qazma buruğunda işləyib, həmin institutun hazırlıq kurslarına qəbul olundum. Heydər Hüseynovla, Məmməd Ariflə, Rəsul Rza ilə, Səməd Vurğunla tanışlığım da bu dövrdə başlandı. O zaman mənim ilk hekayə və şeirlərim mətbuatda çap olunduğundan Heydər Hüseynov birinci görüşümüzdəcə ədəbiyyatdan söhbət saldı:

—Yazıçılıq, şairlik böyük sənətdir!—deyib, gözümün içinə baxdı və əlavə etdi—böyük də əmək, istedad və qabiliyyət istəyir!

Bu sətirləri yazıram və xəyal məni o dövrə aparır. Axı onda Heydərə heç bir söz demədim. Çünki heyrət məni almışdı. İlk qələm təcrübələrimin kiminsə diqqətini cəlb edə biləcəyi barədə düşünməmişdim. Ancaq bu yadımdadır ki, biz, yəni o dövrün gəncləri oxumağı çox sevirdik. “İnqilab və mədəniyyət” jurnalının növbəti nömrəsini səbirsizliklə gözlər və aldıqdan sonra vaxt tapıb oxuyardıq.

Bizim nəsil arı güllərin, çiçəklərin şirəsini soran kimi mətbuatı, kitabları oxuyur və öz aramızda müzakirə edərdik. Mən indiki gənclərin böyük bir qisminin bu gözəl ənənəni davam etdirdiyini görür və sevinirəm, sevinirəm ki, onlar bizim dövrdəkindən qat–qat artıq çap olunan mətbuatı və kitabları nəinki mütaliə edir, həm də oxuduqları barədə rəylərini bildirir, qəzetlərə, jurnallara məqalələr yazırlar.

Heydər Hüseynovu mən bu cəhətdən yeni nəsillərə nümunə sayıram. O zaman mənə elə gəlirdi ki, o, ömrünün bir saatını belə boş keçirmir—oxuyur, düşünür, yazırdı. O, həm filosof, həm də ədəbiyyatşünas idi. Əslinə baxanda burada təəccüblü bir şey yoxdur. Neçə dəfə onunla bu barədə söhbət etmişdik. O deyirdi: fəlsəfə elmini özünə əsas ixtisas seçən bir adam bədii ədəbiyyatsız keçinə bilməz. Çünki obrazlı təvəkkürü cəmiyyətin həyatına nüfuz etmədən, fəlsəfi təfəkkürsüz təsəvvürə gətirmək mümkün deyil. Bədii əsərlərin zəifliyini, uca zirvələrə qalxa bilməməsini müəllifin dayaz, səthi idrakı ilə izah edənlər məncə haqlıdırlar.

Heydər Hüseynov yaradıcılıqla və insanın ruhi inkişafında səmimiyyətin, mənəvi saflığın rolunu ayrıca qeyd edirdi. Bir dəfə biz Kommunist küçəsilə üzü aşağı gedərkən Heydər bu barədə söz saldı: İnsan üçün düzlükdən uca heç şey yoxdur!—dedi. Mən fikri gizlətməyi, bir şey düşünüb, başqa şey deməyi rəzalət hesab edirəm! Yadıma Nərimanovun sözləri düşür: Amandır, heç vaxt ağa qara, qaraya ağ deməyin!..

Artıq bizim aramızda ünsiyyət əmələ gəlmişdi, yəni biri–birinə inam yaranmışdı.

Heydər Nərimanovdan Zərdabiyə, Zakirə, Vaqifə keçdi. Məlumdur ki, o klassik ədəbiyyatımızı sevirdi, müntəzəm mütaliə və tədqiq edirdi. O barədə yazıları da diqqətəlayiq idi.

Heydər yorulmadan təkrar edirdi: ədəbiyyat və fəlsəfə daim vəhdətdədir. Haqlı idi Heydər: Mirzə Fətəli Axundov, Belinski kimi böyük şəxsiyyətləri yadımıza salaq.

Onların ədəbi əsərləri və cərəyanları tədqiq edən məqalələri məgər fəlsəfi fikirlərlə parlamayırlar? Parlayırlar! Ən yaxşı əsərlər, bədii–estetik problemlərə həsr olunmuş yazılar fəlsəfi mündəricəsi ilə də oxucunu cəzb edir və idrakı zirvələrə qaldırırlar. Dünyada elə bir klassik sənət nümunəsi, elə bir xalq ədəbiyyatı yoxdur ki, öz fəlsəfi mənaları, çalarları ilə oxucu ürəyini fəth etməsin. Təsadüfi deyil ki, bir sıra xalqların keçən əsrlərdə yaranmış bədii əsərləri yalnız estetik cəhətdən deyil, fəlsəfi cəhətdən də dolğundur və mənsub olduğu xalqın fəlsəfi fikrinin tarixini öyrənmək üçün etibarlı mənbə hesab edilir.

Heydər Hüseynovu ədəbiyyata çəkən keyfiyyətləri araşdırarkən bir xüsusiyyəti gözdən qaçırmaq olmaz: Onun fəlsəfi tədqiqatları bədii gözəlliklə, ədəbi–tənqidi məqalələri fəlsəfi fikirlərlə aşılanmışdır. Otuzuncu illərdə bu, ədəbi–fəlsəfi həyatımızda maraqlı olduğu qədər də nadir hadisə idi. Axı ayrıca bir elm olaraq müasir fəlsəfi fikrimiz yeni–yeni qanadlanır və real ictimai həyatı tədqiq edir, insanın psixoloji aləmini araşdırmağa böyük həvəs göstərirdi.

Bu cəhətdən də o dövr fəlsəfi fikrə qida verirdi: Adamların müxtəlifliyi, xüsusən yuxarı dövlət və partiya işçilərinin çoxçalarlılığı nəzəri cəlb edirdi.

O illəri xatırlayanda xüsusən rəhbər işçilərin tez–tez dəyişdiyi yadıma düşür. Dörd–beş ildə Mərkəzi Komitə katibləri az qala elə o qədər də təzələnmişdi. Bu qeyri–sabitliyin gündəlik işə və həyata necə təsir etdiyini təsəvvürə gətirmək o qədər də çətin deyil.

1931–32–ci illərdə Mircəfər Bağırovun respublika Xalq Komissarları Sovetinə və çox tezliklə Mərkəzi Komitənin birinci katibi vəzifəsinə keçməsilə respublikada vəziyyət sürətlə dəyişməyə başladı. Hələ o zaman xalq arasında onun haqqında çox və olduqca da ziddiyyətli sözlər gəzirdi: Bir yandan güclü, iradəli, təcrübəli, bacarıqlı adam olduğundan, o biri yandan da amansızlığından, despotik təbiətindən danışırdılar. Əlbəttə, bizlər də, başqa ziyalılar da, o cümlədən Heydər Hüseynov da özümüzü kənar müşahidəçilər kimi aparmırdıq. Ancaq ağzımızı da boşuna qoymamışdıq: izləyir, müşahidə edir, düşünür, öz aramızda fikir mübadiləsi aparırdıq. Buna görə də o yeni katibin mənliyi, təbiəti, insani keyfiyyətləri barədə yeri düşdükcə və ehtiyatla müəyyən fikirlər söyləyirdi. Onu və bizim hamımızı ən çox narahat edən katibin necə adam olması idi.

Heydər Hüseynovun çox geniş maraq dairəsi vardı. O, Azərbaycan ədəbiyyatı və mədəniyyətini qədimlərdən bizim günlərə qədər öyrənir, araşdırır və bu barədə ümumən elmi, ədəbi fikrimizə istiqamət verən mülahizələr söyləyir, məqalələr çap etdirirdi. Yəni Bağırovun fəaliyyətinin böyük bir dövründə o, diqqətini məhz fəlsəfi və ədəbi problemlərə vermişdi. Bəlkə bu zahirən belə idi. Əslində də onun belə mülahizələri daha çox idi. 1945–ci ildə “Azərnəşr”də çap etdirdiyi “Ədəbi qeydlər” kitabında yazırdı: “xalqımızın əsrlər boyu inkişaf edib gələn qədim bir mədəniyyət və ədəbiyyat tarixi vardır. Ədəbiyyatımız, həmişə xalqımızın ümumi inkişaf səviyyəsini, mədəniyyətini, məişətini, mənəvi aləmini əks etdirən bir güzgü olmuşdur.

Çox gözəl fikirdir! Bu fikir onun bütün yaradıcılığına istiqamət vermiş, həm də onun necə hərarətli, ağıllı, müdrik bir alim, vətənpərvər olduğunu göstərmişdir. Heydər Hüseynovun bu axtarışlar yolunda gəldiyi nəticələr səciyyəvi və maraqlıdır. Ədəbi əsərlərimizdə fəlsəfi çalarları o, inandırıcı məntiqlə qiymətləndirərək yazırdı: “Xalqımızın yüksək bəşəri ideyaları, fəlsəfi fikirləri ədəbi əsərlərimizdə hifz edilmiş, qərinələrdən–qərinələrə, nəsillərdən–nəsillərə ən böyük bir hədiyyə olaraq qalmışdır. Ədəbiyyatımızda xalqımızın duyğu və arzularının, nisgil və kədərlərinin, mübarizə və qələbələrinin abidələri əbədiləşdirilmişdir. Buna görə də ədəbiyyatımız xalqımızın iftixarıdır” (“Ədəbi qeydlər” kitabı).

Daha sonra ədəbi məqalələrdə o, böyük iftixar hissilə yazır: “Bizim ədəbiyyatımız əsl mahiyyəti etibarilə fəlsəfi fikir və hökmlərlə zəngin bir ədəbiyyatdır”.

Heydər Hüseynovun keçdiyi yol əməklə açılmışdı. Onun şüurlu həyat yolu, fəlsəfi, ədəbi axtarışları, tapıntıları ona ziyalıların və bütün xalqın ürəyində dərin məhəbbət oyatmışdı. Fəlsəfədən, estetikadan söz düşəndə Heydər Hüseynov təkrarən qeyd edirdi ki, insan düşüncəsinin, insan ağlının ən yüksək forması fəlsəfi təfəkkürdür.

Heydər Hüseynov bu gərdişləri müdafiə etməkdə haqlı idi. Şəxsən mən bu fikirdəyəm ki, fəlsəfə həyatı, varlığın, idrakın mürəkkəb və çoxcəhətli təzahürlərüni qavrayıb şərh edən, sirli cəhətlərini və mahiyyətini açıb göstərən bir elmdir. Bu elm, bu idrak məşəli olmasaydı, min illər ərzində, həyat təcrübəsində, əmək prosesində açılmış, dərk olunmuş sirlər əbədilik qaranlıqda qalardı. Bu, heç də o demək deyil ki, insan artıq hər şeyi dərk etmişdir. Həyatın, təbiətin və insanın özünün varlığındakı bütün sirlər kəşf olunub qurtarmışdır. Heç də yox! Bizim daxili və xarici aləmimizdə hələ açılmamış sirlər gizlənir. Filosoflar çoxdan deyiblər ki, insan şüuru nə qədər kəşflər edir–etsin, fəlsəfi təfəkkür obyektiv aləmin nə qədər sirlərini açır–açsın, yenə çox şeylər, çox keyfiyyətlər öz yeni kəşfiyyatçılarını gözləyəcəkdir. Buna görə də “mütləq həqiqətin” dərkolunmazlığı barədə fikir yaşayır və yaşayacaq.

Heydərin inamlarından biri də bu idi ki, fəlsəfə ayrıca bir elm kimi mövcud olduğu halda başqa elmlərə də sirayət etmişdir. Buna görə də bir çox ölkələrdə bədii təfəkkür də və bu təfəkkürün hisslərindən olan ədəbiyyatın müxtəlif janrlarında nəzəriyyəçilər, həqiqət axtaranlar daim fəlsəfi fikirlərə rast gəlmiş və gəlirlər. Daha doğrusu, bir çox ölkələr var ki, onların qədim mədəniyyətində uzun müddət fəlsəfə mükəmməl, sistemli bir elm kimi inkişaf etməmişdir. Yuxarıda qeyd etdiyimiz kimi, fəlsəfi fikirlər həmin ölkələrin ədəbi əsərlərinə, o cümlədən folkloruna səpələnmiş, orada dərin izlər buraxmışdır.

Azərbaycanın qədim əsrlər mədəniyyətində, ədəbiyyatında, Məhsəti, Xaqani, Nizami yaradıcılığında dərin fəlsəfi fikirlər estetik–bədii xüsusiyyətlərlə birlikdə tədqiq olunmuşdur. Nəsimi, Füzuli əsərlərində isə fəlsəfi fikirlər sistem təşkil edir və bir sıra tədqiqatlarda, o cümlədən Heydərin yazılarında onlar elə bu cür də təhlil olunur.

Elmin müxtəlif sahələrində, ictimai məsələlərdə, insani xüsusiyyətlər və sənətlərdə görkəmli alim, həqiqi yaradıcı ixtisas sahibi olmaq, əlbəttə, böyük şərəfdir. Belələrinin içində insanlığı, mənəvi paklığı ilə seçilən adamlar ikiqat şərəflidir. Heydər Hüseynovda bu keyfiyyətlər hər an gözə dəyir və onu qat–qat şərəfli edirdi.

Bununla əlaqədar olaraq mən bir epizodu qeyd etmədən keçinə bilmirəm. Müharibə illəri idi. Heydər bütün varlığı ilə sovet xalqının qəhrəmanlığından ilham alır və Hitler kimi yırtıcının məğlubiyyətinə qəti inamla deyirdi: Bu cür vəhşi, heyvan adam uzun müddət meydan sulaya bilməz. Sən onun çıxışlarına diqqət et: Üz–gözündən zəhrimar tökülür, danışığı, əl–qol atması hər dəfə məndə belə təsir oyadır ki, o insan deyil, yırtıcı canavardır.

Heydər hər məsələdə ürəyiaçıq, alicənab adam idi. Yazılarında da o, monumentallığa meyil edirdi. Məlumdur ki, o zaman sırf fəlsəfi məzmunu ilə seçilən orijinal əsərlərimiz yox idi. Bu yolda ilk sanballı əsərlər yaradan Heydər Hüseynov olmuşdur. O, böyük istedad idi, ilk ehtiraslı tədqiqatlarında Azərbaycan xalqının ictimai fikir tarixini böyük klassiklərimizin əsərləri ilə üzvi vəhdətdə araşdırırdı. Bu addımlar onun elmi fəaliyyətini ümumbəşər fəlsəfi xəzinəsini öyrənib tədqiq etmək kimi geniş yola gətirib çıxardı. Nəticədə o zamanın və elmin vacib tələblərinə cavab verən, Nizaminin “İqbalnamə”si, Həsənbəy Zərdabi, Səməd Vurğun, Süleyman Rüstəm barədə məqalələrlə yanaşı, monumental elmi–tədqiqat əsəri olan “XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikri tarixi”ndən ibarət kitabı yaratdı. Humanizm bu kitabın şah damarıdır desək, yanılmarıq. O, müəllifə böyük şöhrət qazandırmaqla yanaşı, həyatında və taleyində uğursuz rol oynadı.

Dediyimiz kitab nəinki Azərbaycanın, həm də bütün İttifaqımızın elm aləmində, kitabsevərlər dünyasında hərarətlə qarşılandı, hər yerdə onun elmi cəhətdən çox dəyərli olduğundan danışırdılar. Məşhur şərqşünas alim, akademik Kraçkovski müəllifə göndərdiyi məktubda bu kitaba çox böyük qiymət verərək yazırdı: “Burada bizim XIX əsrdə şərqşünaslıq tariximizin bir çox məsələləri qeyd edilmişdir”.

Bu kitab haqqında müsbət fikirlər yayıldığı zaman mən Moskvada idim. Bir gün dedilər ki, Aleksandr Fadeyev məni görmək istəyir. O, həm SSRİ Yazıçılar Təşkilatının, həm də Stalin mükafatlar komitəsinin sədri idi. Mən də həmin komitənin üzvü olduğumdan Fadeyev görüşümüz zamanı özünəməxsus bir işgüzarlıqla söhbəti əsas məsələdən, yəni Heydər Hüseynovun kitabından başladı. Onun çox mənalı və qiymətli tədqiqat əsəri olduğunu və Stalin mükafatına irəli sürmək istədiyini bildirib mənim rəyimi soruşdu. Söz yox ki, bu fikir mənə də xoş gəldi və sevinclə dedim ki, əla fikirdir. O zaman mənim ağlıma gəlməzdi ki, bu təklif kimə və ya kimlərə isə xoş gəlməyə bilər.

Demə mən yanılmırammış, həmin kitabın yüksək rütbəli bədxahları rahat otura bilmirmişlər. Elə ki kitabı SSRİ Yazıçılar İttifaqı dövlət mükafatına irəli sürdü, respublikanın rəhbər təşkilatları əvvəlcə buna etiraz etmədilər. Mükafatlar Komitəsində müzakirə zamanı danışanların hamısı kitabı təriflədilər. Və o, həm açıq, həm də gizli səsvermədə əksəriyyətin səsilə mükafata layiq görüldü. Bu münasibətlə Heydər Hüseynovu təbrik edənlər saysız–hesabsız idi. Lakin…

Lakin “yuxarı” susurdu.

Nə üçün, nə səbəbə? Məlum deyildi. Mən Bakıya qayıtdıqda anlaşılmaz bir vəziyyətə rast gəldim. Heydər Hüseynovun adı gələndə mükafata layiq görülmüş kitabından söz düşəndə ən xeyirxah adamlar belə tutulur, eyhamlı sözlərlə danışığa son qoyurdular.

Bu hadisələr zamanı çox çəkmədən bütün bu ağır vəziyyəti yaradanın Bağırov özü olduğu meydana çıxdı. Artıq eyhamlarla, sirli ifadə və hərəkətlərlə deyil, aydın–açıq sözlərlə bunu çoxlarından eşidir və qeyri–iradi olaraq təlaş dolu hisslərə qapılmalı olurdum.

Bir müddət sonra həmin kitab haqqında filarmoniyada geniş iclas keçirildi və orada Bağırov müəllifin Şeyx Şamil haqqındakı müsbət fikirlərini bəhanə edərək ona hücum etdi. Şamili isə xarici dövlətlərə casusluqda, panislamizmdə, pantürkizmdə təqsirləndirdi. Əlbəttə, bu gözlənilməz və dəhşətli fırtına kitabın müəllifi Heydər Hüseynovu sarsıtmaya bilməzdi. Onun həyatının ən ağır dövrü başlamışdı. Bu dövr təkcə Heydər Hüseynov üçün deyil, hamı üçün ağır və gözlənilməz fəciələrlə hamilə olan bir dövr idi, şəxsiyyətə pərəstişin amansız dalğalarının gah yatdığı, gah da qəfildən ölkənin müxtəlif güşələrində tüğyan etdiyi bu dövrdəki faciələri saymaqla qurtaran deyil. Axı yüz minlərlə insanın həyatını məhv etmiş şəxsiyyətə pərəstişin fırtınaları qarşısında Heydər Hüseynov nə edə bilərdi? Şəxsi ləyaqətini saxlamaq, vicdanını qara ləkələrdən qorumaq onun bütün varlığını bürümüş hisslər idi… Belə bir sual ortaya cıxır: nə üçün Bağırov Heydər Hüseynovu belə əsassız və ağır ittihamlara, dözülməz zərbələrə məhkum etmişdi? Görünür bunun kökləri dərinlərdə idi: Həm Bağırovun, həm də Heydər Hüseynovun təbiətlərinin biri–birinə zidd olan keyfiyyətlərində idi, tale düşüncəsi ilə biri–birinə zidd iki adamı üzləşdirmişdi: Biri müstəbid, despotik, şöhrətpərəst, o biri humanist, insanpərvər, ədalətli iki qütbün adamları.

Mənim taleyim elə gətirmişdi ki, şəxsiyyətə pərəstişin müəyyən dövrlərində Bakıdan və Azərbaycandan kənarlarda—1933–35–də Naxçıvanda “Sürət” qəzetinin redaktoru. 1935–37–də Leninqradda SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspirantı işləməli olmuşdum: 1937–ci ilin axırlarında məni Bakıya çağırıb Opera Teatrının direktoru, iki–üç ay sonra isə eyni zamanda İncəsənət İşlər İdarəsinin rəisi vəzifəsinə təyin etdilər. Bu zaman teatr və filarmoniya Moskvada birinci Azərbaycan incəsənəti dekadasına çox qızğın hazırlaşırdı. O illərin müşahidələrinə əsasən deyə bilərəm ki, Bağırov çox mürəkkəb və ziddiyyətli adam idi. Onun əməlləri və fəaliyyəti yalnız mənfiliklərdən, ədalətsizlikdən və amansızlıqdan ibarət deyildi. Müsbət, məhsuldar və ədalətli işləri inkar etməkdə həqiqətən uzaqdır. Bu münasibətlə bir neçə faktı xatırlamaq istəyirəm: 1937–ci ilin noyabr ayında məşhur səhnə ustamız Mirzəağa Əliyev idarəyə, mənim yanıma gəldi və öz ağır vəziyyətini göz yaşı içində mənə nəql etdi: onu, Fatma Qədrini, Möhsün Sənanini rəsmi əmrlə /Xalq düşməni kimi!/ teatrdan xaric etmişdilər və onlar səyyar kəndli teatrında işləməyə məcbur olmuşdular.

O ağır günlərdən birində məni Bağırovun yanına çağırdılar: Dekadaya hazırlığın gedişi ilə maraqlandı. Mən məlumat verdim, ehtiyaclarımızı bildirdim, axırda Mirzəağa Əliyevin dediklərini ona danışdım:

Fikrin, təklifin nədir?—dedi.

—Artistləri işə bərpa etmək, dekadaya hazırlıqda ehtiyaclarımızı ödəmək!

Son xahişim barədə o dövlət telefonu ilə xalq komissarları sovetinə və ticarət nazirinə göstəriş verib mənə dedi:

—Sabah teatr kollektivini yığıb dediyin artistlərin üçünü də işə bərpa edərsən. Başa düşdün?

—Bəli, çox razıyam!—deyib kabinetdən çıxdım.

Sonralar Mirzəağa Əliyev də, Fatma Qədiri də, Möhsün Sənani də dönə–dönə bu barədə danışar və təşəkkürlərini bildirərdilər…

Əlbəttə, Bağırovun fəaliyyətində, hərəkətlərində bu cür cəsarətli… səxavətli əməllərlə bərabər, mənfi, qəddar, insafsız halları da unutmaq mümkün deyil. Şəxsiyyətə pərəstişin yeni tüğyan dövrlərindən biri də 1940–cı illərin axırlarına təsadüf edir. Məlumdur ki, belə hallarda adamlar çox zaman tanınmaz və dönük üzlü oldular. Həmin illərdə Muradelinin “Xalqlar dostluğu” operasının, “Leninqrad” və “Zvezda” jurnallarının atəşə tutulması cəmiyyətdə müxtəlif, həm də çox səhv fikirlər oyatmışdı. Söz yox ki, yaramaz ənənəyə uyğun olaraq dərhal bizdə də həm musiqi, həm də ədəbiyyat aləminə o eyblərə uyğun hallar “tapdılar”, komissiya yaratdılar. Məlumat hazırlayıb qərar layihəsi düzəltdilər və məsələni Mərkəzi Komitənin bürosuna çıxardılar.

Buradakı rəsmi şəxslərdən, yəni vəzifə sahiblərindən başqa bir sıra sənət adamları da çağırılmışdı. İclası Bağırov aparırdı, yazılı və şifahi məlumatlar dinlənildikdən sonra müzakirə başladı.

Əsas tənqid hədəfi də büroya çağırılmamış Üzeyir Hacıbəyov və Səməd Vurğun idi. Ağızlar açılmışdı, kim nə istəyir, ağlına və dilinə nə gəldi söyləyirdi. Kimin barəsində? Azərbaycan musiqisi və Azərbaycan şeirinin şərəfi, şöhrəti olan iki böyük sənətkar barədə! Bütün bunlara qulaq asmaq mənəvi əzab və faciə idi. Mən böyük və uzun stolun sol tərəfində lap ucda üzü dənizə oturmuşdum. Gah insanın dərdi qədər nəhayətsiz görünən fəzalara, dənizin üstündəki ənginliklərə baxır, deyilənləri eşitməməyə çalışırdım. Gah da qabağımdakı kağızı müxtəlif cizgilər və cızmaqara ilə doldururdum.

Sənin fikrin nədir?

Mən başımı qaldırıb o yan–bu yana baxdım. Baxdım gördüm ki, kimdənsə soruşur.

O qəzəblə:

—Ey, hara baxırsan, səndən soruşuram!—dedi.

Mən iradəmi toplayıb ayağa durdum. Heç kəsi görmürəm kimi, dumanlı gözlərimi yumub açdım və dedim:

—Mən bilmirəm Üzeyir Hacıbəyov niyə Azərbaycan xalqının bir nömrəli düşmənidir, bir halda ki onun “Arşın mal alan”ı bütün dünyada Azərbaycan xalqını şöhrətləndirir! Hələ “Koroğlu”nu demirəm: lakin xalqın iki düşməni “barədə sözlər məni çaşdırmışdı” fikrimi dumanlandırmışdı. “Bəlkə bu xəyaldır, məni qara basır?” — deyib düşündüm. Elə bu zaman Bağırovun çox sərt və kəskin səsini eşitdim, onun sözləri ürəyə batan zəhərli bıçaq təsiri bağışladı.

—Sənin fikrin nədir?

Həyatda elə hallar olur ki, adamların üzü dönür, hətta dostları, yaxınları da dönüklük edirlər. İndi də mən danışanlara baxdıqca, onların namərd sözlərini eşitdikcə, belə bir vəziyyət yarandığını görürəm…

Sözümə davam etdim:

—Mən bilmirəm Səməd Vurğun niyə Azərbaycan xalqının bir nömrəli düşmənidir. Bir halda ki onun şeirləri hər yerdə Azərbaycanın şərəfini artırır?!

Bağırov “ay–hay” eləyib əlini havada yellədi və dedi:

—Otur, sən də onlardan çox uzağa getməmisən!..

Mən tragikomik bir əhvalatı da nəql etməklə Heydər Hüseynovun faciəsinə qayıdacağam: 1941–ci ilin sonu idi. Cəbhədə və cəbhə arxasında vətənə xəyanət edənləri cəzalandırmaq haqqında ölkənin yüksək hakimiyyət orqanının fərmanı qəzetlərdə təzəcə çap olunmuşdu.

Söz yox ki, müəyyən təşkilatlar və şəxslər “ayıqlıq” göstərərək od–alov yağdırırdılar. Azərbaycanda da vətən xainlərini üzə çıxarıb cəzalandırmaqla öz “vətənpərvərlik”lərini nümayiş etdirməyə səy göstərirdilər. Mərkəzi Komitədə birinci katibin köməkçisi işləyən Əliyev adlı orta yaşlı xidmətçi bir gün mənə zəng çalıb dedi ki, bu gün saat 2–də Bağırovun yanında olum. Soruşdum: nə məsələdir? Dedi, doğrusu, bilmirəm. Deyilən vaxta yarım saat qalmış mən idarədən çıxdım. Mərkəzi Komitənin yanında Səməd Vurğuna rast gəldim, görüşdük. O özünəməxsus səmimi təbəssümlə soruşdu: Ayə, xeyir ola, nə məsələdir?

—Səməd, mən də bilmirəm.

—Ayə, məndən gizlətmə. Düzünü de.

—Düzü budur ki, bilmirəm. Darıxma, bir az sonra ikimiz də hər şeyi biləcəyik.

Yavaş–yavaş gedib liftə mindik, yuxarı qalxdıq, qəbul otağına girdik. Otaq ağzına qədər adamla dolu idi. Həm də çox müxtəlif adamlar idi: Xalq Komissarlar Sovetinin, Mərkəzi Komitənin məsul işçiləri, elm adamları, artistlər, musiqiçilər və sairə… Üzeyir Hacıbəyov şəhərin dağlıq hissəsinə baxan pəncərə qabağında durub gözlərini hara isə uzaqlara dikmişdi. Məmməd Səid Ordubadi ondan bir az sağda durmuşdu, Opera Teatrının artislərindən “A” və “B” yan–yana dayanmışdılar. Müxtəlif çeşidli bu adamları gözdən keçirən Səməd Vurğun mənə dedi:

—Ayə, çox qəribə məclisdir, deyən bu xına o xınadan deyil!..

Çox keçməmiş zəng oldu. Əliyev tez içəri girdi və girməsilə qayıtması bir oldu.

—Hökumət rəhbərlərinin adını çəkib içəri girmələrini xahiş etdi. Girdilər. Bir neçə dəqiqə keçməmiş yenə zəng oldu. Yenə Əliyev içəri girib qayıtdı və ucadan elan etdi:

—”A”dan və “B”dən başqa hamı içəri keçsin. Bəli, bircə bu cümlədən bizə məlum oldu ki, bunlarla nə isə başqa söhbət olacaq.

İçəridə, uzun stolun başında Bağırov orturmuşdu. Bir tərəfində hökumət işçiləri, əks tərəfdə birinci Üzeyir Hacıbəyov, stolun yanında Ordubadi, onun yanında Səməd Vurğun, bu tərəfdə mən və başqaları oturub nə olacağını gözləyirdik. Bağırov sinfi ayıqlıq barədə bir neçə söz deyib içimizdə satqınlar olduğunu bildirdi. Sonra sözü o zamankı daxili işlər nazirinə verdi. O, ayağa durub qovluqdan bir kağız çıxarıb oxudu. Kağızın müxtəsər məzmunu belə idi ki, agentlərin verdiyi məlumata görə, fəxri adlarına baxmayaraq, “A” və “B” deyirlər ki, nə olaydı Hitler dayımız tez gəlib bizi bu bolşeviklərin əlindən qurtara idi…

Oturanların heyrət və təəccüb bildirən nidaları altında Bağırov zəngi basdı. Əliyev gəldi:

—Burax onları içəri!

Əliyev çıxdı və qabaqda “A”, dalınca “B” içəri girib ikiqat olaraq salam verdilər. Onların salamına cavab olaraq Bağırov soruşdu:

—Havaxt gəlir dayınız? Havaxt sizi bizim əlimizdən xilas edəcək? Hitleri deyirəm ey! “A” dönüb dala, “B”yə baxdı, “B” dönüb bağlı qapıya baxdı. Bağırov dedi:

—Hara baxırsınız? Sözüm sizədir

, Hitler dayınız havaxt gəlir?

“A” özünü ələ alıb dedi:

—Mənim dayım sənsən! Səndən özgə dayım yoxdur.

Gülüşmə qopdu, yavaşıyan tək. “B” danışdı:

—Füzuli yaxşı deyib: Canlar verib sənin kimi cananə yetmişəm; Sənə yetincə mən canə yetmişəm.

Nə vaxtdır əlləşirəm ki, əlim bircə sənin o ətəyinə yetişsin!

—Özünü ələ sal!—deyib Bağırov onu susdurdu və üzünü oturanlara tutdu, hirslə dedi:

—Nə təklifiniz var?

Araya sükut çökmüşdü. Danışan yox idi. Bağırov bir də ucadan soruşdu:

—Təklifıniz nədir?

Gülüşü, zarafatı, satirik ifadəni sevən Ordubadi dedi:

—Mən təklif edirəm, ikisi də güllələnsin…

Qeyri–ixtiyari olaraq gülüşmə düşdü. Bağırov ağzını açan kimi də kəsildi.

—Bunların nəyini güllələyəsən! Heyf deyil Sovet gülləsi? Heç olmasa iki faşisti yox eliyər…

Bağırov “A” və “B”yə baxıb istehza ilə onlara otaqdan çıxmağı təklif etdi. Onlar getdikdən sonra üzünü oturanlara tutdu: gedin, hamınıza dərs olsun!…

Doğrudan da, dərindən düşünəndə bütün bu əhvalatlarda insanlara həyat dərsi olacaq ibrətamiz, müdrik nəticələr gizlənir. Onlardan da ən vacibi mövqeyinə, yaşına, vəzifəsinə baxmayaraq, heç vaxt ağlı, düşüncəni ehtiraslara qurban verməməkdir…

Heydər Hüseynovun həyatının son dövründəki ziddiyyətlər və Stalin dövrünün amansız hökmləri böyük alimi ikisindən birini seçməyə məcbur etmişdi: ya təhqirlərə, buz kimi soyuq gözlərin neştəri ilə səni əzən həyata dözmək, ya da bütün bunlara nifrət ifadəsi olaraq ölüm!

Heydər Hüseynov bu yolu seçmişdi! Onu da qeyd etmək lazımdır ki, birdən–birə seçməmişdi, təzadlı fikirlər kükrəyən, şaxə qalxan dəniz dalğaları kimi onu gah bu sahilə, gah o biri sahilə—dumanlı, qaranlıq sahilə atırdı. Axı o, filosof idi və yaxşı bildirdi ki, həyat mübarizədir! Lakin kiminlə?! Nə ilə mübarizədir?! O, üz–üzə, mərd–mərdanə vuruşda heç bir alçağın, heç bir cəlladın qabağından qaçmazdı. Burada isə özündən güclünün qarşısında ikiqat olanlar, üzə gülənlər, dalda əleyhinə danışanlar, yalançılar, ikiüzlülər və onlara “ləbbeyk!” deyən vicdansızlar! Bu vicdansızların başında duran ki onun sinəsində köləlik ruhilə çırpınan ürəkdən başqa bir şey yox idi! Xeyr, ürək deyil o! Bir parça ətdir ki, şəxsiyyətinə pərəstiş etdiyi cəlladın qapısından içəri girincə tir–tir əsir.

Bəli, bu anlarda Heydərin sinəsində Hamlet qəlbi döyünürdü. “Ölüm, ya olum?”—deyən Hamletin sualı onu rahat buraxmırdı. Hər halda bu alçaqlara müti olmaqdansa, ölüm yaxşıdır. Bu, onun son və qəti qərarı idi. Yox, nə son idi, nə qəti idi. O, mənəvi ikiləşmiş adam kimi tərəddüdlər içində yaşayırdı. Onu qəti qərar çıxarmağa qoymayan yazı masası idi. O masa ki onun arxasında qəlbinin dəruni hissləri, beyninə dolmuş fikirləri kağıza tökülürdü.

Bəlkə tərəddüd edir, ona görə ki, bilmir nə yazsın, nədən yazsın!

Yox, onun üçün mövzu qıtlığı, fikir kasadlığı yox idi. Əksinə, illər uzunu başına dolmuş müxtəlif fəlsəfi, ədəbi, tarixi mövzular hey bir–birini sıxışdırır və onu ayrılmaq bilmədiyi yazı masasına tərəf çəkirdi. Daim ona hər şeydən əziz, mənalı və sirli görünən bu masaya yaxınlaşmaq istədiyi zaman əcaib, anlaşılmaz möcüzə baş verirdi. Bütün vücudu palıd ağacından yonulmuş kimi görünən kobud, qaraqabaq, heybətli kölgə qabağını kəsirdi. Evin hansı küncündəsə çıxıb qarşısında peyda olurdu. Gözlərində də Bakı bağlarında qədim zamanlardan yonulub qalmış daş bütün ağırlığı ilə onun qabağını kəsir və yazı masasına yaxınlaşmasına imkan vermirdi.

Onu qəribə, anlaşılmaz bir vahimə bürüyürdü: Bu necə olan şeydir?! Gah Şamili casus adlandıran cəllada çevrilirdi, gözlərində də mütləq o şüşə eynək! Gah da o heyvərə daşa oxşar həyula, cin, şeytan kəsirdi qabağını!..

Bütün bu əcaib metamorfozalara baxmayaraq, o xəyala dalır, indi yuxu kimi zehnində canlanan keçmiş günlərin qəribə–qəribə mənzərələri, ictimai əhvalatları kino lenti kimi bir–birini əvəz edirdi. Budur, qətiyyətlə hökmlər verən müstəbidin məclisindədir. Daha doğrusu, bu məclis deyildi, kiçicik bir toplantı idi. Beş–altı nəfərdən ibarət bir yığıncaq. Bəs müzakirə olunan məsələ nə idi?

İnsanı necə tərbiyə etmək olar? Bu vacib məsələdə nə yaxşıdır: Zülm, təzyiq, yoxsa alicənablıq, mərhəmət? İşlərin başında duran yanlış başa düşdüyü məşhur xalq məsəlini xatırlayıb:

—Namərdi qova–qova mərd eləmək olar!—dedi və ona, filosofa, Heydər Hüseynova baxdı. Elədirmi?

Heydər cavab verdi:

—Xeyr, elə deyil. Xalq deyir ki, mərdi qova–qova namərd eləmək olar!

—Səhv edirsən, filosof: Namərdi qova–qova mərd eləmək olar, filosof!..

Heydər susdu, ani fikrə getdiyi dəqiqəni xatırladı. Zülmün, təzyiqin gücünə beləcə fanatikcəsinə inanandan nə gözləmək olar?! Vay bizim halımıza!.. Bu cür inam sahibindən aman gözləmə! Demək, yollar hamısı bağlanmışdır. Çıxış yolu, qara əməllərdən nicat yoxdur!

Qəribədir: Birdən–birə bir yüngüllük hiss etdi. Keçmiş həyatının xoş çağları—texnikumda oxuyarkən tələbə yoldaşlarla may nümayişinə çıxdıqları yadına düşdü. Nə gözəl, nə xoşbəxt günlər idi Bakıda may nümayişləri!..

Onlar gəncliyə məxsus ürək açıqlığı ilə danışır, gülür və deyirdilər: mayda da, başqa bayramlarda da Bakı nümayişləri çox gözəl şeydir! Adamın ürəyi açılır!..

Bəli, Bakı nümayişləri!

Azərbaycanın azadlıq bayrağını qaldırdığı iyirminci illərin əvvəlindən bizim həyatımızı sevinclə doldurmuş bayram nümayişləri!

Heydər hamısını yaxşı xatırlayırdı. Bu xatirələr onu başqa bir aləmə aparırdı. Ruhu oxşayan bahar çiçəkləri ilə ətirlənmiş xoş günlərə qaytarırdı. Bu fonda həyat necə gözəl idi! May günəşi, yamyaşıl don geymiş bağlar, bağçalar, ətirli qızılgülə, zanbağa, bənövşəyə oxşayan şadi–xürrəm qızlar, oğullar, uşaqlar dünyası. Sən nə gözəlsən! Bu gözəl, bu ətirli hava qocaları, pensiyaçıları da cavanlaşdırmış, gözlərinə işıq vermişdi…

Heydər düşünürdü: respublikamızın paytaxtı olan Bakı bizim üçün Səadət yurdudur, böyük mədəniyyət mərkəzidir, uca bəşəri ideallar, humanist fikirlər, hərarətli hisslər, coşqun, işıqlı ehtiraslar diyarıdır. Onun hər guşəsində müxtəlif millətdən olan insanların mehribanlığı, şirin duyğuları nəfəs alırdı…

Hərdən Heydərin xəyalına gəlirdi ki, yazıçı olsaydı, Bakıda keçirdiyi həyatın sevincini, uğurlarını, romantik xəyallarını təsvir edən, canlandıran əsərlər yaradardı. Gördükbrini bədii süjetə sığışdırardı, rəngarəng, böyük bir epopeya əmələ gələrdi. Əlbəttə, bu epopeyada həyatın çətinlikləri də, uğursuz və kədərli əhvalatları da öz əksini tapmalı idi. Bununla belə, heç şey inqilabi mübarizələr Bakısının bizə bəxş etdiyi yaratmaq, irəliləmək, ucalmaq həvəsinin yaradıcı əməyin verdiyi Səadət duyğusunu söndürə bilməzdi!..

Birdən qəribə bir sual onu aldı: nə üçün belə uzaqdan başlamışam? Nə üçün xəyal və qələm məni belə uzaqlara apardı?

Facianə suallar içində sıxılan dostumun necə filosof olduğunu mən yaxşı bilirdim, o, həssas və uca fikirli idi! O, həyatla elə beləcə, faciə içində, qaranlıq duyğularla vidalaşa bilməzdi! Çünki çirkli, bulanıq ehtiraslı yüksək vəzifə sahibi açıq–açığına onu təhdid edirdi. “Namərdi qova–qova mərd eləmək olar!”. Bu anlamı yaşayan şəxsdən nə gözləmək olardı! Qəfil təhqirlər hədə–qorxu və sairə!.. O öz varlığını da, minlərlə günahsızların həyatını da murdalamış, məhv etmiş müstəbid idi. Onun kinindən, qəzəbindən qurtara biləcəkdimi bu filosof, bu vicdan və idrak mücəssəməsi?!

Əlbəttə, o xatirələr, tərəddüdlər içində bir anda unuda bilmədiyi həyat yoldaşını, övladlarını düşünürdü: nəhayət, onlar məni bağışlar! Onlar məni başa düşər!—deyib qəti qərarını verdi… Əvvəlcədən gətirdiyi kətilin üstünə çıxdı, gövdəli ağacdan asılmış kəndiri boğazına keçirdi və kətili kənara itələdi… Bir gün də keçməmiş qara xəbər Bakıya yayıldı: Heydər Hüseynov bu dünyadan köçdü!.. Düzdür, köçdü. Amma əsərləri yaşayır və onu da yaşadır!..

Zaman milyonlarla günahsız qurbanların adını, xidmətlərini ucalara qaldırdığı kimi, Heydər Hüseynova da layiq olduğu qiyməti verdi…

Azərbaycan xalqı, elmi ictimaiyyət onun xatirəsini əziz tutur və tutacaq! O, gələcək nəsillərin ürəyində və əməllərində yaşayacaqdır!..

 

 

Mirzə İBRAHİMOV,

SSRİ Ali Sovetinin deputatı,

xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı.

Aprel–may, iyul–avqust 1989.

 

Redaksiyadan: Görkəmli mütəfəkkir alim Heydər Hüseynov haqqında xatirə xalq yazıçısı, akademik Mirzə İbrahimovun şəxsi arxivindən götürülmüşdür.

 

Respublika.- 2013.- 7 aprel.- S. 5; 7.