Xilaskarlıq, humanizm və ədalət mücəssəməsi

 

Cəmiyyətdə mühüm siyasi prosesləri istiqamətləndirən, hadisələrin fövqündə dayanmaqla tarixi inkişafın gedişini əvvəlcədən müəyyənləşdirən fenomen siyasi liderlər ən böhranlı, dönüş anında məsuliyyəti çiyinlərinə götürərək bütöv bir xalqın, millətin xilaskarına çevrilmişlər. Müəyyən zaman kəsiyində tarixi inkişafın diktə etdiyi ictimai–siyasi şərait belə şəxsiyyətlərin nəyə qadir olduğunu da qabarıq şəkildə üzə çıxarmışdır. Belə taleyüklü məqamlarda bir daha təsdiqlənmişdir ki, əsl siyasi lider daim öz cəsarəti, çevik və prinsipial qərarları, ən çətin situasiyalarda optimal çıxış yolu tapmaq məharəti ilə seçilən parlaq şəxsiyyətdir. Siyasi liderlik isə fərdi keyfiyyətləri ilə seçilən belə şəxsiyyətlərin tükənməz optimizmə, yüksək xarizmaya, fitri idarəçilik keyfiyyətlərinə, xalqı konkret ideya, məram və məqsədlər ətrafında səfərbər edib inandırmaq, öz ətrafında toplamaq, arxasınca aparmaq bacarığında ifadə olunur.

Tarixdən məlumdur ki, zamanın nəbzini tutmağı, hadisələrə real qiymət verməyi bacaran, siyasi potensialını düzgün dəyərləndirə bilən liderlər təmsil etdikləri xalqları zamanın ən sərt fırtınalarından, çətin sınaqlarından üzüağ çıxarır, milli xilaskara çevrilirlər. Müdrik və təcrübəli dövlət xadimləri ən çətin vəziyyətdən belə optimal çıxış imkanlarına malik olmaqla düzgün qərarlar qəbul edir, xalqı naminə həyatını riskə atmaqdan belə çəkinmirlər. Bu baxımdan ulu öndər Heydər Əliyev də 40 illik siyasi fəaliyyəti dövründə üzləşdiyi bütün çətinlikləri, maneələri, problemləri mətinliklə dəf edən, məğlubiyyət sözünü yaxına buraxmayan, inamlı qərarları ilə milyonlarla insanın taleyində müstəsna rol oynayan millət fədaisi, sərkərdə və lider kimi xatırlanır. Tam cəsarətlə deyə bilərik ki, ümummilli lider Heydər Əliyevin hələ sağlığında əfsanəvi və xarizmatik şəxsiyyətə çevrilməsində onun millətinin mənafeyi naminə həyatını hər cür riskə atması, sözünü məqamında deməyi bacarması, milli ideallar uğrunda mübarizədə yüksək qətiyyət və prinsipiallıq göstərməsi kimi xarakterik xüsusiyyətləri mühüm rol oynamışdır. Məhz bu bütöv və prinsipial xarakteri sayəsində ulu öndər, harada olursa–olsun, hadisələrin fövqünə qalxaraq idarəçilik qabiliyyətini reallaşdırmış, lider imicini qorumuşdur. Xalqa layiqli rəhbərlik missiyası onun xarakterindən, dünyagörüşündən, yaradıcılıq enerjisindən, qurub–yaratmaq həvəsindən mayalanmışdır.

Antik yunan filosofu Demokrit zamanında yazırdı ki, siyasət insanları inandırmaq, müəyyən məqsədlər naminə səfərbər etmək, onların şüuruna təsir göstərmək vasitəsidir. Şəxsiyyətcə bütöv, milli və mütərəqqi olmayan liderlərin cəmiyyətin konsolidasiyası prosesinə nüfuz və təsir imkanlarından danışmaq isə mümkün deyildir. Siyasi liderin etimad qazanmaq üçün seçdiyi vasitə nə qədər dürüst və saf olarsa, xalqın həmin şəxsiyyətə inamı da bir o qədər güclü olar. Bu mənada, ümummilli lider Heydər Əliyevin ən nəcib mənəvi keyfiyyətlərindən biri də siyasi fəaliyyətinin bütün dövrlərində məhz sosial ədalət, düzgünlük və humanizm prinsiplərinə istinad etməsi olmuşdur. İnsan hüquq və azadlıqlarına sadiqlik, ilk növbədə, ulu öndərin yüksək daxili demokratizmindən, hər kəsə örnək olacaq vətəndaşlıq məsuliyyətindən irəli gəlmişdir. Böyük strateq hər bir fərdin maraq və mənafeyinin, qanuni hüquqlarının müdafiəsini dövlətin fundamental vəzifəsi saymış, xalqa təmənnasız xidməti özünün həyat kredosuna çevirmiş, qurub–yaratmaq, yaxşılıq etmək idealı ilə yaşamış və zəngin mənəvi keyfiyyətləri ilə milyonlarla insanın qəlbində ölməzlik məşəli yandırmışdır.

Xatırlatmaq lazımdır ki, hələ 1969–cu il iyulun 14–də respublika rəhbərliyinə irəli çəkilən Heydər Əliyev “Qoy, ədalət zəfər çalsın!” şüarını irəli sürmüş, qanunçuluğun, hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində prinsipial addımlar atmış, xalqın bəşəri hüquqlarının əzmkar və cəfakeş müdafiəçisinə çevrilməklə, milli ruh, iradə və özünüdərk meyillərinin ictimai şüurda möhkəmlənməsinə nail olmuşdur. Azərbaycan xalqı fenomenal liderinin rəhbərliyi altında yüksək iradə nümayiş etdirməklə, milli yaddaşını, mənəvi–əxlaqi dəyərlərini, tarixi dövlətçilik ənənələrini qorumaq əzmini toparlamış, dövlət müstəqilliyi üçün zəruri siyasi–hüquqi, iqtisadi zəmin formalaşdırmışdır.

“Dövlət yalnız iki halda sarsıla bilər: cinayət cəsasız qalanda və günahsız cəzalandırılanda”—deyən ümummilli lider, eyni zamanda, ədaləti ədalətsizliklə bərpa etməyin yolverilməzliyi fikrini müdrikliklə irəli sürmüş, milliyyətindən, dinindən, irqindən, cinsindən, sosial statusundan asılı olmayaraq hər bir insanın qanun qarşısında bərabərliyi prinsipini önə çəkmişdir. Azərbaycana hər iki mərhələdəki rəhbərliyi dövründə kimsə Heydər Əliyevin ədalətsiz qərarlar qəbul etməklə haqqı nahaqqa qurban verdiyinin, ədalətsizliyə haqq qazandırdığının şahidi olmamışdır. Ulu öndər o zamankı Azərbaycan üçün ağır sosial bəlaya çevrilmiş korrupsiya və rüşvətxorluğa, dövlət əmlakının mənimsənilməsinə qarşı barışmaz mövqe tutanda da, imperiyanın qarabaqara təhdid etdiyi milli düşüncəli ziyalıları aşkar himayə edəndə də, xalqın dilinin, dininin, əxlaqi–mənəvi dəyərlər sisteminin qorunması üçün qətiyyətli mübarizə aparanda da, imkansız ailələrin övladlarının hüquq təhsili almasına imkan yaradan xüsusi sərəncam imzalayanda da bir ali dəyəri – məhz insan və vətəndaş hüquq və azadlıqlarını əsas tutmuşdur.

Əbədiyaşar liderin ötən əsrin 70–80–ci illərində eynilə folklorumuzda xalqın saf ideallarının ümumiləşmiş, rəmzi ifadəsi kimi təcəssüm olunan ədalətli şah və sərkərdələrə xas tərzdə dükan–mağazalarda, küçə və meydanlarda, dövlət idarələrində olaraq xalqın dərd–sərini, problemlərini, arzu–istəklərini yaxından öyrənməsi, vəzifəsinin öhdəsindən gələ bilməyən məmurlar barəsində sərt ölçülər götürməsi ilə bağlı bu gün də maraqlı xatirələr dolaşır. Heydər Əliyev hələ o dövrdən insanlarla canlı təmasda olmağı, onların üzləşdiyi çətinlikləri yerindəcə öyrənməyi, bunun nəticəsində təxirəsalınmaz tədbirlər həyata keçirməyi idarəçilikdə mütərəqqi ənənə kimi yaratmış, hakimiyyət məmurlarının sadə xalq kütlələləri ilə münasibətlərdəki hər cür psixoloji baryerə, bürokratik əngəllərə qarşı çıxmışdır. İdarəçilikdə özünütənqid ruhu Heydər Əliyevin fəaliyyətində daim aparıcı xətt təşkil etmiş, onun yüksək demokratizminin, problemlərə ədalətli və obyektiv baxışının təcəssümü olmuşdur.

Tarixi reallıqlar təsdiqləyir ki, yalnız ədalətli liderlər rəhbərlik etdikləri xalqların yaddaşında özlərinə əbədi iz salırlar. Böyük sərkərdə Əmir Teymur vaxtilə “Mən öz ordumda ədaləti bərpa etməklə dünyanı fəth etdim”, demişdir. Ulu öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsində də ədalət meyarı bütün ölçü və qəliblərin, ideoloji prinsiplərin fövqündə dayanmış, kadr seçimində hər zaman ön plana çəkilmişdir. Heydər Əliyevin yaratdığı spesifik idarəçilik sisteminin üstün cəhətlərindən biri də məhz kadr seçimində sosial ədalətsizliyin aradan qaldırılması—yüksək mənəvi–əxlaqi keyfiyyətləri, intellektual səviyyəsi və yüksək bilik səviyyəsi ilə fərqlənən mütəxəssislərə üstünlük verilməsidir. Azərbaycana birinci rəhbərliyi dövründə geniş imtiyazlara malik vəzifə mənsublarının övladlarının hüquq fakültəsinə daxil olmasını yasaqlayan sərəncam imzalamış ümummilli lider, əslində, bununla təhsil sistemində özünü qabarıq göstərən neqativ tendensiyalara qarşı amansız mübarizəyə qalxmış, imkansızların, zəhmətkeş övladlarının o zamankı Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmasına imkan yaradan şəffaf mühitin formalaşdırılmasına nail olmuşdur.

Ulu öndər qəbul etdiyi həmin qətiyyətli qərarla kadr hazırlığında özünü göstərən neqativ halların qarşısını almış, haqq–ədaləti bərpa etmiş, hüquqşünas kadrların seçilməsində millilik və peşəkarlıqla yanaşı, ədalətlilik, təmizlik, düzgünlük kimi vacib meyarları əsas götürmüş, bunları bütün ölçü–qəliblərin, ideoloji istehkamların fövqündə saxlamışdır. Heydər Əliyevin həmin illərdə minlərlə gənci respublikamızın hüdudlarından kənarda yüksək hüquq təhsili almasına, ixtisaslı kadr kimi yetişməsinə hər cür kömək göstərməsi də onun xeyirxahlığının bariz ifadəsidir. 70–80–ci illərdə 15 minə yaxın gənci keçmiş SSRİ respublikalarının ali məktəblərinə təhsil almağa göndərən Heydər Əliyev yüksək ixtisaslı, vicdanlı və peşəkar hüquqşünas kadrların hazırlanması, hüquq–mühafizə sisteminin sağlamlaşdırılması məsələsinə də qayğı ilə yanaşmışdır. Eyni zamanda, Heydər Əliyev Azərbaycanda bir sıra yeni ixtisaslar üzrə – informasiya texnologiyaları, beynəlxalq hüquq, beynəlxalq münasibətlər, aviasiya və s. mütəxəssis hazırlayan ali məktəblərin olmadığını nəzərə almaqla, minlərlə azərbaycanlı gəncin Moskva, Kiyev, Minsk və başqa şəhərlərdəki nüfuzlu ali məktəblərə müsabiqədənkənar göndərilməsini təmin etmişdir. Böyük strateq sonralar qeyd edirdi ki, 70–80–ci illərdə ideologiyadan, ictimai–siyasi, iqtisadi sistemdən asılı olmayaraq Azərbaycan xalqının böyük bir nəsli təhsil almış, böyümüş, yüksək səviyyəyə çatmış, böyük elm və mədəniyyətə sahib olmuşdur.

Tarixdə millətlərin və dövlətlərin dünya səhnəsindən silinmək həddinə çatmasına dair çox misallar mövcuddur. Fəqət hər bir tarixi dövrdə millətin iradəsini və ülvi amalını, dövlətin diplomatiya və strategiyasını, cəmiyyətin həmrəyliyini və konsensusunu birləşdirməyə qadir şəxsiyyətin sayəsində həmin dövlətlər öz varlığını davam etdirmiş, millətlər isə dirçəlmişdir. Bu baxımdan ümummilli lider Heydər Əliyevin hakimiyyətinin ikinci mərhələsi nə qədər təlatümlü, ziddiyyətli, ictimai–siyasi gərginliklərlə səciyyələnən dövrə təsadüf etsə belə, ona xas uzaqgörənlik və siyasi müdriklik, iradə yenilməzliyi ölkəmizi fəlakətə aparan təhlükəli proseslərin qarşısını almağa, xalqın müstəqilliyə və firavan gələcəyə inamını qaytarmağa qadir yeganə qüvvə kimi təsdiqləmişdir.

Böyük şəxsiyyət 1993–cü ilin iyun ayında xalqın çağırışına cavab verərək, Azərbaycanın idarəçilik sükanı arxasına keçmiş, qısa müddətdə milli dövlətçilik doktrinasını irəli sürərək onun sürətli icrasına başlamışdır. Xalqın təkidli istəyi ilə Bakıya qayıdan Heydər Əliyev yorulmaq bilmədən, qətiyyət və böyük bacarıqla Azərbaycanın başı üstünü almış vətəndaş müharibəsi alovunu söndürmüş, ölkədə baş alıb gedən qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsinə, ictimai–siyasi sabitliyin tam bərpasına, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsinə, cəbhə bölgəsində atəşkəs rejiminə nail olmuş, habelə demokratik inkişaf kursu ilə uzlaşan sosial–iqtisadi siyasət strategiyası irəli sürmüşdür.

1993–cü ilin 15 iyununda Ali Sovetin sədri seçilən ulu öndər Heydər Əliyev demişdir: “Azərbaycan Respublikasının dövlət müstəqilliyi ən əsas məsələdir. Müstəqil Azərbaycanda demokratiya inkişaf etdirilməlidir. Siyasi plüralizmə geniş yol verilməlidir. Azərbaycan Respublikasında Konstitusiyanın pozulmasına, qanun pozuntularına yol verilməməlidir. Dövlət quruculuğu və cəmiyyətin formalaşması məhz demokratik prinsiplər əsasında olmalıdır. Siyasətdə və iqtisadiyyatda sərbəstlik, hürriyyət, insan azadlığı, insan hüquqlarının qorunması və sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı prinsipləri bərqərar olmalıdır. Yəni bizim respublikamız bir il bundan öncə başladığı yolla getməkdə davam etməlidir. Bu, düzgün yoldur, doğru yoldur, bu yolla bizim respublika daha qətiyyətlə getməlidir. Əmin olmalısınız ki, mən bu yola həmişə sadiq olacağam”.

Məhz bu xilaskar missiyanın nəticəsi kimi Azərbaycan xalqı 1993–cü ilin oktyabrında Heydər Əliyevə etimad göstərərək onu layiqli rəhbər seçmiş, müdrik liderinin rəhbərliyi altında davamlı və dönməz inkişaf yoluna qədəm qoymuşdur. Xalqına, dövlətinə güvənən Heydər Əliyev dühası 1994–1995–ci illərdə bəzi daxili qüvvələrin dövlət çevrilişi, qiyam cəhdlərinin qarşısını qətiyyətlə almış, beləliklə, Azərbaycanda silahlı yolla hakimiyyəti ələ keçirmək ənənəsinə son qoymuşdur. 1994–ci ilin oktyabr, 1995–ci ilin mart hadisələri zamanı ümummilli liderin bir çağırışı ilə on minlərlə həmvətənimizin Prezident Administrasiyasının binası qarşısına toplaşması, iqtidara dəstək verməsi çağdaş tariximizə milli birlik və həmrəyliyimizin ən ali təcəssümü kimi yadda qalmışdır.

Siyasi liderin gücü və qüdrəti onun elan etdiyi məqsəd və vəzifələrin, ideoloji prinsiplərin cəlbediciliyi ilə deyil, ilk növbədə qarşıya qoyduğu vəzifələri real həyatda tətbiq imkanları ilə ölçülür. Ulu öndər Heydər Əliyev siyasi sabitliyi təmin etməklə yanaşı, xalqın milli mentaliteti və dünyagörüşü ilə uzlaşan, reallığa adekvat olan milli inkişaf strategiyası seçmiş, iqtisadi modernləşməyə və hüquqi–siyasi liberallaşmaya xidmət edən çoxşaxəli islahatlar həyata keçirmişdir. Ulu öndər müdrik addımları ilə sübuta yetirmişdir ki, demokratiya əsla hərc–mərclik olmayıb qanunların aliliyinə, qarşılıqlı məsuliyyət hissinə əsaslanan idarəetmə forması və böyük siyasi mədəniyyətdir. Onun müəyyən qanunauyğunluqlarından kənara çıxdıqda, demokratiya insanların, dövlətin inkişafına deyil, demokratik idealların, prinsiplərin buxovlanmasına, məhvinə gətirib çıxarır. Azərbaycanın prioritet inkişaf yoluna çevrilmiş milli iqtisadi modeli özünəməxsus uzaqgörənliklə əsaslandıran ümummilli lider bu spesifik modelin yalnız demokratik tərəqqiyə əsaslanan möhkəm ictimai–siyasi sabitlik şəraitində davamlı nəticələr verə biləcəyini də xüsusi diqqətə çəkmişdir.

Ulu öndər Heydər Əliyevin müəllifliyi ilə hazırlanaraq 1995–ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk milli Konstitusiya Azərbaycanın unitar, demokratik və dünyəvi dövlət statusunu təsbit etmiş, vətəndaş cəmiyyətinə, insan hüquq və azadlıqlarının prioritetliyinə əsaslanan islahatların əsasına çevrilmişdir. Möhtərəm Prezident İlham Əliyevin 21 yanvar 2013–cü il tarixli “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” sərəncamında deyilir: “Azərbaycanda müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli–mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin əsas qanunu Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissəsidir”.

Bu mərhələdən hüquq–mühafizə, məhkəmə sistemində mütərəqqi islahatların həyata keçirilməsinə başlanmış, qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Respublikada əfvetmə institutunun bərpası, ölüm hökmü üzərində moratoriumun qoyulması, 1998–ci ildə bu hökmün birdəfəlik ləğv olunması, İnsan hüquqları üzrə Müvəkkil İnstitutunun (Ombudsman İnstitutunun) yaradılması, hüquq–mühafizə orqanlarında dövrün tələblərinə cavab verən mütərəqqi islahatların aparılması – bütün bunlar məhz Heydər Əliyevin qətiyyətli addımları sayəsində gerçəkliyə çevrilmişdir. Eyni zamanda Heydər Əliyev respublikamızın Avratlantik məkana sürətli inteqrasiyasına çalışmış, bu məqsədlə müxtəlif demokratik institutlarla – o cümlədən ATƏT, Avropa Şurası, Avropa Birliyi və s. təşkilatlarla əməkdaşlıq əlaqələri qurulmuşdur.

Avropa ölkələrində hamılıqla qəbul edilmiş standartlara və normalara uyğunluq baxımından Azərbaycan Respublikasında Cinayət, Cinayət–Prosessual, Mülki və Mülki–Prosessual məcəllələrin, habelə məhkəmə–hüquq sistemi ilə bağlı yeni qanunların hazırlanmasının əsası qoyulmuşdur. Ulu öndərin 21 fevral 1996–cı il tarixli fərmanı ilə yaradılmış Hüquq İslahat Komissiyası bu və digər qanunların təkmil beynəlxalq təcrübə əsasında, demokratik ideallara uyğun formada hazırlanmasını təmin etmişdir. Komissiya tərəfindən hazırlanmış 1997–ci il 10 iyun tarixli “Məhkəmələr və hakimlər haqqında”, 1997–ci il 21 oktyabr tarixli “Konstitusiya məhkəməsi haqqında” Azərbaycan Respublikasının qanunları insan hüquq və azadlıqlarının təminatına xidmət etməklə, məhkəmə–hüquq islahatlarının həyata keçirilməsində yeni səhifə açmışdır.

“Məhkəmələr və hakimlər haqqında” qanunla ölkədə üçpilləli məhkəmə hakimiyyəti formalaşdırılmış, hakimlərin obyektiv və şəffaf şəkildə seçilməsi üçün Məhkəmə–Hüquq Şurası yaradılmışdır. Bu qanunun qəbulu məhkəmə orqanlarının sovet dövründən miras qalmış köhnə funksiyalardan azad olmasına, onların fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılmasına, bir sözlə, ədalət məhkəmələrinin cəmiyyətdəki nüfuzunun möhkəmləndirilməsinə xidmət etmişdir. Dövrün tələbindən irəli gələn bu islahatlar məhkəmələrin işinin təkmilləşdirilməsinə, onların fəaliyyətində şəffaflığın geniş təminatına, hakimlərin seçilməsi qaydalarının mütərəqqi dəyərlərə uyğunlaşdırılmasına, qanunçuluğu düzgün tətbiq etməyən hakimlər barədə intizam məsuliyyətinin gücləndirilməsi məqsədinə xidmət etmişdir.

Ümummilli lider Heydər Əliyev demişdir ki, hakimlər ədalət mühakiməsini həyata keçirərkən, qanunların tələblərinə dəqiq və dönmədən əməl etməli, məhkəmə fəaliyyətinin mənəvi və tərbiyəvi təsirini təmin etməli, ədalətli və qərəzsiz olmalı, hakim adına xələl gətirən hərəkətlərdən çəkinməlidir. “Məhkəmələr və hakimlər haqqında” qanun əsasında formalaşdırılmış Azərbaycan Respublikası Prezidenti yanında Məhkəmə–Hüquq Şurası qısa müddətdə hakimliyə namizədlərin şəffaf prosedur əsasında, beynəlxalq tələblərə uyğun seçilməsi məqsədilə test üsulu ilə imtahan və müsabiqənin keçirilməsini təmin etmişdir. Bu məqsədlə bir sıra zəruri tədbirlər görülmüş, müstəqil və demokratik məhkəmə hakimiyyətinin formalaşdırılması sahəsində zəngin ənənələri olan dövlətlərin qabaqcıl təcrübəsi öyrənilmiş, Azərbaycan Respublikasında hakimliyə namizədlərin seçilməsi qaydaları təsdiq edilmişdir. Şuranın səlahiyyətlərinə həmçinin məhkəmə sisteminin təşkilinin təmin edilməsi, vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, qanunları kobud şəkildə pozan hakimlərin intizam məsuliyyətinə cəlb olunması və digər məsələlərin həlli aid edilmişdir.

Müstəqil respublikamızın son 10 ildə bütün sahələrdə dinamik inkişaf etməsi, insan hüquq və azadlıqları sahəsində ixtisaslaşmış nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığının genişlənməsi məhkəmə–hüquq islahatlarının keyfiyyətcə yeni mərhələdə də davam etdirilməsinə zəmin yaratmışdır. Məhkəmələrin insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğu, ədalət mühakiməsınin qanunamüvafiq şəkildə həyata keçirildiyi müstəqil hakimiyyət qolu kimi fəaliyyət göstərməsi, cəmiyyətdə yüksək etimad qazanması bu sahədə beynəlxalq təcrübənin də uğurlu tətbiqini şərtləndirmişdir. 2003–cü ilin 15 oktyabrından bu islahatları uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə məhkəmə sisteminin daha da müasirləşdirilməsinə xidmət edən tədbirlər genişləndirilmişdir. Bu məqsədlə Azərbaycan–Avropa Şurası birgə işçi qrupları yaradılaraq onun tərkibinə nüfuzlu beynəlxalq ekspertlər daxil edilmiş, çoxşaxəli fəaliyyət planı hazırlanıb həyata keçirilmişdir. Görülmüş tədbirlər nəticəsində “Məhkəmələr və hakimlər haqqında” qanun əsaslı şəkildə yenilənmiş, “Məhkəmə–Hüquq Şurası haqqında” yeni qanun, “Hakimlərin Seçki Komitəsi haqqında Əsasnamə”, “Hakim vəzifələrinə namizədlərin seçimi Qaydaları”, Hakimlərin Etik Davranış Kodeksi, məhkəmələrdə işin şəffaf təşkili ilə bağlı digər mühüm sənədlər qəbul edilmişdir və hazırda uğurla tətbiq olunmaqdadır.

Məhkəmə–Hüquq Şurasının tərkibinin yenilənərək, əsasən hakimlərdən, eyni zamanda, ölkə Prezidentinin, Milli Məclisin, Prokurorluğun, Vəkillər Kollegiyasının nümayəndələrindən ibarət formalaşdırılması onun fəaliyyətinin daha da təkmilləşməsinə xidmət etmişdir. Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və onların fəaliyyəti ilə bağlı digər məsələlər bu orqanın səlahiyyətinə aid edilmişdir.

19 yanvar 2006–cı il tarixli “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərman respublikanın məhkəmə sisteminin əsaslı şəkildə müasirləşdirilməsi və təkmilləşdirilməsi prosesində ən mühüm addımlardan biri olmuşdur. Regionların sosial–iqtisadi inkişafı sahəsində həyata keçirilmiş bir sıra təşkilati–hüquqi, sosial tədbirlərin mahiyyətindən irəli gələn həmin fərman əsasında bölgələrdə yeni apelyasiya və iqtisad məhkəmələrinin yaradılması təmin edilmişdir. Fərman əsasında, həmçinin, Ədliyyə Akademiyası yaradılmış, Hakimlərin Etik Davranış Kodeksi hazırlanaraq təsdiqlənmiş, məhkəmələrdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi, məhkəmə təcrübəsində nəzərə alınması təmin olunmuşdur.

Hakimlərin yüksək iş yükünün çoxluğunun məhkəmə araşdırmalarının keyfiyyətinə mənfi təsir göstərən amillərdən olduğunu nəzərə alan dövlət başçısı İlham Əliyevin 17 avqust 2006–cı il tarixli “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında” fərmanı ilə respublika məhkəmələri hakimlərinin sayı 153 ştat artırılmışdır. Bundan başqa, son illərdə məhkəmə hakimiyyətinin müstəqilliyinin ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında rolu nəzərə alınaraq hakimlərin müddətsiz—son yaş həddinədək təyinatı, fəaliyyətlərinin qiymətləndirilməsi və intizam məsuliyyətinə cəlb edilməsinin demokratik əsasları təsbit olunmuşdur. Korrupsiya hallarının qarşısının alınması üçün hakimlər tərəfindən vətəndaşların qəbulu qadağan edilmiş, məhkəmə qərarlarının dərci nəzərdə tutulmuş, məhkəmələrdə kargüzarlığın aparılmasının yeni, demokratik qaydaları müəyyən olunmuşdur.

Ümumiyyətlə, ötən illərdə ölkədə 20–dək yeni regional məhkəmələr, o cümlədən apelyasiya, ağır cinayətlər, inzibati–iqtisadi məhkəmələr fəaliyyətə başlamışdır. 2011–ci il yanvarın 1–dən inzibati xarakterli işlərə ümumi yurisdiksiyalı məhkəmələrdə deyil, inzibati–iqtisadi məhkəmələrdə baxılır. Bu isə inzibati xarakterli mübahisələrin ixtisaslaşmış birinci məhkəmə instansiyasında tam, ədalətli, obyektiv araşdırılmasına, qanunamüvafiq şəkildə baxılmasına, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət edir. Ümumilikdə, regionlarda ağır cinayətlər, hərbi və inzibati–iqtisadi məhkəmələrin yaradılması yeni dövrün tələblərindən irəli gələn sosial tələbatdır.

Ölkənin sürətli iqtisadi inkişafı ilə əlaqədar məhkəmələrin iş yükünün dəfələrlə çoxalması nəzərə alınaraq hakimlərin sayı son illər ərzində 2 dəfə, məhkəmə aparatı işçilərinin sayı isə 75 faiz artırılmış, hər bir hakimə köməkçi ştatı ayrılmışdır. Şübhəsiz, məhkəmə hakimiyyətinin nüfuzlu və müstəqil təsisat kimi təşəkkül tapması bu hakimiyyəti realizə edən hakimlərin peşəkarlığı, onların mənəvi keyfiyyətləri ilə bilavasitə bağlıdır. Bununla əlaqədar vətəndaşların haqlı narazılığına səbəb olan qanun pozuntularının aradan qaldırılması, məhkəmə hakimiyyətinin hazırlıqlı və mənəvi cəhətdən saf hakimlərlə komplektləşdirilməsi üzrə ardıcıl tədbirlər davam etdirilmiş, bütün məhkəmələrin tərkibi təzələnmişdir. Həmçinin, hakimliyə namizədlərin ən şəffaf üsullarla seçilməsi qaydası müəyyən edilmişdir. Çoxsaylı imtahan və müsahibələrdən, namizədlərin hakim vəzifələrinə hazırlanmaları üçün uzunmüddətli kurs və təcrübədən ibarət olan bu seçim proseduru müstəqil qurum – tərkibi əsasən hakimlərdən ibarət olan Hakimlərin Seçki Komitəsi tərəfindən həyata keçirilir. Son illərdə Avropada ən mütərəqqi və şəffaf hesab edilən bu qaydalar əsasında 2200 namizəd sırasından seçilmiş 235 nəfər yüksək hazırlıqlı hüquqşünas müxtəlif hakim vəzifələrinə təyin edilmişdir.

Hakim vəzifəsinin icrasına yeni başlamış hakimlərin sosial müdafiəsi tədbirləri də diqqətdə saxlanılmışdır. 8 oktyabr 2010–cu il tarixli müvafiq qanunla “Məhkəmələr və hakimlər haqqında” qanunun 106–cı maddəsinə edilmiş iki mühüm əlavəni xüsusi vurğulamaq lazımdır. Birinci əlavəyə görə, “Səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə vəzifə maaşının 25 faizi miqdarında, apelyasiya instansiyası məhkəmələrinin hakimlərinə vəzifə maaşının 20 faizi miqdarında, birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı verilir. İlk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının iki misli, sonrakı 4 il ərzində ildə bir dəfə aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardım edilir”.

Ümumilikdə, son illərdə hakimlərin maddi təminatının yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılmış, 2000–ci illə müqayisədə onların əməkhaqqı orta hesabla 30 dəfə artırılmış, iş şəraitinin müasir tələblərə uyğun qurulması üçün onlarca yeni, müasir məhkəmə binaları istifadəyə verilmişdir.

Vətəndaşların məhkəmələrə müraciətlərinin sadələşdirilməsi, elektron xidmətlərin təşkili məqsədilə bütün məhkəmələri əhatə edən vahid internet portalı yaradılmışdır. İnternet portalı ali, apelyasiya və birinci instansiya məhkəmələri, onların yurisdiksiyası, baxılan işlər və çıxarılan qərarlar, müraciətə əlavə edilməsi zəruri olan sənədlər, qəbul günləri və s. barədə ətraflı məlumat almaq, iddia ərizələri və digər məhkəmə sənədlərinin nümunələrini əldə etmək, həmçinin onlayn rejimində müraciət etmək və cavab almaq imkanı yaradır.

Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə məhkəmələrin yeni bina və inventarla təmini, onların iş şəraitinin yaxşılaşdırılması istiqamətində də mühüm addımlar atılır. Bu qəbildən olan məsələlər dövlət başçısının hələ 2009–cu il 6 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009–2013–cü illər üçün Dövlət Proqramı”nda da geniş əksini tapmışdır. Dünya Bankının dəstəyi ilə Ədliyyə Nazirliyi tərəfindən uğurla həyata keçirilən “Ədliyyə sektorunun müasirləşdirilməsi” layihəsinin əhəmiyyəti bu baxımdan xüsusi vurğulanmalıdır. Layihəyə əsasən 17 yeni məhkəmə binasının tikintisi, bir çox məhkəmə binalarının əsaslı təmiri, onların texniki cəhətdən müasirləşdirilməsi, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin ən müasir avadanlıqla təchiz edilməsi və digər tədbirlərin maliyyələşdirilməsi nəzərdə tutulmuşdur.

Xüsusi qeyd etmək istərdik ki, Məhkəmə–Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədovun rəhbərliyi altında son illər hakimlərin fəaliyyətinin qiymətləndirilməsinin daha şəffaf, obyektiv, çevik mexanizmlərinin müəyyənləşdirilməsi ədalət mühakiməsinin səmərəliliyini və keyfiyyətini artırır. Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, ədalət mühakiməsinin təkmilləşdirilməsi, hakimlərlə tədris prosesinin düzgün aparılması, habelə onların vəzifədə irəli çəkilməsi hakimlik və sədrlik fəaliyyətini davam etdirməyə yararlılığın müəyyən edilməsi məqsədilə aparılır. İqtisadi–sosial həyatın sürətlə inkişafı yeni qanunların qəbulunu, hakimlərin peşə səviyyəsinin yüksəldilməsini, bilik səviyyəsini, ümumi dünyagörüşünün artırılmasını tələb edir. Obyektiv və ədalətli qiymətləndirmələr və təyinatlar nəticəsində cəmiyyətin məhkəmələrə olan inamı daha da möhkəmlənir, ölkəmizin beynəlxalq imici yüksəlir.

Azərbaycan insanı qanunun şah olduğu hüquqi cəmiyyət quracaq, xalqın tarixən formalaşmış ənənələri əsasında milli dövlətçilik modeli yarada biləcək güclü sərkərdəyə, liderə hər zaman böyük ehtiyac duymuş, fəqət bu istəyini yalnız XX əsrin sonlarına doğru—ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə gerçəkləşdirə bilmişdir. Nəcib arzuların gerçəkləşdiyi son ünvan kimi milyonlarla insan məhz ulu öndərin yaratdığı mükəmməl siyasi–hüquqi sistemdə ali ideallarının təntənəsini tapmış, sabitliyin, əmin–amanlığın, sosial ədalətin, ən başlıcası, qanunun aliliyinin mümkünlüyünə əmin olmuşdur. Bu siyasəti ötən 10 ildə inamla davam etdirən dövlət başçısı İlham Əliyev isə Azərbaycanda müstəqil, ədalətli, şəffaf məhkəmə və ədliyyə sisteminin formalaşdırılmasını təmin etmişdir.

Bu diqqət və qayğının nəticəsi kimi, ölkənin məhkəmə–hüquq sistemi yüksək dinamizmlə inkişaf edərək davamlı müasirləşmə mərhələsinə qədəm qoymuş, insan hüquq və azadlıqlarının təmini dövlətin ali məqsədinə çevrilmişdir. Ölkə vətəndaşları ürəkdən inanır ki, Azərbaycanda hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyəti təsisatlarının inkişafına xidmət edən bu islahatar qarşıdakı illərdə də inamla davam etdiriləcəkdir.

 

 

Rafiq MƏMMƏDOV,

Gəncə Apelyasiya Məhkəməsinin sədri,

Məhkəmə–Hüquq Şurasının üzvü

 

Respublika.- 2013.- 9 aprel.- S. 6.