Heydər Əliyev – Azərbaycanın müasir dövlət qulluğu sisteminin banisi

 

14 iyul 1969–cu il tarixdə ulu öndər Heydər Əliyevin Azərbaycan KP MK–nın I katibi seçilməsi ilə ölkəmizin yaşadığı üzücü dövrün sonu çatdı. Heydər Əliyev respublikaya rəhbərliyi qəbul edəndə Azərbaycan iqtisadi cəhətdən digər müttəfiq respublikalardan geri qalırdı, dövlət, sovet və partiya strukturlarında digər millətlərin nümayəndələri güclü mövqeyə malik idi, yüksək ixtisaslı milli kadrlar azlıq təşkil edirdi, rus dili tək Bakıda deyil, digər şəhər və rayonlarda da dominantlıq edirdi.

 

Dövlət qulluğu Azərbaycan SSR dövründə: 1969–1982–ci illər

 

Milli dirçəlişə, milli qürur hisslərinin oyanmasına nail olmaq və milli kadrların milli duyğularını gücləndirmək üçün ilk növbədə Azərbaycan dilinin dövlət dili səviyyəsinə qaldırmaq lazım idi. Sovet hökumətinin ruslaşdırma siyasətinin güclənməsinə baxmayaraq məhz Heydər Əliyevin Azərbaycan KP MK–nın I katibi olduğu dövrdə Azərbaycan dili dövlət, sovet və partiya orqanlarında işlək dilə çevrilməyə başladı.

Azərbaycan dilinə dövlət dili statusunun verilməsi uğrunda davamlı aparılan mübarizə ulu öndərin qələbəsi ilə başa çatdı. Belə ki, 1978–ci il Konstitusiyasında Azərbaycan dili rəsmən dövlət dili elan edildi. Bu, milli özünüdərk yolunda atılan ən mühüm addımlardan biri oldu. Heydər Əliyev Azərbaycan dilinin dövlət dili statusunu almasını sadəcə dil məsələsi kimi deyil, həm də AZƏRBAYCANÇILIQ məsələsi kimi dəyərləndirirdi.

Heydər Əliyev dilimizi dirçəltməklə yanaşı, həm də dövlət, sovet və partiya strukturlarında milli kadrları yerləşdirirdi. Tarixə müraciət etsək görərik ki, 1960–cı illərin sonlarına qədər Bakıda milli kadrlar heç nəyi həll etmirdilər. Sovet Azərbaycanının bütün dövlət strukturlarında əsas söz sahibləri, dövlət qulluğu sistemində çalışan əksər səlahiyyətlilər qeyri millətlərin nümayəndələrindən ibarət idi. Dövlət təhlükəsizliyi orqanlarındakı vəziyyət isə o dövrü araşdıran bir çox alimlərin də nöqteyi–nəzərincə, milli mənafelər baxımından sadəcə faciəvi sayıla bilərdi. 1960–cı illərədək DTK–da çalışan zabitlərin əksəriyyətini qeyri millətlər təşkil edirdi. Belə bir zamanda Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri Heydər Əliyevin bu cür çətin və mürəkkəb strukturda milliləşdirmə siyasətinə başlaması, bütün təzyiq və təhdidlərə baxmayaraq, bu yoldan çəkinməməsi isə sözün əsl mənasında böyük qəhrəmanlıq nümunəsi kimi dəyərləndirilməlidir.

Heydər Əliyevin 1969–cu ildə Respublikanın ali rəhbərliyinə gəlişindən sonra bu istiqamətdə atdığı məqsədyönlü addımların nəticəsidir ki, Azərbaycanın bütün dövlət strukturlarında vəziyyət kökündən dəyişdi. 1980–ci illərin ortalarına doğru qeyri millətlərdən olan əməkdaşların sayı xeyli azaldı. Onların yerini azərbaycanlı kadrlar tutdu.

Lakin Heydər Əliyev tək milli kadrları önə çəkmirdi, eyni zamanda o, Azərbaycanın gələcəyini də düşünərək milli kadr potensialını yaradırdı. Bu prosesdə Heydər Əliyev istedadlı gənclərə daha çox üstünlük verirdi. Ölkəyə lazım olan mütəxəssis–kadrları yetişdirmək, respublikanın elmi–texniki və mədəni potensialını yüksəltmək məqsədilə Azərbaycanın ali məktəblərində yeni–yeni ixtisaslar üzrə fakültələr açılır, 1975–ci ildən başlayaraq ildə 900–dən artıq gənc Sovet İttifaqının qabaqcıl ali məktəblərinə göndərilirdi. Bunların da böyük əksəriyyəti Moskva, Leninqrad, Kiyev, Xarkov və Minskin qabaqcıl ali məktəblərinin payına düşürdü. Müqayisə üçün qeyd edək ki, 1969–cu ildə bütün SSRİ–nin ali məktəblər üzrə azərbaycanlı gənclərə cəmisi 50 yer ayrılmışdı. Heydər Əliyevin fəaliyyəti sayəsində 1970–80–ci illərdə Azərbaycandan kənarda vətənimiz üçün 15 mindən çox yüksək ixtisaslı mütəxəssis yetişdirilmişdi. Heydər Əliyevin bu siyasəti dörd cəhətdən mühüm əhəmiyyət kəsb edirdi:

Əvvəla, Azərbaycanın elmi və kadr potensialı geniş dünyagörüşlü, peşəkar və ən əsası isə milli dövlət quruculuğu dövründə yetişmiş gənclər hesabına zənginləşdi.

İkincisi, tariximizin, adət–ənənəmizin, milli–mənəvi və əxlaqi dəyərlərimizin təbliği üçün imkanlar genişləndi, yəni Azərbaycan gənclərinin oxuduğu respublikalarda ilk Azərbaycan diasporlarının əsası qoyuldu.

Üçüncüsü, ölkəmiz müstəqilliyə qovuşandan sonra yeni dövlət quruculuğu prosesində Heydər Əliyev, əsasən, bu kadrlara arxalanaraq müstəqil dövlətçiliyin qorunub saxlanması və möhkəmləndirilməsi vəzifələrini uğurla həll etdi.

Müstəqil Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə Heydər Əliyev 31 avqust 1998–ci ildə 1970–1987–ci illərdə Azərbaycandan kənarda ali təhsil almış 2500–dən çox gənc mütəxəssislə görüşündə o dövrdəki vəziyyəti belə təsvir etmişdir: “Mən 1969–cu il iyulun 14–də Azərbaycana rəhbər seçiləndən sonra dərhal, birinci növbədə təhsil məsələləri ilə məşğul olmağa başladım… Araşdırmalar apararkən mənə aydın oldu ki, Azərbaycandan kənarda respublikanın özündə hazırlana bilməyən ixtisaslar üzrə ali təhsil almaq üçün respublikaya 50 nəfərlik limit verilibdir…. Mən dərhal maraqlandım ki, bəs siz kimləri seçmisiniz, kimləri oxumağa göndərirsiniz? Siyahını aldım, çox təəssüfləndim və bu məsələ ilə ciddi məşğul olmağın lazım gəldiyini bir daha dərk etdim. Çünki, birincisi, avqustun sonları idi, sentyabrın 1–də dərslər başlanmalı idi, amma hələ 50 nəfər toplaya bilməmişdilər. İkincisi, siyahıya baxanda gördüm ki, təyin olunmuş namizədlərin içərisində azərbaycanlılar azlıq təşkil edirlər, çoxluğu isə başqa millətlərdən olan gənclər təşkil edirlər… Mən bu işlə məşğul oldum… Mən istəyirdim biz özümüzün, ölkəmizin, respublikamızın ali təhsil ocaqlarının, eyni zamanda o vaxt yaşadığımız ölkənin mərkəzi və daha yüksək səviyyəli ali məktəblərinin imkanlarından səmərəli istifadə edərək Azərbaycanın gələcəyi üçün lazım olan kadrlar hazırlayaq. Bu təşəbbüsün doğulmasının səbəbi və məqsədi bundan ibarət olmuşdur”.

Həmin görüşdə ümummilli lider vurğulamışdır ki, “…Dünyanın inkişaf etmiş ölkələrinin, yüksək səviyyəli universitetlərin, institutların imkanlarından Azərbaycanın gələcəyi, dəyərli kadrlar hazırlanması üçün bundan sonra da səmərəli istifadə etməliyik… Şübhəsiz ki, bu sahədə həm dövlət proqramı olmalıdır…”

Və belə bir proqram qəbul olundu. Azərbaycandan kənarda yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində ümummilli lider Heydər Əliyev tərəfindən həyata keçirilmiş siyasət bu gün gənclərimizin dünyanın ən qabaqcıl ali təhsil və elm müəssisələrinə göndərilməsi ilə davam etdirilir. Dövlətin xaricdə təhsilə qayğısının daha bir nümunəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 aprel 2007–ci il tarixli 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007–2015–ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”dır. Möhtərəm Prezident bu proqramı təsdiq etməklə “qara qızılın insan kapitalına çevrilməsi” siyasətini ortaya qoymuşdur.

Ümumiyyətlə, Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövrü tarixə milli özünüdərkin oyanması, dildə, fikirdə öz kökümüzə qayıdış, dövlət idarəçilik sistemində milliləşmə və milli kadr potensialının yaranması dövrü kimi daxil olub.

1982–ci ilin dekabrında xalqımızın böyük oğlu Heydər Əliyev SSRİ–nin ən ali orqanı olan Sov.İKP MK Siyasi Büronun üzvü seçildi. Azərbaycan Prezidenti cənab İlham Əliyev “Azərbaycan” qəzetinin 12 dekabr 2007–ci il tarixli sayında dərc edilmiş “Liderlik örnəyi ləyaqət nümunəsi” sərlövhəli yazısında ümummilli liderimizin özünün bu hadisəyə münasibətini açıqlayaraq yazır: “Sonralar mən atamdan bunları eşitmişdim:

— Andropov adamları çox gözəl tanıyırdı. Bizim söhbətimizdən on gün sonra mən yekdilliklə Siyasi Büronun üzvü seçildim. BU, HƏM SSRİ, HƏM DƏ TÜRK VƏ İSLAM DÜNYASI ÜÇÜN BÖYÜK HADİSƏ İDİ. Bundan sonra mən SSRİ Nazirlər Soveti sədrinin birinci müavini oldum”.

1982–1987–ci illərdə Sovet İttifaqının liderlərindən biri kimi SSRİ–nin maşınqayırma və yüngül sənaye, nəqliyyat və rabitə, elm və səhiyyə, mədəniyyət və təhsil sahələrinə rəhbərlik edən ümummilli lider doğma Azərbaycanına hər cür köməklik göstərdi.

1985–ci ildə Sov.İKP–nın başına Mixail Qorbaçovun gəlişi ilə Azərbaycana qarşı növbəti məkrli planlar işləndi. Lakin nə qədər ki, ümummilli liderimiz Sov.İKP MK Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Sovetinin birinci müavini idi, onlar, hətta Qorbaçovun köməyi ilə belə Azərbaycana qarşı mənfur planlarını həyata keçirə bilmirdilər. DTK–nın keçmiş rəhbər işçisi kimi Heydər Əliyev Azərbaycana qarşı hazırlanan planlar da daxil olmaqla, çox şeyi bilirdi. Və təbii ki, Qorbaçovun bu planlara faktiki dəstək verməsi Heydər Əliyevin SSRİ–nin rəhbəri ilə münasibətlərini kəskinləşdirdi və nəticədə o, 1987–ci ilin 25 oktyabrında tutduğu vəzifələrdən istefa verdi.

 

Dövlət qulluğu müstəqil Azərbaycan Respublikası dövründə: 1993–2003–cü illər

 

Müstəqil Azərbaycanın 1991–1993–cü illərdə yaşadığı sarsıntılar o vaxt iqtidarda olmuş şəxsləri tam nüfuzdan salmışdı. Və təbii olaraq xalq bütün ümidini görkəmli dövlət xadimi Heydər Əliyevə bağlamışdı. Xalq Heydər Əliyevi hakimiyyətin zirvəsində görmək istəyirdi. O dövrdə dövlətə rəhbərlik edənlər özləri də yaxşı bilirdilər ki, Azərbaycanı parçalanma və xaosdan xilas edəcək tək bir qüvvə var — o da Heydər Əliyevdir. Ulu öndərin 1993–cü il iyunun 15–də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ilə ölkə əhalisində müstəqil dövlətimizin nəinki parçalanma və xaosdan xilas olacağına, həm də güclənərək qüdrətli dövlətə çevriləcəyinə inam yarandı.

1993–cü il oktyabrın 3–də Azərbaycan xalqı Heydər Əliyevi Azərbaycan Respublikasının prezidenti seçdi. Onun ölkə rəhbərliyinə ikinci gəlişi də ictimai münasibətlərin gərginləşdiyi, dövlət idarəçiliyinin əsaslarının dağıldığı, dözülməz sosial–iqtisadi durum, hakimiyyətsizliklə müşahidə olunan bir zamana təsadüf etdi. Ulu öndərimiz gərgin və məqsədyönlü fəaliyyəti sayəsində dövlətimizi yox olma təhlükəsindən qurtardı, ictimai–siyasi sabitliyi bərqərar etdi, dövlət idarəçiliyinin yeni əsaslarını formalaşdırdı və ölkəni sabit inkişaf yoluna çıxardı. Azərbaycanın bu gün dünyanın ən yüksək templə inkişaf edən dövlətlər sırasına daxil olmasının əsasında məhz ulu öndərin dövlət idrəetmə sistemində və kadr sahəsində gördüyü tədbirlər durur.

2 may 1995–ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının layihəsinin hazırlanması məqsədilə Heydər Əliyevin sədrliyi altında 33 nəfərdən ibarət komissiya yaradılmışdır. 15 oktyabr 1995–ci ildə komissiyanın gərgin əməyi nəticəsində hazırlanın Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarılmışdır. 12 noyabr 1995–ci ildə Konstitusiya layihəsi ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş və noyabrın 27–də qüvvəyə minmişdir. Konstitusiya ilə Azərbaycan demokratik, hüquqi, dünyəvi bir dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir. Eyni zamanda,Konstitusiya müasir dövlət idarəçiliyinin və dövlət qulluğu sisteminin yaradılmasının hüquqi bazasının özülünü qoydu.

Bir il sonra isə, 1996–cı ildə respublika Prezidenti Heydər Əliyevin sərəncamı ilə təşkil edilmiş Hüquqi İslahat Komissiyasının səyləri müstəqil Azərbaycan dövlətinin qanunvericilik bazasının yaradılmasına yönəldi. Komissiya üzvlərinin qarşısında qoyulmuş məqsəd Azərbaycanda Avropa və dünya ölkələrinin hüquq sisteminə tam uyğun olan qanunvericilik bazasının yaradılmasına nail olmaqdan ibarət idi. Komissiya yeni normativ hüquqi aktların işlənib hazırlanması sahəsində mühüm işlər görmüşdür. Bu qanunvericilik aktlarının böyük bir qismi bilavasitə dövlət idarəçiliyi sisteminin inkişafına, dövlət qulluğunun təşkilinə və təkmilləşdirilməsinə, dövlət qulluqçularının sosial müdafiəsinin təmin olunmasına yönəlmişdir. Bununla da ölkəmizdə dövlət qulluğunu tənzimləyən zəruri qanunvericilik bazası formalaşdırılmışdır.

Prezident Heydər Əliyevin 29 dekabr 1998–ci il tarixli Fərmanı ilə dövlət idarəçiliyi sistemində islahatların aparılması üzrə Dövlət Komissiyası yaradılmışdır. Komissiya dövlət quruculuğunun inkişaf etdirilməsi, dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi və demokratikləşdirilməsi, habelə sərbəst bazar iqtisadiyyatı münasibətlərinə uyğunlaşdırılması sahəsində kompleks tədbirlər görmüşdür.

Görülən işlər nəticəsində, habelə vətəndaşların dövlət idarəetmə strukturlarında işə qəbul olunmasında bəzi məmurların yaratdığı süni əngəllərin aradan qaldırılması, dövlət qulluğuna qəbulun mərkəzləşdirilmiş qaydada, müsabiqə və şəffaflıq əsasında aparılması məqsədilə Prezident Heydər Əliyevin tapşırığı ilə hazırlanan və 2000–ci il iyulun 21–də qəbul olunan “Dövlət qulluğu haqqında” Qanunla dövlət idarəetmə orqanlarında çalışanlar DÖVLƏT QULLUQÇUSU adlandırıldılar. Bu gün bu ad onu daşıyanlara nə qədər şərəf gətirirsə, bir o qədər də üzərlərinə məsuliyyət qoyur. Onu da qeyd edək ki, dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və kadr siyasətinin əsas prinsiplərini müəyyənləşdirən bu Qanunun özəlliklərindən biri də odur ki, o, Avropa İttifaqına daxil olan dövlətlərin tətbiq etdikləri prinsiplərə uyğundur.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyərək həyata keçirilən kadr siyasətinin əsas prinsiplərini, dövlət qulluqçularının cəmiyyətdəki yerini, onların hüquq və vəzifələrini müəyyənləşdirir. Bu qanun dövlət orqanlarının üzərinə düşən funksiyaların səmərəli şəkildə yerinə yetirilməsinə xidmət edən təcrübəli və peşəkar dövlət qulluqçusu korpusunun formalaşdırılması və inkişafını stimullaşdırır.

Qanunda dövlət qulluğu anlayışının mahiyyəti belə əks olunmuşdur: “Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir”.

Yəni dövlət qulluğunun əsas vəzifələri sırasına vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, dövlət orqanlarının səlahiyyəti hüdudlarında qərarların hazırlanması, qəbul edilməsi, icrası və icraya nəzarətin həyata keçirilməsi, dövlət orqanlarının səmərəli fəaliyyətinin və dövlət qulluqçuları tərəfindən vəzifə səlahiyyətinin yerinə yetirilməsinin təmin olunması daxildir.

Qanunvericiliyə görə, dövlət qulluğunun qanunçuluq, hesabatlılıq, şəffaflıq, cavabdehlik və məsuliyyət prinsiplərinə əsaslanması dövlət idarəçiliyi sisteminin daha səmərəli təşkilinə və ardıcıl təkmilləşdirilməsinə xidmət edir. Belə ki, qeyd olunan prinsiplər dövlət orqanlarının qərarlarının qanuna və digər normativ hüquqi aktlara söykənməsini, görülən işin nəticəsinin subyektiv meyarlara əsasən deyil, keyfiyyətə görə qiymətləndirilməsini, işə qəbulla bağlı açıq prosedurların və müsabiqənin tətbiqini, qəbul edilmiş qərarlar haqqında ictimaiyyətə ətraflı məlumat verilməsini, hər hansı vəzifəni tutarkən hüquq bərabərliyinin təmin olunmasını, qulluq borcunun yerinə yetirilməsi zamanı dövlət qulluqçusunun və onun çalışdığı dövlət orqanının cavabdehlik daşımasını ehtiva edir. Eyni zamanda belə bir mühüm cəhəti də vurğulamaq lazımdır ki, dövlət qulluqçularının sosial və hüquqi müdafiəsi, onların özləri və ailələri üçün ləyaqətli yaşayış səviyyəsinin təmin edilməsi müddəasının dövlət qulluğunun prinsipləri sırasında əksini tapması dövlət qulluqçularının öz vəzifələrini daha səmərəli şəkildə yerinə yetirməsinə və məsuliyyət hissinin artmasına ciddi təsir göstərir.

Birbaşa dövlət qulluqçularının sosial statusunun gücləndirilməsini nəzərdə tutan “Dövlət qulluqçularının icbari sığortası haqqında”, “Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi haqqında”, “Dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalların müəyyən edilməsi haqqında” qanunlar və daha 6 qanun, habelə18 fərman da məhz ulu öndərin hakimiyyəti illərində qəbul olunmuşdur.

Heydər Əliyevin 3 yanvar 1999–cu il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının yaradılması ölkəmizin çağdaş siyasi tarixinə çox əhəmiyyətli faktlardan biri kimi daxil olmuşdur. Bu Fərman Heydər Əliyevin dövlətçiliyimizin möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsi işinə diqqət və qayğısının daha bir təzahürü kimi ortaya çıxdı.

Azərbaycana ilk rəhbərlik etdiyi dövrdə olduğu kimi, ölkəmizin müstəqilliyi dövründə də Prezident Heydər Əliyev milli kadrların yetişdirilməsinə yenə xüsusi önəm verdi, gənc nəslin və qadınların dövlət orqanlarında daha çox təmsil olunması istiqamətində işlər görmüşdür.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi “Müstəqil Azərbaycan Respublikasında müasir dövlət qulluğu sisteminin formalaşması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Heydər Əliyevin ali siyasi hakimiyyətə qayıdışından sonra ölkədə xaos və anarxiyanın qarşısı alındı, dövlət nizamı və sabit dövlət idarəçiliyi bərpa edildi, demokratik, hüquqi dövlət quruculuğu prosesi başlandı. Onun rəhbərliyi altında həyata keçirilən idarəçilik fəaliyyəti insanlarımızda dövlətçilik şüurunu gücləndirdi, hakimiyyət və idarəetmə orqanlarının işinə inamı artırdı”.

2003–cü il 15 oktyabr tarixdə keçirilən prezident seçkilərində cənab İlham Əliyevə səs verməklə xalqımız Heydər Əliyevin bütün sahələrdə olduğu kimi milli dövlət quruculuğu və dövlət qulluğu sahəsində də siyasətinin dinamik inkişaf etdirilməsinə səs verdi. Xalqa və dövlətə xidmətetmə yolunda özünə qarşı tələbkar olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər bir vəzifəli şəxs və dövlət qulluqçusu qarşısında da qoyduğu əsas tələb xalq və dövlətçiliyə sədaqətlə xidmət etməkdən, vətəndaşların hüquq və azadlıqlarını qorumaqdan, əxlaqı, mənəviyyatı, insanlarla rəftarı, qəbul etdiyi qərarları ilə rəsmi orqanlara hörmət qazandırmaqdan, vətəndaşların və dövlətin maraqlarını uzlaşdırmaqdan ibarətdir. Eyni zamanda, çağdaş, sivil, demokratik vətəndaş cəmiyyətinin tələblərinə tam cavab verən dövlət idarəçiliyi sisteminin daim inkişaf etdirilməsi üçün cənab Prezidentin dövlət qulluqçularından tələbləri sırasında dünyada gedən qlobal proseslərdən xəbərdar olmaq, informasiya texnologiyalarını, demokratik idarəçilik metodlarını mənimsəmək, müasir düşüncə sahibi olmaq kimi tələbləri də var. Ölkə başçısının bütün dövlət qulluqçularına münasibəti də, kadrları dövlət qulluğu sistemində yerləşdirməsi də, ilk növbədə, onların bu meyarlara və vəzifə öhdəliklərinə nə dərəcədə cavab vermələri ilə müəyyən olunur.

“Mən xalq üçün işləyirəm, xalq üçün çalışıram, xalqa xidmət edirəm. Dəfələrlə demişəm ki, Prezident başda olmaqla, bütün məmurlar xalqın xidmətçiləridir. Bizim vəzifəmiz ondan ibarətdir ki, xalqa xidmət edək, xalqla birlikdə olaq, xalqın qayğıları ilə yaşayaq. Mən buna çalışmışam, bundan sonra da çalışacağam, heç kim və heç nə məni bu yoldan döndərə bilməz” — deyən cənab İlham Əliyev hər hansı bir dövlət vəzifəsinin hər hansı bir məmura əlavə imtiyaz vermədiyini də dəfələrlə vurğulayıb.

Cənab Prezidentin apardığı dövlət qulluğu siyasətinin əsas məqsədi ölkəmizdə məsuliyyətli və demokratik idarəçiliyin yaradılmasından, dövlət orqanlarının fəaliyyətində şəffaflığın və hesabatlılığın gücləndirilməsindən, vətəndaşların qayğı və ehtiyaclarının daha dolğun təmin edilməsindən ibarətdir.

Dövlət başçısının rəhbərliyi altında aparılan islahatlar nəticəsində dövlət idarəetmə orqanlarının işinin dövrün tələblərinə uyğun yenidən qurulması, keyfiyyətli kadr korpusunun yaradılması istiqamətində zəruri tədbirlər görülüb və bu gün dəgörülməkdədir.

Bu gün cənab İlham Əliyevin apardığı siyasət nəticəsində ölkəmiz inkişaf tempinə görə dünyada öncül sırada gedir. Etibarlı investisiya mühiti həm daxili, həm də xarici iş adamlarını ölkəmizdə sərmayə qoymağa və yeni iş yerləri açmağa sövq edir. Buna görə də iqtisadi durumu yüksək olan dövlətlərdə olduğu kimi Azərbaycanda da özəl sektorla dövlət sektoru arasında peşəkar kadrlar uğrunda rəqabət gedir. Yüksək ixtisaslı mütəxəssislərin özəl sektoru deyil, dövlət qulluğunu seçməsi üçün cənab Prezidentin rəhbərliyi altında Azərbaycan hökuməti kompleks tədbirlər görür.

Birincisi, dövlət qulluğunda çalışmağın hər bir insan üçün son dərəcə şərəfli iş olmasını və ona müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında durmaq imkanı verməsini təbliğ etməklə dövlət qulluğuna milli ruhu yüksək olan mütəxəssislər cəlb edilir. “Vətənə xidmətə görə” ordeninin statusunun və təsvirinin təsdiq edilməsi barədə”, “Dövlət qulluğunda fərqlənməyə görə medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarının qəbul edilməsi də bu amala xidmət edir.

İkincisi, dövlət qulluqçularının sosial və hüquqi müdafiəsini, özləri və ailələri üçün ləyaqətli yaşayış səviyyəsinin təmin edilməsini dövlət qulluğunun prinsipləri sırasına daxil etməklə, habelə onların iş şəraitini yaxşılaşdırmaqla dövlət qulluğunun iqtisadi cəhətdən də səmərəli olması önə çəkilir. Bunun üçün “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunlar və dövlət qulluqçularının vəzifə maaşlarına bir sıra əlavələrin müəyyən edilməsi haqqında normativ–hüquqi aktlar qəbul edilib və bu istiqamətdə işlər davam edir.

Üçüncüsü, birbaşa cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan gənclərinin dövlət hesabına xarici ölkələrin ən nüfuzlu ali məktəblərində təhsil alması və sonradan dövlət qulluğuna cəlb edilməsi üçün “2007–2015–ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramı” qəbul edilib. Bu proqram çərçivəsində təhsil alanların dövlət qulluğuna müsabiqə və müsahibədən kənar qəbul edilməsi qanunvericiliklə təsbit edilib.

Dördüncüsü, dövlət qulluğunun daha yaxşı təşkili və idarə olunması, dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılması, dövlət qulluqçularının ixtisas dərəcələrinin artırılması, dövlət qulluğuna qəbulun mərkəzləşdirilmiş qaydada müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 2005–ci ildə Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılıb. 2007–ci ildən başlayaraq dövlət qulluğuna qəbul Komissiya tərəfindən bu prinsiplər əsasında həyata keçirilir. Qeyd edək ki, 2007–2012–ci illər arasında keçirilən müsabiqə və müsahibə nəticəsində 3000–dən artıq vətəndaş dövlət qulluğuna qəbul edilmişdir. Onların 85 faizdən çoxunu gənclər, 30 faizə qədərini isə qadınlar təşkil edir.

Beşincisi, respublikamızda demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində dövlət qulluğunun rolunu və Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin tövsiyəsini nəzərə alan Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə hər il iyun ayının 23–ü dövlət qulluqçularının peşə bayramı günü kimi təqvimə daxil edilib.

Dövlət qulluqçuları isə ölkə başçısının bu diqqətini daha səmərəli iş, onlara göstərilən etimada məsuliyyətli münasibət, müstəqil dövlətimizə, vətəndaşlarımıza layiqli xidmətlə doğrultmalı, xalqımızın ümummilli lideri Heydər Əliyevin formalaşdırdığı dövlətçilik dəyərlərinə, müstəqil respublikamızın dövlət atributları qarşısında içdikləri anda sadiq qalmalıdırlar.

 

 

Bəhram XƏLİLOV,

Azərbaycan Respublikasının

Prezidenti yanında Dövlət Qulluğu

Məsələləri üzrə Komissiyanın sədri

 

Respublika.- 2013.- 17 aprel.- S. 8.