O, təhsilimizin böyük himayədarı idi

 

Şərqlə qərbin strateji qovşağında yerləşən Azərbaycanın bütün tarixinin qısa xronologiyası göstərir ki, hətta eyni bir ictimai–siyasi və iqtisadi quruluşun bərqərar olduğu eyni bir beynəlxalq münasibətlər mühitində ölkənin vəziyyəti, xalqın əhval–ruhiyyəsi ölkə rəhbərlərinin kimliyindən, xalqa liderlik edən adamın şəxsiyyətindən, nüfuz və bacarığından həlledici şəkildə asılıdır. Müxtəlif dövrlərdə bu ölkənin inkişafında, tərəqqisində, tənəzzülündə də, onun övladlarının şərəfləndirilməsində də, repressiyaya uğramasında da ölkə rəhbərliyinin kimliyi və fəaliyyəti həlledici təsir göstərmişdir. Təkcə XX əsri nəzərdən keçirsək, onların hər birinin fəaliyyətini yada salsaq bunun şahidi olarıq. Yola saldığımız 2–ci minilliyin sonuncu yüz ili də Azərbaycan dövləti üçün çox kəşməkəşli oldu. Əsrin əvvəlində müstəqillik əldə etdi, lakin qısa müddətdən sonra onu itirdi, ölkə zor gücü ilə Sovet İmperiyasının tərkibinə qatıldı. İmperiya dövründə uzun müddət azərbaycanlılar sıxışdırıldı, onlarla 3–cü növ insanlar kimi rəftar edildi və bu proses təxminən yarım əsr, 1969–cu ilədək davam etdi. Gözəl bilirik ki, yalnız 1969–cu il iyulun 14–dən—Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra azərbaycanlılara qarşı münasibət kökündən dəyişdi. Fövqəldövlət olan Sovetlər İmperiyasının özünüyaşamaq üçün məhkum olduğu inkişaf və tərəqqi rəqabətindən öz xalqı üçün bacarıqla istifadə edən Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadi və sosial həyatda, elm, mədəniyyət, incəsənət, təhsil, texniki tərəqqi sahəsində böyük uğurlar əldə etdi.

Şəhərlərdə nadir arxitekturaya malik binalar tikilmiş, yollar və körpülər salınmış heykəllər ucaldılmışdır. Azərbaycan elmi dünya miqyasına çıxmış, rəssam və bəstəkarlarının əsərlərinin sorağı dünyanın məşhur sərgilərindən, konsert salonlarından eşidilmişdir. Bu dövrdə xalqın iqtisadi rifahı və ümumi mədəni səviyyəsi ilə bərabər, onun ictimai şüurunda özünü büruzə verən milli təfəkkürü, milli özünüdərki də yüksəldi. Azərbaycan dili, ədəbiyyatı, incəsənəti milli köklər üzərində inkişaf etməyə başladı.

Azərbaycan tarixinin qəhrəmanlıq rəmzi olan tarixi şəxsiyyətlərin və obrazların, görkəmli elm, mədəniyyət və incəsənət xadimlərimizin abidələri, məqbərələri ucaldılır. Azərbaycanın hər bir guşəsində onun milli özünüdərki, milli özünü təsdiq möhürü vurulurdu.

Bu böyük azərbaycanlı, beləliklə, totalitar rejimdə belə xalqını zamanın kəşməkəşlərindən keçirib onun milli adət–ənənələrini, milli varlığını, milli özünüdərk səviyyəsini qoruyub saxlaya bilmişdi. İmperiya tərkibində müstəqil respublika məfhumu formal səciyyə daşısa da, məhz Heydər Əliyevin özünün siyasi bəsirəti, uzaqgörənliyi ilə tarixin hər hansı bir kəskin dönümündə də Azərbaycana öz siyasi varlığını qoruya biləcəyi, müstəqil dövlət qura biləcəyi, maddi, intellektual potensial, milli özünüdərk səviyyəsi qazandıra bilmişdi.

Məhz bu gün Ermənistanın ölkəmizə təcavüzünün davam etdiyi, dövlət müstəqilliyimizin daha çox milli iradəmizdən, xalqımızın hərbi–siyasi qüdrətindən asılı olduğu bir vaxtda Heydər Əliyevin 70–ci illərdə Azərbaycanın hərbi–siyasi quruculuğu sayəsində gördüyü işlər bütün ölçüləri ilə ictimai şüurumuz tərəfindən daha aydın dərk olunur. Nəzərə alsaq ki, Heydər Əliyev ideyalarının böyük qismi gələcək onilliklərdə reallaşacaq, deməli, onun əsl qiymətini verməkdə acizik. Deyərdim ki, hətta Sovetlər İmperiyasının ən yüksək vəzifələrində çalışarkən də, Azərbaycanın gələcək müstəqilliyini görən və bu sahədə tədbirlər həyata keçirən Heydər Əliyevin ideyalarını o zaman onun özündən başqa heç kim dərk etmirdi. Bizim dərk etməyimiz üçün isə elə bir zirvədə dayanmaq lazımdır ki, Azərbaycan o zirvədə bütöv görünsün, Azərbaycan bütövlüyünü varlığında yaşadan Heydər Əliyev görünsün. Çünki ömrə biçilmiş vaxtdan qabağı görmək, gələcəyi duymaq məharəti—adilərlə qeyri–adilərin, kütlə ilə dahinin eyni zaman kəsiyində yaşaya–yaşaya bir–birinə bənzərsizliyidir. Vaxtdan uca dayananların taleyi isə heç də xoş olmayıb, zamanın yükü altına çiyin verənlərin qədir–qiymətini nəfsin, tamahın əsiri olanlar ucuzlaşdırmağa çalışıblar. Dahilər isə vaxtdan irəli gedərək arxada gələnlərə yol göstəriblər. Ürəyini Azərbaycan üçün məşəl edən Heydər Əiyev kimi.

Bəlkə də tarix özü bu böyük dahinin qiymətini bizlərə çatdırmaq üçün 90–cı illəri nəsib etdi bizə. Axı 80–ci illərin sonu, 90–cı illərin əvvəlində yaranmış vəziyyəti qiymətləndirsək, bu mərhələdən öncə on illər ərzində yaranmış mədəni–siyasi şərtlər sayəsində yeni tarixi situasiyada Azərbaycan cəmiyyəti baş verən ictimai–siyasi dəyişikliklərə adaptasiya oluna bilmək və bunu nisbətən ağrısız keçirmək iqtidarında idi.

Lakin hakimiyyətə gələn məsləksiz, əqidəsiz adamlar, lazımi biliyi və təcrübəsi, səviyyəsi olmayanlar ölkəni fəlakətə sürükləyirdi. Az qala ölkə yenə də parçalanmaq, yaxud yenidən əsarət altına düşmək dilemması qarşısında qalmışdı. Azərbaycan, Vətən, torpaq, doğma mədəniyyət, uluların ruhu, milli mənsubiyyət, milli dərk, az qala hər şey unudulardı.

Nehrə kimi çalxalanan zamanda tarix məqam gözləyirdi. Heydər Əliyev gəlib çatmasaydı, yersiz gedəcəkdi Azərbaycan. Tale yenə növbəti dəfə iti ağılı, bənzərsiz çalışqanlığı, məqsədyönlü fəaliyyəti, prinsipcə sarsılmazlığı, nüfuzu, daxili mədəniyyəti, tarixi yaddaşı, kəsərli nitqi, vətənini, dövlətçiliyini qoruyub saxlamaq iqtidarında olan xilaskarı bəxş etdi Azərbaycana.

Tarix bir daha sübut etdi ki, hər hökmün bir nöqtəsi, hər anın bir hökmü var. Hökmün son nöqtəsi isə Heydər Əliyevin Azərbaycana qayıdışı ilə tamamlandı. Heydər Əliyevlə birgə Azərbaycana ədalət qayıtdı, qətiyyət, məğrurluq qayıtdı, həqiqi sərkərdə, əsl insan qayıtdı. Bəli, o, böyük Tanrının Azərbaycana bəxşidir,— desək yanılmarıq.

Bu, yaraları qan ağlayan, torpaqları xəyanət qurbanı olan, istiqlalını, müstəqilliyini itirmək təhlükəsi qarşısında qalan, daxili çəkişmələr girdabında qovrulan bir ölkəni xilas edəcək yeganə liderin bir daha təsdiqlənməsi idi.

Azərbaycanın yeni tarixi həmin günlərdən başladı desək səhv etmərik. O, ilk növbədə ölkənin həyatında yaranan çatları bir–bir bərpa etdi, birləşdirdi. Zərrə–zərrə müstəqil dövlətin atributlarını yaratdı. Bütün dünyaya ölkənin həyat qabiliyətli və gələcəyə inamlı olduğunu sübut etdi. Məgər xalq, Vətən qarşısında bundan böyük xidmət olarmı?

Vətəndaş müharibəsi, baş verə biləcək qardaş qırğını təhlükəsi sovuşdu. Atəşkəs əldə edildi. Silahlı dəstələrin zərərsizləşdirilməsi, milli valyutanın sabitləşməsi, ilk milli Konstitusiyanın qəbul edilməsi, parlamentin seçilməsi, əsrin böyük neft kontraktının bağlanması yorulmaq bilməyən Heydər Əliyev fəaliyyətinin yalnız bəzi nəticələridir, gözlərimiz qarşısında baş verən həqiqətlərdir. O həqiqətlər ki, Heydər Əliyev onları belə ifadə etmişdi: “Əgər bir ölkənin vətəndaşları öz hüquqlarını anlayarsa və qoruya bilərsə, onda ən kiçik məmləkətlər belə böyük dövlətlər qədər qüdrətli olar. Azərbaycan azərbaycanlıların doğma ana yurdu, vətənidir” Heydər Əliyev Azərbaycan elminin və dilinin xilaskarıdır. Onun təşəbbüsü ilə tarixən vətəndaşlıq hüququ qazanmış “Azərbaycan dili” anlayışının qanuni haqqı özünə qaytarıldı. Bir sıra dövlət xadimləri silah gücünə, xarici qüvvələrin himayədarlığı ilə hakimiyyətə gəldiyi halda, Heydər Əliyev sözlə milyonları öz ətrafına səfərbər etmiş, məntiqlə düşmənləri susdurmuş, böyük natiqlik istedadı ilə xalqı sıx birləşdirə bilmişdir. O deyirdi: “Mən hər dilə öz hörmət və ehtiramımı bildirirəm. Amma hesab edirəm ki, öz dilimizlə, Azərbaycan dili ilə hər birimiz fəxr edə bilirik. Çünki bu zəngin dildir. Öz dilinə, xalqına, müdriklər vətəni—Nizamilər, Xəqanilər, Füzulilər vətəni Azərbaycan dilinə, adət–ənənələrinə sədaqətinə görə Heydər Əliyev Azərbaycan xalqının ulu və dahi öndəri, ümummilli lideri səviyyəsinə yüksələ bildi.

Ulu öndərin genişmiqyaslı, çoxcəhətli fəaliyyətində təhsilin inkişafına diqqət və qayğı prioritet sahə kimi mühüm yer tuturdu. Təhsilin aktual problemlərini və perspektivlərini incəliklərinə qədər dərindən bilən dahi rəhbərin təhsillə bağlı dəyərli mülahizə və müddəaları, sözün əsl mənasında müasir pedaqoji fikir tariximizin nadir incilərindəndir. Ulu öndərimizin orta məktəb təhsilinin məqsədləri, ümumtəhsil məktəbinin əsas vəzifələri haqqında qiymətli fikirləri bu gün də hamımız üçün aparıcı istiqamət, əsas ideya mənbəyi olmalıdır.

Hələ 35 il bundan əvvəl 1978–ci ildə Azərbaycan müəllimlərinin qurultayında “Çox uzun bir müddət ərzində məktəbin işinə yalnız bir göstəriciyə görə qiymət verilirdi: məktəbin nə qədər məzunu tələbə olmuş, ali məktəb diplomu almışdır. Bu nöqteyi–nəzəri dəyişdirmək vaxtı gəlib çatmışdır. Bilikli, bacarıqlı, əməksevər adamlar yetişdirmək məktəbin ən birinci borcudur”,—deyən ümummilli liderimiz 21 il sonra bu tarixi mülahizəni daha da dolğunlaşdıraraq “İnsan təhsilinin əsasını orta məktəbdə alır… Əgər 11 il müddətində uşaq I sinifdən başlayaraq sona qədər köklü təhsil almasa, yaxşı hazırlaşmasa, o gedib universitetə imtahan verə bilməz. Heç lazım da deyil ki, hər bir orta təhsil alan getsin universitetə imtahan versin. Bu mümkün də deyildir. Bu, keçmişdə də mümkün olmayıbdır, bu gün də mümkün deyildir. Əgər o, universitetdə ali təhsil almasa da, həyatda yaşayacaqdır, həyatda fəaliyyət göstərəcəkdir, cəmiyyətdə olacaqdır. Əgər onun fundamental, köklü orta təhsili varsa, o, cəmiyyətdə özünə yer tapacaq, çalışacaq, öz ailəsini yaşadacaqdır. Amma ən vacibi odur ki, cəmiyyətimizin qürurlu üzvü olacaqdır”. “İndi bizim təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib gələcəyə hazırlamaqdır. Ən böyük məqsəd Azərbaycan vətəndaşı hazırlamaqdır, Azərbaycan cəmiyyətinin layiqli üzvünü hazırlamaqdır” müddəalarını irəli sürürdü.

Bütün bunlarla yanaşı, ulu öndər biliklərə əzmlə yiyələnməyi, daha çox biliyi əldə etməyi ən aktual vəzifələrdən biri hesab edir, bu prosesdə orta təhsilin roluna daha böyük qiymət verirdi.

Müstəqil Azərbaycanın təhsil sistemində, xüsusilə də ümumi təhsil sistemində islahatların qaçılmaz olduğunu diqqətə çatdıran ulu öndərimiz, eyni zamanda təhsil işçilərini islahat prosesinə həssas və ehtiyatla yanaşmağa çağırırdı. Təhsil sahəsində islahatlar barədə danışarkən aydın hiss olunur ki, ulu öndər bu islahatların davamlılığında israrlıdır, çünki eyni tələbləri həm indiki, həm də gələcək nəsillərə ünvanlayır. O qeyd edir ki, çalışmaq lazımdır ki, islahat islahat naminə aparılmasın, təhsil sistemimizi daha da təkmilləşdirmək, bu günün, gələcəyin tələblərinə daha da uyğunlaşdırmaq məqsədi daşısın.

“Əgər biz iqtisadi sahədə apardığımız islahatlarda bu gün haradasa səhv ediriksə, sabah həmin səhvi düzəltmək mümkündür, haradasa ifrata yol veririksə, onun qarşısını almaq mümkündür. Amma təhsil sahəsi çox həssas sahədir. Burada inqilabi dəyişikliklər ola bilməz…

Mənim sizə tövsiyəm ondan ibarətdir ki, islahatları düşünülmüş qaydada aparasınız, formalizmə, konyunkturaya yol verməyəsiniz, Azərbaycanın milli ənənələrinin üzərindən keçməyəsiniz”…

Zaman sübut edir ki, Heydər Əliyev hansı ictimai sistemdə işləməsindən asılı olmayaraq həmişə Azərbaycan xalqının təmsilçisi, müdafiəçisi olmuş, bütün qüvvə və enerjisini, təcrübə və zəkasını milli inkişafa, xalqımızın rifahının yüksəlməsinə sərf etmişdir. Bütün bunlar Heydər Əliyevlə Azərbaycanın nə qədər möhkəm, ayrılmaz, bağlı olduğuna sübutdur.

Qoca Qafqazla yaşıd bir ixtiyardır Azərbaycan. Heydər Əliyev bu ixtiyara dayaq olan bir övlad. Min–min illik tarix kitabındadır Azərbaycan, milyonların ürəyində, yaddaşındadır Heydər Əliyev. Dünəndir, bu gündür, sabahdır Azərbaycan. Azərbaycan adlı sabahın qurucusu, yaradıcısıdır Heydər Əliyev. Müstəqil və suveren bir dövlətdir Azərbaycan. Azərbaycanın ulu və dahi öndəridir Heydər Əliyev. Azərbaycan bir zirvədir və bu zirvədə dayanıb xalqa tükənməz sevgisini tanrı qarşısında təsdiq edən Azərbaycanın qartal oğludur Heydər Əliyev!

 

 

Südabər İSMAYILOVA,

Şəki şəhər Təhsil Şöbəsinin müdiri

 

Respublika.- 2013.- 17 aprel.- S. 11.