Böyük vətənpərvərlik məktəbi

 

Hər bir dövlətin və xalqın tarixi taleyi kimi gələcəyi də ilk növbədə onun təşkilatlanmaq, bütün mövcud qüvvələrin maddi maraq və mənafedən daha çox, müəyyən və konkret ideallar, dəyərlər ətrafında birləşmək bacarığından asılıdır. Vurğulamaq lazımdır ki, bu taleyüklü məsələlər öz–özünə formalaşmır. Xalqların tarixində və bütün dövrlərdə bu taleyüklü məsələlərin formalaşmasının və real güc qazanmasının ağırlığını, məsuliyyətini konkret şəxsiyyətlər–liderlər üzərlərinə götürüblər.

Uzun müddətli müstəqil dövlətçilik ənənəsi olmayan xalqların tarixində liderlik missiyasını bir qayda olaraq ziyalılar yerinə yetiriblər. Onlar azad yaşamaq, müstəqil dövlətini qurmaq əzminin qorunub saxlanılmasında əvəzsiz rol oynayıblar. Lakin bu yeganə vasitə deyildir.

Bütün vasitələri kompleks halda gerçəkləşdirməyi bacaran siyasi liderə ehtiyac var idi. Ermənistanın işğalçılıq siyasəti nəticəsində ərazisinin 20 faizini itirən Azərbaycanda bu ehtiyac daha çox duyulurdu. Ziyalılar əllərindən gələn işləri görürdülər, amma bu kifayət etmirdi.

XX əsrdə bu missiyanı yalnız ümummilli lider Heydər Əliyev həyata keçirməyə qadir idi.

Heylər Əliyevin xalqın və tarixin yaddaşına əbədi həkk olunmuş əvəzsiz xidmətlərini sadalamadan diqqəti bu nadir şəxsiyyətin bu gün daha çox ehtiyacımız olan vətənpərvərlik sahəsindəki roluna yönəltmək istərdim. Bu məsələdən danışarkən iki cəhət hökmən nəzərə alınmalıdır: birincisi, Heydər Əliyevin siyasi–nəzəri irsində və fəaliyyətində vətənpərvərlik; ikincisi, Heydər Əliyevin şəxsiyyətinin özünün vətənpərvərlik mövzusu olması. Təbii ki, hər iki cəhət birbiri ilə sıx bağlıdır, biri digərini tələb edir, tamamlayır və dolğunlaşdırır. Bu cəhətlərin sintezindən Heydər Əliyevin nəzəri və əməli irsi, dövlət idarəçiliyi sahəsindəki fəaliyyəti və şəxsiyyəti əslində vətənpərvərliyin stolüstü kitabı və dərsliyidir. Bu kitab və dərsliyi oxumuruqsa, öyrənmiriksə və tribunalardan vətənpərvərliyin zəiflməsi barədə danışırıqsa, günah bizim özümüzdədir.

Ümummilli lider Heydər Əliyevin vətənpərvərliyindən danışarkən bir məsələyə xüsusi diqqət yetirmək lazım gəlir. Nəzərə almaq lazımdır ki, Heydər Əliyev müstəqillik illərində xalqın istəyi ilə hakimiyyətə gələndə ona ağır bir miras qalmışdı: Azərbaycan müstəqil dövlət kimi xəritədən silinmək üzrə idi; bir sıra qonşu dövlətlər artıq ölkəmizin bölüşdürülməsi uğrunda mübarizə aparmağa başlamışdılar; düşmənin təbliğat aparatı iki cəhəti həqiqət kimi verməyi bacarmışdı: birincisi, Azərbaycanın və azərbaycanlıların qurmaq əvəzinə dağıtmağa meyilli obrazı yaradılmışdı; ikincisi, ermənilərin tarixi və həmin dövrdəki vəhşilikləri ört–basdır edilməklə, Qarabağın tarixən Ermənistan ərazisi olduğu ardıcıl və məqsədyönlü şəkildə beyinlərə yeridilirdi.

Ən təhlükəlisi isə bəzi xəyənatkar daxili qüvvələrin də qoşulduğu bu təbliğat sayəsində ölkə əhalisində özünə inam itmişdi; döyüşkənlik ruhunu qismən də olsa, təslimçilik ruhu əvəz eləməyə başlamışdı; hətta bu təbliğata inananların sayı da artmaqda idi. Dözülməz hal birbundan ibarət idi ki, mövcud qüvvələrin potensialı və enerjisi düşmənə qarşı mübarizə məkanı olan cəbhədən —səngərlərdən hakimiyyət uğrunda mübarizə məqsədi ilə Bakıya köçürülmüşdü. Maraqlıdır ki, düşmənin də hədəfi Gəncədən sonra Bakı uğrunda mubarizəyə yönəlmişdi. Bizim bəzi daxili qüvvələrdən fərqli olaraq onlar Bakıya hakimiyyəti zəbt etmək üçün yox, Azərbaycana yiyələnmək üçün can atırdılar.

Xalq və ölkəyə isə Azərbaycan bu təhlükələrdən və bəlalardan xilas etmək qüdrətində olan, bunu fəaliyyətinin prioritet istiqamətinə çevirən lider lazım idi. Həmin ağır vaxtda Heydər Əliyev xalqın böyük xilaskarına çevrildi. Ulu öndərin hakimiyyətə qayıdışı ilə qruplar, daxili qüvvələr arasındakı çəkişmələr tədricən aradan qaldırıldı və hakimiyyət uğrunda mübarizə Azərbaycanın müstəqilliyini qoruyub, daha da möhkəmləndirmək, əbədi etmək uğrunda mübarizəyə çevrildi. Bu faktın özü artıq ən böyük vətənpərvərlik örnəyi oldu. Xalq gördü və əmin oldu ki, milli maraq və mənafelərdən çıxış edən və bunlar naminə qətiyyətlə mübarizəyə başlayan nəhəng bir lideri var.

Bu, Heydər Əliyevin siyasi lider və dövlət xadimi kimi əvəzsiz vətənpərvərlik örnəyi və dərsi oldu. Xaotik bir vəziyyətdə olan xalqa təmənnasız Vətən və xalq uğrunda mübarizə aparmağın mümkünlüyünə inamı vermək yalnız mənəvi rahatlıq vermək deyildi, eyni zamanda mübarizə əzmini, müqəddəs qələbəyə inamını artırdı. Mübarizənin hədəfini milli maraqlara uyğun dəyişdirən Heydər Əliyev daha sonra ikinci taleyüklü məsələni həll etdi: yüksək hərbi, iqtisadi gücə malik çoxsaylı qüvvələrə qarşı mübarizə aparmaq üçün güclü Azərbaycan qurmaq məramını gerçəkləşdirmək naminə müvəqqəti atəşkəs rejiminə nail oldu.

Sonrakı siyasi proseslər Heydər Əliyevin uzaqgörənliyini bir daha təsdiqlədi.

Bəzi xarici qüvvələr güman edirdilər ki, ərazisinin bir qismini itirmiş, ölkəsi bir milyondan artıq qaçqının varlığı ilə əziyyət çəkən, iqtisadiyyatının inkişaf ritmi pozulmuş Azərbaycanı asanlıqla maraq və mənafelərinə uyğun sazişləri imzalamağa məcbur edə biləcəklər. Lakin Heydər Əliyev yenidən böyük vətənpərvərlik nümunəsi göstərdi: Azərbaycanı xilas etmək üçün karyerasını, həyatını riskə qoymaqdan çəkinmədi.

“Mən həyatımın qalan hissəsini xalqıma bağışlamışam”, —deyən Heydər Əliyev yenidənqurma deyilən mərhələdən sonrakı ömrünü də əvvəlki ömrü kimi yaşadı.

Heydər Əliyev sübut elədi ki, ən böyük vətənpərvərlik xalqın tarixinə təsir göstərən əməli işləri gerçəkləşdirəndir. Heydər Əliyev nümunəvi vətənpərvər ömrü yaşadı, Heydər Əliyev gördüyü işləri, gündəlik hakimiyyətini xalqın və dövlətin sabahı, taleyi ilə əlaqələndirdi. Belə vətənpərvərliyin ömrü isə xalqın və dövlətin ömrü qədərdir.

Onun dövlət quruculuğu sahəsində zaman amilini nəzərə almağa vaxtı yox idi və Azərbaycanın həmin dövrdəki vəziyyəti də buna imkan vermirdi. Heydər Əliyev dövlət quruculuğuna əsrlərlə dövlətçilik ənənələri olan ölkələrdəki səviyyəni əsas götürməklə başladı. Söhbət bu istiqamətdə hansı işlərin görülməsindən, hansı tarixi uğurların qazanılmasından getmir, hərcənd ki, bütün bunlar da tariximizin Heydər Əliyev dönəminin qələbələrindəndir. Əsas məsələ dünya miqyasında rəqabətə tab gətirmək üçün zamanın qabaqlanması idi. Heydər Əliyev dövlət quruculuğu sahəsində zamanı qabaqlayan tədbirlər gerçəkləşdirirdi. Bununla da Azərbaycanda yalnız uğurlu dövlət quruculuğu həyata keçirilmədi, eyni zamanda itirilmiş illərdən qalan boşluqlar dolduruldu, hüquq bərabərliyinə əsaslanan rəqabət aparmaq üçün təminat yaradıldı.

Azərbaycanda müstəqilliyin əbədiliyinə təminat yaradan bütün sahələrə eyni dərəcədə önəm verən Heydər Əliyev tarixi təcrübəyə və müasir dövrün reallıqlarına istinad etməklə bir məsələni prioritet istiqamətə çevirmişdi. O, bizim hamımızdan çox gözəl bilirdi ki, Azərbaycanın indiki vəziyyətdə, yəni dövlət təhlükəsizliyinə ordu və hərbi texnika ilə təminat yaratmağın əsas gücü, əhali faktoru onun vətənpərvərlik ruhudur. Bunun üçün bu dahi şəxsiyyət doğma dilin, tarixin, ədəbiyyat, mədəniyyət və incəsənətin, adət–ənənələrin, bir sözlə, milli ruhu formalaşdıran, müəyyənləşdirən və qoruyubsaxlayan amillərin inkişafına xüsusi qayğı ilə yanaşırdı.

Heydər Əliyev dünyanın azsaylı liderlərindən və xadimlərindən biri idi ki, bu amillərə yalnız dövlət quruculuğunda vacib olduğu üçün xüsusi önəm vermirdi, həm də onları dərindən bildiyinə və bütün varlığı ilə bağlı olduğuna görə yüksək qiymətləndirirdi. Ümummilli lider bilirdi və bizləri də öyrətməyə çalışırdı ki, xalqı silahlar danışanda silahla qorumaq olar, həyat yenə də normal məcraya düşən zaman isə yalnız və yalnız tarix boyu özünün yaratdığı sərvətlə qorumaq mümkündür.

Heydər Əliyevin yaşadığı hər gün vətənpərvərliyə örnək olan bir həyat məktəbi, dəyərini indisaxlayan əbədi dərslikdir. Gənclərimizin vətənpərvərlik ruhunda böyüməsinə hər cür şərait, ən başlıcası isə örnək var. Bu örnəklərdən ən vacibi və əvəzsizi Heydər Əliyevin həyatı, fəaliyyəti və nəzəri–siyasi irsidir. Örnək var, bu örnəyə layiq gənclərimiz var. Bizim öhdəmizə düşən əsas məsələ Heydər Əliyev irsinin mahiyyətini, əhəmiyyətini dönmədən öyrənmək, öyrətmək və imkan daxilində hər bir vətəndaşımıza çatdırmaqdır. Bu bir həqiqətdir ki, Azərbaycanın ən böyük vətənpərvəri ümummilli lider Heydər Əliyev olmuşdur və Heydər Əliyev olaraq qalacaqdır.

 

 

Cəlil XƏLİLOV,

Azərbaycan Prezidenti yanında

Dövlət İdarəçilik Akademiyasının müəllimi

 

Respublika.- 2013.- 18 aprel.- S. 10.