Ümummilli liderin amalı vətənə sədaqətlə xidmət idi

 

Ulu Yaradanın ömür payını hərə bir cür yaşayır. Elə insanlar var ki, yüz ildən çox ömür sürürlər, ancaq həyatda heç bir izləri qalmır. Elə şəxsiyyətlər də var ki, onlar öz mənalı həyatları ilə xalqın, millətin yaddaşında əbədi iz qoyurlar. Dünyanın ən dahi şəxsiyyətlərindən olan ulu öndərimiz Heydər Əliyevin mənalı ömrü və çoxşaxəli fəaliyyəti Azərbaycan xalqına sədaqətlə xidmətin bariz nümunəsidir. Heydər Əliyevin müasiri olmaq, rəhbərliyi altında çalışmaq, yaşamaq, qayğısından bəhrələnmək hər kəsə nəsib olmayan xoşbəxtlikdir. Bizim nəsl fəxr edir ki, Heydər Əliyevin müasiridirlər, ulu öndərin qayğısı sayəsində müxtəlif ali məktəblərdə təhsil almış, həyatda yerlərini tutmuşlar.

Ulu öndər demişdir: “Mən öz mənalı həyatımın düz 60 ilini xalqımızın bugünü və sabahı ilə yaşamışam. Bu illərdə istər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız sizə — bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.

Ölkəmizin müstəqillik əldə etməsi ilə digər sahələr kimi, təhsilimizin də inkişafında yeni mərhələnin başlanğıcı qoyuldu. Çox təəssüf ki, müstəqilliyimizin ilk illərində təhsil sahəsində də dərin böhran yaşanırdı. O vaxtkı idarəetmə qabiliyyəti, səriştəsi olmayan iqtidar nəinki yeni islahatlar aparmaq marağında deyildi, hətta sovet dönəmindən qalan dağıdılırdı.

Məktəblərimizdə nizam–intizam pozulmuşdu. Müəllimlərə qarşı biganə münasibətin nəticəsi idi ki, bir çox müəllimlər bu sənətdən uzaqlaşdılar, bəziləri isə xarici ölkələrə üz tutdu. Yalnız ulu öndərin ikinci dəfə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, təhsildə də gələcək uğurların təməli qoyuldu.

Milli təhsilimizin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Təhsil sahəsində qazanılmış uğurlar ulu öndərimizin Vətən və xalq qarşısında əvəzsiz xidmətlərindəndir. Ötən əsrin 70–80–ci illərində müstəqillik dövründə Heydər Əliyev xalqımızın sabahını, gələcəyini düşünərək təhsilin inkişafına böyük diqqət yetirib. Müstəqilliyimizin ən çətin illərində milli təhsilimizi dünya standartları səviyyəsinə yüksəltmək, milli–mənəvi dəyərlərə həssas münasibət ulu öndərimizin yürütdüyü siyasətin prioritet istiqamətini təşkil edib. Ölkəmizdə təhsil islahatı proqramının hazırlanması və uğurla reallaşması təhsil sahəsində Heydər Əliyev siyasətinin parlaq nümunəsidir.

Azərbaycan xalqı fəxr edir ki, onun Heydər Əliyev kimi ümummilli lideri var. Heydər Əliyev bütün mənalı həyatını xalqına həsr etmişdi. Xalqının ən çətin, ağır günlərində imdadına çatmış, onu qardaş qırğınından xilas etmiş, ölkə–ölkə gəzərək Azərbaycanı bütün dünyaya tanıtdırmışdı.

Ümummilli liderimiz daim cəmiyyətdə ziyalı missiyasına böyük diqqət verib. Onun elm, təhsil, incəsənət, ədəbiyyat, sənət adamlarına olan qayğısı heç zaman unudulmayacaq. Xalqını, millətini sevənlərin əməyini Heydər Əliyev həmişə yüksək qiymətləndirib. Onlarla görüşüb söhbət aparıb, irəli sürdükləri təkliflərə hörmətlə yanaşıb, onlara inanıb, arxalanıb. Məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ötən əsrin əvvəllərində repressiyaya məruz qalmış, mühacir həyatı yaşamış neçə–neçə şəxsiyyətlər, alimlər, ictimai və dövlət xadimləri, şair və yazıçılar, incəsənət adamları, ordu sərkərdələri, adı və xalqa, millətə sədaqətləri, xidmətləri unudulmaqda olan çox dəyərli ziyalılarımız yenidən xalqın mənəvi yaddaşına qaytarıldı. O, əlçatmaz həqiqətlərin reallaşması naminə bütün vasitələrdən bacarıqla istifadə etmək qüdrətinə malik idi.

Xalqımız fəxr edir ki, onun Heydər Əliyev kimi ümumlideri olmuşdur. İşindən, peşəsindən, vəzifəsindən asılı olmayaraq insanlara qiymət vermək, onlara hörmət etmək Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən irəli gəlirdi. İnsanlara kömək hər hansı ədalətsizliyi, haqsızlığı araşdırmaq həqiqəti üzə çıxarmaq Heydər Əliyevin əsas amalı, məramı idi. Hər sahədə “Qoy ədalət qalib gəlsin” deyirdi.

Dilindən, irqindən asılı olmayaraq dünyanın müxtəlif yerlərində yaşayan, yaradan elm, təhsil adamları, politoloqlar, dövlət başçıları, ictimai və siyasi xadimləri Heydər Əliyev haqqında söylədikləri heyrətamiz fikirlər hər birimizi qürurlandırır.

Bu gün Heydər Əliyev haqqında saysız–hesabsız kitablar yazılır, nəşr edilir, filmlər çəkilir. O, filosof, alim, ensiklopedik biliyə malik şəxsiyyət idi. Dünyanın ən zəngin dillərindən biri olan, qədimliyi, tarixiliyi ilə seçilən, fərqlənən Azərbaycan dilini və ədəbiyyatını incəliklərinə qədər gözəl bilirdi. Dilimizin, ədəbiyyatımızın səfər etdiyi bütün ölkələrdə təbliğ olunmasına, tanınmasına çalışırdı. Xarici ölkələrdə yaşayan azərbaycanlı diaspor nümayəndələri ilə görüşlərdə onlara Azərbaycan dilində məktəblərin açılmasını, övladların Azərbaycan dilində oxumasını, milli–mənəvi dəyərlərimizin qorunmasını, Azərbaycan həqiqətlərinin dünya xalqlarına düzgün çatdırılmasında səylərini əsirgəməməyi tövsiyə edirdi.

Ümummilli liderin rəhbərliyi altında müstəqilliyin ilk illərində ölkədə sosial–iqtisadi, hüquqi–demokratik yüksəliş yolunda qətiyyətli addımlar atıldı. Milli ideologiya formalaşdırıldı, milli–mənəvi dəyərlərimizin toxunmazlığı ali prinsip kimi elan edildi.

Heydər Əliyev bölgələrə və şəhərlərə səfər edir, ziyalılarla, fəhlələrlə, inşaatçılarla görüşür, onları düşündürən, narahat edən problemləri öyrənir, şəhərin sosial–iqtisadi, kəndin aqrar vəziyyətini, sosial infrastrukturun geridə qalmasının səbəblərini araşdırır, onu inkişaf etdirməyin yollarını axtarırdı. Tikinti–quruculuq, abadlıq işlərinə böyük diqqət verirdi. Ötən əsrin 70–80–ci illərində Azərbaycanın elə bir kəndi, rayonu, qəsəbəsi, şəhəri yox idi ki, orada tikinti–quruculuq işləri aparılmasın. Yeni geniş yollar çəkilir, körpülər salınır, məktəblər, xəstəxanalar, yaşayış evləri, mədəniyyət ocaqları tikilirdi. Respublikamızın paytaxtı Bakı da öz simasını Heydər Əliyevin rəhbərlik etdiyi illərdə dəyişdi. Yeni mikrorayonlar salındı, yüzlərlə insan təzə mənzillərlə təmin olundu. Yeni metrostansiyalar tikilib insanların istifadəsinə verildi.

Heydər Əliyev xoşbəxt idi. Ulu öndər ona görə xoşbəxt idi ki, xalq tərəfindən sevilirdi, fitri istedadı, yüksək idarəetmə qabiliyyəti ilə xalqın dərin hörmət və nüfuzunu qazanmışdı. O, bütün mənalı həyatını Azərbaycanın daha da tərəqqisinə, inkişafına, abadlaşmasına, insanların rifah halının yaxşılaşdırılmasına həsr etmişdir. Müstəqil Azərbaycan Respublikası Heydər Əliyevin şah əsəridir. Xalqının və Vətəninin təəssübünü çəkmək ulu öndərin amalı idi. Xalqına sədaqətlə xidmət etmək, rəhbərlik etdiyi ölkəni dünyada demokratik, sülhsevər, dünyəvi dövlət kimi tanıtmaq bu dahi şəxsiyyətin əsas məqsədi olub. Onun diqqətindən heç bir sahə kənarda qalmırdı.

Azərbaycançılıq ideologiyasının əsası ulu öndərimiz tərəfindən qoyulub. Heydər Əliyev bu ideologiyanın əsas istiqamətlərini müəyyənləşdirmişdir. Milli–mənəvi dəyərlərimizin səviyyəsi, milli vətənpərvərliyimiz, dövlətçilik ənənələrimizin mühafizəsi azərbaycançılıq ideologiyasının əsasını təşkil edir. Azərbaycançılıq ideologiyasının məhz milli dəyərlərə söykəndiyini dönə–dönə qeyd edən dahi şəxsiyyət göstərirdi ki, biz bu dəyərlərlə fəxr etməliyik, bunlar xalqımızın həyatını əsrlər boyu formalaşdırır. Heydər Əliyev azərbaycançılıq ideologiyasının yalnız milli dəyərlər üzərində yox, həm də bəşəri dəyərlər üzərində formalaşmasına fikir verməyi vacib sayırdı.

Ulu öndər bu məsələlərin hamısını eyni vaxtda inkişaf etdirməyi zəruri bilir və xüsusi vurğulayırdı ki, Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını təşkil edən azərbaycançılıqdır. Dövlətçilik, milli–mənəvi dəyərlər–bunlar hamısı azərbaycançılıq anlayışının tərkib hissəsidir.

Azərbaycanın ən yeni tarixinin 34 illik bir mərhələsi ulu öndərimizin adı və çoxşaxəli fəaliyyəti ilə bağlıdır. Bütün həyatını Azərbaycanın inkişafına həsr etmiş, xalqını taleyin sərt sınaqlarından məharətlə çıxarmış, ümumxalq sevgisi qazanmış Heydər Əliyev heç zaman unudulmayacaq, əbədi olaraq xalqın, tarixin yaddaşında qalacaqdır.

 

 

Ədalət CAMALOVA,

Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin

Direktoru

 

Respublika.- 2013.- 18 aprel.- S. 11.