Qəlblərdə yaşayan insan

 

Vətənini, elini, obasını canından artıq sevən insanlar arasında ulu Göyçənin yetirməsi, ötən əsrin parlaq simalarından olan, mənalı bir ömür yaşayan, el gözündə pillə–pillə ucalan Yunis Qəhrəman oğlu Rzayevin xüsusi yeri vardır. Onun həyat yolu xeyirxahlıq, kamillik, mənəvi yetkinlik zirvəsinə bənzəyir.

 

Yunis Rzayev 60 illik ömrünün 40 ilini xalq təsərrüfatının müxtəlif sahələrinin, xüsusilə Azərbaycanda üzümçülük və şərabçılığın inkişaf etdirilməsinə sərf etmiş, doğma yurdda öz dəst–xətti ilə dərin, silinməz izlər qoymuş, əməyi ilə özünə şan–şərəf heykəli ucaltmışdır. O, qeyriadi enerji sahibi idi. Polad intizamı sevən, özünə və başqalarına eyni dərəcədə tələbkar olan bu adamın sinəsində insanları xoşbəxt, firavan, asudə görmək eşqi ilə dolu bir ürək döyünürdü.

Yunis Qəhrəman oğlu Rzayev 2 may 1924– ildə Göyçə mahalında—Basarkeçərin Şişqaya kəndində dünyaya göz açmış, uşaqlıq illəri Göyçə gölünün nəğməli sahillərində, “Sarı nər”in atlas geyimli yamaclarında keçmiş, ana təbiətin, sazın–sözün vurğunu olmuş, ürəyi hökm edəndə dostları ilə Ağkilsə kəndinə gedərək Dədə Ələsgərin qəbrini ziyarət etmişdir. Yunis Rzayev doğulub, boyabaşa çatdığı Şişqaya kəndində təhsil almış, 1943–46–cı illərdə ordu sıralarında xidmət etmiş, Zaqafqaziya Hərbi Dairəsi nəzdində siyasi məktəbdə oxumuşdur. Daha sonra kəndə qayıtmış, Ermənistan KP Basarkeçər rayon komitəsində təlimatçı kimi işə qəbul edilmiş, 1950–53– illərdə Bakı Dövlət Universitetində təhsilini davam etdirmişdir. Həmçinin Azərbaycan KP MK nəzdində Ali Partiya məktəbini bitirmişdir.

Qəlbi qurubyaratmaq eşqi ilə döyünən, vətənini dərin məhəbbətlə sevən bu insan 1950–ci ildən Basarkeçər Rayon Partiya Komitəsində şöbə müdiri vəzifəsinə irəli çəkilmiş, 1953– ildə rayon İcraiyyə Komitəsinin sədri olmuş, 1957–ci ildə Krasnoselo Rayon Partiya Komitəsinin birinci katibi seçilmişdir.

Y.Rzayev 1960–62–ci illərdə Moskva şəhərində keçmiş Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Ali Partiya məktəbində təhsilini davam etdirmişdir.

Xalqın etimadını qazanan, iqtisadiyyatın yüksəldilməsinə tükənməz enerji sərf edən Yunis Rzayev 1962–63– illərdə Martuni Rayon Kolxozsovxoz İstehsalat İdarəsində partiya təşkilatçısı, 1963– ildən 1965–ci ilə qədər Basarkeçər Rayon Kolxozsovxoz İstehsalat İdarəsi partiya komitəsinin katibi vəzifəsində çalışmışdır.

Yunis Rzayev 1965–1966–cı illərdə Basarkeçər Rayon Partiya Komitəsinin birinci katibi, 1968–70–ci illərdə Ermənistan Dövlət Meşə Təsərrüfatı Komitəsinin sədr müavini vəzifəsində çalışmış, həmişə Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın arxa–dayağı olmuş və çalışmışdır ki, onlar erməni xəyanətinə tuş gəlməsin, haqq–ədalət öz yerini tutsun.

Yunis Rzayev 1954–59–cu illərdə Ermənistan KP MK üzvlüyünə namizəd, 1959–cu ildən isə üzvü olmuş, Sov. İKP XXIII–XXIV qurultaylarının nümayəndəsi, VII çağırış SSRİ Ali Sovetinin, IV, V, VI çağırış Ermənistan SSR Ali Sovetinin deputatı və respublika Ali Soveti Rəyasət Heyəti sədrinin müavini seçilmişdir.

Y.Rzayev Qərbi Azərbaycanda rəhbər vəzifələrdə çalışarkən heç vaxt ermənilərə qolqanad açmağa imkan vermirdi. Çalışırdı ki, daşnaklar azərbaycanlılara qarşı öz məkrli niyyətlərini həyata keçirə bilməsinlər. Rayon partiya komitəsinin büro iclaslarında erməni daşnaklarına yaxşı “dərs” verilirdi, necə deyərlər, onlar qınından çıxa bilmirdi. Həmişə müxtəlif sahələrdə azərbaycanlı kadrlara üstünlük verilirdi. Şübhəsiz ki, bu addım erməniləri narahat edir, onlar əlacsız qalıb susmağa üstünlük verirdilər.

Ermənistan KP Basarkeçər rayon Partiya Komitəsinin uzun illər birinci katibi işləyən mərhum Talıb Musayev öz xatirələrində yazırdı ki, 1950–51–ci illərdə Ermənistandakı azərbaycanlılar böyük bir xəyanətlə üzləşdilər, Stalinin, Mikoyanın xeyir–duası ilə azərbaycanlıların köçürülməsinə başlanıldı. Bu işi tez başa çatdırmaq üçün Ermənistanın o vaxtkı, rəhbərləri dəridən–qabıqdan çıxırdılar. Onlar çalışırdılar ki, “böyük Ermənistan”, “Dənizdən–dənizə” xülyası reallığa çevrilsin. Həmin dövrdə Talıb Musayev rayon partiya komitəsinin birinci katibi kimi köç prosesinin qarşısının alınmasına ciddi səy göstərdi. Həyatını təhlükə qarşısında qoydu. İrəvandan göstərilən təzyiqlərdən qorxmadı.

Basarkeçərdə Babacan kəndi var idi. Torpaqları məhsuldar olmadığından o kəndin əhalisi çox kasıb yaşayırdı. Başqa bir kəndin—Qaraimanın torpağı isə məhsuldar olsa da, əhalisi, demək olar ki, zorla köçürülmüşdü. Bunun qarşısını almaq üçün Babacanın əhalisi Qaraiman kəndinə köçürüldü və təsərrüfata o zaman rəhbərlik etmək özünü bacarıqlı kadr kimi tanıtmış, mükəmməl təcrübəyə malik olan Yunis Rzayevə tapşırıldı. Həmin dövrdə Yunis Rzayev nələr etmədi? Yunis Rzayev, Qara Məmmədov, Tapdıq Əmiraslanov və digər cəsarətli azərbaycanlıların birgə səyi nəticəsində Göyçədəki köç prosesinin qarşısı qətiyyətlə alındı. Ermənilər köç planlarını sona yetirə bilmədilər. Stalinin vəfatından sonra bu tamam dayandırıldı.

Yunis Rzayevin yüksək rəhbərlik bacarığı, kadrlarla işləmək qabiliyyəti, zəngin həyat təcrübəsi zəhmətsevərliyi və ən başlıcası isə işdə tələbkarlığı harada olubsa, öz bəhrəsini verib. El arasında o, böyük nüfuza malik olub. Bütün varlığı ilə yaşadığı torpağa bağlı olan, qəlbi yaşayıb–yaratmaq eşqi ilə döyünən bir insan idi.

Yunis Rzayev erməni xəyanəti sayəsində Qərbi Azərbaycandan Bakıya köçməli olur. 1970–1973– illərdə Şamaxı Rayon Partiya Komitəsinin birinci katibi, 1985–ci ilin 24 yanvarınadək Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin sədri vəzifəsində işləmişdir. Böyük ictimai xadim VIII, IX və X çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. Onun Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin sədri vəzifəsində işlədiyi müddətdə cəmi bar verən üzümçülük sahəsi 1973– ildəki 88,1 min hektardan 210 min hektara, məhsul istehsalı 439,9 min tondan 2126,1 min tona, hektarın məhsuldarlığı isə 48,5 sentnerdən 99,2 sentnerə çatdırılmışdır.

Üzüm istehsalı 1980–ci illə müqayisədə 1,4 dəfə, 1985–ci ildə 1974– illə müqayisədə 3,4 dəfə artmışdır. Şübhəsiz ki, belə bir addım ümummilli liderimiz Heydər Əliyevin gərgin əməyi, titanik səyi və tələbkarlığı sayəsində əldə edilmişdir.

Respublikada üzüm istehsalı ilə yanaşı, şərabçılığın inkişafı üçün emal sənayesinin sürətlə yenidən qurulmasının təmin edilməsi, yeni üzüm qəbulu və emalı zavodlarının tikilməsinin təşkil edilməsi, SSRİ–nin buya digər şəhərlərində fəaliyyətdə olan şərab zavodlarının şərab və konyakla təchiz edilməsi və bu kimi çoxsaylı tədbirlərin qısa müddətdə keçirilməsi məhz o zaman Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi, dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi altında Yunis Rzayev tərəfindən icrasının məqsədyönlü istiqamətdə təşkil edilməsi nəticəsində əldə edilmişdir.

Yunis Rzayev olduqca səriştəli və hərtərəfli idarəetmə bacarığına malik bir rəhbər idi.

Mixail Qorbaçov SSRİ–yə rəhbərlik etdiyi dövrdə həmişə Azərbaycana qarşı düşmənçilik mövqeyində dayanıb, Azərbaycanın tərəqqisi, xüsusilə üzümçülük sahəsində rekord göstəricilərə nail olunması onu qane etməyib. Nəhayət, Azərbaycanın qarşısına ermənipərəst Qorbaçov tərəfindən sipər çəkilib və “sərxoşluğa və alkoqolizmə qarşı mübarizə tədbirləri” haqqında qərar verilib. Bu bayraq əldə rəhbər tutularaq Yunis Rzayevin böyük zəhmət, min bir əzab–əziyyəti ilə başa gətirdiyi on minlərlə hektar üzüm plantasiyalarına kotan saldırılmış və bununla da respublika büdcəsinin üçdə birini təşkil edən şərabçılıqdan gələn gəlirlərin qarşısı bilərəkdən tamamilə kəsilmişdir.

Bu isə Moskva tərəfindən Azərbaycana, Azərbaycan xalqına böyük xəyanət idi.

On il əvvəl Ukraynanın Truskavets kurort şəhərində dincəlirdik. Qızıl payız havası hamıda xoş ovqat yaratmışdı. Üç nəfər azərbaycanlı ilə gəzintiyə çıxmışdıq. Biz burada yaşı səksəni keçmiş, mülayim təbiətli, mehriban, milliyətcə rus olan bir nəfərlə tanış olduq. O, keçmiş günlərdən, həyatının coşubçağlayan anlarından maraqlı xatirələr danışırdı. Necə oldusa Nikolay Alekseyeviç söhbətini dayandırdı. Ani bir xəyala daldı:

Uşaqlar, sizlə tanışlıqdan sonra qəflətən yadıma xoş bir əhvalat düşdü. Dayanın, danışacam…

N.Alekseyeviç yenidən sözünə davam etdidedi ki, 1980–ci illərdə Moskvada keçirilən böyük bir tədbirdə Azərbaycan Respublikasının Üzümçülük və Şərabçılıq Komitəsinin sədri Yunis Qəhrəmanoviçlə tanış oldum. O tanışlıqdan sonra sizin millətə qəlbimdə böyük məhəbbət yarandı. Artıq neçə ildir ki, telefon əlaqəmiz kəsilib…

Biz Yunis Rzayevin dünyasını dəyişmək xəbərini ona çatdıranda əvvəl inanmadı, sonra isə gözlərindən yaş süzüldüdedi: “Ey fani dünya, sən kimləri aparmamısan?..”

Biz Göyçə mahalının yetirməsi Yunis Rzayevin 89 illik yubileyi ilə bağlı onun dostları, doğmaları ilə görüşüb onların dediklərini qələmə aldıq.

Tofiq Hüseynov (Kənd Təsərrüfatı Nazirliyi aparatı rəhbərinin müavini):

—Millətin görkəmli şəxsiyyətləri, böyük alimləri, istedadlı oğulları onun ən qiymətli sərvətidir. Çünki xalqı işıqlı gələcəyə aparan, onu tanıdan millətin görkəmli ziyalılarıdır. Azərbaycan xalqı öz tarixi ərzində çox böyük şəxsiyyətlər yetirib. Onların hər birinin öz yeri, özünəməxsus xidmətləri var. Yunis Qəhrəman oğlu Rzayev də ötən əsrin ən parlaq simalarından biri idi. O, Azərbaycanda kənd təsərrüfatının inkişafında, xüsusilə ölkəmizdə üzümçülük sahəsində yüksək zirvələrin fəth edilməsində əvəzsiz rol oynayıb, qəlbində qurubyaratmaq eşqi heç vaxt sönməyib. Rəhbər vəzifələrdə işləyənlərin çoxunun səriştəli kadr kimi yetişməsində çox zəhmət çəkib. İşləməyi də bacarırdı, işlətməyi də. Tələbkarlığı da vardı, qayğıkeşliyi də. Bu dünyanın enişinə də, yoxuşuna da bələd idi. O, xalq arasından çıxmışdı, xalqın adamıydı. Təbii adam idi, süniliyi sevməzdi. Həmişə sözüylə əməli düz gələrdi.

Yunis Rzayevin fədakar əməyi, xidmətləri “Lenin”, “Oktyabr İnqilabı”, üç “Qırmızı Əmək Bayrağı” ordenləri, 9 medal və fəxri fərmanlarla qiymətləndirilmişdir.

Göyçə Mahalının yetirməsi Yunis Rzayev izi qalan insan, görkəmli ictimai xadim idi.

Sabir Vəliyev (Kənd Təsərrüfatı Nazirliyi Bitkiçilik Məhsulları İstehsalı, Emalı və Ərzaq Ehtiyatlarının Dövlət Tənzimlənməsi şöbəsinin müdiri, əməkdar kənd təsərrüfatı işçisi):

—Şöhrəti Azərbaycandan çoxçox uzaqlara yayılan, ürəklərdə işıq heykəlinə çevrilən, üzümçülüyün inkişafında misilsiz xidmətləri olan Yunis Rzayev ötən əsrin ən parlaq simalarından biri idi. O, Azərbaycan Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin sədri işləyərkən çox böyük işlər görmüş, respublikanın üç rayonunda calaq əkin materialı istehsal edən calaqçılıq komplekslərinin tikintisinə və fəaliyyətinə birbaşa rəhbərlik etmişbu sahədə uğurlu nəticələrə nail olunmuşdur. Hər il respublikamızda 20–25 min hektar yeni üzüm bağları salınırdı.

Yunis Rzayev Komitə sədri vəzifəsində çalışdığı dövrdə SSRİ Yeyinti Sənayesi Nazirliyinin Baş Şərabçılıq İdarəsinin rəisi Leonid Fyodroviç Şayturo ilə Kanadada olmuş, orada geniş cərgəli, yüksək ştamblı üzümlüklərin becərmə sistemi ilə maraqlanmış və sonradan bu texnologiyanı Azərbaycanda tətbiq etməklə hektarın məhsuldarlığı 1,5 dəfə yüksəlmişdir.

Yunis Rzayevin rəhbərliyi sayəsində emal müəssisələrinin nəzdində yardımçı təsərrüfatlar, heyvandarlıq, quşçuluqsair sahələr yaradılmışdır. Sonralar SSRİ Yeyinti Sənayesi sistemində bu sahənin araşdırılması zamanı Azərbaycanın bu təcrübəsi bütün müttəfiq respublikalar üçün nümunəvi metodu kimi qəbul olunmuş və yayılmışdır.

Bir sözlə, uzun illər bir yerdə işlədiyim Yunis Rzayev mənə sərt, sıldırım sal qayaları xatırladır.

Bu insanın sinəsində insanları xoşbəxt, firavan görmək eşqi ilə yanan bir ürək döyünürdü

Əli Bayramov (“Aqrolizinq” ASC idarə heyətinin sədri):

—Azərbaycanda üzümçülüyün və şərabçılığın inkişaf etdirilməsində əvəzsiz xidmətləri olan, daha doğrusu, bu sahədə böyük bir məktəb yaratmış Yunis Rzayev Azərbaycan xalqının tarixinə düşən şəxsiyyətlərdən biridir. Onun yüksək rəhbərlik bacarığı, kadrlarla işləmək qabiliyyəti, zəngin həyat təcrübəsi, zəhmətsevərliyi və ən başlıcası isə işdə tələbkarlığı harada olubsa, öz bəhrəsini verib.

El arasında o, böyük nüfuza malik idi. Bütün varlığı ilə torpağa bağlı olan, qurub–yaratmaq eşqi ilə yaşayan geniş qəlbli bir insan idi.

Yunis Rzayev elə şəxsiyyətlərdəndir ki, onun həyat fəaliyyəti, ömür yolu cild–cild kitabların, monoqrafiyaların, tədqiqat əsərlərinin mövzusu olmağa layiqdir. O, Göyçəni çox sevirdi. Canından da əziz bilirdi. Torpağa, yurda bağlı adam idi. Qərbi Azərbaycanda işlədiyi dövrləri ömrünün ən mənalı çağları hesab edirdi. Ulu Göyçənin təbiətindən aldığı zövqü heç ilə əvəz edə bilmirdi. Boş vaxtlarında Qəşəm Aslanovla, Mikayıl Bayramovla Göyçə gölünün sahillərini gəzməyi çox xoşlardı.

Sarı gəlin”i zümzümə edərdi. Aşıq Aydının mahnılarını çox sevərdi

Deyirlər müdriklər, ulular ölmür. Onlar ölümsüzlüklərini öz sağlığında qazanırlar. Yunis Rzayev belə müdriklərdən, belə ululardandır. O, harada, hansı vəzifədə çalışıbsa, orada elə bir iz qoyub ki, tarixin sərt dönəmləri, qasırğaları, tufanları o izlərin yanından yel olub ötə bilməyib. Əksinə, vaxt, vədə ötdükcə, illər illərə qovuşduqca, zaman su kimi axıb uzaqlaşdıqca, bu izlər nağıllaşır, əfsanələşir

 

 

Qədir Aslan,

əməkdar jurnalist

 

Respublika.- 2013.- 19 aprel.- S. 8.