Konfrans keçirilmişdir

 

Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatı Qadınlar Şurasının III konfransı keçirilmişdir. Ümumrayon tədbirini Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev açaraq bildirmişdir ki, ölkəmizin ictimai–siyasi həyatında qadınların rolu misilsizdir. Onların gördüyü səmərəli işlər çox böyükdür. Respublikanın ən aparıcı sferalarında hünərlə çalışırlar.

Azərbaycan qadını Şərqdə ilk dəfə olaraq demokratik şəraitdə seçmək və seçilmək hüququ qazanmışdır. Bu gün Azərbaycan qadınının səsi–sorağı dünyanın müxtəlif ölkələrindən, ali məclislərindən gəlir. Müstəqil Azərbaycan Parlamentində təmsil olunan qadınlar çox fəal, gərgin iş aparırlar. Azərbaycan qadınının intellekti o dərəcədə zəngin və yüksəkdir ki, o, dövləti ağılla, kamalla, bugünün, sabahın tələblərinə uyğun idarəetmə iqtidarındadır.

Sonra Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatının Qadınlar Şurasının sədri Nahidə Həsənova hesabat məruzəsi ilə çıxış etmişdir. O demişdir:

—Bu gün ölkə Prezidenti cənab İlham Əliyev əsası ulu öndərimiz tərəfindən qoyulan qadın siyasətinə xüsusi diqqət və qayğı göstərir. Qadınların ictimai işlərdə iştirakı get–gedə artan partiya üzvlərinin sayında da özünü büruzə verir. Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatı fəaliyyəti dövründə qadınlara həmişə üstünlük vermiş, onların irəli çəkilməsi üçün lazımi tədbirlər həyata keçirmişdir. Qadınlarımız rayon təşkilatının şura, idarə heyəti, gənclər birliyi və nəzarət–təftiş qruplarında təmsil olunurlar. Rayon təşkilatının sıralarında olan 3944 nəfərin 1654 nəfəri qadınlardır. Onlar arasında gənc qadınlar 510 nəfər təşkil edir. Yeni Azərbaycan Partiyasının üzvü olan qadınlarımız rayonumuzun ictimai–siyasi həyatında görülən abadlıq, quruculuq, tikinti işlərində daim təşəbbüskarlıqları, nümunəvi işləri ilə fərqlənirlər. Qadınlarımız məntəqə seçki komissiyalarında, bələdiyyələrdə təmsil olunurlar. Rayonun ictimai həyatında elə bir sahə yoxdur ki, qadınlarımız öz fəallıqları ilə nümunə göstərməsinlər. Qarşıdan Prezident seçkiləri gəlir. YAP Daşkəsən rayon təşkilatının Qadınlar Şurası bu seçkilərdə Yeni Azərbaycan Partiyasının ən layiqli namizədinə səs verəcəkləri şəksizdir.

YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev, müəllimlər Rəna Aslanova, Ü.Abdıyeva çıxış edərək öz ürək sözlərini söyləmişlər.

Konfransda təşkilati məsələyə də baxılmış və İ.Nəsimi adına 1 saylı şəhər tam orta məktəbinin müəllimi Rəna Aslanova YAP Daşkəsən rayon təşkilatı Qadınlar Şurasının sədri, rayon mədəniyyət və turizm şöbəsinin məsləhətçisi Mətanət Abdullayeva və 5 saylı körpələr evi–uşaq bağçasının müdiri Mehriban Rüstəmova müavin seçilmişlər.

 

 

Qəhrəman Qurbanov

 

Respublika.- 2013.- 19 aprel.- S. 10.