Tarixdə əbədi izi qalan şəxsiyyət

 

XX əsrin 70–80–ci illəri və 93– ildən başlanan dövrü Azərbaycanın siyasi tarixinə qızıl hərflərlə həkk olunmuşdur. Çünki bu müddətdə Azərbaycana dünya şöhrətli siyasi xadim, dövlət idarəçiliyində zəngin təcrübəyə malik fenomenal şəxsiyyət Heydər Əliyevin rəhbərliyinin mühüm əhəmiyyəti olmuşdur.

Artıq məlum olduğu kimi, Azərbaycan SSR–də həyatın bütün sahələrində dərin tənəzzülün hökm sürdüyü bir şəraitdə—1969–cu il iyulun 14–də Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi. Bununla da Sovet Azərbaycanının tarixində böyük dönüş dövrü başlandı. 1969–cu il avqust Plenumunda ulu öndər xalq təsərrüfatında yaranmış vəziyyətin təhlilini verməklə yanaşı, onun böhrandan çıxarılması yollarını da göstərdi. Sovet rejiminin bütün xüsusiyyətlərinə dərindən bələd olan və zəngin idarəçilik təcrübəsinə malik olan Heydər Əliyev Azərbaycanı düşmüş olduğu ağır vəziyyətdən çıxarmaq üçün qəti addımlar atdı. Xalq ilk günlərdən Heydər Əliyevi sevinclə qarşıladı, onu sevdi və arxasınca getdi. Sovet İttifaqı kimi böyük bir respublikanın zəngin iqtisadi potensialından və imkanlarından istifadə edərək Azərbaycanı tərəqqi yoluna çıxarmaq siyasətini yeritməyə başladı. O dövrün proseslərinin təhlili göstərir ki, Heydər Əliyev Azərbaycanın gələcəkdə müstəqil yaşaması üçün lazım olan hər şeyi etməyə tələsirdi. Vətənimizin müstəqilliyə gələn yolunu hələ o zaman Heydər Əliyev başlamışdır. 1969–1982–ci illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Bu illərdə Heydər Əliyevin rəhbərliyi ilə yeridilən iqtisadisosial siyasət və bunun sayəsində respublika iqtisadiyyatının bütün sahələrinin, elmin və mədəniyyətin inkişaf etməsi, xalqın həyat səviyyəsinin yüksəldilməsinə yalnız xalq təsərrüfatının dərin bilicisi olmaqla nail olmaq mümkün idi. Həyata keçirilən sənayenin və kənd təsərrüfatının sürətli inkişaf planı ilə respublika aqrar ölkədən aqrar sənaye ölkəsinə çevrildi. Heydər Əliyevin sənayedə göstərdiyi qayğı nəticəsində bu sahə yüksək sürətlə inkişaf etməyə başladı. Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Əli Bayramlı kimi sənaye şəhərləri ilə yanaşı, rayonlarda da güclü sənaye kompleksləri yaradıldı. Sənaye obyektlərinin sayı 1969–cu ildəki 735–dən 1982–ci ildə 1048–ə çatdırıldı.

14 il ərzində respublikada 300–dən artıq yeni sənaye obyektləri yaradıldı. Yeni sənaye obyektləri sırasında məişət kondisionerləri zavodu, ELOU–AVT qurğusu, Sumqayıtda kompressorlar zavodu, Bakı və Mingəçevirdə iripanelli evtikmə kombinatları, DRES və s. qeyd etmək olar. Kənd təsərrüfatına xüsusi diqqət göstərən ulu öndərin fəaliyyəti nəticəsində pambıqçılıq və üzümçülük yüksək inkişaf yollarına çıxdı, respublikanın müxtəlif regionlarında pambıqtəmizləmə zavodları, şərab zavodları tikilib istifadəyə verildi. Vətəndaşların sosial rifah halının yüksəldilməsini özünün mühüm fəaliyyət istiqamətlərindən biri sayan Heydər Əliyev əhalinin mənzil şəraitinin yaxşılaşdırılmasına nail oldu. Mənzil tikintisinə xüsusi diqqət yetirildiyindən 1969–1982–ci illərdə respublikanın hər üç sakinindən biri mənzil ilə təmin olundu.

1969–1982–ci illərdə Azərbaycanın əldə etdiyi ən mühüm tarixi nailiyyətlərindən biri də xalqın uzaq gələcəyini nəzərdə tutan güclü kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssislər ordusunun yaradılması idi. SSRİ–nin 170 qabaqcıl ali məktəblərinə 3500 azərbaycanlı gənc göndərilmişdi. Hərbi kadrların hazırlanmasına xüsusilə ciddi fikir verən ulu öndərin gərgin səyləri nəticəsində respublikada Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradıldı. Hərbi təyyarəçilik kadrlarının hazırlanmasına xüsusi diqqət yetirildi.

Heydər Əliyevin elmin, təhsilin və mədəniyyətin inkişafına yüksək diqqət və qayğısının nəticəsində 1969–1982–ci illərdə Azərbaycanda 849 ümumtəhsil məktəbi, 1155 kitabxana, 1316 klub, 44 muzey tikilib istifadəyə verildi.

Ulu öndər Heydər Əliyevin həmin dövrdə 14 illik fəaliyyəti nəticəsində respublikada həyatın elə bir sahəsi qalmadı ki, orada inkişaf, tərəqqi olmasın. İqtisadiyyat, elm və təhsil, mədəniyyət və incəsənət, səhiyyə sahələri inkişaf edərək, xalqın rifah halı yüksələrək, Azərbaycanın keçmiş müttəfiq respublikalar arasında ən ön yerlərdən birini tutmasına gətirib çıxardı.

Dahi dövlət xadimi kommunist rejimi dövründə xalqına qarşı baş vermiş haqsızlıqlar əleyhinə böyük cəsarətlə mübarizə apardı. Rəhbərliyə gəldiyi 1969–cu il iyulun 14–də Heydər Əliyev hüquqi mexanizmləri gücləndirdi, məmur özbaşınalığına və rüşvətxorluğa qarşı amansız mübarizə apardı, xalqın milliiqtisadi inkişafını təmin etdi: “Qoy ədalət zəfər çalsın!” devizindən çıxış edən ümummilli lider qanuna, hüquq qaydalarına riayət edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirməyə nail oldu.

Heydər Əliyev Azərbaycanın gələcəyi naminə çox mühüm addımlar atdı. Vətənin bütün guşələrində Azərbaycanın haqqı tapdalanmış böyük şəxsiyyətlərinin heykəllərini ucaltdırdı. Repressiya qurbanı olmuş böyük Cavidi ölümündən sonra vətənə qaytardı. Cəbhələrdə həlak olmuş azərbaycanlıların şərəfinə Krımda abidə ucaltdırdı.

Heydər Əliyevin rəhbərlik etdiyi illərdə ilk dəfə olaraq Azərbaycanın görkəmli sənət adamlarının böyük bir dəstəsinə—şairlərimizə, yazıçılarımıza, bəstəkarlarımıza Sosialist Əməyi Qəhrəmanı adının verilməsinə nail oldu.

Heydər Əliyevin rəhbərliyi dövründə xalqımızın tarixi keçmişinə maraq xeyli artdı. Bu sahədə oyanış başladı. Azərbaycan Milli Ensiklopediyasının fəaliyyəti bu sahədə çox böyük əhəmiyyətə malik hadisə oldu. S.Vurğun, C.Cabbarlı, H.Cavid, Ü.Hacıbəyov və Bülbülün ev–muzeyləri yaradıldı. Bütün bu quruculuq işlərini həyata keçirərkən Heydər Əliyev gələcəyi çox aydın görürdü. O yaxşı bilirdi ki, yaxın gələcəkdə onun vətəni müstəqilliyə qovuşacaqdır. Böyük düha sahibi yeni Azərbaycanı—bugünkü Azərbaycanı hələ o vaxtdan qurmağa başlamışdı.

Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi əzəmətli işlərin çox böyük tarixi əhəmiyyəti bundan ibarət idi ki, xalqımızda milli qürur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğuları baş qaldırdı. Bu, Heydər Əliyevin xalqımızın istiqlal mübarizəsi tarixində misilsiz xidməti idi.

Bu faktların ən önəmlisi isə budur ki, sosializm sistemininsovet imperiyasının dağıldığı dövrdə Azərbaycan öz inkişaf səviyyəsinə görə SSRİ–nin müttəfiq respublikaları içərisində İttifaq büdcəsinə borcu olmayan respublika idi və xalqın böyük oğlunun xalqı qarşısında ən böyük xidmətlərindən biri də məhz bundan ibarət idi ki, 1991–ci il oktyabrın 18–də Azərbaycan özünün dövlət müstəqilliyini bərpa edərkən artıq müstəqil bir dövlət kimi yaşamağa tam hazır idi.

Artıq müstəqilliyini bərpa edən Azərbaycanın başı üzərini, səriştəsiz rəhbərlərin yanlış siyasəti nəticəsində qara buludlar alanda xalqın Heydər Əliyevə müraciət etməsi məhz ona olan inamdanetibardan qaynaqlanmışdı. Bu Xalq–Heydər birliyinin əbədi və sonsuz olmasının nişanəsi idi.

Tarixdə şəxsiyyətin və liderin rolu danılmazdır. Ümummilli lider Heydər Əliyev tarixin Azərbaycan xalqına bəxş etdiyi şəxsiyyət olmaqla bərabər, müstəqil Azərbaycanın müasir tarixini yaradan şəxsiyyətdir. Belə şəxsiyyətlər Tanrının tale payı kimi yaranır, xalqa nicat üçün göndərilir və öz missiyalarını başa vuraraq adlarını əbədilik tarixə yazırlar.

 

 

Cavanşir YUSUBOV,

YAP Mingəçevir şəhər

təşkilatının sədri

 

Respublika.- 2013.- 21 aprel.- S. 4.