ÜMUMMİLLİ LİDER VƏ AQRAR SAHƏNİN MÜASİR TEXNİKA TƏMİNATI

 

Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir.

Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli–mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır.

Azərbaycan tarixində və bütövlükdə dövlətçiliyimizin inkişafında Heydər Əliyev mərhələsi, onun misilsiz xidmətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” 21 yanvar 2013–cü il tarixli sərəncamında öz layiqli təsdiqini tapmışdır.

Cəmiyyətimizin, iqtisadiyyatımızın bütün sahələrində olduğu kimi, aqrar bölmənin inkişafında, xüsusilə də Azərbaycan kəndinin müasir texnika təminatında Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur.

Ümummilli liderimiz, müstəqil Azərbaycan dövlətinin yaradıcısı Heydər Əliyev Azərbaycana rəhbərliyinin həm birinci, həm də ikinci dönəmində iqtisadiyyatımızın bütün sahələri kimi, kənd təsərrüfatının inkişafında, xüsusən də aqrar bölmənin texnika təminatında müstəsna xidmətlər göstərmişdir. Ulu öndərin kənd təsərrüfatının inkişafına xüsusi diqqət və qayğısını daha aydın təsəvvür etmək üçün onun hakimiyyətinin birinci dövrü ərəfəsində aqrar bölmənin vəziyyətinə, təhlilinə qısaca nəzər salmaq kifayətdir. Ötən əsrin 60–cı illərinin sonunadək iqtisadiyyatın aparıcı sahələrindən olan kənd təsərrüfatı böhran və tənəzzül içərisində idi. Bu sahədə Azərbaycan müttəfiq respublikalar arasında axırıncı yerlərdən birini tutur, dövlət tapşırıqları belə yerinə yetirilmirdi. Hər hektardan orta hesabla cəmi 10–11 sentner taxıl, 15–16 sentner pambıq, 40 sentner üzüm, 14 sentner meyvə istehsal olunurdu.

Heydər Əliyevin Azərbaycan KP MK–nın iyul (1969–cu il) plenumunda birinci katib seçilməsi ilə respublikada yeni ab–hava yarandı. Azərbaycan iqtisadiyyatında, o cümlədən kənd təsərrüfatında baş alıb gedən gerilik obyektiv təhlil olunaraq tədbirlər planı hazırlandı və həyata keçirilməyə başlandı. Ümummilli liderin müdrik siyasəti nəticəsində Moskvanın diqqətini Azərbaycanın problemlərini həll etməyə yönəltmək mümkün oldu. 1970–ci il iyulun 23–də Sov.İKP MK və SSRİ Nazirlər Soveti “Azərbaycan SSR–də kənd təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında” qərar qəbul etdi.

Fitri istedad sahibi olan Heydər Əliyev kənd təsərrüfatının gələcəyini intensiv inkişaf amilləri əsasında görürdü və Moskvanı buna inandıra bildi. 1975–ci il iyulun 9–da Sov.İKP MK və SSRİ Nazirlər Soveti “Azərbaycan SSR–də kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında” yeni qərar qəbul etdi. SSRİ kimi nəhəng dövlətin qısa zaman kəsiyində Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə bağlı dalbadal iki qərar qəbul etməsi respublika rəhbərliyinin qələbəsi idi və bu, Sovet İttifaqında Heydər Əliyevin böyük nüfuz sahibi olmasından xəbər verirdi.

Təbii ki, bu böyük insanın zəhməti hədər getmədi, respublikamızda kənd təsərrüfatı mexanikləşdirildi, genişmiqyaslı meliorasiya tədbirləri həyata keçirildi, pambığın hər hektardan məhsuldarlığı 28 sentnerə çatdırıldı, onun dövlətə satış qiyməti təxminən 35 faiz artırıldı. Respublika tarixində ilk dəfə olaraq 1,2 milyon tona yaxın taxıl istehsal olundu.

Amma ağır zəhmət hesabına qazanılmış bu nailiyyətlər ötən əsrin 80–ci illərinin sonu, 90–cı illərin əvvəllərində heçə endirildi. Səriştəsiz rəhbərlik, məsuliyyətsizlik ucbatından iqtisadiyyatın digər sahələri kimi, kənd təsərrüfatı da tənəzzülə uğradı.

1993–cü ilin ortalarında Heydər Əliyev xalqın təkidi və xahişi ilə ikinci dəfə respublikada ali hakimiyyətə gəldi. Cəbhə bölgələrinə və kənd rayonlarına ilk səfərləri, adamlarla görüşləri və söhbətləri zamanı bu sahəyə dərindən bələb olan Heydər Əliyev görürdü ki, ölkənin aqrar sahəsində yaranmış çox mürəkkəb vəziyyətdən çıxmaq, bir sıra köklü tədbirlərin kompleks formada həyata keçirilməsini təmin etmək obyektiv zərurətə çevrilmişdir. Həmin kompleks tədbirlər ölkədə iqtisadi islahatların keçirilməsini nəzərdə tuturdu. Bundan əvvəlki dövrlərdə islahat pərdəsi altında həyata keçirilən sistemsiz, xaotik, son məqsədi və nəticələri məlum olmayan tədbirlərdən fərqli yeni islahatlar proqramının qayəsi milli iqtisadiyyatın bazar münasibətlərinə keçməklə sağlamlaşdırılmasına yönəldilmişdi. Burada Azərbaycanın kənd təsərrüfatının və xalqın milli xüsusiyyətləri nəzərə alınmışdır.

Heydər Əliyev dəqiq qiymətləndirdi ki, aqrar islahatların aparılmasının həyata keçirilməsi işi qısamüddətli tədbir deyil, tarixi bir prosesdir. Bu prosesdə əvvəlki təsərrüfatçılıq mexanizmi yeni təsərrüfatçılıq mexanizmi ilə əvəz olunmalı, kənd təsərrüfatının idarə edilməsi bazar münasibətlərinə keçid prinsiplərinin tələblərinə uyğunlaşdırılmalıdır. Köklü struktur dəyişiklikləri aparılmalı, yeni mülkiyyət münasibətləri və çoxnövlü təsərrüfatçılıq formaları inkişaf etdirilməlidir. Sahibkarlığın inkişafı üçün hüquqi, iqtisadi, təşkilati və texniki şərait yaradılmaqla, sahələrarası, müəssisələrarası və dövlətlərarası yeni istehsal–iqtisadi əlaqələr qurulmaqla kənd təsərrüfatı məhsulları istehsalçıları üçün əsl rəqabət mühiti formalaşdırılmışdır.

Keçilmiş yola nəzər saldıqda təhlillər göstərir ki, bilavasitə ulu öndər Heydər Əliyevin rəhbərliyi altında ölkədə aqrar islahata başlamazdan əvvəl, yəni 1993–cü ilin ikinci yarısından sonra respublikada daxili ictimai–siyasi stabilliyə nail olunmuş, müstəqil Azərbaycan dövləti dünya ölkələri arasında tanıdılmış, bir sıra beynəlxalq təşkilatlarla iqtisadi–siyasi əlaqələr yaradılmışdır. Respublikanın ilk milli Konstitusiyası qəbul edilmiş, ölkə tarixində ilk dəfə olaraq çoxpartiyalı sistem əsasında demokratik parlament seçkiləri keçirilmiş və ali qanunvericilik orqan olan parlament formalaşdırılmışdır.

Ulu öndərin rəhbərliyi altında aqrar sahədə bazar iqtisadiyyatına uyğun aparılan islahatlar onun bazasını təşkil edən “Aqrar islahatın əsasları haqqında”, “Sovxoz və kolxozların islahatı haqqında”, “Torpaq islahatı haqqında”, “Azərbaycan Respublikasında 1995–1998–ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı” barədə, “Kəndli (fermer) təsərrüfatları haqqında”, “Kooperasiya haqqında” və s. qanunlara uyğun həyata keçirilmişdir.

Ölkədəki bütün sovxoz və kolxozlarda islahat aparılmış, onlarda əmlak, o cümlədən texnika fermerlər arasında pay kimi bölüşdürülərək özəlləşdirilmişdir. Aqrar bölmədə mövcud olan “Rayaqrotexservis” istehsalat birlikləri, təchizat bazaları, təmir zavodları və nəqliyyat müəssisələri özəlləşdirilərək səhmdar cəmiyyətlərinə çevrilmişdir.

Əvəzsiz istehsal vasitəsi olan torpağın şəxsi mülkiyyətə verilməsi adamların torpağa bağlılığının artmasına, ondan səmərəli istifadə edilməsinə, kiçik və orta sahibkarlığın inkişafına təkan vermişdir. Aparılan islahatlar nəticəsində sahibkarların xüsusi mülkiyyətə, o cümlədən texnikalara qarşı münasibəti yaxşılaşmışdır.

Görülən tədbirlərlə bərabər, qeyd etmək lazımdır ki, 1991–ci ildə mərkəzləşdirilmiş sistem ləğv olunduqdan sonra kənd təsərrüfatının ehtiyacları üçün respublikaya maddi–texniki vasitələrin gətirilməməsi, sahibkarlarda olan texnikanın çox köhnə olması, onların çoxunun istismar müddətinin qurtarması və sayının azalması şumun, səpinin keyfiyyətsiz aparılmasına gətirib çıxarmış, kənd təsərrüfatı işlərində çətinliklər yaratmışdı. Təbii ki, bütün bunlar ümummilli liderin diqqətində idi və o, kənd təsərrüfatının texnika problemini həll etmək üçün tədbirlər görürdü. Məsələn, 1998–ci il ulu öndər Heydər Əliyevin Yaponiya səfərindən sonra respublikanın kənd təsərrüfatı üçün 21,8 milyon ABŞ dolları məbləğində qrant ayrıldı və onun hesabına respublikaya 773 ədəd kombayn, müxtəlif kənd təsərrüfatı texnikaları gətirilib sahibkarlara verildi.

Kəndin texnika təminatı ilə məşğul olan bir quruma rəhbərllik etdiyimə görə mən, şübhəsiz, ilk növbədə ümummilli liderin məhz bu sahədəki xidmətlərinə toxundum. Amma bu dahi insanın həyatının elə qiymətli məqamları var ki, bu yazıda ona toxunmasam, danışmasam, zənnimcə düz olmaz. Ola bilər kimsə fikirləşsin ki, bu söhbətin texnikaya dəxli yoxdur, amma mövzuya, dahi Heydər Əliyevin bir daha böyüklüyünə çox dəxli var. Mən əslən Qərbi Azərbaycandanam, Göyçə mahalının Şişqaya kəndində doğulmuş və boya–başa çatmışam. Bizim kənddəki kolxoza mən yeniyetmə olanda əmim Mikayıl Bayramov rəhbərlik edirdi. Mən X sinifdə oxuyanda (1975–ci il idi) qonşu Norakent erməni kəndinin kolxoz sədri bizim camaata demədən çöldəki təxminən 100 hektar əkin sahəmizi şumlatmış və çuğundur əkmişdi. Bizim kolxozun sədri bunu eşidib qeyzlənmiş, bizə məxsus olan həmin 100 hektarı təzədən şumlatmış və buğda əkmişdi. Bunu eşidən ermənilər çox hirsləndilər və kolxoz sədri Mikayıl Bayramova hücumlar başlandı. Məsələ o qədər şişdi ki, bizim sədri Ermənistan KP MK–da müzakirə edib partiyadan çıxarmağı qərara aldılar.

Köməksiz qalmışdıq. Kim idi bizi müdafiə edən? Camaat Bakıya, ümid, pənah yeri olan Heydər Əliyevə müraciət etməyi qərara aldı. O vaxt Heydər Əliyevin Ermənistan rəhbərliyinə bircə telefon zəngi kifayət etdi ki, həmin 100 hektar torpağımızı geri qaytarsınlar, əmimə də toxunmasınlar.

Ona görə də Heydər Əliyev təkcə Azərbaycandakı yox, bütün dünyadakı azərbaycanlıların pənahı, ümid yeri və rəhbəri idi. Xüsusilə də Qərbi Azərbaycanda yaşayan bizim camaatın, çünki bizə qarşı erməni deportasiyası elə o vaxtlar da mövcud idi.

Mən bu böyük insanla ilk dəfə 2002–ci ildə Prezident Aparatında təşkil edilən sərgidə üz–üzə gəldim. O vaxt mən “Bakı şərab–1″də çalışırdım. Ümummilli lider məhsullara diqqətlə baxdı, müəssisənin fəaliyyəti ilə maraqlandı. Dedi ki, mən orada 1981–ci ildə olmuşam, müəssisə indi necə işləyir, nə kimi problemləri var? Mən də ona müəssisə və məhsulun istehsalı barədə ətraflı məlumat verdim. Təbii ki, ümummilli liderin tapşırığı və tövsiyələrini də diqqətlə dinləyib əməl etdim.

Bu gün Azərbaycan Heydər Əliyevin müəyyən etdiyi düzgün yolla dönmədən irəliləyir. Bunu 2003–cü il oktyabr ayının 15–də xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilmiş İlham Əliyevin qətiyyətlə atdığı addımlar sübut edir. O, hələ yenicə formalaşmış Nazirlər Kabinetinin birinci iclasında Heydər Əliyev tərəfindən başlanmış aqrar siyasəti, yeni iqtisadi münasibətləri və sahibkarlığı inkişaf etdirməyi, aqrar islahatların ikinci mərhələsinə keçməyi, əhalinin maddi rifahının yaxşılaşdırılmasını qarşıya məqsəd qoymuşdur.

Cənab İlham Əliyevin 24 noyabr 2003–cü ildə “Azərbaycan Respublikasında sosial–iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında”, 11 fevral 2004–cü ildə “Azərbaycan Respublikası regionlarının sosial–iqtisadi inkişafı Dövlət Proqramının (2004–2008–ci illər) təsdiq edilməsi haqqında”, 23 oktyabr 2004–cü il tarixli “Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” və “Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” imzaladığı sərəncamlarda Azərbaycan kəndinin dirçəlişi üçün bir çox tədbirlər kompleksi öz əksini tapmışdır.

Respublikada qeyri–neft sektorunun inkişafını təmin etmək, aqrar sahədə nəzərdə tutulan aqrotexniki xidmət işlərinin yerinə yetirilməsinin keyfiyyətini yüksəltmək, sahibkarların əməyini yüngülləşdirmək və onların tələb olunan kənd təsərrüfatı texnikaları ilə təmin edilməsini sürətləndirmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 oktyabr 2004–cü il tarixli sərəncamı ilə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır.

Dövlət başçısının müvafiq sərəncamları ilə səhmdar cəmiyyətin fəaliyyət dairəsi sonralar ildən–ilə genişləndirilmişdir. Belə ki, kənd təsərrüfatı texnikalarının kənd təsərrüfatı məhsulları istehsalçılarına lizinqə verilməsi ilə bərabər, mineral göbrələrin, pestisidlərin, texnoloji avadanlıqların, tinglərin, buğda toxumlarının, cins damazlıq heyvanların gətirilib müəyyən olunmuş güzəştli qaydalara uyğun məhsul istehsalçılarına çatdırılması və kənd təsərrüfatında aqrotexniki xidmətlərin aparılması kimi əlavə funksiyalar da ona həvalə edilmişdir.

2012–ci ildə dövlət büdcəsindən və digər mənbələrdən ayrılmış vəsait hesabına 21,04 milyon manat dəyərində 1785 ədəd, o cümlədən 643 ədəd traktor, 24 ədəd ekskavator və 1112 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikaları gətirilərək, hüquqi və fiziki şəxslərə lizinqə verilmiş və ya lizinq qaydasında satılmışdır. Cəmiyyət özəl aqroservislərin yaradılmasını da dəstəkləyərək həmin ildə rayon aqroservis filiallarının və onların tərkibində olan mexanikləşdirilmiş dəstələrin istifadəsində olan 4,75 milyon manat dəyərində 276 ədəd müxtəlif kənd təsərrüfatı texnikası özəl aqroservis xidməti yaratmaq məqsədi ilə fiziki və hüquqi şəxslərə lizinqə verilmiş və ya lizinq qaydasında satılmışdır.

Bu işlərin həyata keçirilməsi üçün hər il dövlət büdcəsindən və digər mənbələrdən “Aqrolizinq” ASC–yə ayrılmış maliyyə vəsaiti hesabına alınan kənd təsərrüfatı texnikaları, mineral gübrələr, texnoloji avadanlıqlar kənd təsərrüfatı məhsulları istehsalçılarının təminatını ciddi surətdə yaxşılaşdırmışdır. Halbuki vaxtilə “Aqrolizinq” ASC–nin müasir maddi–texniki bazası olmadığından gübrələr müasir standartlara uyğun saxlanıla bilmir, keyfiyyətini vaxtından əvvəl itirirdi. İndi cəmiyyətin 100–120 min ton gübrə saxlamaq üçün maddi–texniki bazası və onun sahibkarlara çatdırılması üçün imkanı var. Dövlətin dəstəyinə söykənən “Aqrolizinq” ASC ölkə daxilində gübrənin tənzimlənməsi, satışı və sahibkarlara vaxtında çatdırılması sahəsində ciddi nailiyyətlərə nail olmuşdur. Aqrotexniki xidmətlər üzrə fəaliyyət dairəsi genişləndirilmiş və xidmətlərin keyfiyyəti xeyli yüksəlmişdir.

Ümumiyyətlə, fəaliyyətə başladığı 2005–ci ildən ötən dövr ərzində “Aqrolizinq” ASC tərəfindən 14450 ədəd kənd təsərrüfatı texnikaları, o cümlədən 1035 ədəd taxılyığan kombayn, 4262 ədəd traktor, 184 ədəd ekskavator, 8969 ədəd müxtəlif kənd təsərrüfatı texnikası və qoşqusu, 130 dəst texnoloji avadanlıq, 315,86 min ton ammonium nitrat (azot), 54,21 min ton superfosfat, 301,7 ton pestisidlər gətirilmişdir. Onların böyük əksəriyyətinin kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadəsinə verilməsi təmin edilmişdir. İndiyə kimi alınmış texnikalardan 9486 ədədi, o cümlədən 204 ədəd taxılyığan kombayn, 3290 ədəd traktor, 110 ədəd ekskavator və 5882 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikaları lizinq qaydasında mülkiyyət formasından asılı olmayaraq 5280 nəfər hüquqi və fiziki şəxslərə lizinqə verilmişdir.

Əvvəlki illərdə olduğu kimi, ötən il də “Aqrolizinq” ASC–yə məxsus kənd təsərrüfatı texnikaları ilə istehsalçılara aqrotexniki xidmətlərin göstərilməsi uğurla davam etdirilmişdir. Belə ki, 992 ədəd taxılyığan kombaynla 200,0 min hektar sahədə taxıl biçini, 3,0 min ədəddən artıq şüm traktorları ilə 880,0 min hektar sahədə şum işləri və digər aqrotexniki xidmətlərin həyata keçirilməsi təmin edilmişdir.

İstehsalçıların mineral göbrələrə olan tələbatının ödənilməsi üçün “Aqrolizinq” ASC 2012–ci ildə bu məqsədlə nəzərdə tutulmuş büdcə vəsaiti və təkrar istifadə vəsaiti hesabına aldığı 12,91 milyon manat dəyərində 35,0 min ton ammonium nitrat (azot) və sair mineral gübrələrdən 21,5 min tonunun güzəştli satışını təmin etmişdir.

Respublika ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən tədbirlər çərçivəsində heyvan mənşəli məhsulların istehsalının artırılmasının və damazlıq heyvandarlığın inkişafının vacibliyini nəzərə alaraq Azərbaycan Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarının damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi haqqında” 2012–ci il 24 fevral tarixli sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan “Aqrolizinq” ASC–yə ayrılmış 9,4 milyon manat büdcə və cəmiyyətin 1,14 milyon manat təkrar istifadə vasitələri hesabına 3020 baş Holştin–Friz cinsli damazlıq heyvan alınmışdır. Onlardan 2420 başı respublikaya gətirilərək dəyərinə 50 faiz güzəştlə 3 il müddətinə kənd təsərrüfatı məhsulları istehsalçılarına lizinqə verilmişdir.

“Aqrolizinq” ASC tərəfindən 2009–cu ildən başlayaraq ötən ili də daxil olmaqla, ölkəmizə 6290 baş damazlıq düyə gətirilmiş və onlardan alınan 4806 bala ilə birlikdə sayları 11 min başı keçmişdir. Holştin–friz cinsindən olan damazlıq düyələr almış təsərrüfatlarda ildə orta hesabla yaxşı yemləmə şəraitində hər inəkdən 6000–6500 kiloqram süd sağılır.

2012–ci ildə həyata keçirilmiş işlərin nəticəsi olaraq səhmdar cəmiyyətin fəaliyyətindən 34,12 milyon manat, o cümlədən servis xidmətlərindən 1,68 milyon manat, kənd təsərrüfatı texnikalarının lizinqə verilməsindən 11,90 milyon manat, texnoloji avadanlıqların lizinqə verilməsindən 2,07 milyon manat, mineral gübrənin və pestisidlərin satışından 15,32 milyon manat və digər xidmət növlərindən 3,15 milyon manat vəsait cəmiyyətin büdcəsinə daxil olmuşdur.

Ümumilikdə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2005–2012–ci illər ərzində 518,97 milyon manat məbləğində müxtəlif növ kənd təsərrüfatı texnikaları, texnoloji avadanlıqlar, mineral gübrələr, cins damazlıq heyvanlar alınaraq hüquqi və fiziki şəxslərə satılmışdır. 55 rayonda aqroservis filialları yaradılmış, onların 34–ü üçün müasir bazalar, təmir emalatxanaları inşa edilmiş və 6 rayonda regional logistik gübrə bazası tikilərək istifadəyə verilmişdir.

Dövlət başçısı cənab İlham Əliyev “Aqrolizinq” ASC–yə olan diqqət və qayğısını ardıcıl olaraq davam etdirir. Bu il yanvarın 15–də Nazirlər Kabinetinin 2012–ci ilin sosial–iqtisadi inkişafının yekunlarına və 2013–cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasda, “Azərbaycan Respublikası regionlarının 2009–2013–cü illərdə sosial–iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda regionlara səfərləri zamanı etdiyi çıxışlarında “Aqrolizinq” ASC–nin fəaliyyətini təhlil etmiş, onun qarşısında duran vəzifələrdən danışmışdır.

Prezidentin “Azərbaycan Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 11 fevral 2013–cü il tarixli sərəncamı isə bu diqqət və qayğının yeni bariz nümunəsidir. Bu sərəncama əsasən 2013–cü ildə xaricdən damazlıq heyvanların idxal olunmasının və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı istehsalçılarına 50 faiz güzəştlə lizinq yolu ilə satılmasının təmin edilməsi üçün bu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbayan Respublikası Prezidentinin ehtiyat fondundan “Aqrolizinq” ASC–yə 10 milyon manat vəsait ayrılmışdır. Hazırda Kənd Təsərrüfatı Nazirliyi cənab Prezidentin bu sərəncamından irəli gələn vəzifələri uğurla yerinə yetirmək üçün zəruri olan tədbirləri həyata keçirir.

“Aqrolizinq” əmin edir ki, dövlətimizin dəstəyi və Kənd Təsərrüfatı Nazirliyinin köməyi ilə ASC bundan sonra da qarşıda duran vəzifələri uğurla həll etmək üçün səylə çalışacaqdır.

 

 

Əli Bayramov,

“Aqrolizinq” ASC İdarə

Heyətinin sədri

 

Respublika.- 2013.- 21 aprel.- S. 5.