Sumqayıt rabitəsində yeni texnologiyalar

 

Sumqayıtda ötən ili uğurla yola salan kollektivlərdən biri də şəhər telekommunikasiya qovşağıdır. Müxbirimiz qovşağın rəisi Akif Əsgərovla görüşərək ondan kollektivin uğurları və bu ilin birinci rübündə görülən işlər barədə danışmasını xahiş etmişdir. Akif müəllim demişdir:

—Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə və inamla həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz hərtərəfli inkişaf edir, iqtisadi qüdrəti durmadan artır. Siyasi arenada nüfuzu yüksəlir və ölkə əhalisinin sosial təminatı yaxşılaşdırılır. Bu gün Azərbaycan dövləti tərəfindən aparılan iqtisadi siyasətin əsas strateji xətti qeyri–neft sektorunun inkişafına nail olmaq, iqtisadiyyatın şaxələndirilməsi və yeni sahələrin inkişafı üçün geniş imkanlar yaratmaqdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 15 yanvar 2013–cü il tarixdə keçirilən Nazirlər Kabinetinin 2012–ci ilin sosial–iqtisadi inkişafının yekunlarına və 2013–cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında möhtərəm Prezidentimiz yekun nitqində demişdir: “Doğurdan da, Azərbaycan kosmik ölkəyə çevrilir, biz kosmik sənayenin inkişafı ilə məşğuluq və bir neçə il bundan əvvəl bunu təsəvvür etmək belə çətin idi ki, vaxt gələcək, Azərbaycan kosmik ölkələrin sırasına daxil ediləcəkdir”. Sevindirici haldır ki, həmin vaxtdan bir neçə gün sonra, fevral ayının yeddisindən səkkizinə keçən gecə bu tədbir müvəffəqiyyətlə gerçəkləşdi.

Azərbaycan Prezidenti bu hadisəni və ümumiyyətlə, İKT sahəsinə verilən diqqəti və bu sahədə əldə edilmiş uğurları nəzərə alaraq, 2013–cü ili “İnformasiya–kommunikasiya texnologiyaları ili” elan edib.

Bu il İKT ilinin elan olunması ölkəmiz üçün çox əhəmiyyətli olan bir neçə irihəcmli layihələrin icra olunması ilə yadda qalacaqdır. Bunlardan bir neçəsini sadalamaq istərdim. Ən əsas süni peykin orbitə qaldırılması, rəqəmsal televiziya yayımının geniş tətbiqi, informasiya və kommunikasiya sahəsində beynəlxalq konfransların, sərgilərin Azərbaycanda keçirilməsi və sairə nəzərdə tutulmuşdur.

Respublikamızda rabitənin sürətli inkişafı Sumqayıt şəhərindən də yan keçməmiş, əslində ən böyük layihələr bizim şəhərdə icra olunmuş, sözün əsl mənasında, Sumqayıt rabitəsi yeni texnologiyaların tətbiqi üçün bir poliqon rolunu oynamışdır. Buna misal olaraq, qeyd etmək olar ki, şəhərdə dayanaqlı rabitənin təmini məqsədilə dairəvi rabitənin yaradılması, nömrə tutumunun artırılmasına şərait yaradılması məqsədilə regionlarda ilk dəfə Sumqayıt şəhərində beynəlxalq standartlara uyğun olaraq 7 rəqəmli nömrələnmə sisteminə keçirilməsi, internetdən parolsuz istifadə, genişzolaqlı internet xidmətinin tətbiqi, o cümlədən 2009–2013–cü illərdə regionların sosial–iqtisadi inkişafı haqqında Dövlət Proqramına uyğun Sumqayıt telefon şəbəkəsinin rekonstruksiya olunaraq 100 faiz elektronlaşdırılmasının vaxtından əvvəl başa çatdırılması olmuşdur.

2013–2015–ci illərdə və sonrakı dövrdə “Hər evə optika” prinsipi üzrə yüksəksürətli və keyfiyyətli genişzolaqlı internet xidmətlərinin təşkili üçün telekommunikasiya şəbəkəsinin müxtəlif istiqamətlərinə, ucqar yaşayış məntəqələrinə və magistral şəbəkədə ATS–dən iki kilometrdən çox məsafədə yerləşən telefon şkaflarına fiber–optik kabel xətlərinin çəkilişi, kommutasiya və transmissiya qurğularının yeni xidmətlərə uyğun modernləşdirilməsi, telefonlaşdırılmamış yaşayış massivlərinin, çoxmərtəbəli binaların, qismən telefonlaşdırılmış yaşayış məntəqələrinin ən yeni texnologiyalarının tətbiqi ilə telefonlaşdırılması, yeni ATS binalarının tikintisi, stuktur və tarif islahatlarının həyata keçirilməsi, tənzimləmənin təkmilləşdirilməsi və digər məsələlər öz əksini tapmışdır.

Evlərə qədər optikləşmə prosessinin həyata keçirilməsini dəstəkləyən “GİPON” layihəsi ilk dəfə olaraq 2013–cü ildə Sumqayıt şəhərində tətbiq olunacaqdır. Nəticədə hər bir mənzildə genişzolaqlı internet xidmətinin fiberoptik kabel üzərindən ötürülməsi təmin ediləcəkdir.

Hesabat ilində Sumqayıt Telekommunikasiya Qovşağı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və “Aztelekom” İstehsalat Birliyi tərəfindən müəyyən olunmuş maliyyə, iqtisadi və texniki göstəricilər üzrə normativləri tam yerinə yetirmişdir.

Şəbəkə üzrə ümumi montaj tutumu 62448 ədəd, istifadəçilərin sayı 58005 abunəçiyə çatdırılmışdır. Montaj olunan şəbəkənin 63 faizini yeni nəsl NGN şəbəkəsi təşkil edir, yerdə qalan 37 faizi S–12 tipli stansiyalara məxsusdur. Hesabat dövründə əsas telefon aparatlarının sayı, yəni abunəçilərin sayı 2000 nəfərə yaxın artırılmışdır.

Əhalinin telefon və internet xidmətlərinə olan tələbatı təmin etmək məqsədilə şəhərin müxtəlif məhəllə və küçələrdə ümumillikdə 2200 nömrə üçün magistral və paylayıcı şəbəkə tikilərək istifadəyə verilmişdir.

Təmizlik Departamenti, Kağız və karton fabriki, Yeni toxuculuq fabriklərini və Standartlaşdırma Patent idarəsinin telefonlaşdırılması məqsədilə ümumilikdə 15 min metrdən çox, Sumqayıt və Qubadlı prokurorluqlarına şəbəkə xidməti məqsədilə EATS–dən 5000 metrdən çox fiberoptik kabel çəkilmişdir. Polis İdarəsinin yeni inzibati binasına həm telefon, həm şəbəkə, və həm də “Təhlükəsiz şəhər” layihəsinin qoşulması üçün yeni kabellər çəkilmişdir.

Uzun müddət telefona ehtiyacı olan H.Z.Tağıyev qəsəbəsi yaxınlığında, yəni Kompressor zavodu ətrafında 500 ailədən çox yaşayışı olan böyük bir ərazinin telefonlaşdırılması məqsədilə EATS binası tikilmiş, 3 kilometrə yaxın fiberoptik kabel çəkilərək magistral şəbəkə istifadəyə verilmiş və hazırda 500 istifadəçiyə uyğun paylayıcı şəbəkənin tikintisi davam etdirilir.

Aparılan tikinti işlərindən sonra Sumqayıt şəhərində hər 100 mənzilə düşən telefon aparatlarının sayı 86,9 ədəd, hər 100 nəfərə düşən telefon aparatlarının sayı 18,2 ədəd olmuşdur ki, bu da respublika üzrə qeyd olunan göstəricidən 1,8 faiz çoxdur. Sumqayıt şəhərində genişzolaqlı internet xidməti sürətlə artmaqdadır. Stansiya Sumqayıt EATS–642–də internet istifadəsinin həyata keçirilməsi üçün 48 portluq DSLAM avadanlığı quraşdırılmış və istifadəyə verilmişdir. Hazırda abunəçilərin sayı 01.01.2013–cü il tarixə 20139 ədəd, o cümlədən “Aztelekom.net” internet provayderi üzrə 5603 ədədə çatdırılmışdır.

Möhtərəm Prezidentimiz İlham Əliyevin Sumqayıta son səfəri zamanı şəhərin dünyanın əsrarəngiz şəhərləri sırasına salınması məqsədilə verdiyi göstəriş və tövsiyələri, eləcə də aparılan yeni quruculuq və abadlıq işlərinə dair verdiyi tapşırıqlar rabitəçilərin üzərinə də böyük məsuliyyət qoymuş olur. Belə ki, şəhərin quruculuq və abadlıq işləri ilə yanaşı olaraq qovşaq öz üzərinə düşən məsələlərin həlli kimi bütün rabitə qurğularının texniki normaya gətirilərək yenidən qurulması, dizayin edilməsi işlərini başa çatdırmışdır. Hazırda TKQ–nın inzibati binasının fasadında müasir memarlıq üslubuna uyğun tikinti işləri tam başa çatdırılmışdır.

Sumqayıt Şəhər Telekommunikasiya Qovşağının kollektivi 2013–cü ilin I rübünü uğurla başa vurmuşdur. 2013–cü ilin I rübü ərzində tarif gəliri proqnozu 100 faiz yerinə yetirilmişdir. Əsas telefon aparatlarının sayı 100 ədəd artırılaraq ümumi tutum 58088 ədədə çatdırılmışdır. ADSL genişzolaqlı internet istifadəçilərinin sayı ilin əvvəlinə nisbətən 509 ədəd artırılaraq 6127 istifadəçiyə çatdırılmışdır.

Stansiya Sumqayıt qəsəbəsində daxili imkanlar hesabına 32 nömrə artırılmışdır. EATS–654–dən 196 nömrə tutumu çıxarılmış və həmin tutumun 128 nömrəsi 21–ci m/r–də yerləşən EATS–658–də və 68 nömrə Bağlar massivində yerləşən EATS–658–də montaj olunmuş və istismara verilmişdir. TKQ üzrə I rübdə 576 genişzolaqlı internet (ADSL) port montaj olunmuş və istismara verilmişdir.

Xəzər Bağları “Simur” şadlıq evinin arxasında 50 abunəçiyə, Qurd dərəsi bağlar massivində 30 abunəçiyə telefon çəkilməsi üçün paylayıcı və magistral şəbəkə tikilərək telefon çəkilişləri təmin edilmişdir. Xəzri qəsəbəsi Kompressor zavodunun ərazisində 512 nömrəlik EATS binası hazırlanmış, avadanlıqlar montaj edilmiş və nömrə sayına uyğun 3500 metr magistral və paylayıcı şəbəkə tikilərək hazırlıq işləri görülmüşdür. “EMBAWOOD” şirkətinə şəbəkə xidmətinin göstərilməsi üçün 2800 metr fiberoptik kabeli çəkilmişdir. 59 saylı bağçada uşaqlara nəzarət etmək məqsədilə müşahidə kameralarının qurulması üçün 1200 metr fiberoptik kabel çəkilmişdir.

İqtisadi İnkişaf Nazirliyinin yerli şöbələrində şəbəkə xidmətinin yaradılması məqsədilə 18–ci məhəllədə yerləşən Regional şöbəsinə 1500 metr və 1–ci məhəllədə yerləşən Antiinhisar şöbəsinə 1500 metr məsafədə fiberoptik kabel çəkilmişdir. 15–ci məhəllədə yerləşən yeni yaradılmış “ASAN xidmət” mərkəzində şəbəkə xidmətinin yaradılması məqsədilə 2200 metr fiberoptik kabel çəkilmişdir. Aşağıda qeyd olunan müəssisələrdə şəbəkə xidmətinin yaradılması üçün DSMF–yə 1200 metr, Əmək Müfəttişliyinə 700 metr, Avrasiya Bankına 1100 metr məsafədə fiberoptik kabel çəkilmişdir. Görülən işlərlə yanaşı, hazırda 2 kilometrdən yuxarı məsafədə olan paylayıcı şkafların və telefonlaşmayan qəsəbələrin optik rabitəyə qoşulması məqsədilə optik layihələr də hazırlanmışdır. İlin əvvəlində təsdiq edilmiş plan–profilaktik tədbirlərə uyğun rüb ərzində qrafik əsasında paylayıcı şkafların texniki normalara gətirilməsi təmin edilmişdir.

Sumqayıt Telekommunikasiya Qovşağının kollektivi söz verir ki, İKT və rabitə sektorunun tərəqqisi istiqamətində bundan sonra da əllərindən gələni edəcək, şəhərin dayanıqlı və davamlı inkişafı üçün bütün qüvvələrini səfərbərliyə alacaqdır.

 

 

Söhrab SƏFİYEV

 

Respublika.- 2013.- 21 aprel.- S. 8.