HEYDƏR ƏLİYEVİN HAKİMİYYƏT FƏLSƏFƏSİNİN ƏSAS PRİNSİPLƏRİ

 

Gənc demokratiyaların söykəndiyi mühüm ideoloji dayaqlardan biri hakimiyyət fəlsəfəsidir. Bu həqiqəti Azərbaycanın müstəqilliyini və demokratiyasını tarixi fəlakətdən xilas etmiş Heydər Əliyevin hakimiyyət fəlsəfəsi daha bariz şəkildə sübut etmişdir. Ümummilli liderin hakimiyyət fəlsəfəsinin maddi–mənəvi resursunu Azərbaycan xalqının tarixən formalaşmış azadlıq idealı və müstəqilliyini qorumaq əzmi təşkil edir. Bu həyat fəlsəfəsi özünün inkişafında uzun təkamül dövrü keçirib. Heydər Əliyevin hakimiyyət fəlsəfəsi və psixologiyası barədə fikir, ideya və müddəalarını konseptual şəkildə müəyyənləşdirsək, deməliyik ki, ulu öndərin müdrik fəlsəfəsi xalqının tarixi nikbinlik ideologiyasından bəhrələnmişdir. O, həmişə belə bir ideyanı aşılamağa çalışmışdır ki, millətin tarixi inkişafının keyfiyyəti xalqın siyasi iradəsindən və dövlət başçısının insani keyfiyyətlərindən asılıdır.

Heydər Əliyevin hakimiyyət fəlsəfəsinin formalaşmasında mühüm metodoloji prinsip, bizcə, onun keçmiş tariximizə yaradıcı yanaşma tərzidir. O, heç zaman tarixi ənənəyə nihilist münasibət göstərməmiş və bunu mühüm tarixi–mədəni keyfiyyət kimi daim yadda saxlamağı cəmiyyətşünaslıq elmimizə tövsiyə etmişdir. Heydər Əliyev müdrik tarixi şəxsiyyət kimi tarixi keçmişi düzgün qiymətləndirdiyindən, öz dövrünün həqiqətləri ilə keçmişin dialektikasını aydın dərk etdiyindən, sosializm sisteminin məntiqi məhvini irəlicədən görmüş və bunun mühüm səbəblərindən birini də sovet hakimiyyət institutunun obyektiv ictimai qüsuru ilə əlaqələndirmişdir. Ona görə də ümummilli lider özünün siyasət fəlsəfəsinin mühüm tərkib hissəsi olaraq Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək və inkişaf etdirmək strategiyasını zamanın buna ehtiyac duyduğu bir məqamda işləyib hazırlamışdır.

Məlumdur ki, tam müstəqilliyə nail olmaq, onu inkişaf etdirmək xalqın liderindən çox mühüm tarixi məsuliyyət tələb edir. Heydər Əliyev həyata keçirdiyi milli inkişaf strategiyası ilə bu tarixi missiyanı ləyaqətlə yerinə yetirdi. Çox önəmli haldır ki, Heydər Əliyev özünün hakimiyyət fəlsəfəsində demokratiya institutunun formalaşmasına xüsusi yer ayırmışdır. Onun hakimiyyət nəzəriyyəsində demokratiya anlayışı dövlətin ictimai hakimiyyət forması kimi işlənmişdir. Mənbəyi xalq olan dövlət hakimiyyəti nəzəriyyəsində demokratiya tarixi hadisə kimi qiymətləndirilir, onun sosiomədəni transformasiya proseslərilə bağlılığı göstərilir. Heydər Əliyev demişdir: “Demokratiya daim inkişafda, daim hərəkətdə olan bir prosesdir. Bu, bir mərhələdən o birisinə qədər təkmilləşmə yolu ilə getməlidir… bu təkmilləşmə təkamül yolu ilə olmalıdır. Çünki hər şeyə tezliklə nail olmaq çətindir”.

Müasir sosial həyatımız göstərir ki, beynəlxalq münasibətlərin xarakteri sürətlə dəyişir. Yeni geosiyasi reallıqlar dünyanın regionlarından asılı olmayaraq demokratikləşmə proseslərinə güclü təsir göstərir. Müasir dövrdə adekvat strategiyanın işlənib hazırlanması demokratikləşmə prosesinin həyata keçirilməsi deməkdir. Onun başlıca mahiyyəti vətəndaşların, cəmiyyətin və dövlətin məsul işlərində geniş iştirakıdır. Heydər Əliyev hesab edirdi ki, bundan ötrü insanların təşəbbüskarlığına, hakimiyyəti təmsil edən orqanların fəaliyyətinə, onların xalqla əlaqəsinin möhkəmləndirilməsinə geniş şərait yaratmaq lazımdır. Demokratikləşdirmə prosesi, ilk növbədə milli inkişaf faktoru, qanunçuluğun və hüququn möhkəmləndirilməsi, seçki sisteminin təkmilləşdirilməsi, vətəndaşların azad fəaliyyətini təmin etməkdir. Göründüyü kimi, hakimiyyət və idarəetmə demokratikləşmə prosesinin nüvəsini təşkil edir. Ona görə də özünün hakimiyyət fəlsəfəsində Heydər Əliyev dövlətçiliyin rasional idarə olunması probleminə üstünlük vermişdir.

Xalqımızın milli və tarixi həyatının ən ağır günlərində istedadlı təşkilatçı kimi ulu öndərimizi xalqının təkcə tarixi keçmişi deyil, həm də dövlətçilik ənənəsi dərindən düşündürmüşdür. Təsadüfi deyildir ki, Heydər Əliyev xalqın tələbi ilə ikinci dəfə ölkə rəhbərliyinə qayıtdıqdan sonra hakimiyyət məsələsi ilə məşğul olarkən bu sahədə özünün müdrik prinsipial mövqeyini bildirmişdir. Hakimiyyətlə bağlı görüşlərində Heydər Əliyev belə bir mühüm metodoloji prinsipdən çıxış edirdi ki, hakimiyyət institutu—sosial–siyasi sistemin optimal fəaliyyəti üçün vətəndaşların davranışı hüquqi normalara və bəşəri dəyərlərə uyğun gəlməli və bunlar bacarıqla əlaqələndirilməlidir. O, müstəqilliyin ilk günlərində Azərbaycan xalqının mənəvi–əxlaqi hüquqlarını nəinki qorumayan, hətta onları pozan iqtidarın səriştəsizliyini çox narahatlıqla, ürək ağrısı ilə qarşılamışdı. Heydər Əliyev özünün zəngin dövlətçilik təcrübəsindən bilirdi ki, hakimiyyət məsələsində insanın və cəmiyyətin mənafelərinin reallaşdırılmasına optimal şərait yaratmaq lazımdır.

Bu gün belə bir həqiqət mövcuddur ki, hazırda yeni demokratiyalar onlar üçün tamamilə yeni olan sosial–siyasi reallıqlarda inkişaf etməli olurlar. Siyasi həyatın dialektikasını gözəl bilən ümummilli lider əmin idi ki, milli inkişaf perspektivlərini müəyyən etmək üçün onun imkanlarını, sosial gerçəkliyi dərindən öyrənməklə dialektik təhlil etmək lazımdır. Bu imkanlar, birincisi, hər bir maddi strukturun bütöv sistemə münasibətində götürəndə məlum olur ki, burada nisbi müstəqillik, həm də müəyyən mənada azad seçimlə bağlıdır. İkincisi, obyektiv gerçəkliyin və zərurətin özü təbiət və cəmiyyət çərçivəsində bilavasitə və birbaşa deyil, təsadüf və kortəbii vasitələrlə reallaşır ki, bu da ətraf aləmin hadisə və proseslərində nəticəsi irəlicədən bilinməyən müəyyən elementi meydana gətirir. Əgər problemin qoyuluşuna və həllinə bir vahid sinergetik baxımdan yanaşsaq, onda bu prosesi qeyri–xətti proses kimi qiymətləndirmək lazım gəlir. Üçüncüsü, maddi resurslarda olan qüsur nəticəsində dünyada müəyyən yerə malik olmaq uğrunda rəqabət və mübarizə başlayır. Dördüncüsü, seçilmiş istiqamətin düzgünlüyünün, yaxud qeyri–düzgünlüyünün meyarı mövcud struktur deyil, əksinə onun məxsus olduğu bütövlük çıxış edir. Buradan da Heydər Əliyevin hakimiyyət konsepsiyasına istinad edərək onu demək olar ki, insanların fəaliyyətini obyektiv proseslərlə əlaqələndirmək üçün onların əxlaqi davranışlarına müəyyən qədər adekvat siyasət işləyib hazırlamaq lazımdır. Bu cür zəruri nəzəri ideyaların tərbiyəvi rolunu artırmaq məqsədilə Heydər Əliyev həmişə belə bir konsepsiyadan çıxış edib ki, hər bir siyasətin uğurlu əsasları insanın öz təbiətindədir.

Azad iradəyə malik hər bir insan bilməlidir ki, siyasət təkcə ətraf şəraitin tələblərini deyil, həm də vətəndaşların siyasətdə fəal iştirakını əks etdirməlidir. Ulu öndərin xalq tərəfindən seçilmiş hakimiyyətin müdrikliyi və mahiyyəti bunda idi ki, o reallıqlara söykənərək subyektiv faktorların, siyasətin obyektiv şəraitdə—özü də onların həlledici rolu da nəzərə alınmaqla uyğunsuzluq, ziddiyyətlər və konfliktlər yarada biləcəyini nəzərdə tuturdu. Hakimiyyət fəlsəfəsinin mahiyyətini yaradan məhz bu komponentlərdir. Təcrübəli siyasətçi kimi Heydər Əliyev məsləhət bilirdi ki, əgər obyektiv şərait yetişməyibsə, hətta düzgün siyasəti rəhbər tutan hər bir lider real siyasi fəaliyyətdə iştirak edə bilməz, deməli, onun real nailiyyətlər də qazanması mümkün deyildir. Başqa sözlə, real sosial şərait olmadan lider əsl siyasətdə iştirakdan məhrumdur. Lakin sosial–siyasi şəraitin idarə olunması da müəyyən problemlərlə müşayiət olunur, belə ki, şəraitin olması hələ uğur qazanmaq deyil, çünki şəraitin özü də avtomatik reallaşmır, o, təsadüflərlə şərtlənir, özü də şərtlərin özünün hazırlığı müxtəlif dərəcədə olur. Deməli, lider real konkret şəraitə uyğun oriyentasiya seçməyi bacarmalıdır. Siyasətin köməkliyi ilə yetişmiş imkan reallaşmış gerçəkliyə çevrilir. Siyasi liderin müvəffəqiyyətli idarəçiliyinin rəhni bundadır. Öz fəaliyyətində arzu edilən uğuru qazanmaq üçün ulu öndər Heydər Əliyev zəruri olaraq siyasi hakimiyyətin və liderliyin əsasında duran müəyyən qanunların obyektiv şəraitə uğunluğunu əsas tuturdu. Təcrübəli dövlət başçısı kimi Heydər Əliyev çox gözəl bilirdi ki, siyasətdə də, sənət sahəsində olduğu kimi, müxtəlif qrup qanunlar mövcuddur və bu qanunları düzgün tətbiq etmək üçün onların mahiyyətini dərk etmək vacibdir. Heydər Əliyevin hakimiyyət fəlsəfəsi prinsiplərinin dərindən öyrənilməsi belə bir mülahizədən çıxış etməyə əsas verir ki, siyasətdə obyektiv imkanı gerçəkliyə çevirmək məqsədilə cəmiyyətin sosial resurslarından bacarıqla istifadə yolu ilə konkret şəraitdə cəmiyyətin, sosial institutların, fərdlərin optimal fəaliyyətini təmin edən faktoru əsas qanun kimi təsnif etmək olar. Burada siyasi hakimiyyətin məqsədi, həmçinin onun təminatının vasitələri müəyyən edilmiş olur. Bizə elə gəlir ki, Heydər Əliyevin hakimiyyət fəlsəfəsinin funksiyası və təsnifatı bu prinsiplərlə bağlıdır. Özünün idarəetmə fəlsəfəsinin əsas funksiyasından çıxış edərək ümummilli lider siyasi fəaliyyət konsepsiyasını işləyib hazırlamışdır. Bu nəzəriyyənin potensial imkanları çərçivəsində lider öz fəaliyyətini ictimai həyatın müxtəlif sahələri arasında, yəni cəmiyyətin ümumi mənafeləri ilə vətəndaşların maraqları arasında tarazlığı təmin etməyə yönəldir.

Heydər Əliyevin elmi cəhətdən inandırıcı şəkildə yaratdığı, əsaslandırdığı hakimiyyət fəlsəfəsi liderə siyasi hakimiyyət strukturlarında nöqsan buraxmağa, səhv etməyə imkan vermir, çünki lider insan təbiətinin sosial əhəmiyyət kəsb edən keyfiyyətlərinin tələblərinə uyğun hərəkət etməyə və onların optimal təzahürü üçün sosial və təbii şəraiti yaratmağa imkan verir. Heydər Əliyevin fəaliyyətinin idraki əhəmiyyəti bundadır ki, o, fəlsəfi düşüncəyə malik milli lider kimi nəinki ümumi inkişaf tendensiyalarını, həmçinin mövcud tarixi məqamda onların meydana gəlməsini də nəzərə alırdı. Heydər Əliyevin dünya siyasətində tanınmış lider kimi müvəffəqiyyətlərinin tərkib hissələrindən biri budur ki, o, özünün fəaliyyətində cəmiyyətin intellektual qüvvələrinə söykənir, əsl milli ziyalı sözünə və fikrinə diqqətlə və hörmətlə yanaşırdı. Heydər Əliyevin liderlik fəaliyyətinin çox önəmli cəhətlərindən biri odur ki, hadisələrin məqsədində əsas vəsiləni məharətlə sezirdi, onu yaradıcılıqla həyata keçirməyə nail olurdu. Başqa sözlə, Heydər Əliyevin hakimiyyət fəlsəfəsi liderdə öz fəaliyyətində məqsədi düzgün müəyyənləşdirmək şüurunu, həmçinin ona nail olmağın nəzəri bacarığını formalaşdırırdı.

Məhz Heydər Əliyevin hakimiyyət fəlsəfəsinin obyektiv elmi prinsipləri Azərbaycanın gələcək müstəqilliyinin möhkəm əsaslarının yaradılmasında mükəmməl ideoloji zəmin rolunu oynamışdır. Bu gün Azərbaycan öz müstəqilliyinin ürəklərdə və düşüncələrdə parlaq iz qoyan günlərini yaşayır. Bu ona görə mümkün olmuşdur ki, Azərbaycan dövlətçiliyinə Heydər Əliyevin hakimiyyət fəlsəfəsinin ölməz ideyaları ilə silahlanmış Azərbaycan Prezidenti İlham Əliyev inamla rəhbərlik edir. Azərbaycan tarixində ən müdrik dövlət xadimlərindən biri, tanınmış böyük strateq, görkəmli dövlət başçısı və siyasətçi Heydər Əliyev siyasi kursu uğurla davam etdirilir. Müstəqil Azərbaycan dövləti bu gün bütün dünya azərbaycanlılarının ümummilli inkişafı naminə fəaliyyət göstərir. Bu fəaliyyətin əsasını Heydər Əliyevin hakimiyyət fəlsəfəsini özünün dünyagörüşünün meyarı seçmiş Azərbaycan Prezidenti İlham Əliyevin parlaq intellekti təşkil edir.

 

 

Qoşqar ƏLİYEV,

Azərbaycan Tibb Universitetinin

Fəlsəfə kafedrasının müdiri,

fəlsəfə elmləri doktoru, professor

 

Respublika.- 2013.- 24 aprel.- S. 5.