Böyük xilaskar

 

Müasir Azərbaycan tarixində qazanılan ən böyük uğurlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev milli varlığımızı bütövləşdirmiş, yaxın və uzaq gələcəkdə Azərbaycanı inkişaf etdirməyin aydın yollarını göstərmiş, bunun dəqiq taktika və strategiyasını müəyyənləşdirmişdir.

Onun rəhbərliyi altında dövlət idarəetmə sistemində və iqtisadi sahədə aparılan kompleks islahatlar ölkədə bütün sahələrin, o cümlədən sahibkarlığın formalaşmasına güclü təkan vermişdir.

Ulu öndər Heydər Əliyevin 1993–cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycanı ziddiyyətlər burulğanından xilas etdi. Dünyada gedən siyasi prosesləri dərindən bilən və ona təsir etmək bacarığına malik, dövrünün nəhəng siyasi xadimlərindən olan ulu öndər Azərbaycanda zamanla səsləşən yeni iqtisadi strategiyanın əsasını qoydu. Ölkədə qarşıdurmadan sülhə, böhrandan tərəqqiyə, ətalətdən dinamik fəaliyyətə istiqamətlənən həyat tərzi başlandı. Azərbaycanın dünya iqtisadi bazarına çıxışını təmin edən “Əsrin müqaviləsi”nin imzalanması isə ölkədə iqtisadiyyatın inkişafına təkan verməklə yanaşı, insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına da zəmin yaratdı.

Xalqına bağlı olan Heydər Əliyev çevik təşkilatçı, zamanın nəbzini tuta bilən rəhbər kimi sübut etdi ki, istək, iradə, vətənpərvərlik və milli təəssübkeşlik hissi olan zaman az müddətdə çox böyük uğurlara nail olmaq mümkündür. Elə bu daxili əminliklə və müvafiq pozitiv tədbirlərlə də problemlər məngənəsində çapalayan cəmiyyətin özünə inamını bərpa etdi. İlk növbədə milli ruhu məhv olmaq təhlükəsindən qorudu, xalqı tarixi keçmişinə qovuşdurdu. Ən əsası, hətta imperiya dövründə belə millətə vicdanlı, sədaqətli, ləyaqətli xidmətin parlaq nümunəsini yaratdı.

Əminliklə deyə bilərik ki, 1969–1982–ci illərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə bu gün də yüksək templə davam edən Azərbaycanın quruculuq salnaməsinin ən dolğun, şərəfli səhifələrini təşkil edir. Respublikamız bu illərdə defakto müstəqilliyi üçün etibarlı zəmin formalaşdırdı, İttifaq miqyasında böyük nüfuz qazandı. Bu da imperiya rəhbərliyində qısqanclıqla qarşılandı. Nəhayət, çox böyük qərəzkarlıqla onu rəhbərlikdən kənarlaşdırdılar. Xalqımızın böyük oğlunun və himayədarının yüksək vəzifədən getməsindən sonra Ermənistanın Azərbaycana qarşı torpaq iddiaları və Dağlıq Qarabağda separatçılıq hərəkatı başlandı. 80–ci illərin sonuna yaxın bədnam qonşularımızın Azərbaycana qarşı aşkar ərazi iddiaları imperiya rəhbərliyinin himayəsi altında idi. Bütün bunlara göz yuma bilmədiyi üçün Heydər Əliyev hətta təqaüddə olarkən də millətinin haqq səsini dünyaya çatdırmaqdan çəkinmədi. 1990–cı ilin qanlı yanvarından dərhal sonra ailəsi ilə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedən bu fenomen şəxsiyyət Kremlin bir addımlığında imperiya rəhbərliyini ən sərt ittihamlara məruz qoydu.

1990–cı ilin iyununda ulu öndərin Moskvadan Azərbaycana dönüşü ilə ölkəmizdə kortəbii xarakter daşıyan xalq hərəkatı tədricən konkret məcraya salındı. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda Azərbaycanın dövlət müstəqilliyinin bərpasına xidmət edən ilk hüquqi–siyasi addımlar atıldı. 1991–ci ildə müstəqilliyə yenicə qovuşmuş Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas strateji xətti seçən sınanmış liderimiz Heydər Əliyevin şəxsiyyəti ətrafında xalq birləşdi.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan cəmiyyətində müstəqil dövlətçilik ideyalarının praktik şəkildə bərqərar olmasına fundamental əsaslar yarandı. Ölkə xaosdan, vətəndaş müharibəsindən, hərc–mərclikdən, hüquqi nihilizmdən, bir sözlə, dövlətçiliyini itirmək təhlükəsindən qurtuldu. 1994–cü ilin oktyabr, 1995–ci ilin mart hadisələrində Heydər Əliyev özünün qətiyyəti və xarizması ilə Azərbaycan dövlətçiliyini ağır faciələrdən xilas etdi, siyasi sabitliyi təmin etməklə yanaşı, demokratik dövlət modeli konsepsiyasını da uğurla həyata keçirməyə başladı.

Ulu öndər hakimiyyətə qayıtdıqdan dərhal sonra dövlət qulluğu üçün milli kadrların hazırlanması işini daha geniş miqyasda, sistemli şəkildə davam etdirdi. Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində ilk mühüm addımlarından biri cəmiyyətin vahidliyinin, bütövlüyünün təmin edilməsi, milli ideologiyanın sistem halında təqdimatı oldu. Reallıqdır ki, ulu öndər cəmiyyətdə birliyi təmin edərək, onun müxtəlif istiqamətlərdə — sosial bərabərsizlik, regional, dini və milli mənsubiyyət amili baxımından parçalanmasına imkan vermədi. Bu, Azərbaycan dövlətçiliyinin yaşaması, inkişaf etməsi baxımından son dərəcə vacib amil idi və ötən illərdəki proseslərin təhlili də bunu təsdiqləyir. 2001–ci ilin noyabrında—Dünya Azərbaycanlılarının I Qurultayında “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gun də fəxr edirəm ki, mən Azərbaycanlıyam” – deyən ulu öndər dünya azərbaycanlıların azərbaycançılıq ideyası ətrafında səfərbər etdi.

Azərbaycan cəmiyyəti yüksək demokratik inkişafa hər hansı dağıdıcı inqilabla deyil, məhz təkamül yolu ilə nail olmağın zəruriliyini təzahür etdirir. Ölkəmizdə bu istiqamətdə yeni mərhələ uğurla davam edir. Xalq məhz bugünkü iqtidarın səmərəli fəaliyyətinin bəhrəsi olan iqtisadi, elmi, mədəni inqilabı dəstəkləyir. Son illərdə ölkədə baş verən möhtəşəm yeniliklər, modernləşmə prosesləri dövlətini, xalqını sevən hər bir vətəndaş tərəfindən razılıqla qarşılanır. Azərbaycan iqtidarı iqtisadi, siyasi, hüquqi, demokratik islahatları bu gün də inamla davam etdirir. Ölkə ildən–ilə yox, gündən–günə inkişaf edir, müasirləşir, bütün sahələrdə yeniləşmə baş verir.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş yeni iqtisadi siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Ölkədə ardıcıl olaraq həyata keçirilən islahatlar nəticəsində, bütün sahələrdə olduğu kimi, sosial–iqtisadi sahədə də davamlı uğurlu nəticələr əldə edilmişdir. Sahibkarlığın inkişafı istiqamətində də bir sıra önəmli addımlar atılmış və bu sahədə mühitin daha da əlverişli olmasına şərait yaranmışdır. Son illərdə Azərbaycan iqtisadiyyatının neft sektorundan asılılığının minimum səviyyəyə enməsi, yeni istehsal müəssisələrinin istifadəyə verilməsi, yoxsulluğun, işsizliyin azaldılması və sosialyönümlü müxtəlif problemlərin aradan qaldırılması sahibkarlığın inkişafı ilə əhəmiyyətli dərəcədə bağlıdır.

“Azərbaycan Respublikası regionlarının 2009–2013–cü illərdə sosial–iqtisadi inkişafı Dövlət Proqramı”nda ölkədə davamlı iqtisadi inkişafın təmin edilməsi baxımından kiçik və orta sahibkarlığın dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, ixrac potensialının artırılması, əhalinin sosial probleblərinin həlli məsələləri nəzərdə tutulmuşdur.

İqtisadi qüdrətin artırılması, dövlət müstəqilliyinin əsas amillərindən biridir. Dövlət başçısı Azərbaycanın sosial–iqtisadi inkişafı ilə bağlı imzaladığı fərmanlar, sərəncamı ilə təsdiq olunmuş regional inkişafa dair dövlət proqramları ölkəmizin hərtərəfli inkişafına güclü təkan verib. Bu baxımdan Azərbaycanın yürütdüyü məqsədyönlü xarici siyasət də nəinki keçmiş İttifaq respublikaları, eləcə də bütün region üçün bir nümunədir. Ölkəmizin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına qeyri–daimi üzv qəbul olunması da dövlət başçısı tərəfindən həyata keçirilən müstəqil xarici siyasət xəttinin davamlı uğurlarının göstəricisidir. Bu mühüm tarixi hadisə–Azərbaycanın dünyanın seçilmiş 15 ölkəsi sırasına yüksəlməsi qüdrətli lider tərəfindən idarə olunan dövlətin qısa müddətdə necə nəhəng uğurlara imza ata biləcəyini bir daha təsdiq edir.

Göründüyü kimi, Prezident İlham Əliyev ulu öndərin müəyyənləşdirdiyi strateji inkişaf kursunu uğurla dayam etdirərək dövlətin, cəmiyyətin sosial rifahını, gələcəkdə əldə edəcəyi tərəqqini nəzərə alaraq, mühüm infrastruktur layihələrini gerçəkləşdirməyi vacib sayır. Dövlət başçısı hər zaman vurğulayır ki, Azərbaycan vətəndaşlarının normal yaşayışı üçün kommunal xidmətlərin də səviyyəsi daim yüksəldilməli, əhali fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz və içməli su ilə təmin olunmalıdır. İnfrastruktur layihələrinə dövlət büdcəsindən ayrılan vəsaitlərin ildən–ilə daha da artması Prezident İlham Əliyevin bu məsələyə xüsusi diqqət yetirdiyini bir daha təsdiqləyir.

Respublikada həyata keçirilən məqsədyönlü islahatlar ölkədə siyasi–iqtisadi sabitliyin bərqərar olmasına, davamlı sosial–iqtisadi inkişafa imkan yaratmışdır. İctimai həyatın bütün sahələrində dönüş yaranmış, əhalinin maddi rifah halının yaxşılaşmasında nəzərəçarpacaq uğurlar qazanılmışdır.

Bu gün Azərbaycanda davam edən hərtərəfli inkişaf sosial rifahın daim yüksəlməsi Heydər Əliyev strategiyasının bəhrəsi, xalqın ulu öndərin layiqli davamçısı, dövlət başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşməsi və öz rəhbərinə inamla dəstək verməsinin nəticəsidir.

 

 

Adil Teymurov,

Azərtunelmetrotikinti SC

1 saylı Tunel Tikinti Trestinin rəisi,

“Şöhrət” ordenli

 

Respublika.- 2013.- 24 aprel.- S. 7.