Universitetdə Heydər Əliyevin 90 illiyinə həsr olunmuş tədbir

 

Dünən Azərbaycan Memarlıq və İnşaat Universitetinin akt zalında ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

Universitetin professor, müəllim və tələbə heyətinin, tanınmış dövlət adamlarının, şair və yazıçıların, media nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirin təşkilatçısı, AMİU–nun Qadınlar Şurasının sədri, yazıçı–alim Salatın Əhmədli dünya şöhrətli siyasətçi, müdrik rəhbər Heydər Əliyevin geniş fəaliyyətindən danışmışdır.

Universitetin rektoru, millət vəkili Gülçöhrə Məmmədova çıxış edərək demişdir: “Ulu öndər Azərbaycan xalqının yetişdirdiyi nadir şəxsiyyətdir. Heydər Əliyev fəaliyyəti ilə Azərbaycanı inkişaf etmiş dövlətlər sırasına çıxarmışdır. Onun uzun müddət rəhbərlik etdiyi dövrdə təhsil sahəsində geniş islahatlar aparılmış, xarici ölkələrdə oxuyan azərbaycanlı tələbələrin sayı hər il get–gedə artmış və bu ənənə indi də uğurla davam etdirilir”.

Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirmişdir ki, Heydər Əliyev hələ MTN–də işləyərkən neçə–neçə ziyalılarımızı məhv olmaq təhlükəsindən qorumuşdur. Elə tək “Gülüstan” poemasına görə qüdrətli şairimiz Bəxtiyar Vahabzadəyə qarşı yönəldilmiş hədə–qorxuların qarşısını cəsarətlə almışdır.

YAP Yasamal rayon təşkilatının sədri, professor Fikrət İsmayılov qeyd etmişdir ki, Heydər Əliyev həyatı boyu hər zaman xalqını, vətənini düşünmüşdür. Onun ürəyi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınmışdır.

Azərbaycanın xalq artisti Məleykə Əsədova və şairə Şahanə Könül ümummilli liderə həsr olunmuş şeirlər söyləmişlər.

Universitetin prorektoru Tofiq Qasımov yenicə YAP sıralarına qəbul olunmuş bir qrup tələbəni təbrik etmişdir. Sonra şair–publisist, Prezident təqaüdçüsü, filologiya elmləri üzrə fəlsəfə doktoru Fəridə Ləmanın ulu öndərə həsr olunmuş “Onu zaman seçib” poeması yazıçı–alim Salatın Əhmədlinin bədii qiraətində görüntülərlə səsləndirildi və nümayiş etdirildi.

Universitetin rəhbərliyi adından S.Əhmədli Fəridə Ləmanı “Fəxri diplom”la təltif etmişdir.

Tədbridə Ali İctimai–Siyasi Universitetinin rektoru Rasim Nəbiyev və digər şəxslər iştirak etmişlər.

 

 

Rauf İLYASOĞLU

 

Respublika.- 2013.- 24 aprel.- S. 9.