Tarix yaradan dahi

 

Tarixdə elə şəxsiyyətlər yetişib ki, onlara nəinki təmsil etdikləri xalqın taleyində, eləcə də dünya siyasətində olduqca böyük missiyanı həyata keçirmək səadəti nəsib olub. ümummilli liderimiz Heydər Əliyev də məhz belə tarixi şəxsiyyət, dünya siyasətinin mahir bilicisi idi. Azərbaycanın müasir tarixinin 34 illik bir mərhələsi, eləcə də müstəqil dövlətimizin dinamik inkişafı və dünyaya inteqrasiya prosesi onun adı və fəaliyyəti ilə bağlıdır. Ulu öndərimiz Azərbaycan tarixində yeni parlaq səhifə açan nadir şəxsiyyət olmuşdur. Bu dahi, müdrik insan xalqımızın əsrlərin sınağından çıxmış özünəməxsus milli xüsusiyyətləri ilə yanaşı, bəşəri düşüncələrin daşıyıcısı idi. Əsası budur ki, sivilizasiyaların, mədəniyyətlərin, qitələrin qovuşuğunda yerləşən Azərbaycan xalqının zəngin mənəvi–mədəni irsini yaşatdı və dünyada təbliğinə nail oldu. Bəşər tarixi belə şəxsiyyətləri nadir hallarda yetişdirir.

Ümummilli liderimizə xas olan digər nadir keyfiyyət onun bir–birinə əks qütbdə dayanan müxtəlif ictimaisiyasi formasiyalarda ən yüksək idarəçilik üsuluna üstünlük verməsi idi. Heydər Əliyev bütün ömrü boyu başqa bir mühitdə yaşamışdı, təhsil almışdı, hətta Sovet dövlətinin rəhbəriliyində təmsil olunmuşdu. Heydər Əliyev fenomeninə tarixi xidmətlərinə, xilaskarlıq və quruculuq missiyasına müasir dünyanın görkəmli dövlət xadimləri, siyasətçiləri çox yüksək qiymət veriblər. Azərbaycanın 34 ilə yaxın bir tarixi dövrü yaddaşlarda məhz Heydər Əliyev epoxası, böyük quruculuq illəri kimi qalıb.

İrimiqyaslı qlobal siyasi dəyişikliklərlə müşayiət olunan tarixi dönəmlərdə xalqın mənafeyinə uyğun iradə nümayiş etdirmək iqtidarında olan şəxsiyyətlərə daha böyük ehtiyac duyulur. Müstəqil dövlətimizin timsalında ötən illəri təhlil edərkən bir daha əminliklə söyləmək olar ki, həqiqətən də, tarixin millətə verdiyi şansı yalnız görkəmli tarixi şəxsiyyətlərin iştirakı ilə reallaşdırmaq mümkündür. Bu mənada Mustafa Kamal Atatürkün Türkiyə, Şarl de Qolun Fransa üçün etdiklərini Heydər Əliyev ən çətin məqamda Vətəni və xalqı naminə edib.

Heydər Əliyev Azərbaycanı inkişaf etmiş dövlətlərin, millətini firavan həyat sürən xalqların cərgəsində görmək istəyirdi. Ömrünün son anınadək xalqının gələcək taleyi haqqında düşünürdü. Heydər Əliyev Vətən üçün, xalq üçün doğuldu, Vətənin, xalqın tərəqqisi, inkişafı, azadlığı, müstəqilliyi üçün cəsarətlə çalışdı. Bununla da xalqın gözündə, qəlbində dağ kimi ucaldı. Ona görə də xalqın öz sədaqətli dahi övladına məhəbbəti sonsuzdur, əbədidir. Ulu öndər əsl ümumxalq məhəbbəti qazanmış nadir siyasətçilərdən, dövlət xadimlərindəndir. Bu dahi şəxsiyyət Azərbaycanı yox olmaqdan qurtardı, müstəqilliyimizi dönməz etdi, sabitlik və təhlükəsizliyin qarantı oldu, Azərbaycanı inkişafa, firavanlığa doğru addımlayan, dünya birliyində layiqli yerini tutmuş bir dövlətə çevirdi.

Ulu öndər Heydər Əliyev siyasətçi və dövlət xadimi kimi ən uca missiyanı gerçəkləşdirərək müstəqil Azərbaycan dövlətinin memarı oldubu tarixi öz əməlləri ilə yazdı. Onun həyatı və fəaliyyəti Azərbaycan tarixinin bir hissəsi və bəlağətsiz deyə bilərik ki, bu tarixin ən şanlı səhifələrindəndir. Bu şəxsiyyətin həyatını öyrənmək, onun gördüyü işlərin, başladığı layihələrin tarixi əhəmiyyətini dərk etmək özü böyük bir məktəbdir. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bir qərinədən artıq dövrdə ölkənin həyatında, xalqın taleyində elə bir əzəmətli rol oynayıb ki, bu, əsrlər boyu unudulmayacaqdır. Azərbaycanın hər bir bölgəsində Heydər Əliyevin quruculuq fəaliyyətinin silinməz izləri var. Heydər Əliyev həyatı boyu həmişə xalqa arxalanmışdı: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə veribbütün uğurlarımı təmin edib”.

Müstəqil Azərbaycan dövlətinin keçdiyi sınaqlar, dövlətçiliyimizin ən ağır günlərində Heydər Əliyevin göstərdiyi qətiyyət bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləyib. Heydər Əliyevin Azərbaycan üçün gördüyü işləri sadalamaqla bitib–tükənən deyil. Dahi şəxsiyyət bu gün sıralarımızda olmasa da, onun möhtəşəm işləri, əməlləri, misilsiz xidmətləri hamımıza bəllidir və gözümüz önündədir. Milyonlarla insanın ümid çırağına çevrilərək qəlblərdə əbədi yurd salmaq heçbütün rəhbərlərə, liderlərə nəsib olmur. Sağlığında canlı əfsanəyə çevrilmiş Heydər Əliyevin zəngin irsi hələ uzun illər xalqımızın müstəqillik yolunu işıqlandıracaq.

Heydər Əliyev dünyanın nadir insanlarındandır. O, hamının qəlbinə yol tapmağı bacarır, yaddaşlarda dərin iz qoyurdu. Təkrarsız, heyrətamiz yaddaşa malik Heydər Əliyev əsl rəhbərə xas olan ensiklopedik biliyə malik idi. Ulu öndər milli və bəşəri dəyərlərin daşıyıcısı kimi dahi bir şəxsiyyət idi. Təkcə bizim xalqımız deyil, bütün dünya bu görkəmli dövlət xadiminə, əsrimizin siyasi həyatında mühüm yer tutmuş, uzun və şərəfli yol keçmiş, ən yüksək vəzifələrin məsuliyyətini daşımış insana həmişə dərin hörmət və ehtiram bəsləyib.

Ümummilli liderimizin xalqın birliyi yolunda göstərdiyi titanik fəaliyyəti hər bir soydaşımız üçün örnək olmalıdır. Biz Azərbaycanı sevməyi Heydər Əliyevdən öyrənməliyik. “Azərbaycan mənim ürəyimdir, nəfəsimdir”–deyən böyük öndərimiz millətimizin və dövlətimizin əbədiyaşarlığı üçün əvəzsiz bir siyasi xətt, ideoloji baza miras qoydu. Şükürlər olsun ki, Ulu Tanrı xalqımızın taleyinə çətin, əzablı günlər yazsa da, bu əzablara sinə gərə bilən, bütün düyünləri açmağa qadir olan Heydər Əliyev kimi böyük şəxsiyyət də qismət edib. Cəmiyyətə xidmət nümunəsi olan bu böyük şəxsiyyət həmişə xalqa arxalanır və deyirdi: “Xalq mənim dayağım, gücüm və inamımdır”. Xalq yolunda canını fəda etmiş, bütün həyatı boyu Vətənini və millətini düşünmüş ümummilli liderimiz əbədiyaşarlıq qazanmışdır.

Heydər Əliyev sanki dünyaya gələndə elə xalq üçün, onun səadətə yetişməsi üçün gəlmişdi. Haqqın, ədalətin bərpası, ölkənin inkişaf etdirilib sivil cəmiyyətə çevrilməsi üçün çəkdiyi min bir əziyyət onun tale yolu, ömür yolu olmuşdur. ümummilli liderimiz əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, siyasiiqtisadi cəhətdən etibarlı dayaqlar üzərində qurulmuş Azərbaycan qoydu. 1994– ildə imzalanan “Əsrin müqaviləsi” Heydər Əliyevin uzaqgörən neft siyasətinin ilk konturları oldu. Məhz bu müqavilədən sonra inkişaf etmiş dünya dövlətlərinin Azərbaycana, burada cərəyan edən proseslərə marağı artdı. Ölkədə uğurlu islahatların bünövrəsi qoyuldu.

Dünya siyasətində nəhəng şəxsiyyət olan Heydər Əliyev qısa zaman kəsiyində ölkəmizi yetərincə tanıdıb. Məhz ulu öndərimizin səyi, zəhməti sayəsində respublikamız sosialiqtisadi inkişaf yoluna çıxdı. Heydər Əliyev dühasını, ucalığını, böyüklüyünü həmişə xatırlayacağıq. O, xalqımızın lideri olmaqla yanaşı, həm də nəhəng siyasi xadim, zamanın fövqündə dayanan dahi insan, bəşəri dəyərlərin daşıyıcısı idi.

Heydər Əliyev və onun əməlləri daim yaşayacaq, Azərbaycan xalqı, bütün türk dünyası onu heç vaxt unutmayacaq. Bütün ömrünü xalqımızın tərəqqisinə və firavanlığına həsr etmiş ulu öndərin həyat və fəaliyyəti bizim üçün örnəkdir, güc mənbəyidir. Bugünkü Azərbaycanın sürətli inkişafının təməli məhz Heydər Əliyev tərəfindən yaradılıb. Bu siyasi kursa Azərbaycanda alternativ yoxdur. Xalqımız xoşbəxtdir ki, ümummilli liderimizin siyasi kursu bu gün onun layiqli siyasi varisi, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçımızın həyata keçirdiyi tədbirlər, imzaladığı fərman və sərəncamlar, xalqla birbaşa ünsiyyətdə olması ümummilli lider tərəfindən başlanış işlərin məntiqi davamıdır. Memarı və qurucusu Heydər Əliyev olan müstəqil dövlətimiz bu gün ulu öndərimizin Azərbaycan xalqına ən böyük töhfəsidir. Hər bir Azərbaycan vətəndaşının borcu isə Heydər Əliyevin şah əsəri olan Azərbaycanı qoruyub yaşatmaqdır.

 

 

Vidadi Muradov,

Azər–İlmə” MMC–nin baş direktoru

 

Respublika.- 2013.- 25 aprel.- S. 9.