Xatirə muzeyinin 30 yaşı var

 

1970–ci ildə—N.Nərimanovun anadan olmasının 100 illiyi ərəfəsində Xudatda yeni məktəb binası istifadəyə verildiyindən məktəbə bu görkəmli dövlət xadiminin adı verildi. 1981–ci ilin oktyabrında bu məktəbə müəllim təyin olunduğuma görə sevindim. Elə ilk günlərdən məktəblilərlə söhbətlər aparıb Nəriman Nərimanov haqda nəyi bildiklərini öyrənməyə çalışdım. Məlum oldu ki, bu barədə demək olar ki, məlumatları yoxdur. Məktəbdə isə Nəriman Nərimanovun yalnız bir portreti vardı. Məktəbin mərhum direktoru Ş.Dəmirovla söhbət aparıb xatirə muzeyi yaratmaq istədiyimi bildirdim. O bu işdə mənə kömək etdi. Artıq noyabrın əvvəllərində II mərtəbənin foyesində tikinti işlərinə başladıq. Eyni zamanda Nəriman Nərimanovun həyat fəaliyyətinə dair materiallar da toplanmalı idi. Bunun üçün Gürcüstanın Marneuli rayonunun Qızılhacılı məktəbinə, Özbəkistanın Nərimanov şəhərinə, Belorusiya, Estoniya, Litva, Qazaxıstan, Türkmənistan, Moldaviya, Latviya başqa respublikaların mədəniyyət nazirlərinə məktublar göndərdim. C.Cabbarlı adına kinostudiyaya, Azərbaycan Pedaqoji İnstitutuna, Azərbaycan Tibb İnstitutuna da müraciətlər etdim.

Lakin işə nədən başlamağı öyrənmək üçün “Nəriman” poemasının müəllifi, o dövrdə “Ədəbiyyat və İncəsənət” qəzetinin redaktoru olan Nəriman Həsənzadə ilə görüşüb məqsədimi ona bildirdim və mənə kömək etməyi xahiş etdim. O mənə nərimanovşünas alimlərimiz olan mərhum Vəli Məmmədovla, Teymur Əhmədovla və Hüseyn Əhmədovla görüşməyi məsləhət bildi. Onlarla olan söhbətlər mənim işimə istiqamət verdi. İlk növbədə Nəriman Nərimanovun Bakıdakı evmuzeyi ilə əlaqəmiz yarandı. Onun sağ qalan qohumları ilə tanışlıq, ümumiyyətlə, görkəmli ədibin həyat və fəaliyyətinə dair materialların toplanması Nəriman dünyasının zənginliyindən xəbər verirdi. Hər hansı bir materialın əldə olunması məni başladığım işə mənən ruhlandırırdı. Artıq məktublarıma da cavablar gəlir, muzey eksponatları zənginləşirdi. Biz Nəriman Nərimanovla şəxsən görüşmüş həmyerlimizi də tapdıq. Belə ki, APİ–nin ilk məzunlarından olan G.Osmanov, Xudat dəmir yolu vağzalında işləmiş, dəfələrlə Nəriman Nərimanovla görüşüb söhbət etmiş R.Əhmədov, Qubalı M.Əfəndiyev öz xatirələrini bizə yazdılar. Bakıdakı evmuzeyinin elmi əməkdaşları muzeyimizə təmənnasız olaraq Nəriman Nərimanovun həyat və fəaliyyətini əks etdirən 400 eksponat hədiyyə etdi və onları elmi əsaslarla böyük həvəslə və səylə otaqlarda yerləşdirdilər. Muzeyin təşkilati işində, sonralar isə Nəriman Nərimanovun tuncdan abidəsinin məktəbin həyətində qoyulmasında mənə yaxından kömək etmiş, mərhum Vəli Məmmədov muzeyə görkəmli dövlət xadiminin büstünü hədiyyə etdi.

Nəhayət, 1983– ilin aprelində muzeyimizin təntənəli açılışı oldu. Açılışda rayon partiya komitəsinin I katibi Z.Abdullayev başda olmaqla rayonun bütün rəhbər işçiləri, məktəb direktorları, Bakıdakı evmuzeyinin direktoru L.Hacıyev və əməkdaşları, yüzlərlə məktəbli, valideyn və başqaları iştirak edirdi. Elə həmin vaxtdan məktəblilərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında muzey xətti ilə maraqlı tədbirlər həyata keçirilir.

Nəriman Nərimanovun yeganə oğlu Nəcəfin uyuduğu Ukraynanın Volnavaxa şəhər məktəbindən göndərilmiş fotoşəkillər, bukletlər və Nəcəfin məzarından götürülmüş torpaq, Özbəkistanın Nərimanov şəhərinin eyniadlı məktəbindən, Ulyanovsk, Həştərxan, Qızılhacılı məktəblərindən göndərilmiş materiallar bu günmaraqla nümayiş etdirir, izlənir. Nəcəf Nərimanova həsr olunmuş “Cəbhədən məktublar” povestinin müəllifi Ə.Yasinzadənin, Nərimanovun yaxın dostu, Azərbaycanın ilk pedaqoqlarından biri olan H.B.Mahmudbəyovun oğlu (Moskvada yaşayırdı) Xəlil Mahmudbəyovun göndərdiyi məktub və şəkillər, səsi yazılmış və lentə alınmış kasetlər, “Leninqradlı Nəriman”ın (vaxtilə onun atası Serqey İqnatyev N.Nərimanovun yaxın çekist dostu olmuşdur. Onun xatirəsinə oğluna Nəriman adını vermişdi) məktubları və materialları, Nəriman Nərimanov adına ilk təhsil ocaqlarını bitirmiş və 1941–45–ci illərdə qəhrəmanlıqla həlak olmuş həmyerlilərimizin fotoşəkilləri və sənədləri də tamaşaçıların diqqətini cəlb edir. Burada muzey–dərslərin keçirilməsi şagirdlərdə vətənə məhəbbət, xalqımızın ləyaqətli övladlarına bənzəmək hissləri yaradır.

Qeyd edim ki, muzeydə Nəriman Nərimanovun Tiflisdəki evinin, Metex qalasının və Bakıdakı Nəriman Nərimanov kinoteatrının maketləri də (müəllif İqtisad İnstitutunun dosenti, şair M.Əhməddir) nümayiş etdirilir.

Müzey üzvləri və məktəblilərimizlə hər il Bakıya maraqlı ekskursiyalar təşkil etmişik. Məktəblilərimiz ümummilli liderimiz Heydər Əliyevin, oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarlarını, Şəhidlər Xiyabanını, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarlarını və Bakıda ermənilərə qarşı döyüşlərdə həlak olmuş türk əsgərlərinin abidələrini ziyarət etmiş və məzarlar üzərinə tər çiçəklər qoymuşlar. Eyni zamanda S.Vurğunun, H.Cavidin, Ü.Hacıbəyovun, C.Cabbarlının ev–muzeylərində olan məktəblilərimizin dünyagörüşləri, məlumatları zənginləşmiş, yeni məlumatlar almışlar. Azərbaycan EA–nın Nizami adına Dilçilik İnstitutunda görkəmli alimlərlə, xüsusilə mərhum akademik K.Talıbzadə ilə görüşlər, AzTVnin tarixi muzeyində, hərbi–vətənpərvərlik redaksiyasının əməkdaşları ilə, APİ–nin pedaqoji kafedrasında, Nərimanov rayonunda, Bakıdakı 128 saylı orta məktəbdə, “Space” TV–də və s. olan görüşlər onların yaddaşlarında silinməz izlər qoymuşdur.

Hər il aprelin 14–də Nəriman Nərimanovun Bakıdakı ev–muzeyində (direktoru K.Hüseynova) və ya Xudatdakı muzeyimizdə keçirilən ənənəvi tədbirlərə daha çox məktəbliləri cəlb edir, tanınmış alim və yazıçılarla, Nəriman Nərimanovun qohumları ilə, nərimansevərlərlə onların canlı dialoqlarını təşkil edirik, məktəblilər yazıçı və dövlət xadiminin həyat və fəaliyyətinə dair məlumatları dinləyir, şeirlər söyləyirlər.

Nəriman Nərimanovun yubileyləri ilə əlaqədar Bakının Nərimanov rayonunda, Azərbaycan Pedaqoji İnstitutunda keçirilən elmipraktik konfranslara da dəvət almış, məruzə etməklə yanaşı muzeyimizin fəaliyyətini əks etdirən səyyar fotosərgilər də təşkil etmişik.

Məktəbimizin həyətində Nəriman Nərimanovun abidəsini görmək arzum 1989–cu ildə reallaşdı. Azərbaycanın əməkdar heykəltaraşı M.Mirqasımov və Layihə İnstitutunun direktoru, memar Ə.Məmmədovun birgə səyləri nəticəsində ərsəyə gətirdikləri tunc abidənin təntənəli açılışı 1989–cu ilin mayında oldu. Bu tədbirimizdə də respublikamızın tanınmış alimləri, yazıçılar, Nəriman Nərimanovun qohumları, Gürcüstandan—Qızılhacılı məktəbinin direktoru R.Mursaqulov başda olmaqlaYeni Marneuli” qəzetinin müxbirləri və başqa qonaqlar, AzTV və kinostudiyanın əməkdaşları, rayonun rəhbərləri, qabaqcıl əmək adamları, məktəblilər iştirak edirdilər.

Bu tədbirimiz Gürcüstan mətbuatında da işıqlandırılmışdı. Gürcüstanlı qonaqlar muzeyimizə Nəriman Nərimanovun mərmər üzərində portretini hədiyyə etmişlər.

Vaxtilə muzeyimizin fəal üzvləri olan məktəblilər hazırda bu məktəbdə müəllim kimi çalışır, öyrəndiklərini şagirdlərinə öyrədirlər.

Vaxtaşırı mənəvi təzyiqlərə, danlaq və əziyyətlərə məruz qalsam da, muzeyin bu günə kimi fəaliyyət göstərməsinə nail olmuşam. Doğrudan da, Nəriman Nərimanovun dediyi kimi, “mübarizədə möhkəm iradəli, ümumi işin xeyrinə öz əmin–amanlığını unutmaq qabiliyyəti olanlar qalib gələcəklər”.

Mən fəxr edirəm ki, 45 illik pedaqoji fəaliyyətimin 30 ilini muzey vasitəsilə gənc nəslin təlim–tərbiyəsi işinə həsr etmişəm.

 

 

Nəzakət Əhmədova,

(Kərimova),

Xudat şəhər N.Nərimanov adına

2 N–li orta məktəbdəki “N.Nərimanov xatirə

muzeyi”nin rəhbəri, məktəbin müəllimi

 

Respublika.- 2013.- 25 aprel.- S. 15.