Heydər Əliyev ən mütərəqqi partiyanın yaradıcısıdır

 

Ulu öndər Heydər Əliyev tərəfindən Yeni Azərbaycan Partiyası yarandığı gündən müstəqillik, azərbaycançılıq, dövlətçilik, sosial ədalət, dünyəvilik, milli tərəqqi, soykökə qayıdış və bu kimi dəyərlərin təbliğinə xüsusi yer vermişdir. Təsadüfı deyil ki, Azərbaycanın siyasi səhnəsinə qədəm qoyarkən Yeni Azərbaycan Partiyasının ən başlıca şüarı “Yeni, müstəqil Azərbaycan uğrunda!” olmuşdur. Bazar iqtisadiyyatına aparan köklü iqtisadi islahatlar, hüquqi dövlətin yaranmasına xidmət edən hüquqi islahatlar, demokratik cəmiyyətə rəvac verən siyasi islahatlar aparılmış, qüdrətli ordu yaradılmışdır. Bir sözlə, yeni, müstəqil Azərbaycan dövləti qurulmuş, onun istiqlalının dönməzliyi təmin edilmişdir. Qədirbilən xalqımız şah əsəri müstəqil Azərbaycan dövləti olan ümummilli liderimiz Heydər Əliyevin bu xidmətlərini heç vaxt unutmayacaqdır.

Yarandığı vaxtdan ölkəmizdə keçirilən və xalqımızın taleyində mühüm rol oynayan bütün seçkilərdə iştirak edən partiyamız seçkilərdə iştirak etməklə bir tərəfdən siyasi təcrübə toplamış, seçki kampaniyaları gedişində təşkilatlanma, ideya–siyasi və təbliğati işdə yeni metodları tətbiq etmiş, digər tərəfdən isə həmin seçkilərdə əldə etdiyi qələbələr vasitəsilə özünün gücünü, potensialını bütün dünyaya əyani nümayiş etdirmişdir. Azərbaycanda seçki yolu ilə, qanuni yolla iqtidara gəlib legitim hakimiyyət yaratmağın ənənəsini Yeni Azərbaycan Partiyası qoymuşdur.

Yeni Azərbaycan Partiyasının ən böyük rayon təşkilatlarından biri Ağdaş rayon təşkilatıdır. Rayon təşkilatının yaradılmasına 1992–93–cü illərdə müəyyən cəhdlər göstərilsə də, rəsmən 1995–ci ilin yanvar ayından fəaliyyətə başlamışdır. Bu bir həqiqətdir ki, 17 il əvvəl 61 nəfərlə təsis konfransına yığışan rayon təşkilatı bu gün 15 min 27 nəfər partiya üzvünü öz ətrafında birləşdirir ki, olanların 7702 nəfərini, yəni 51,3 faizini qadınlar, 6462 nəfərini, yəni 43 faizini gənclər təşkil edir. Hazırda rayon təşkilatının ətrafında 77 ərazi ilk partiya təşkilatı yaradılmışdır.

Ərazilərdə gənclərlə və qadınlarla aparılan iş rayon təşkilatı aparatının, Gənclər Birliyi və Qadınlar Şurasının daima diqqət mərkəzində saxlanılır. Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatında birləşən partiya üzvünün hər birinin partiyanın və iqtidarın həyata keçirdiyi tədbirlərin əsl təbliğatçıları olmaları üçün rayon təşkilatı aparatında tədbirlər müəyyənləşdirilmiş, ərazi ilk partiya təşkilatlarında həmin ərazidə yaşayan ziyalılardan ibarət təbliğat qrupları yaradılmışdır.

Respublikanın digər rayonlarında geniş vüsət alan inkişaf Ağdaşdan da yan keçməmişdir. Son bir neçə il ərzində rayonumuzda müxtəlif obyekt və müəssisələr tikilərək istifadəyə verilmişdir.

Ölkə başçısı cənab İlham Əliyevin son 8 ildə Ağdaşa 3 dəfə səfər etməsi özü rayonumuza göstərilən xüsusi diqqət–qayğının təcəssümüdür. Prezidentimizin hər səfəri ağdaşlılar üçün toy–büsat olmaqla yanaşı, rayonumuzun sosial–iqtisadi simasına konkret töhfələr vermişdir. Hər gəlişindən sonra rayonumuz daha da gözəlləşmiş, yeni təhsil və səhiyyə obyektləri tikilmiş, əsaslı təmir olunmuş, rayonumuza olduqca böyük gözəllik bəxş edən Heydər parkı yenidən qurulmuş, Heydər Əliyev muzeyi genişləndirilərək Mərkəzə çevrilmiş, Bayraq Meydanı yaradılmışdır. Rayonun magistral yollarına, şəhərin küçələrinə yeni asfalt örtüklər salınmış, Heydər xiyabanı yenidən qurulmuş, Heydər Əliyev prospekti öz görkəmini tamamilə dəyişmişdir. Ağdaşa son səfərləri zamanı Heydər Əliyev Fondu tərəfındən inşa olunmuş Musiqi məktəbi fəaliyyətə başlamış, müasir Olimpiya kompleksi qapılarını idman həvəskarlarının üzünə açmış, altı korpusdan ibarət üçmərtəbəli, yüz çarpayılıq Mərkəzi Rayon Xəstəxanası rayon sakinlərinin istifadəsinə verilmiş, Regional elektrik yarımstansiyasının təməli qoyulmuşdur. Ağdaş şəhərinin ərazisi genişləndirilmişdir. 2011–ci il oktyabr ayının 30–da rayonumuza son səfəri zamanı Mərkəzi Rayon Xəstəxanasında rayon ictimaiyyəti ilə görüşən cənab Prezidentimiz İlham Əliyev öz çıxışında belə demişdir: “Ağdaş indi müasir, gözəl rayona çevrilməkdədir və istirahət etmək üçün, yaşamaq, işləmək üçün bütün şəraitlər vardır”.

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının Aparatı partiyanın proqram və nizamnaməsi əsasında fəaliyyət göstərərək işini rayon təşkilatının iş və tədbirlər planına, YAP Mərkəzi Aparatının təlimat və göstərişlərinə uyğun qurur. Aparat tərəfindən hər ay idarə heyətinin yığıncaqlarının keçirilməsi təmin olunur ki, burada ərazi ilk partiya təşkilatlarında partiya sıralarına qəbul, yaşayış yerini dəyişməsi, vəfat etməsi və s. ilə əlaqədar partiya üzvlərinin yerdəyişmələri, uçot işlərinin qaydaya salınması, qarşıya çıxan problemlərin həlli ilə bağlı, eləcə də digər cari məsələlər barədə müzakirələr aparılaraq müvafiq qərarlar qəbul edilir.

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının rayon icra hakimiyyəti ilə birlikdə keçirdiyi tədbirlər isə ölkədə və rayonda aparılan quruculuq–abadlıq işlərinin geniş təbliğinə xidmət etmişdir. Bu gün ölkə başçımız, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasi xəttinin uğurla reallaşması üçün həyata keçirdiyi tədbirlərin və əhali tərəfindən Azərbaycanın daha işıqlı gələcəyinə inamın dönmədən artmasının nəticəsidir ki, rayonda Yeni Azərbaycan Partiyasına insanların, xüsusən də gənclərin axını dinamik şəkildə artmışdır. Belə ki, 2012–ci ildə partiyaya qəbul olunmaq üçün ərazi ilk partiya təşkilatlarından 2200 nəfərin sənədləri Aparatda qəbul olunmuş, İdarə heyətinin iclaslarında təsdiq olunduqdan sonra vəsiqə alınması üçün Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatına təqdim edilmişdir. Onlardan 1142 nəfərini qadınlar, 1211 nəfərini isə gənclər təşkil edir. Partiya sıralarına qəbul zamanı namizədlərin seçilməsinə ərazi ilk partiya təşkilatlarında ciddi fikir verilmiş, bu zaman onların fəaliyyəti ciddi təhlil olunmuşdur. Partiya sıralarına Heydər Əliyev ideyalarını dəstəkləyən yeni qəbul olunmuş partiya üzvlərinə üzvlük vəsiqələri ümummilli liderimizin abidəsi önünə gül dəstələri qoymaqla onun adını daşıyan Mərkəzdə, eyni zamanda ərazi ilk partiya təşkilatlarında təntənəli şəkildə təqdim edilməsi ilə bağlı tədbirlər keçirilmişdir.

YAP Ağdaş rayon təşkilatının tədbirlər planında nəzərdə tutulan tədbirlərin vaxtında yerinə yetirilməsinin təmin edilməsinə təşkilatın aparatı tərəfindən ciddi nəzarət olunmuşdur. Əlavə olaraq cari işlərlə bağlı tədbirlər planında nəzərdə tutulmayan tədbirlər də həyata keçirilmişdir. Rayon təşkilatının aparatında işləyən təlimatçılar mütəmadi olaraq ərazilərdə olmuş, partiya üzvləri ilə sıx–sıx görüşlər keçirmişlər.

Ərazilərdə gənclərlə və qadınlarla aparılan iş Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Aparatının hər zaman diqqət mərkəzində saxlanılmışdır. Aparat Gənclər Birliyi və Qadınlar Şurasının rayon təşkilatlarının fəaliyyətini koordinasiya edərək keçirilən kütləvi tədbirlərə bitərəf gənclər və qadınlar da cəlb olunmaqla onların təsir dairəsinə salınması sahəsində məqsədyönlü işlər aparır.

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatında birləşən partiya üzvünün hər birinin partiyanın və iqtidarın həyata keçirdiyi tədbirlərin əsl təbliğatçıları olmaları üçün də rayon təşkilatı aparatında tədbirlər müəyyənləşdirilmişdir. Mütəmadi olaraq rayonun iri yaşayış məntəqələrində rayon icra hakimiyyəti ilə birlikdə müxtəlif tədbirlər keçirilmiş, bu tədbirlərdə əhaliyə respublikamızda, o cümlədən rayonumuzda görülmüş işlər faktlarla başa salınmış, görülə bilməyən işlərin mahiyyəti aydınlaşdırılmışdır. Bu məqsədlə hazırlanan respublika və rayonun rüblük və yarımillik iqtisadi göstəriciləri ərazi ilk partiya təşkilatlarına çatdırılmışdır.

Zəngin seçki təcrübəsinə malik olan rayonumuzda bütün seçki proseslərində hər zaman yüksək seçici fəallığı nümayiş olunubdur. Əminliklə qeyd edirik ki, rayon seçicilərinin Yeni Azərbaycan Partiyasının üzvü olan sakinlərinin hamısı, partiya üzvü olmayan rayon sakinlərinin mütləq əksəriyyəti Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyevin uğurla həyata keçirdiyi siyasi xəttə sadiqdirlər. Bu ilin oktyabr ayında keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində ağsaqqalların yalnız bir namizədi var. Bu, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevdir.

Bu gün möhtərəm prezidentimiz başda olmaqla yeni azərbaycançılar öz fəaliyyətlərini yeniləşdirməklə məşğuldurlar. Bu gün Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanın suveren dövlət kimi yaşamasına hər hansı əngəl törətmək qeyri mümkündür. Ona görə ki, Azərbaycan xalqı dövlət müstəqilliyi amallarına tarix boyu sadiq olmuş, onun layiqli övladlarının birləşdiyi hakim Yeni Azərbaycan Partiyası isə qısa bir zaman kəsiyində müstəqillik missiyasını irəliyə doğru aparılmasında əvəzsiz rol oynamış və bu proses davam etməkdədir. Cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçildiyi 2003–cü ildən sonra isə həm partiyamız, həm də dövlətimiz qat–qat möhkəmlənmiş, ölkəmiz beynəlxalq aləmdə yeni nüfuz qazanmış və ölkə əhalisinin maddi rifah halının nəinki ildən–ilə, hətta aydan–aya yaxşılaşmasma nail olunmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin bütün siyasi istiqamətlərdə ulu öndərimizin kursunu davam etdirməsi onun Yeni Azərbaycan Partiyasının cəmiyyət həyatındakı rolunun artırılmasına göstərdiyi qayğı da öz əksini tapır.

İyirmi ildən artıq fəaliyyət göstərən partiyamız təkcə bu günlə yox, həm də daha çox gələcəklə yaşayır. Ümummilli liderimiz, partiyamızın qurucusu Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır.

Partiyamızın dünəni zəngin və şərəflidir. Partiyamızın bu günü fəal quruculuq, xalqa xidmət qayğılarından və regionların sosial–iqtisadi inkişafından ibarətdir. Gələcəyimiz isə daha da parlaq və işıqlıdır. Partiyamız indi həmin gələcəyə xidmət edir. Öz güclü lideri, aydın proqramı və liderinin ətrafında sıx birləşmiş möhtəşəm təşkilatımız bizi inamla həmin gələcəyə aparır. Şərəfli tarix keçib gəlmiş və parlaq gələcək yolunda olan partiyamız Heydər Əliyev ideyalarından qidalanan müqəddəs amalların həyata keçirilməsi üçün inamla, ilhamla gələcəyə doğru addımlayır. Çünki ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dediyi kimi, heç vaxt müxalifət partiyası olmayacaqdır!

 

 

Cavid OSMANOV,

Ağdaş Rayon İcra Hakimiyyəti başçısının

birinci müavini,

YAP Ağdaş rayon təşkilatının sədri

 

Respublika.- 2013.- 26 aprel.- S. 11.