Ömrünü xalqına və dövlətinə həsr etmiş böyük şəxsiyyət

 

Azərbaycanın çağdaş tarixi dünya şöhrətli siyasətçi, dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ulu öndərimiz müstəqil Azərbaycan dövlətinin qurucusu və bəşəriyyətin yetirdiyi ən böyük şəxsiyyətlərdəndir.

Dünyanın ən məşhur dövlət xadimlərinin portiretləri çəkmiş görkəmli rəssam Nikos Safronov Heydər Əliyevin 80 illik yubileyi münasibətilə onun portretini çəkərkən dahi rəhbərimizlə ünsiyyətdə olduqdan sonra bu qənaətə gəlmişdir ki, Heydər Əlirza oğlu Əliyev Tanrının yaratdığı möcüzədir, belə şəxsiyyətlər min ildə bir dəfə dünyaya gəlir.

Xalqımızın milli oyanışında və özünüdərkində misilsiz rol oynayan elm və təhsilin inkişafı ulu öndər Heydər Əliyevin nəhəng dövlətçilik fəaliyyətinin çox mühüm istiqaməti olmuşdur. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə reallaşdırılan təhsil siyasəti özünün məqsədyönlülüyü, müasirliyi, dünyəviliyi və milli dəyərlərə söykənməsi ilə diqqəti cəlb edirdi.

Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan Respublikasının dövlət müstəqilliyi qazanmasında, onun təhsil, elm, mədəniyyət sahəsində böyük uğurlar əldə etməsində əvəzsiz xidmətləri olmuşdur. Uzun illər, qərinələr keçəcək, ümummilli lider, dahi şəxsiyyət və dünya şöhrətli siyasətçi Heydər Əliyevin xalqımız qarşısında xidmətlərinin yeni–yeni çalarları məlum olacaqdır. Tarix sübut etdi ki, o, ömrünün müdrik çağında “Mən həyatımın bundan sonrakı hissəsini xalqıma bağışlayıram” fikrini təsadüfən deməmişdi.

Dahi şəxsiyyətlərin, mütəfəkkirlərin, filosofların, öz xalqlarının tarixində, o cümlədən bəşəri dəyərlərin, dövlətçilik ənənələrinin inkişafında oynadıqları rol zaman keçdikcə öz tarixi dəyərini daha aydın göstərir. XX əsrin ikinci yarısında Azərbaycanın, regionun, SSRİ adlanan böyük bir fövqəldövlətin təhsilinin, sənayesinin, elminin, mədəniyyətinin idarə və inkişaf etdirilməsində böyük şəxsiyyət Heydər Əliyevin xidmətləri əvəzsizdir.

Ümummilli liderin Azərbaycanda hakimiyyətə birinci gəlişinədək respublikamız geridə qalmış aqrar ölkəsi təsiri bağışlayırdı. Bütün sahələrdə, o cümlədən sənayedə, elmdə, təhsildə geriləmələr mövcud idi.

Ulu öndər Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi 1969–1982–ci illərdə sənayenin, istehsalatın, elmin, təhsilin, mədəniyyətin, bir sözlə, hər bir sahənin əsaslı inkişafına nail olunmuşdu. 1970–ci ildə 1965–ci illə müqayisədə respublikada ümumdaxili məhsul 34 faiz, milli gəlir 33 faiz, sənaye istehsalı 37 faiz, kənd təsərrüfatı 27 faiz, əsaslı vəsait qoyuluşu 43 faiz, əsas istehsal fondları 34 faiz artmışdı. Növbəti illərdə bu inkişaf dinamikası daha da güclənmişdi. Ümumiyyətlə, 1969–cu ilədək Azərbaycanda cəmi 233 iri və orta sənaye müəssisəsi işləyirdisə, 1970–1982–ci illərdə bölgələri də əhatə edən 300–ə yaxın yeni iri və orta sənaye müəssisəsi işə salınmışdı. O, Sovet imperiyası dövründə sərt totalitar rejimin, az da olsa, verdiyi imkanlardan maksimum istifadə edərək, bəzən isə imkanları məhdudlaşdıran qanunlardan məharətlə yan keçərək Azərbaycanın sosial–iqtisadi, siyasi–mədəni inkişafı, bütövlükdə onun çiçəklənməsi üçün mümkün olan hər şeyi etmişdir.

Milli–mənəvi dəyərlərimizin hamisi olmuş Heydər Əliyevin hakimiyyətə qayıdışı, bütün sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də tənəzzülün qarşısını aldı. Milli ideologiyaya xidmət edən təhsilimizin inkişafı üçün əlverişli şərait yaradıldı. Heydər Əliyev milli dövlət quruculuğu prosesində “Elmə, təhsilə göstərilən yüksək qayğı xalqın xoşbəxt gələcəyinə qoyulan təminatlı sərmayədir” meyarı ilə çıxış edirdi. Ümummilli lider Heydər Əliyev prioritet sahə olan təhsilə, elmə daim diqqət və qayğını göstərirdi.

Ulu öndər Heydər Əliyevin qayğısı və səyi nəticəsində 70–ci illərdə Azərbaycan Elmlər Akademiyasında bir sıra elmi–texniki institutlar, laboratoriyalar açılmışdır. Həmin elmi mərkəzlər ölkəmizin elmi–texniki tərəqqisinə bu gün də xidmət etməkdədir. Bu illər maarif və təhsilimiz üçün çox əhəmiyyətli bir dövr olmuşdur. Bu naliyyətlərdən biri də Azərbaycan Texniki Universiteti ilə bağlıdır. O dövrdə Azərbaycanın ali məktəbləri içərisində Politexnik İnstitutu (indiki AzTU) ən böyük ali məktəblərdən biri sayılırdı. 1975–ci ildə onun bazası əsasında Azərbaycan İnşaat Mühəndis İnstitutu və Gəncə Texnologiya İnstitutu yaranmışdı. Həmin illərdə ölkə rəhbərinin ali təhsilə diqqət və qayğısı daim hiss olunurdu. Belə ki, Heydər Əliyev vaxtaşırı institutlarda olur, müəllim və tələbə kollektivləri, təhsil işçiləri ilə müntəzəm görüşlər keçirirdi. O, AzTU–nun cəmiyyətdəki xidmətlərini və rolunu daim yüksək dəyərləndirmiş, bu elm ocağına diqqət və qayğısını əsirgəməmişdir. Hələ 1981–ci ildə ümummilli lider Heydər Əliyevin Azərbaycan Politexnik İnstitutuna gəlməsi, tələbə və müəllimlərlə görüşməsi bu ali təhsil ocağının tarixində mühüm hadisə olmuş, maddi–texniki bazasının möhkəmləndirilməsinə güclü təkan vermişdir. Sonrakı mərhələdə SSRİ rəhbərliyində mühüm vəzifə tutan ulu öndərin yenə də bu ali təhsil ocağına diqqəti azalmamış, məhz onun göstərişi ilə Azərbaycan SSR Nazirlər Soveti 1984–cü ildə AzPİ–nin maddi–texniki bazasının genişləndirilməsi haqqında qərar qəbul etmişdir. Qərarda AzPİ–nin yüksək ixtisaslı mühəndis kadrlarının hazırlanmasında apardığı işlər müsbət qiymətləndirilməklə yanaşı, institutun ərazisində avtomatika və hesablama texnikası fakültəsi üçün binanın tikilməsi, yeni hesablayıcı maşınların və avadanlıqların alınması, habelə müəllimlərə hər il 5 mənzilin verilməsi məsələləri əksini tapmışdı. Qərarda həmçinin 96 mənzilli kooperativ evin inşa edilməsi, tələbə şəhərciyinin sahmana salınması məqsədilə vəsait ayrılması və bir çox digər sosial məsələlərin həlli nəzərdə tutulmuşdu.

Ulu öndər yaxşı bilirdi ki, bütün sahələri inkişaf etdirmək üçün, ilk öncə, yüksək ixtisaslı kadrlar hazırlanmalıdır. Bu məqsədlə uzaqgörən rəhbərin göstərişi ilə o vaxtkı Sovetlər ölkəsinin ən qabaqcıl universitetlərinə istedadlı Azərbaycan gənclərini göndərmək üçün xüsusi proqram yerinə yetirilməyə başlandı. Məhz o dövrdə təməli qoyulmuş bu siyasət sonralar 90–cı illərdə yeni dövlət quruculuğu zamanı gənc Azərbaycan dövlətinin müxtəlif sahələrində kadrlarla təminatında ciddi rol oynamışdır. O dövrdə də ümummilli lider Heydər Əliyev təhsilə strateji bir sahə kimi yanaşmış, onun inkişafını dövlətçiliyin əsası hesab etmişdir. Odur ki, dahi rəhbər təhsilə xüsusi diqqət yetirirdi. Bu məqsədlə uzaqgörən rəhbər respublikamız üçün mütəxəssislər hazırlayan elm–təhsil mərkəzlərinin işini gücləndirmək məqsədilə ciddi işlər həyata keçirirdi. 1972–ci ildə “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında” və 1973–cü ildə “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” xüsusi qərarlar qəbul edilmişdi. Bu dövrdə respublikamızda orta ümumtəhsil məktəblərinin sayı 765–dən 2117–yə çatdırılmışdı. Bu illərdə ali təhsil müəssisələrinin sayı artırılmış, burada təhsil alanların sayı 70 mindən 100 minə çatdırılmışdı. 1970–1980–ci illərdə yüksək ixtisaslı kadrların hazırlığını daha keyfiyyətli həyata keçirmək, Azərbaycanda hazırlanması mümkün olmayan ixtisaslar üzrə yüksək səviyyəli mütəxəssislər hazırlamaq üçün SSRİ–nin ən mötəbər ali təhsil ocaqlarına istedadlı azərbaycanlı gənclərin göndərilməsini xüsusi uzaqgörənliklə həyata keçirmişdi. Həmin gənclər təhsil aldıqdan sonra yüksək səviyyəli mütəxəssislər kimi işlə təmin olunmuş, respublikamızın bütün sahələrində uğurla fəaliyyət göstərmişlər.

Heydər Əliyev hərbi kadrların hazırlanmasına da ciddi əhəmiyyət vermişdir. Azərbaycanda iki ali hərbi məktəb–Ali Ümumqoşun Komandirləri Məktəbi və Ali Hərbi Dənizçilik Məktəbi var idi. O dövrdə bu məktəblərdə cəmi 5–6 nəfər azərbaycanlı təhsil alırdı. Heydər Əliyev milli kadrların yetişdirilməsi məsələsini köklü şəkildə həll etmək üçün ilk hərbi internat məktəbinin açılmasına nail olmuşdur. Beləliklə, bütün maneələrə baxmayaraq, 1971–ci ildə C.Naxçıvanski adına Hərbi Məktəb yaradılmışdır. Eyni zamanda ulu öndər Heydər Əliyev 1976–1977–ci illərdə 800 nəfərdən çox gəncin SSRİ–nin ali hərbi məktəblərinə göndərilməsinə nail olmuşdur. 1982–ci ildə artıq hərbi məktəblərə göndərilənlərin sayı 1000 nəfərdən çox idi. Bu siyasətin nəticəsi olaraq ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında və qayğısı nəticəsində müxtəlif sahələr üzrə yüzlərlə istedadlı gənclər yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmış, Azərbaycanda istehsalat, elm–təhsil, idarəetmə sahələrində milli kadr potensialı yaradılmışdır. Bu kadr potensialı Azərbaycanın müstəqilliyi dövründə ölkə üçün son dərəcə böyük əhəmiyyət kəsb etmişdir. 1982–ci ildə Sovet ittifaqının ali məktəblərində 3.500 azərbaycanlı təhsil alırdı. Ümumilikdə, 1970–80–ci illərdə Heydər Əliyevin qayğısı sayəsində Azərbaycandan kənarda, keçmiş SSRİ–nin Moskva, Leninqrad, o cümlədən 50–dən artıq böyük şəhərinin 170–dən çox ən məşhur ali məktəbində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80–dən artıq sahəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250–dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gənc ali təhsil alırdı. Həmin mütəxəssisləri ulu öndər “Azərbaycanın milli sərvəti” kimi yüksək qiymətləndirmişdi. Ümummilli lider Heydər Əliyev həmin tarixi həqiqəti belə ifadə edirdi: “Bütün bunların hamısı o vaxtlar Azərbaycanın gələcəyi üçün yeni–yeni mütəxəssislər həzırlamaq məqsədi daşımışdır. Bu işə biz hələ 1970–ci ildən başlamışdıq. Mən bu gün çox böyük məmnuniyyət hissi ilə qeyd edirəm ki, bu, şəxsən mənim təşəbbüsüm ilə olmuşdur”.

Sözsüz ki, Heydər Əliyev o zaman Azərbaycanın müstəqil bir dövlət olacağını düşünürdü. O çıxışlarının birində demişdir: “Bəli, mən bu işləri görərkən həm də gələcək müstəqil Azərbaycan üçün fəaliyyət göstərirdim və gələcək müstəqil Azərbaycan dövlətinin əsaslarını yaradırdım”. Keçmiş SSRİ–nin ali rəhbərliyində çalışdığı 1982–1987–ci illərdə ulu öndər Heydər Əliyev digər sahələrlə yanaşı, böyük dövlətin təhsil sisteminə, eləcə də SSRİ–də keçirilən ümumi təhsil və peşə təhsili üzrə islahat prosesinə rəhbərlik etmişdir. 1984–87–ci illərdə onun rəhbərliyi ilə “Ümumtəhsil və peşə məktəbi islahatının əsas istiqamətləri”ndə nəzərdə tutulan bir çox məsələlər həyata keçirilmiş, ümumi orta təhsilə 6 yaşdan başlamaq və təhsil müddətinin 11 illik olması haqqında təklif məhz Heydər Əliyev tərəfindən irəli sürülmüş və həmin ideya müstəqil Azərbaycanın təhsil quruculuğunda artıq reallığa çevrilmişdir. Hər il sentiyabr ayının 1–i ümumxalq bayramı—Bilik Günü kimi qeyd edilməsi təşəbbüsü də ulu öndərə məxsus olmuşdur.

XX əsrin 70–80–ci illərində quruculuq sahəsində də əvəzsiz işlər həyata keçirilmişdir. Bakıda ən böyük abadlıq işləri görülmüşdür. Respublikanın siyasi və mədəni həyatında böyük əhəmiyyəti olan bir sıra memarlıq abidələri tikilib istifadəyə verilmişdir. Bakıda görkəmli insanların əzəmətli heykəlləri ucaldılmış və tarixi şəxsiyyətlərin muzeyləri açılmışdır. 1969–cu ilə qədər əksər rayon mərkəzlərində insanların toplaşıb hansısa tədbir keçirilməsinə və yaxud konsert, kino və tamaşalara baxmasına şərait yox idi. Məhz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə bu sahədə də əsaslı işlər göruldu. Həmin illərdə Bakıda və Azərbaycanın bütün rayon mərkəzlərində, həmçinin yüzlərlə qəsəbə və kənddə müasir tələblərə cavab verən mədəniyyət sarayları və kinoteatrlar inşa edildi. Məktəb tikintisi görünməmiş vüsət aldı. Bütün rayonlarda tarix–diyarşünaslıq müzeyləri yaradıldı. İtib–batmaqda olan tarix və mədəniyyət abidələri və qiymətli eksponatlar bu muzeylərə toplanaraq dövlət mühafizəsinə götürüldü.

Ümummilli lider Heydər Əliyev yaradıcı ziyalılara həmişə diqqətlə yanaşırdı. O, istedadlı adamların nəinki Azərbaycanda, bütün dünyada tanınmasına çalışırdı, üstəlik onlara köməklik edirdi. 1970–1982–ci illərdə Azərbaycanın elm, mədəniyyət xadimləri, şair və yazıçılarının bir qrupu Sosialist Əməyi Qəhrəmanı yüksək adını, xeyli sənət adamı isə dövlət mükafatlarını aldılar. 1972–ci ildə N.Nərimanovun 100 illik yubileyi keçirildi və onun Bakıda nəhəng abidəsi ucaldıldı. Hüseyn Cavidin nəşi Azərbaycana gətirildi. Bir anlığa 70–80–ci illəri göz önünə gətirək. Heydər Əliyevin böyük bir siyasətçi kimi nüfuzu, səlahiyyət dairəsi, ictimai, siyasi xadimliyi respublika çərçivəsinə sığmırdı. Sonralar o, keçmiş SSRİ hökumətinin aparıcı simalarından biri oldu. Onun nüfuzu artıq böyük bir dövlətin sərhədlərini keçdi və bizim nə qədər sayılıb–seçilməli incəsənət, elm, mədəniyyət xadimlərimiz var idi ki, onlardan Fikrət Əmirov, Qara Qarayev, Rəşid Behbudov, Tahir Salahov, Süleyman Rəhimov, Süleyman Rüstəm və daha başqaları SSRİ məkanında layiqli qiymətlərini aldılar.

Azərbaycan müstəqillik əldə etdiyi dövrdə ölkədə böyük xaos, hərc–mərclik, nizam–intizamsızlıq hökm sürürüdü. Xüsusən də 1993–cü ildə ölkənin parçalanmaq təhlükəsi var idi. Xarici ölkələrin bəziləri öz mənfur siyasətlərini həyata keçirmək üçün o zamankı zəif, səriştəsiz hakimiyyətdən yararlanmaq istəyirdilər. Belə bir zamanda xalq öz xilaskarından başqa heç kimi qəbul edə bilməzdi. Bu çətin durumda Azərbaycan xalqının bir nicat yolu qalmışdı. Ulu öndər xalqın haqlı tələbi ilə çətin bir zamanda hakimiyyət sükanı arxasına keçdi. Dahi rəhbəri hakimiyyətə qaytaran, onun ətrafında sıx birləşən xalqımız bununla da firavan gələcəyinin təməlini qoymuş oldu. Qədim və zəngin mədəni və milli–mənəvi dəyərlərə malik olan xalqımız birinci hakimiyyəti dövründə olduğu kimi, 1993–cü ildən sonrakı dövrdə də Heydər Əliyevin siyasi kursunu özünün ideoloji kursu kimi qəbul etdi.

Ulu öndər Heydər Əliyevin 1993–cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai–siyasi, sosial, iqtisadi, elmi–mədəni həyatında, beynəlxalq əlaqələrdə yenidən dönüş yarandı. Elmi əsaslarla, beynəlxaq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Milli Ordu formalaşdı. Torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. Atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı və bunun nəticəsində 1994–cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyəti olan atəşkəsə nail olundu.

Azərbaycanda vətəndaş müharibəsinin qarşısının alınması, atəşkəsə nail olunması, informasiya blokadasının yarılması, siyasi plüralizm, insan hüquqlarının qorunması, mətbuat azadlığı, xarici investorların ölkə iqtisadiyyatına cəlb olunması, Şərqdə ilk dəfə olaraq ölüm hökmünün ləğvi, Azərbaycana xidmət edəcək iqtisadiyyatın, təhsil sisteminin, ordu quruculuğunun, səhiyyə sisteminin dünya standartlarına uyğun inkişafı və ümumiyyətlə, hərtərəfli yüksəliş ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu öndər qısa zaman ərzində ölkədə sabitlik və əmin–amanlığı bərqərar edərək respublikamızı inkişaf yoluna səfərbər etmişdir. Bu böyük insan xalqımızın iqtisadi, sosial–mədəni tərəqqisini stimullaşdıran, ümumilikdə Azərbaycan cəmiyyətinin hərtərəfli inkişafını təmin edən müdrik siyasi strategiyanın müəllifi olmuşdur. Dahi şəxsiyyət respublikanı dünya birliyində layiqli mövqeyə sahib etmək kimi misilsiz tarixi missiyanı da yüksək səviyyədə yerinə yetirmişdir.

Azərbaycanda yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək 1994–cü ilin 20 sentyabrında dünyanın aparıcı neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalandı.

1995–ci ilin 12 noyabrında referendum yolu ilə müstəqil Azərbaycanın yeni Konstitusiyası qəbul olundu. Bununla demokratik dəyərlərin bərpa olunması yolunda mühüm addım atıldı. Azad, demokratik bir şəraitdə prezident, parlament və bələdiyyə seçkiləri keçirildi. Azərbaycan qısa müddət ərzində Beynəlxalq Birliyin tamhüquqlu üzvlərindən birinə çevrildi. Dünyanın aparıcı şirkətləri ilə bağlanmış müqavilələrin həyata keçirilməsi, Qərb bazarlarına xam neftin nəqli ölkə iqtisadiyyatındakı böyük dəyişikliklərin əsasını qoydu. Respublikada texniki nailiyyətlər və onun tətbiqi öz bəhrəsini verdi. Ölkədə makroiqtisadi sabitlik təmin edildi. 80–ci illərin sonundakı istehsal tənəzzülü aradan qaldırıldı. Bütün bunlar ümummilli liderin iqtisadi konsepsiyasının gerçəkləşməsinin nəticəsi idi.

Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni ictimai–iqtisadi formasiyanın tələblərinə uyğun olaraq bütövlükdə təhsil sisteminin mahiyyətində baş verən fundamental dəyişikliklər AzTU–nun fəaliyyətində də keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur. Bu mərhələdə universitetin qarşıya qoyduğu hədəflərə doğru inamla addımlaması, milli təhsil sistemində özünün öncül mövqelərini qoruyub saxlaması və inkişaf etməsi yenə də ümummilli lider Heydər Əliyevin yüksək diqqət və qayğısı ilə bağlıdır. Universitet 63 illik mövcudluq tarixinin 34 ildən çoxunu ulu öndərin qayğısı və nəzarəti altında keçirmişdir.

Ulu öndər Heydər Əliyevin təhsil sistemində həyata keçirdiyi islahatların sürətləndirilməsi məqsədilə 2000–ci ilin iyun ayında imzaladığı “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” sərəncam təhsil müəssisələri, o cümlədən ali məktəblər qarşısında ciddi vəzifələr müəyyənləşdirmişdir. Sərəncamla AzTU–nun yarımçıq qalmış tədris–laboratoriya binasının inşası üçün maliyyə vəsaitinin ayrılması üçün də müvafiq orqanlara göstəriş verilmişdir. Bununla əlaqədar universitet qarşısında duran vəzifələr müəyyənləşdirilərək perspektiv inkişaf planı hazırlanmışdır. Həmin plan əsasında tədris prosesinin təkmilləşdirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi, elmi–tədqiqat işlərinin müasirləşdirilməsi və sənayedə tətbiqinin genişləndirilməsi, nizam–intizamın gücləndirilməsi istiqamətində əməli tədbirlər həyata keçirilmişdir.

Azərbaycanın suverenliyinin qorunub saxlanması, beynəlxalq aləmdə tanınması və nüfuzunun artması üçün ümummilli lider Heydər Əliyev alternativi olmayan siyasət aparmış, həyatını xalqının rifahına, Azərbaycanın inkişafına və tərəqqisinə həsr etmişdir. Böyük rəhbər Heydər Əliyevin apardığı siyasət çoxşaxəli və mürəkkəb olmaqla yanaşı, həyatın bütün sahələrini də əhatə edirdi.

Ümummilli lider Heydər Əliyevin irsi sosioloq, politoloq və tədqiqatçılar üçün zəngin mənbədir. Onun irsini tədqiq etməyə uzun illər, cild–cild nəşrlər gərəkdir.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 30 ildən artıq dövrdə, o cümlədən müstəqil Azərbaycanın Prezidenti kimi fəaliyyət göstərdiyi 10 ildə həmişə xalqımızın milli maraqlarını dəqiq müəyyən etmiş, ictimai, siyasi, iqtisadi, mədəni və digər sahələrdə qazanılan böyük uğurların memarı olmuşdur. Dahi şəxsiyyət bütün bu illər ərzində xalqın maddi rifahının yaxşılaşdırılması və aztəminatlı əhali qruplarının sosial ehtiyaclarının ödənilməsindən ötrü mühüm tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Müstəqil Azərbaycan dövlətinin sosial siyasəti ulu öndər Heydər Əliyevin xalqa, əhalinin aztəminatlı təbəqələrinə olan qayğısından qaynaqlanıb.

Ulu öndər Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidmətlərindən biri də ondan ibarət oldu ki, onun itmiş inamını özünə qaytara bildi. Bu yolda gördüyü hər bir işdə xalqa arxalandığını dönə–dönə bildirirdi. Ümummilli liderimiz çıxışlarının birində demişdir: “Mənim yaratdığım hər bir şey mənim üçün əzizdir. Zavod da, fabrik də, elektrik stansiyaları da, yol da, körpü də, ev də, bina da, saray da—hər bir şey. Amma mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim vətənimdir, mənim torpağımdır”.

Bu gün ümummilli liderimizın siyasi kursu möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu isə müstəqil ölkəmizə yeni–yeni tarixi nailiyyətlər qazandırır. Dövlət müstəqilliyimiz daim güclənir və Azərbaycan Cənubi Qafqazın lider ölkəsi olmaqla dünya birliyində fəal mövqe qazanır.

Artıq ölkəmizdə elmin, təhsilin, mədəniyyətin inkişafı üçün titanik işlər həyata keçirilməkdədir. Belə ki, universitetlərin, orta təhsil məktəblərinin maddi–texniki bazasının möhkəmləndirilməsi, elm tutumlu texnologiyaların inkişafı üçün texnologiyalar parklarının yaradılması, yeni müasir istehsalat müəssisələrinin işə salınması, müxtəlif infrastruktur layihələrin uğurla həyata keçirilməsi dövlətimizin diqqət mərkəzindədir. Bu gün Azərbaycanın kosmos ölkəsi olması dövlətimizin apardığı siyasətin bilik iqtisadiyyatına əsaslanan, gələcəyə hesablanmış uğurlu strateji siyasət olduğuna bariz nümunədir. Belə praqmatik, uğurlu siyasətin müəllifi isə Heydər Əliyev məktəbinin layiqli davamçısı möhtərəm Prezident cənab İlham Əliyevdir.

Prezident cənab İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, son illər cəmiyyət həyatındakı fundamental dəyişikliklər milli təhsil konsepsiyasının müasirləşdirilməsini, inkişaf etmiş dövlətlərin mütərəqqi maarifçilik ənənələrinin, müasir informasiya və innovasiya texnologiyalarının mənimsənilməsini, mənəvi–intellektual yüksəlişə xidmət edən siyasətin həyata keçirilməsini aktual məsələ kimi önə çıxarır. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən təhsil islahatlarının başlıca qayəsi də məhz bu fundamental prinsiplərin sistemli surətdə reallaşdırılması, dünya təhsil sisteminə inteqrasiyanın təmin edilməsidir.

Dövlət başçısının bu sahədə elm və təhsil ictimaiyyətinə göstərilən yüksək diqqət və qayğını, ümumilikdə ölkəmizin bütün sahələrdə qazandığı böyük nailiyyətləri Azərbaycan Texniki Universitetinin çoxsaylı tələbə–müəllim heyəti də yaxından hiss edir, dərin rəğbət hissi ilə qarşılayır. Universitetimizin milli təhsil sistemindəki müstəsna yeri və rolu, texniki kadr hazırlığı prosesinə əvəzsiz töhfələri bu gün də ölkə rəhbərliyi səviyyəsində lazımınca qiymətləndirilir. Son illərdə ali məktəblərə qayğı siyasətinin mühüm tərkib hissəsi olaraq universitetin hərtərəfli inkişafına diqqət yetirilməsi, onun maddi–texniki bazasının gücləndirilməsi istiqamətində əməli tədbirlərin həyata keçirilməsi bunu bir daha təsdiqləyir. Eyni zamanda müəllimlərin məvacibinin, tələbə təqaüdlərinin müntəzəm olaraq artırılması böyük ruh yüksəkliyi ilə qarşılanır, elmə, təhsilə olan marağı daha da stimullaşdırır. Ölkə başçımız cənab İlham Əliyev AzTU–nun professor–müəllim heyətinin fəaliyyətinə yüksək qiymət verərək son illərdə 6 nəfər əməkdaşımıza əməkdar elm xadimi, 16 nəfər əməkdaşımıza əməkdar müəllim, 8 nəfərə əməkdar mühəndis, 1 nəfərə əməkdar mədəniyyət işçisi fəxri adları vermiş, 1 nəfər “Şöhrət” ordeni, 4 nəfər əməkdaşımızı isə Prezident təqaüdü, 18 nəfəri “Tərəqqi” medalı ilə təltif etmişdir.

Bu gün hədsiz minnətdarlıq hissi ilə qeyd etmək istərdim ki, ölkə başçısının sərəncamına uyğun olaraq Azərbaycan Texniki Universietetində böyük həcmli təmir–tikinti işləri həyata keçirilir. Bütün bunlar ulu öndər Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı dövlət başçısı cənab İlham Əliyevin Azərbaycan təhsilinə, Azərbaycan gənclərinə, çoxminli universitet kollektivinə göstərdiyi qayğının bariz nümunəsidir.

 

 

Havar MƏMMƏDOV,

AzTU–nun rektoru,

texnika elmləri doktoru,

professor

 

Respublika.- 2013.- 27 aprel.- S. 3.